“Yaşlı nəslin “Bizdən sonra vəziyyət
necə olacaq” düşüncəsini bəyənmirəm”
Nürəddin
Mehdixanlı:“Azərbaycan gəncliyi yalnız qulağı
sırğalı şanapipiklərdən ibarət deyil ki?!”
Azərbaycanın görkəmli teatr və kino
aktyoru, xalq artist Akademik Milli Dram Teatrının aparıcı
səhnə ustası Nürəddin Mehdixanlı “Şərq”ə
danışıb. Xalq artisti ilə teatra olan
maraq, gənc aktyorların peşəkarlıq səviyyəsi,
ziyalıların gənclərlə görüşü,
kinoteatrların sıradan çıxması, yeni çəkilən
serialların mövzusu və səviyyəsi, Kitaba olan marağın öləziməsi,
paytaxtda və regionlarda kitabxanaların sayının
azalması və ya heç olmaması, və hər
birimizin ən ağırılı, kədərli yeri olan Dağlıq Qarabğ
münaqişəsi və onun həlli yolları məsələləri
ətrafında olduqca maraqlı və sentimental müzakirə
apardıq.
Söhbəti təqdim edirik.
-Yəqin, “Teatrlarda yaxşı tamaşalar
yoxdur, buna görə də, tamaşaçı gəlmir”fikrini
tamaşaçı gəlmir siz də eşitmisiniz. Məlum
yanaşma sizdə hansı assosiasiya doğurur?
-Bunu deyənlər yalan danışırlar,
riakarlıq edirlər. Akademik Milli Dram Teatrının
yaxşı tamaşaları da var,
tamamaşaçıları da... Boş -bekar olan adamlar hər
şeyi ancaq qara rəngdə görürlər. Onlar
üçün heçnə yaxşı deyil, hər
şey pisdir. Bunların hamısı yalan, yanlış fikirlərdir.
Qısqanclıqdan başqa bir şey deyil. Bu, mənasız
adamların söhbətləridir. Bu adamlar gəlib,
baxsınlar Akademik Milli Dram Teatrını səhnəsində
gedən tamaşalara. Müasir və klassik əsərlər
səhnələşdirilir. Həmin fikri deyənlər nə
vaxt gəlib tamaşalarımıza baxdılar ?!
Baxanlar danışmırlar, evindən, dükanından,
alverxanasından çölə çıxmayanlar bu cür
danışırlar.
-Yəni,
bu gün teatra maraq böyükdü?
-Hər
tamaşanın öz tamaşaçısı var. Müasir
tamaşanıın öz tamaşaçısı, klassik
tamaşanın da öz tamaşaçısı var. Bu
gün Akademik Milli Dram Teatrının tamaşaçı
problemi yoxdur. Bu futbol stadionu deyil. Aktyorluq seçilmiş adamların məşğul
olduğu peşədir və bu sənət seçilmişlər
üçün nəzərdə tutulub. Teatra
gəlib, o teatrı başa düşən və anlayan
adamlar gəlirlər. Elə adamlar var ki, teatra, tamaşaya
marağı yoxdur, gedib, şou proqramlara
baxırlar. Teatra marağı olanlar isə gəlib
tamaşalarımızı izləyirlər.
-Bəzi
gənclər belə düşünür ki, teatr və ədəbiyyat
artıq maarifçilik missiyasını başa vurublar. Bu, doğru yanaşmadırmı?
-Bunu deyənlər
Üzeyir Hacıbəyovu oxuyublarmı? Düşünmürəm
ki, bütün gənclik bu fikirdədir. Azərbaycan
gəncliyi yalnız qulağı sırğalı
şanapipiklərdən ibarət deyil ki?! Bu
gün Azərbaycan gəncləri dünyanın ən
böyük elm və tədqiqat mərkəzlərində
çalışırlar. Ən nüfuzlu
universitetlərdə təhsil alırlar. Dünyanın
ən güclü ordu sistemlərində təlim keçirlər.
“Teatr və ədəbiyyat artıq
maarifçilik missiyasını başa vurub” deyənlər
Üzeyir Hacibəyovu, Cəlil Məmmədquluzadəni, Sabiri
oxusunlar və bundan sonra maarifçiliyin davam edib, etməməsini
tam dərk edəcəklər. 100 il əvvəl
necə idiksə, bu gün də eləcə
qalmışıq. Cəhalətə, xurafata
yuvarlanmaqdayıq. Yenə də pirlərin
arxasınca qaçmaqdayıq. Zəhmətlə
deyil, havayı yerdən hansısa uğura nail olmaq istəyirik.
Amma klassik ədəbiyyatımızı yaradan
kişilərin əsərlərini, ədəbi nümunələrini
oxusalar, hər şey onlar üçün aydın olacaq.
“Əkinçi”ni,”Molla Nəsrəddin”i oxusunlar
və nəticə çıxarsınlar.
-Doğru
qeyd etdiyiniz ki, Azərbyacan gəncliyi yalnız “şanapipiklərdən”
ibarət deyil. Sizinlə tam razıyam. Amma necə olur ki, belə “şanapipiklər”
telekanllara yol tapırlar və oradan efir vasitəsilə ailələrimizə
soxulurlar, ancaq intellektual gənclər küncə
sıxlır?
-Bu
sualın cavabını o efirin sahibindən, o verilişi təşkil
edəndən soruşmaq lazımdır. Söz
sahibi onlardır. Sualı onlara
ünvanlayın və cavabını da alın.
-
Ziyalıların təhsil ocaqlarında tələbə və
şagirdlərlə görüşünə az
hallarda rast gəlinir. Bəzən
ziyalıların özləri də bu vəziyyətdən
yumşaq desək gileylənirlər. Gənclərlə
ziyalılar arasında dərin bir uçurumun olduğunu iddia
edirlər...
- Hər şeyi qara görmək
olmaz. Gənclərlə ziyalılar arasında
uçurum yoxdur. Necə uçurum ola
bilər ki, mən özüm son 6 ayda 7 təhsil
ocağında görüşdə olmuşam. Təhsil
Nazirliyinin keçirdiyi tədbirlərdə təhsil
adamları və tələbələrlə dəfələrlə
görüşlərim olub. Bu
görüşlər davam edir. Azərbaycanın
bölgələrində “Cümhuriyyət Günləri”
adı altında, bəlkə, 30-dan yuxarı tədbir
keçirdik. Cəblə bölgəsinə
gedib əsgərlərimizlə
görüşümüşük. Onu
iddia edən adamlar ya telekanallara baxmırlar, ya yalnız
şou proqramlara baxırlar, ya da Azərbaycanda
yaşamırlar. Azərbaycanda
yaşayıb, yerli telekanallara baxsaydılar, bu
görüşlərdən xəbərdar olardılar.
Bəli, ola bilsin, keçmişdə,
sovet iideologiyasının güclü şəkildə təbliğ
olunduğu dövrdəki kimi çoxlu sayda görüş
olmur. Amma mən onlarla orta məktəbdə
şagirdlərlə görüşmüşəm. Regionlarda şəhid ailələri ilə
görüşdə iştirak etmişəm. Orada çıxış etmişəm. Tədbirlərə getmişəm. O yoxdu, bu
yoxdu, o qaradı, bu qaradı deməklə iş düzəlmir.
Bu düşüncədən uzaq olub, bir az
da görülən işlərdən danışmaq
lazımdır. Olanları inkar etmək olmaz.
Onu deyən adam gəlib, mənimlə tədbirlərə
getsin, Lələpə və Cocuq Mərcanlıda əsgərlərimizlə
görüşsün. Gəlsinlər gedək.
Həmin adamları dəvət edirlər.
Bəzən onlar özlərini naza çəkirlər.
“Vaxtım yoxdu, gedə bilmirəm” deyənlər
də çox olur. İki şərt var.
Tamaşam və məşqim yoxdursa, məni tədbirdən
heç bir səbəb saxlaya bilməz.
- Gənc
aktyorların peşəkarlıq səviyyəsini necə qiymətləndirirsiniz?
-Hər
sahədə yaxşı yaxşıdır, pis pisdir. Metal aləmində
qiymətli metallar və bir də qara metallar var. Dəmir var,
alimiumum var, mis var, bir də qızıl və
gümüş var. Bütün sahələrdə olduğu
kimi, bu sahənin də pisi, yaxşısı, ortababı, əlası
və fitri istedadı var. Biz, çox istedadlı xalqıq. Savadsız millət deyilik.Yaşlı nəslin “Bizdən
sonra vəziyyət necə olacaq” düşüncəsini bəyənmirəm.
Mən teatra yeni gələndə bizə deyirdilər ki,
bilirsiniz biz kimləri görmüşük ? İndi biz də deyirik ki, bilirsiniz
biz kimlərlə işləmişik ?! Nəsillərin dəyişməsi
zamanla baş verən bir haldır. Bu
gün Azərbaycanda kifayət qədər istedadı olan gənc
aktyorlar var. Onlar da daha çox oxumalıdırlar, daha
çox mütaliə etməlidirlər ki, daha da inkişaf
etsinlər. Ölkəmizdə savadlı,
intellektual aktyor da var, rejiossor da, ədəbiyyat adamı da, rəssam
da var, musiqişünas da. Sadəcə, o
istedadlıları görməliyik, yol açmalıyıq
ki, onlara da öz imkanlarını realizə etsinlər.
–
Serialların mövzusu və çəkilişi ilə
bağlı da narazılıqlar var. Onlar edənlər
haqlıdırlarmı?
-Tükiyə
və Rusiya telekanallarında gedən seriallar çoxmu
maraqlıdı? Doğrudur, onlar texniki sahədə
irəli gediblər. Həm də Türkiyədə
seriallara çox böyük pullar yatırırlar, maraqlı
da iş oryaya qoyurlar və gəlir də götürürlər.
Amma sənət nöqteyi-nəzərindən
baxsaq, onları çox şişirdirik. Biz
adətən, özgələrinin işini bəyənirik,
amma özümüzünkünü
aşağılayırıq. Özümüzə
dəyər verməyi bacarmalıyıq. Düzdür,
əvəllər kifayət qədər texniki imkanlar yox idi.
Maliyyə imkanlarımız o qədər də
deyildi. Amma indi Azərbaycanda kifayət qədər
maraqlı seriallar var. İstedadlı uşaqları o
seriallarda görürük. Həm özlərini
tanıtdırırlar, həm də sənətdən
çörək qazanırlar. Amma biz nəhayət
özümüzü bəyənməməkdən çəkinməliyik.
Yaxşımızı da pisləyirik, pisimizi də... Ancaq pisi qaldırıb qoyuruq dağların
başına. Əlbəttə, Türkiyə seriallarının
maraqlı tərəfləri ilə yanaşı, ziyanlı tərəfləri
də var. Elə şeylər var, onlar bizim həyatımız
üçün qəbulolunmazdır. Türklər tarixi
serialar çəkirləər, bəzən bu filmlərdə tarixi həqiqət təhrif
olunur. “Möhtəşəm Yüz Yıl”da tarix təhrif olunurdu. Tarixi həqiqətlərin aşağılanması
kimi məqamlar da vardı. Onlarda da teatr və
kino sahəsində bəzi qeyri-türklər var. Onlar bəzən
istədiklərini edirlər. Türkdilli qardaş
ölkələr arasında narazılıq əhvah-ruhiyyəsi
yaratmağa çalışanlar var. Bununla belə etiraf etməliyik
ki, Türkiyədə savaş, müharibə və qəhrəmanılıqla
bağlı çəkilən serillarda Azərbaycan, Azərbaycanın
igidləri və Mübariz İbrahimov var. Bizim aktyorları da
dəvət edirlər. Kənan MM çəkilir.
Bu, çox yaxşı haldır. Məlum tendensiya güclənməlidir. Məkirli qüvvələrə imkan verməmliyik
ki, bizi bir –birimizə qarşı qoysunlar.
-Azərbaycanda
Dağlıq Qarabağ, Xocalı faciəsi, qanlı yanvar və
qəhrəmanlarımızla bağlı çəkilən
serial və filmlərə az rast gəlinir.
Səbəb nədir?
-Bu,
özümüzdən irəli gələn amildir. Kino sahəsin, seriallara dövlət kifayət qədər
pul ayırır. Bu sahədə tutarlı
işlərin ortaya qoyulması artıq insanların milli
borcudur. Seriallar güclü təbliğat
vastiləridirlər. Qarabağ uğurunda
bu qədər şəhid vermişik. Bu qədər qəhrmənlarımız
var. Bu gün Azərbaycan gəncliyi,məktəblərimizdəki
şagirdlər qəhrəmanlarımızın neçəsini
tanıyır ? Qəhrəmanlarımız hansı formada təbliğ
olunurlar ? Təbliğat
güclü olmalıdır. Hər kəs
görməlidir ki, vətən uğurunda şəhid olanlar
unudulmur. Vətən uğurunda qazi olanlara
cəmiyyət dəyər verir. İşimizi, təbliğatımızı
bu şəkildə qurmalıyıq. Düzdü,
həmin istiqamətdə müəyyən addımlar
atılır. Amma azdır, kifayət etmir.
Hər şeyi dövlətdən ummaq da
düzgün deyil. Dövlət maliyyə imkanları
yaradırsa, həmin pulun müqabilində ortaya səviyyəli
iş, əsər qoyulmalıdır. Bəzi şeyləri özümüzdə
axtarmalıyıq. Yalandan sosial şəbəkələrdə
şəhidlərin, qəhrəmanların şəkillərini
paylaşıb, “igid oğlumuz” , “qəhrəman
balamız” demək iş bitmir. Onu kinolarda ,
serillarda, ədəbiyyat nümunələrində təbliğ
etməliyik.Bütün telekanallar onları təbliğ etməlidir.
-Qeyd
etdiniz ki, özümüzünkünü dəyərləndirməyi
bacarmırıq. Bu meyl niyə və kim tərəfindən
yarandı?
-
Görünür, içimizdə bizi istəməyən və
özünü bizdən göstərməyə
çalışıb, amma bizi xoşlamayan insanlar var. Və onlar
da sırf bu işlərlə məşğuldurlar. Ölkəmizdə bu gün də “Bəlkə də,
qaytardılar” eşqi ilə yaşayan, Azərbaycanın
müstəqilliyini istəməyən, cəmiyyətdə
qardaşlığı və barışın bərqərar
olmasını istəməyənlər var. Bu meyl oradan gəlir.
Bəli, cəmiyyətimizdə problemlər də
var, nöqsanlar da. Bir çox işlərdə pisliklər,
naqisliklər də mövcuddur. Amma yaxşı
şeylər də var axı. Ağ
işlər də mövcuddur. Formalaşmış
hüququmuz, güclü ordumuz və sərhədçilərimiz
var. Təhsil və mədəniyyət sahələrində
kifayət qədər ciddi islahatlar aprılır. Bir tərəfdən deyirik ki, senzura ləğv
olunsun. Bəli, senzura ləğv olunub.
Senzuranın ləğv olunması o demək
deyil ki, insanlar ağızlarına gələni
danışıb, yazmalıdırlar. Sabah
senzura tətbiq olunsa, həmin adamlar şivən qoparacaqlar ki,
ay aman senzura tətbiq olundu. Hər kəsin
içərisində vicdan olmalıdır və o vicdan da onun
senzurası olmalıdır. Bizim bir–birimizə
qarşı yox, bir–birimizin yanında olmağa
ehtiyacımız var. Cəmiyyətə pozitiv
aşılamalıyıq. Nə vaxta qədər ancaq
özümüzü söyəcəyik ?!
Nöqsanı deyək, düz olmayanı deyək,
amma hər şeyin öz ölçüsü var. Yenə
deyirəm millət o zaman millət olur ki, başqa millətlər
tərəfindən o zaman hörmətlə
qarşılanır ki, öncə o millətin
özü-özünə dəyər verir. Bu mənada mənə elə gəlir ki, bu gün
Azərbaycanın müstəqilliyini həzm edə bilməyən
güclər və qüvvələr var. Onlar müxtəlif
rənglidir və müxtəlif sahələrdə fəaliyyət
göstərirlər. Azərbaycanın 3 rəngli
şanlı bayrağı görünür, kimlərinsə
gözünə girir. Kimlərsə məkirli
maraqlar axtarışdadırlar. Buna görə də
ölkəmizdə hər şeyi qara görürlər. Biz bu torpağı, bu vətəni, bu ölkəni,
bu milləti istəyiriksə, bir- birimizin yanında
olmalıyıq. Şəhid ailələri
və qazilərlə görüşməliyik. Bizim onlara verəcəyimiz ancaq mənəvi dəstəkdir.
Cəmiyyət o vaxt cəmiyyət olur ki, o,
özünün ləyaqətli insanına, müəlliminə,
elm, sənət və savaş adımına qiymət verir.
O zaman millət güclü və bütöv olur. Hər kəs başqasını tənqid etməzdən
əvvəl birinci özündən başlamalıdır.
Özümüzü tənqid edək ki, biz
özümüz neynəmişik. Hər kəs
öz işində halal və dəqiq olmalıdır.
-“Azərbaycan cəmiyyəti kitab oxumur. Savadlı
oxucu və savadlı mətn yazan yoxdur” düşüncəsi
ilə razısınızmı?
-Bəli,
kitaba maraq azdır. Biz sovet dönəmində
Rusiyadan sonra ikinci ən çox kitab oxuyan xalq idik. Kitab dəyərli nəsnədir. Deyim ki, son 3-4 ildir, Azərbaycanda kitaba maraq artıb.
Kitab mağazlarının sayı
çoxalır. “Libraff” var. “Azərnəşr”
kitab evi fəaliyyət göstərir. “Azəkitab”
adında kitab satış mərkəzi istifadəyə
verilib. “Qanun” nəşriyyatı
kitabların yarmarkasını təşkil edir. Son illərdə Bakıda kitab mağazaların
sayı çoxalıb, amma bu da arzuolunan səviyyə deyil.
Kitab mağazaları və kitabxanalara gedirəm.
Görürəm ki, 10-15 nəfər adam
var. Amma gəlin gedək Moskvaya. Orada kitab mağazasına girmək
üçün növbədi. Baxırsan ki,
qocası, cavanı, hətta bomju da kitab oxuyur. Parkda,
metroda, avtobusda , yolda, küçədə
hamı kitab oxuyur. Kitab insanın ruh
dünyasını tərbiyələndirir. İnsan kitab oxuduqca zənginləşir, həyatı
anlayır. Elə kitablar var, ki oxuduqdan
sonra yaşamaq istəyirsən. Bu mənada hesab edirəm
ki, Azərbaycanda kitabla bağlı məsələlərdə
müsbət dinamika var. Arzu edirəm bundan sonra daha da çox
olsun . Oxumayan millətin
sabahı yoxdur.
-Amma
regionlarda kitabxanalar, kitab mağazaları azdır və ya
yoxdur...
-Regionlarda
10 -15 şadlıq sarayı tikən adamlar bir dənə də
kitab mağazası tikisə nə olardı? !
İş adamları bunu edə bilərlər.
Sonra deyirlər ki, cammat kinoya getmir. Yalandır. “Cavadxan” filminin təqdimatını
keçirmək üçün bölgələrə
getmişdik. Siyəzəndə bir gündə
4 saat göstərildi. Amma harada göstərildi
? Məktəbdə. Çünki
kinoteatrlar yox dərəcəsindədir. Keçmişdə
bir rayonda 3 kinoteatr olurdu. Amma indi
kinoteatrlar, ləğv olunub. Sonra da deyirlər,
kinoya gedən yoxdur. Camaat gedib harada
baxsın?!
-Bağlanan
kinoteatrlara yeni nəfəs vermək mümkündürmü?
-Buna
münasibət dəyişməlidir. Kino
dünyada ən güclü təbliğat vasitəsidir.
Kino bir ölkənin tarixi, mədəniyyəti,
mətbəxi, ədəbiyyatı, incəsənəti,
musiqisi haqqında məlumat mənbəyidir. Hansısa bir əcnəbi Azərbaycanı kinomuza
baxandan sonra tanıyır. Yəni kinoya
baxanda görür ki, bu millət kimdir, nədir, adəti-ənənisi
necədi, geyimi, tarixi, ədəbiyyatı, ailə institutu nədir.
Bizi o filmlərdən tanıyırlar. Film təkcə bədii material deyil. Həm də güclü təbliğat vasitəsidir.
Kino və film vasitəsilə
özümüzü dünyaya tanıtmalıyıq.
40-50 il Azərbaycan sərhədlərindən
kənara çıxa bilməyən muğamımız bu
gün bütün dünyanı fəth edib. Dünyanın hər yerində muğan Azərbaycanın
milli musiqisi kimi qəbul olunub və sevilir. Bütün
dünya ilə paylaşa biləciyimiz, dünyaya göstərəciyimiz
çox şeyimiz var. Bu mənada olduqca varlı millətik.
Amma özümüzün olanı təbliğ
etməyi bacarmalıyıq. Tənbəllik
edirik. Qonşularımız bizə deyəndə
ki, sizin tarixiniz 1918-ci ildən başlayır. Biz onun cavabanı gərək indiyə qədər
vermiş olardıq. XII əsrdə
dünyanın ən kamil idarəetmə sisteminə malik olan
Atabəylər dövləti haqqında film çəkməli
idik. Şəmsəddin Eldəniz, Qızıl
Arslan, Məmməd Cahan Pəhləvan, Şah İsmayıl Xətai
və başqa tarixi şəxsiyyətlərimiz və
onların başçılıq etdikləri dövlətlər
haqqında film çəkməli idik. Bununla
da düşmənlərə çoxdan sübut etmiş
olardıq ki, Dərbəddən Fars körfəzinə qədər
ərazisi olan böyük dövlətimiz olub. Belə şeylər var. Bu işlər görülməli
idi və görülməlidir. Həm
ölkə daxilində, həm də ölkə
hüdudlarından kənarda.
-İllərdir, 20 faiz torpağımız
düşmən tapdağı altındadır. 1 milyondan
artıq qaçqın və məcburi
köçkünümüz var. Mənə elə gəlir
ki, tutduğu vəzifə və peşədən
asılı olmayaraq bu vətəni sevən hər bir Azərbaycan
vətəndaşının bu münaqişə barədə
ən azı bir cümləlik fikri olmalıdır. Doğrudur, siyasətçi
deyilsiniz. Amma biz sizi bütöv bir şəxsiyyət kimi dəyərləndiririk.
Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı nə
düşünürsünüz?
-Mən politoloq deyiləm, amma mən
bir vətəndaş kimi deyə bilərəm ki, bu gün ətrafımızda
yaranmış siyasi vəziyyət, ətrafımızda
baş verən hadisələr deməyə əsas verir ki,
yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı ciddi addımlar atılacaq. Mən
buna əminəm və bilirəm ki, bu problem yaxın zamanlarda
həllini tapacaq.
- Problem
diplomatik yolla həll olunacaq, yoxsa hərbi yola əl atmalı
olacağıq?
-Qarabağ probleminin
sülh və danışıqlar yolu ilə həlli mərhələsi
artıq bitib. Düşmən sülhə gəlmir.
Əksinə provokasiya törədir. Azərbaycanı təxribata çəkmək istəyir.
Qəti şəkildə torpaqlarımızdan
çıxmaq istəmir. Biz də beynəlxalq
düşüncəni ədalətli tərəfə, yəni
öz xeyrimizə dəyişdirməli və problemimizi həll etməliyik.
Bu ötən 30 il, bizə göstərdi
ki, işğalçı tərəf həyasızcasına
oyun oynayır. Bununla da vaxt qazanır ki, zamanla
bu işğal faktoru unudulsun, tələblər azalsın.
Amma yanılırlar. İndi
Qaranbağ probleminin hərbi yolla həllindən başqa yol
qalmayıb. Azərbaycanın kifayət qədər
güclü siyasi, hərbi və iqtisadi potensialı var. Bu
istiqamətdə işlər gedir. Artıq
hamı, qonşularımız da o fikirdədir ki, Qarabağ
probleminin həlli savaşdan keçir. Başqa
yolu yox artıq.
Söhbətləşdi: Ayyət Əhməd
Şərq.-
2019.- 12 oktyabr.- S.5