"Səhv
etmək gəncliyin halal haqqıdır”
Azər Turan: “Ancaq bir şərtlə ki, səhvlərində ifrata varmasınlar”
"Bir yeniyetmə durub deyə bilər ki, mən atamdan daha güclüyəm"
Amma bu o demək deyil ki, o, doğrudan da atasından böyükdür və ya güclüdür
Tanınmış tənqidçi, publisist, Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan “Şərq”in suallarını cavablandırıb. Onunla Azərbaycan ədəbiyyatının hazırkı durumu, rəhbəri olduğu qəzetdə ədəbiyyat adına gerçəkləşən mühüm layihələr, “Ədəbiyyat qəzeti”nin gənclərin tribunasına çevrilməsi, ədəbiyyatın maarifçilik missiyası, dünya arenasına çıxacaq ədəbi-bədii əsərlər, şəhid və qəhrəmanlarımız haqqında yazılmış mətnlər, Azərbaycan xalqının başına gətirilən tarixi faciələrlə bağlı yetərli ədəbi mətnlərin yazılmaması, ölkədə kitaba olan maraq və kitabxanaların azlığına dair mövcud narazılıqlar ətrafında maraqlı müzakirə apardıq. Söhbəti təqdim edirik.
- Nə qədər bayağı səslənsə də,
reallıq odur ki, bəzən “Ədəbiyyatımız
Biləcərini o tərəfə keçə bilmir” kimi
iddialara rast gəlirik. Bu
düşüncə ilə razısınızmı və
ümumən, ədəbiyyatımızın hazırkı
durumunu necə qiymətləndirirsiniz?
- Azərbaycanda yeni yaranan ədəbiyyat, müstəqillik
dövrümüzün ədəbiyyatı, yəni
çağdaş ədəbiyyat elə çağdaş
dünya ədəbiyyatı səviyyəsindədir. Bunu etiraf etmək lazımdır. Bədbinliyə əsas yoxdur. Bizdə yazılan əsərlər ya dünyaya
çıxmaq ərəfəsindədir, ya da artıq
dünya ədəbiyyatı faktına çevrilmiş
səviyyədədir.
- “Ədəbiyyat qəzeti”nin Azərbaycan
ədəbiyyatına nə kimi dəstəyi, töhfəsi
var?
- Bu gün “Ədəbiyyat qəzeti” Azərbaycan
ədəbiyyatının simasını bütün
aydınlığı ilə göstərən mətbu
orqandır. Biz öz töhfəmizi əsl ədəbiyyata
qapı açmaqla veririk... Mətbu
orqanın başlıca işi də elə budur.
- Gəncləri çap edirsinizmi və daha çox
hansı gənclərə üstünlük verilir?
- Prioritet, əsasən, gənclərdir. Çünki ədəbiyyatın sabahını biz
də, siz də - hamı onlardan umur, gözləyir. Bizdə çap olunan istənilən istedadlı
gənc Parisdə çap olunan istedadlı bir fransız
yazıçıdan, şairdən heç də zəif
yazmır. Bunu etiraf etmək və
gənclərimizin potensialını, gücünü
düzgün dəyərləndirmək lazımdır.
- Bəs gənclərimiz bu qədər yaxşı,
sanballı mətnlər ortaya qoyurlarsa, niyə heç
dünyanı demirəm, MDB məkanında tanınan gənc
şair və yazıçımız yoxdur?
- Bu, MDB məkanının öz problemidir. Məgər indi biz Rusiyadakı, Pribaltikadakı,
Parisdəki gənclərin yazdığı mətnlərin
hamısından xəbərdarıq? Bu gün Nobel,
yaxud Buker mükafatı alan yazıçıların
bir qismi yalnız o yazıçı həmin mükafata layiq
görüləndən sonra dünya oxucusunun diqqətini
cəlb edir. Söhbət poeziyamızdan gedirsə,
poeziyamızın ləngərini dünya ədəbiyyatından ayıran bir ictimai-siyasi
səbəb olub. Sovetlər dönəmində Azərbaycan dünyadan təcrid
olunub. Amma Azərbaycanda sovet hakimiyyəti
qurulana qədər bizdə yaranan ədəbiyyat birbaşa
Avropa ədəbiyyatı idi. Poeziyadan söhbət
gedirsə, məsələn, kim etiraz
edər ki, Məhəmməd Hadinin “Əlvahi-intibah”
əsərindən eşidilən fəryad Avropa
incəsənətinin doğurduğu modernist fəryadla
həmahəng deyildi. Sadəcə, bizim
ədəbiyyatda sosrealizm epoxasının yaratdığı
70 illik fasilə yarandı ki, bu da öz növbəsində
ciddi estetik uçurum yaratdı. Günah
bizdə deyil ki, poeziyamızda Prevert olmadı. Amma unutmayaq ki, Prevertin
yaradıcılığından bir çox mənalarda
üstün və ya onunla bərabər şəkildə
addımlaya bilən Rəsul Rza faktorumuz var. Onun
“Rənglər”i var.
- Bəzən gənc şair və yazıçılar
iddia edirlər ki, onlar daha çox fərdlər
üçün yazırlar. Yəni hesab
edirlər ki, ədəbiyyat, klassik media, teatrlar artıq
maarifçilik missiyalarını başa vurublar. Doğrudanmı belədir?
- Hər bir yazıçının öz missiyası var.
Hər bir sənət adamının öz prinsipləri
mövcuddur və o da öz yaradıcılığında
həmin prinsipləri tətbiq edir. Biz uzun
müddət “Sənət sənət
üçündür” prinsipindən
ayrılmışdıq. Nəhayət,
Azərbaycanda həmin prinsipin işlək olduğu zaman
gəlib yetişdi. Bəlkə
hətta bu prinsip də artıq işləkliyini,
aktuallığını itirmiş durumdadır. Mehmet Akifin sevdiyim bir sözünü xatırlatmaq
istəyirəm. Deyirdi ki, dünya yola
düşərkən yol üstündə yatılmaz. XX əsrin əvvəllərində maarifçiliyə
ciddi ehtiyac vardı. Əli bəy
Hüseynzadə həm rəssam, həm şair,
yazıçı, həm filosof, həm də publisist kimi
maarifçilik işi ilə məşğul olurdu. Artıq bu gün həmin tendensiyaya ehtiyac yoxdur. Çünki bütün sahələr üzrə
ixtisaslaşmış kifayət qədər kadrlarımız
var. Azərbaycanın öz maarifçilik dəsti-xətti
var və bu işlə müəyyən institutlar
məşğul olur. Söhbət
Azərbaycan ədəbiyyatının dünyaya
çıxmasından gedirsə,
ədəbiyyatımızı dünya ədəbiyyatı
ilə baş-başa, iç-içə buraxmaq, onu
siyasətdən və başqa amillərdən
arındırmaq lazımdır. Bu
mənada ədəbiyyatın estetika tərəfi daha
önəmli olmalıdır. Və
bizim üçün də əhəmiyyətli olan elə
ədəbiyyatın həmin tərəfidir.
- “Ədəbiyyat qəzeti”ndə
“Müzakirə saatları” təşkil edirsiniz. Ola bilərmi ki, sizin o müzakirələrinizi
telekanallardan biri canlı yayımlasın? Bu məsələni televiziyalar qarşısında
bir təklif və ya təşəbbüs kimi qaldırmaq
olarmı?
- Müraciət etsələr, biz də razılıq
verərik. “Müzakirə saatları”nda biz
çağdaş ədəbiyyatın demək olar ki,
bütün aktual məsələlərini müzakirə
etmişik. Təkcə
ədəbiyyatda deyil, cəmiyyətdə də etibarlı
söz sahibi olan alimlərin iştirakı ilə maraqlı
fikir mübadiləsi aparmışıq. Telekanallarda “Ədəbiyyat qəzeti”ni oxuyan
səlahiyyətlilər də var. Hətta onların
bəziləri bizim daimi müəlliflərimizdi. Müzakirə saatlarımızın toplusunu -
“Müstəqilliyin ədəbiyyatı müzakirə
diskursunda” adlı kitab da buraxmışıq. Bu gün Azərbaycan Yazıçılar
Birliyində həmin kitabın təqdimat mərasimi
keçiriləcək. Televiziyalar maraqlansalar,
“Müzakirə saatları”nı qəzetlə
paralel, televiziya formatında da davam etdirərik.
- Son zamanlar şair və yazıçıların sosial
şəraitlərinin ağır olması və bu iqtisadi
çətinliyin onların yaxşı ədəbi
mətnlər yaratmasına mane olmasından yazılır,
danışılır. Sizin münasibətiniz necədi?
- İstəməzdim ki, bu
məsələni bizim indiki söhbətimizin kontekstinə
qarışdıraq. Yazıçının
sosial təminatı, məncə, artıq ədəbiyyat
faktoru deyil. Bunu yaradıcılıq
müstəvisinə gətirmək düzgün deyil. Möhtərəm cənab prezident AYB-yə
vəsait ayırır. O vəsaitdən
“Ədəbiyyat qəzeti”nə də verilir. Və biz o vəsaiti işçilərin sosial
qayğılarının həllinə deyil, kitabların
nəşrinə yönəldirik. Bunu
başqası necə başa düşürsə, onun öz
işidir. Məişət
məsələlərinin, sosial məsələlərin
ədəbiyyat kontekstində müzakirə olunmasını
qəbul edə bilmirəm.
- İddialara görə, bizdə milli
qəhrəmanlarımız, şəhidlərimiz və
ümumən Dağlıq Qarabağla bağlı dünyaya
çıxacaq sanballı əsərlər, mətnlər
yazılmır. Bu fikirlərlə
razısınızmı?
- Qarabağın azadlığı uğrunda şəhid
olmuş qəhrəmanlarımızın
ədəbiyyatlaşmış obrazı Fransa
cəmiyyətində nə qədər maraq doğura
bilər? Onların qəhrəmanları
bizim üçün nə qədər maraqlıdırsa,
bizim də qəhrəmanlarımız onlara o qədər
maraqlıdır. Milli qəhrəmanların
təbliği bizim öz gənclərimiz üçün,
onların vətənpərvərlik ruhunun daim diri qalması
üçün lazımdır. Dağlıq
Qarabağ problemini isə ümumdünya
ədəbiyyatının faktına çevirəcək
yazıçının, romanın yolunu hamı kimi mən
də həsrətlə gözləyirəm.
- 31 mart soyqırımı, 20 yanvar hadisələri və
Xocalı faciəsi ilə bağlı effektiv mətnlər
yazılıbmı?
- Bu sualı yuxarıda cavablandırdım....
- Gənc şair və yazıçılarda
özümüzünküləri, öz klassiklərimizi
bəyənməmək hissi, eqosu var...
- Belə hallar epizodikdir...
- Məsələn, gənc yazarlar bütün günü
“Mən Mirzə Cəlildən, Sabirdən, Səməd
Vurğundan böyüyəm” iddiası ilə
çıxış edirlər...
- Bir yeniyetmə durub deyə bilər ki, mən atamdan daha
güclüyəm. Amma bu o demək deyil ki,
o, doğrudan da atasından böyükdür və ya güclüdür. Səhv etmək gəncliyin halal haqqıdır. Ancaq bir şərtlə ki, səhvlərində
ifrata varmasınlar.
- Ədəbi tənqidimizlə
bağlı da durumun ürəkaçan olmadığı
bildirilir. Qeyd olunur ki, guya,
tənqidçilərimiz nepotizmə yol verirlər. Doğru yanaşmadırmı?
- Bu gün Azərbaycanın bütün ədəbi tənqid elitası “Ədəbiyyat qəzeti”ndədir. Vaqif Yusifli, Nizami Cəfərov, Tehran Əlişanoğlu, Rüstəm Kamal, Cavanşir Yusifli, Elnarə Akimova, Mətanət Vahid... Və
dediyiniz nepotizm “Ədəbiyyat qəzeti”ndə heç bir
tənqidçinin yazdığında müşahidə
olunmur və oluna da bilməz. Söhbət
həqiqi ədəbi tənqiddən gedirsə, nepotizm
heç bir halda yoxdur. Məsələn,
yazıçı hekayə yazıb qəzetə
göndərir. Hekayə
bəyənilir, çap olunur. Və
tənqidçilər onun barəsində ciddi tənqidi
yazılar yazır. Sadəcə,
tənqidçilərimiz də mükəmməl
ədəbi mətnlərin sorağındadır. O
qədər. ..
- Kitabla bağlı da belə pessimist
düşüncə, stereotip formalaşıb ki,
Azərbaycanda yaxşı kitab yoxdur, ona görə də
oxucu azdır və ya yoxdur...
- Azərbaycanda yaxşı kitab var və yaxşı kitabın
yetərincə oxucusu da var.
- Bildirilir ki, kitab evləri, kitab satış
mərkəzləri, kitabxanalarla bağlı da vəziyyət
ürəkaçan deyil. Məxsusi olaraq,
regionlarda bu sahədə durum daha dözülməzdir. Necə qiymətləndirirsiniz?
- Mənim rayonlara çıxmaq imkanım azdır. Öz doğulduğum rayona gedib-gəlirəm.
Orada əvvəldən mövcud olan kitabxanalar yerində
qalır, bağlanmayıb və oxucular da var. Bu gün Axundov adına Azərbaycan Milli Kitabxanasına gedin,
görəcəksiniz ki, oxucular elə əvvəlki coşqu
ilə gəlir Milli Kitabxanamıza.
Ayyət Əhməd
Şərq.- 2019.-15 oktyabr.- S.5