“Allah
utandırmasın”
Vüqar
Zifəroğlu: “Ömrü mənalı yaşamağa
çalışmaq lazımdır”
Dahilərdən biri deyib ki,
heç kim uğur pilləkanlarını əlləri cibində
qalxmır. Yəni böyük nəticələr qazanan hər
bir şəxs zəhmət çəkir, müxtəlif əziyyətlərə
qatlaşır. Belələrindən biri BDU-nun Jurnalistika
fakültəsinin dekanı, siyasi elmlər doktoru Vüqar Zifəroğludur.
Bu günlərdə Vüqar müəllimin ad
günüdür. O, növbəti yaşına qədəm
qoyur. Odur ki, Vüqar Zifəroğlu ilə
görüşüb, həmsöhbət olduq. Müsahibimiz
suallarımızı ətraflı cavablandırdı.
-Vüqar müəllim, yeni yaşınız ərəfənizdəsiz.
Geridə qoyduğunuz illəri necə
xatırlayırsınız?
-Elə yaşdayam ki, böyük həyat təcrübəsinə
əsaslanaraq bu haqda danışa bilmərəm. Ancaq hər
halda müsbət xatirələrim daha çox olub, nəinki
mənfi. Bir də ki, nə qədər yaşamaq deyil, necə
yaşamaq vacibdir. Mənə elə gəlir ki, bu
yaşıma kimi məzmunlu bir ömür yaşaya bilmişəm.
-Ölkənin ən gənc dekanlarından
biri, bəlkə də, birincisisiniz. İki il əvvəl bu vəzifə
sizə təklif olunanda ilk reaksiyanız necə olmuşdu?
-Düzü, çox tərəddüd
etmişdim. Uzun müddət düşündüm.
Narahatlığımın bir neçə səbəbi var
idi. Birincisi, Bakı Dövlət Universiteti kimi prestijli bir ali
təhsil müəssisəsinin cəmiyyətin ictimi-siyasi həyatı
ilə sıx bağlı olan fakültəsinə-Jurnalistika
fakültəsinə rəhbərlik etmək iki qat məsuliyyətlidir.
Həm də ki, fakültəmizin yaşlı nümayəndələrinə,
vaxtı ilə mənə dərs demiş ustadlarıma necə
dekanlıq edəcəyimi düşünürdüm. Axı
onlarla kolleqa olmaq özü həyəcanverici və şərəflidir.
Nəhayət, təklifi qəbul etdim və artıq iki ildir,
BDU-nun Jurnalistika fakültəsinin dekanıyam. Reaksiyalardan belə
məlum olur ki, vəzifəmin öhdəsindən hələki
gələ bilirəm və etimadı doğrultmağı
bacarıram. Nə deyim, Allah utandırmasın.
-Siz təkcə dekan kimi yox, həm də beynəlxalq
jurnalist, siyasi analitik, PR mütəxəssisi kimi kifayət qədər
uğur qazanmısınız. Necə
düşünürsünüz, bu nailiyətlərinizin sirri
nədədir?
-Mən 1996-cı ildən, yəni ikinci kursda təhsil
aldığım zamandan mətbuatda fəal
çıxış edirəm. Bir çox media orqanlarında
müxbir, parlament müxbiri, redaktor vəzifələrində
çalışmışam. Bakalavr və magistr təhsilimi
Beynəlxalq jurnalistika ixtisası üzrə almışam.
Beynəlxalq jurnalistikanın nəzəriyyəsini bilməklə
yanaşı, həm də praktik şəkildə
ixtisasım üzrə fəaliyyət göstərirəm.
Eyni zamanda, ictimai fəaliyyətim var, “Oğuz” müstəqil
araşdırmaçılar qrupunun rəhbəriyəm.
Bütün bunları deməkdə məqsədim odur ki,
insanda gərək işə, öz peşəsinə həvəs
olsun. Həvəs ilkin şərtdir. Bildiyimiz kimi, maairfləndirmə,
bilgiləndirmə jurnalistikanın əsas
funksiyalarındandır. Amma bir məqamı nəzərdə
saxlamaq lazımdır ki, jurnalist maarifləndirmək, bilgiləndirmək
üçün, əvvəl, özü oxumalı, baş
verən hadisələrdən xəbərdar olmalıdır.
İnsan, o cümlədən də jurnalist özü
özünün müəllimi olmalı, daim biliklərini
artırmağa çalışmalıdır. Həvəs
və bilik uğurun açarıdır. Əks halda peşəkar
olmaq mümkün deyil.
-50 illik yubileyi münasibətilə Jurnalistika
fakültəsində hansı işlər görüləcək?
-Bu il həm də universitetimizin 100 yaşı
tamam olur. Yəni belə demək mümkünsə,
bayram bayrama qarışıb. Bizim ilk vəzifəmiz
universitetin 100 illiyinə layiqli töhfələrimizi verməkdir.
Lakin, əlbəttə, özümüzü də
unuda bilmərik. Yarım əsrlik
yubileyimiz münasibətilə müxtəlif məqalələr,
kitablar hazırlayırıq. Xüsusilə
qeyd etmək istərdim ki, bu işdə tələbələrimiz
də çox fəaldır. Məsələn
onlardan biri fakültəmizin 50 illiyi münasibətilə
kitab hazırlayır. Düşünürəm
ki, bu, çox xoş təşəbbüsdür.
-Tələbələrinizin
reaksiyalarından belə məlum olur ki, siz onlarla dekan, müəllim
kimi yox, həmkar kimi rəftar edirsiniz…
-Doğrudur.
Məncə, bu, belə də olmalıdır.
Müəllim və tələbə arasında münasibətlər
saf, səmimi olmalıdır. Doğrudur,
“qırmızı xətti” keçmək olmaz. Lakin nəzərə almaq lazımdır ki, əsl
müəllimin işi təkcə auditoriyada dərs keçməklə
məhdudlaşmamalıdır. O, həm də tələbəsini
həyatın çətinliklərinə
hazırlamalıdır.
-Əvvəlcə, jurnalistsiniz, yoxsa müəllim?
-Əvvəlcə, jurnalistəm. Mən müəllimliyə
də, dekanlığa da jurnalistikadan gəlmişəm.
Həm peşəmi, həm də beynəlxalq
jurnalistika üzrə ixtisaslaşdığım sahəni, yəni
Yaxın Şərqi çox sevirəm. Etiraf
etməliyəm ki, son iki ildə işlə əlaqədar
yazdığım analitik yazıların sayı azalıb.
Buna sadəcə təəssüflənirəm.
-Jurnalistikaya
olan sevginiz haradan qaynaqlanır?
-Şagirdlik vaxtlarımdan yazmağa,
araşdırmağa həvəsim var idi. Mütəmadi
olaraq yazılarım məktəb guşəsinə vurulurdu,
inşa müsabiqələrinin qalibi olurdum. Qeyd edim ki, bizim həm uşaqlıq, həm də
yeniyetməlik dövrümüz ölkədəki çox
ağır ictimai-siyasi dövrə təsadüf etdi. Biz 20 yanvar gecəsini öz gözümüzlə
gördük, bayrağımızın hürr olaraq ikinci kəs
dalğalanmasına şahidlik etdik, bizdən bir neçə
sinif yuxarı oxuyan məktəb yoldaşlarımız şəhid
oldular. Onların
dəfnlərində iştirak etdik. Ümumiyyətlə
həmin illər Azərbaycanın öz haqq davasında həqiqətləri
dünyaya çatdırmasında ciddi əngəllər var
idi. Mənim məhz ixtisas olaraq beynəlxalq
jurnalistikanı seçməyimdə bu amillərin rolu
çox böyük olub.
-Bəs Yaxın Şərqə olan marağınız
nə ilə bağlıdır?
-Mən
xarakter etibarilə adət-ənənələrə, milli
kökə bağlı biriyəm. Bildiyiniz kimi,
Azərbaycan da Yaxın Şərqin bir hissəsidir, hətta
mən deyərdim ki, qapısıdır. Bir
tərəfdən mənəvi bağlılıq, digər tərəfdən
bu bölgəyə olan marağım beynəlxalq jurnalist
olaraq məhz bu region üzrə ixtisaslaşmağıma səbəb
oldu.
-Siz həm
də bədii yaradıcılıqla məşğulsunuz…
-Bir
neçə kitabın müəllifiyəm. Onlardan
cəmi biri-“Sirr” tarixi romanı bədii janrdadır. Mənim uşaqlıqdan tarixə böyük həvəsim
olub. Tarixi janrda yazılmış bədii
romanların böyük əksəriyyətini oxumuşam.
“Sirr”i yazmaqla mən də kiçik də olsa
bir töhfə vermək istədim. 2009-cu
ildə “Yəhudi-Xəzər yazışmaları” kitabı
üzərində işlədiyim zaman xeyli maraqlı və
yeni məlumatlar toplamışdım. Həm
də elə o maraqlı tarixi məlumatlara əsaslanan bir bədii
əsər yazmaq istədim. O zaman topladığım materiallar
romanımın yazılması üçün əsas mənbə
oldu. 2013-cü ildə isə bu romanı qələmə
aldım və uğurlu alındı. Buna inanmasam da, əsərin
bütün tirajı satıldı. Müsbət
rəylər aldım. Bütün oxuculara
təşəkkür edirəm. Növbəti
bədii əsəri yazıb- yazmayacağımı isə gələcək
göstərəcək.
-Həmin
kitabda yazmısınız ki, həyatda hər şey bir sirr
üzərində qurulub. Yəni mistikaya
inanırsınız?
-Mistika
deməzdim. Lakin möcüzələrə
inanıram. Həyat özü Yaradanın
bizə bəxş etdiyi bir möcüzədir.
-Ernest
Hemenquey, Qabriel Qarsia Markes, Cek London kimi dahi
yazıçılar bədii ədəbiyyata jurnalistikadan gəliblər…
-Düzdür.
Lakin mən heç vaxt tamamilə bədii ədəbiyyata
keçmək barədə düşünməmişəm
və yəqin ki, düşünməyəcəm. Çünki bədii janrlarla analitika arasında
böyük fərq var və mən xarakter etibarilə analitikaya
daha yaxınam. Dediyim kimi, “Sirr” romanı
uğurlu alındı. Yəqin ki, gələcəkdə
daha bir maraqlı tarixi roman yazmaq olar. Amma
heç vaxt analitik jurnalistikanı bədii
yaradıcılığa dəyişmərəm.
-Xüsusilə
son illər sosial şəbəkələrin imkanları
klassik mediann inkişafına mane olur. Bu barədə
nə düşünürsünüz?
-Bu,
çox geniş mövzudur. Ekspertlər
müxtəlif fikirlər səsləndirirlər. Mənə elə gəlir ki, əgər sosial şəbəkələrin
imkanlarından düzgün istifadə edə bilsək, bu,
heç bir halda jurnalistikanın inkişafına mane olmaz, əksinə,
vətəndaş jurnalistikasının inkişafına təkan
verər. Həm də, zaman dəyişir.
Bu gün konvergent jurnalistikadan
danışırıq. Media yenilənir,
öz simasını dəyişir. Yeni
janrlar, yeni media formatlar yaranır. Zamanla
ayaqlaşmaq lazımdır.
-Siz də
“Facebook”un fəal istifadəçilərindənsiniz.
Son statuslarınızın birində
yazmışdınız ki, həyat bir oyundur, kimi udur, kimi
uduzur. Sizcə, həyatda udmaq
üçün nə etmək lazımdır?
-Udmağı
düşünmək lazım deyil. Mənə görə həyatın
bir qanunu var: əgər udmağı düşünsən,
uduzacaqsan. Ümumiyyətlə, qalib gəlməyə
yox, ömrü mənalı yaşamağa
çalışmaq lazımdır. Unutmaq
lazım deyil ki, həyat bir sınaq meydanıdır.
Insanın ən ali məqsədi bu
sınaqdan alnıaçıq, üzüağ
çıxmaq, heç olmasa, rəhmətə layiq
görülməkdir.
-Mütəxəssisi
olduğunuz PR sahəsinin əsas qanunlardan biri budur ki, nəyi
təqdim etmək yox, necə təqdim etmək daha vacibdir. Bu, həyatda da belədir?
-Bəli.
Mən həmişə tələbələrimə
də deyirəm ki, PR texnologiyalarından təkcə peşəkar
fəaliyyətdə yox, həm də gündəlik həyatda,
ətrafdakı insanlarla uğurlu münasibətlərin
qurulmasında istifadə etmək olar. PR
texnologiyalarına bələd olmaq və həyatda tətbiq
etmək insana ancaq kömək edə bilər.
-Onda belə
çıxır ki, siz ən azı 1:0 irəlidəsiniz…
-Belə
demək olar(gülür).
-Yeni yaşınızdan
gözləntiləriniz nələrdir?
-Arzu edirəm
ki, uğurlu il olsun. Tanrıdan
arzulayıram ki, indi mənimlə birlikdə ad
günümü qeyd edən əzizlərim növbəti
yaşlarda da həmişə yanımda olsun.
-Auditoriyada
dərs dediyiniz, heç vaxt məsləhət və
tövsiyələrinizi əsirgəmədiyiniz tələbələrinizdən
birinə indi müsahibə vermək necə hissdir?
–Çox
xoş bir duyğudur. Tələbələrimizin
nailiyyətləri həm də bizim
uğurlarımızdır. Bu mənada
yetirmələrimizin hər biri ilə fəxr edirəm.
-Səmimi
cavablar üçün çox sağ
olun, əziz müəllim.
-Sağ
ol.
P.S:
İndiyə kimi çox müsahibələr almışam. Amma bu, fərqli idi. Çünki
mənə jurnalistikanı öyrədənlərdən,
müəllimlərimdən biri ilə həmsöhbət
olurdum. Söhbətimiz maraqlı
alındı. Ən əsası isə
Vüqar müəllim yenə də ənənəsinə
sadiq qaldı. Yəni həm də öyrətdi.
Öyrətdiklərinizi heç vaxt
unutmayacağıma söz verirəm.
Kənan Novruzov,
BDU Jurnalistika fakültəsinin
IV kurs tələbəsi
Şərq.- 2019.- 12 oktyabr.- S.12