“Abdulla
Şaiq "Türk ocağı"nın qurucularından
biri kimi”
Ədibin vəfatının 60 illiyinə həsr olunmuş tədbir keçirilib
Bu gün görkəmli Azərbaycan şairi,
yazıçı-dramaturq, publisist və pedaqoq, ədəbiyyatşünas
Abdulla Şaiqin Ev Muzeyində ədibin vəfatının 60
illiyinə həsr olunmuş tədbir keçirilib. “Abdulla
Şaiq “Türk ocağı”nın qurucularından biri kimi”
adlı tədbir bir müddət əvvəl bəpra
edilmiş Azərbaycan “Türk ocağı” ilə birgə təşkil
edilib.
Tədbirdə
Mədəniyyət Nazirliyinin nümayəndələri,
“Şərq” qəzetinin baş redaktoru, Azərbaycan “Türk
ocağı”nın başqanı Akif Aşırlı,
Ocağın bərpaçılarından olan tarixçi-alim
Firdovsiyyə Əhmədova, AMEA Ədəbiyyat İnstitutunun
alimləri, universitet müəllimləri və media təmsilçiləri
iştirak ediblər. Tədbirdə vurğulanıb ki, 3 iyul
1911-ci ildə Məhəmməd Əmin Yurdaqul, Yusif
Akçuralı, M.Ə.Tevfiq (Yüksələn) , Emin Bülənt
Sərdaroğlu və Əhməd Ağaoğlu tərəfindən
əsası qoyulmuş “Türk ocağı”
türkçülük ideyalarını təbliğ edən
və xalqa çatdıran bir cəmiyyət olub. İstanbulda yaradılan bu cəmiyyətin
şöbələri çox keçməmiş Türkiyənin
digər bölgələrində yaradılıb. Ocağın bir şöbəsi də 1918-ci ildə
Azərbaycanda fəaliyyətə başlayıb.
Abdulla
Şaiqin Ev Muzeyinin direktoru, eyni zamanda
yazıçının nəvəsi Ülkər Talıbzadə
bildirib ki, babasının evi müqəddəs ocaq kimi daim Azərbaycanın
görkəmli şəxsiyyətlərinin üz tutduğu məkan
olub.
Onun
sözlərinə görə, dövrün ziyalıları,
şair və yazıçıları, alimləri Abdulla
Şaiqin başına toplanıblar: “Biz bura Abdulla Şaiqin vəfatının
60 illiyini qeyd etmək və xatirəsini yad etmək
üçün yığışmışıq. Tədbirimiz iki hissədən ibarət olacaq. Birinci hissə Abdulla Şaiqin həyat və
yaradıcılığına həsr olunacaq. İkinci hissədə isə Azərbaycan “Türk
ocağı”ndan danışacağıq. Bir
məqamı xüsusilə qeyd etmək istəyirəm.
Çox fərəhli haldır ki, ədibin 60
illiyini qeyd edərkən əhəmiyyət kəsb edən
yeni bir faktı da öyrənmiş olduq. Buna
görə, “Şərq” qəzetinin baş redaktoru Akif
Aşırlıya minnətdaram. Akif müəllim,
sentyabrın əvvəlində mənə zəng edərək
bu faktı deyəndə çox təəccüblənmişdim.
Çünki yazıçının ən
gözəl bilicisi, araşdırmaçısı və
oğlu Kamal Talıbzadə belə bu mühüm faktla
bağlı bir söz deməyib. Ona
görə də bu xəbər ailəmiz üçün
qürurverici bir yenilikdir”.
Direktorun çıxışından sonra görkəmli
yazıçı Abdulla Şaiqin həyat və
yaradıcılığını əks etdirən video-rolik
nümayiş etdirilib.
Daha sonra
çıxış edən muzeyin əməkdaşı Arzu
Hacıyeva deyib ki, Abdulla Şaiqin vəfatından 60 il
keçsə də, bugün də biz Şaiq məktəbinin
əsasları üzərində dayanmışıq. Onun əsasını qoyduğu milli mədəniyyət,
milli dil, milli ədəbiyyata köklənmişik.
A.Şaiq milli ideologiyanın təməlini qoyan
aydınlarımızdan biridir. Onun ədəbi və pedoqoji fəaliyyətinin
20 illik xatirə günündə “Şaiq Nümunə” məktəbinin
müdiri Qafur Əfəndizadə Qantəmir nitqini belə
başlamışdı:
“Əgər
Şaiq olmasaydı..”. Həqiqətən,
əgər Şaiq olmasaydı milli qiraətimiz, müntəxabatımız
olmazdı, şagirdlərimiz ana dilində təhsil almazdı
və s. Şaiq olmasaydı pedaqogika və ədəbiyyat
tariximizdə nələr baş verərdi? Zəif
vücuda, böyük qəlbə malik olan ziyalımız Azərbaycan
xalqının milli müqəddəratında, taleyinin həll
olunmasında böyük işlər görüb. Onun fəaliyyətini komanda işi kimi qiymətləndirmək
olar. 1917-ci ildə Çar hökumətinin
sözdə “məktəblərin milliləşdirilməsi” qərarından
sonra Abdulla Şaiq o zamanadək gizli həyata keçirdiyi
missiyanı leqallaşdıra bilib. İlk
dəfə olaraq 3-4 aylıq ana dili kursları açıb.
Əslində, bu milliləşmə
böyük çətinliklər hesabına başa gəlirdi.
Çünki valideynlər uşaqlarının
ana dilində təhsil almalarına razı deyildilər. Yazıçı ilk olaraq buradan işə
başlayır və valideynlərlə uzun
danışıqlar apararaq onları razı salmağa
çalışır. Məlumdur ki, həmin
dövrdə milli mədəniyyət və milli dil gözdən
salınmağa çalışılırdı. Ona görə də məqsədli şəkildə
məktəblərdə ana dili dərsini səsbəst formada
tədris edirdilər. Həm də ana dilində dərs
deyənlər digər müəllimlərdən azı 5 dəfə
az məvacib alırdılar. Abdulla Şaiq məhz belə bir zamanda fədakarcasına
xalqına xidmət edirdi. Nəzərə
çatdırım ki, XX əsrin əvvəllərində ədəbiyyatşünaslıq
yeni-yeni peşəkar mərhələyə keçirdi.
Dərsliklərdə proqrama salmaq
üçün materiallar yox dərəcəsində idi.
Bu boşluq A.Şaiqə stimul verdi ki, o ədəbiyyatşünas,
folklorşünas kimi, uşaq yazıçısı kimi
öz potensialını ortaya qoysun. Yazıçı
bundan sonra ədəbiyyat tarixi konsepsiyasını işləyib
hazırlayıb. Bununla yanaşı Abdulla
Şaiq şifahi xalq ədəbiyyatı nümunələrini
də toplayıb”.
“Şərq”
qəzetinin baş redaktoru Akif Aşırlı da
çıxışında bildirib ki, budəfəki tədbir
möhtəşəm bir məkanda, tarixi ocaqda baş tutub:
“Azərbaycan “Türk ocağı”nın 101 illik fasilədən
sonra özünü bərpa etməsi və ilk tədbirlərdən
birini Abdulla Şaiq ocağında keçirməsi heç də
təsadüfi deyil. 1918-ci il sentyabrın 24-də Azərbaycanda
“Türk ocağı” bərpa olunub və Ocağın bərpaçılarından
biri məhz Abdulla Şaiq olub. Bərpaçılar
arasında Əhməd Cavad, Abbasqulu Kazımzadə,
Tağı Nağızadə və digər ziyalılar da yer
alıblar. Hökumət bir neçə
gün idi Bakıya köçmüşdü, milliləşmə
proqramları yenicə həyata keçirilirdi. Həmin
ziyalılar Azərbaycanda “Türk ocağı”nın
açılması ilə bağlı hökumətə
müraciət ediblər. Azərbaycan “Türk
ocağı” ilə bağlı dövrü mətbuatda, həm
“Azərbaycan” qəzetində, həm də “Açıq
söz” qəzetində materiallar dərc olunub. Həmin
yazılarda Abdulla Şaiqin Azərbaycan “Türk ocağı”nın qurucularından biri olduğu öz əksini
tapıb. 1918-ci il oktyabrın 6-da Azərbaycan
Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan
Cavanşir “Türk ocağı”ının qurucularına
şəhadətnamə verib. Şəhadətnamədə
görkəmli yazıçı Abdulla Şaiqin adı da qeyd
olunub. Biz Abdulla Şaiqi dərindən
öyrənməliyik. O, milli məfkurəmizin
formalaşmasında mühüm rol oynayıb. Onun
“Açıq söz” qəzetində təkcə hekayələri
dərc olunmayıb. Mətbuat səhifələrində
yazıçının publisistikası da dərc olunub.
Çox istərdim ki, onun publisistikası da ədəbiyyatçılarımız
tərəfindən geniş araşdırılsın”.
A.Aşırlı
vurğulayıb ki, Azərbaycan “Türk ocağı”nın məramı türk dünyasında mədəni
əlaqələri inkişaf etdirmək, vahid ədəbi
mühit yaratmaq olub. Baş redaktor Azərbaycan “Türk
ocağı”nın qurucularına
verilmiş şəhadətnaməni, Abdulla Şaiqlə
bağlı bir sıra mühüm arxiv sənədlərini,
həmçinin müəllifi olduğu Azərbaycan “Türk
ocağı” kitabını ədibin Ev Muzeyinə hədiyyə
edib:
“Hesab edirəm ki, bu sənədlər Abdulla Şaiqin ev
muzeyində ən qiymətli eksponatlar olacaq”. Dəyərli
hədiyyələri məmnunluqla qəbul edən Ülkər
Talıbzadə Muzeydə “Türk ocağı” ilə
bağlı ayrıca guşə yaradılacağını
söyləyib.
Tarixçi-alim
Firdovsiyyə Əhmədova da vurğulayıb ki, Abdulla
Şaiqin uşaq şairin kimi tanınması çox
mühümdür:
“Nə yaxşı ki, ədib uşaq şairi kimi də
olsa sovet ədəbiyyatında, dərsliklərimizdə
qalıb. Onun oğlu və araşdırmaçısı
Kamal Talıbzadə mövcud ideologiya şərtləri
içərisində A.Şaiqin
yaradıcılığını cəmiyyətə
tanıtdıra bilib. Abdulla Şaiqin ev
muzeyinin yaradılması da K.Talıbzadənin fəaliyyəti
sayəsində mümkün olub. 1937-ci il
repressiyasından sağ qurtulan Abdulla Şaiq kimi
ziyalılarımız öz maarifçilikləri və qələmləri
ilə yeni nəslin şüurunun formalaşmasında
mühüm rol oynayıblar. Abdulla Şaiq o
şəxsiyyətlərdəndir ki, təkcə Azərbaycanda
deyil, Osmanlı cəmiyyətində belə milli kimliyin,
türk kimliyin oyanmasında öz qələmi ilə fəaliyyət
göstərib. Bu, çox önəmlidir”.
Professor
Mübariz Süleymanlı isə Abdulla Şaiq Ev Muzeyinin 25
illik “ştatdan kənar işçisi” olduğunu
vurğulayıb:
“Mənim M.Ə.Rəsulzadəyə həsr olunmuş
namizədlik işimin birinci rəyçisi və doktorluq
işimin elmi məsləhətçisi Kamal Talıbzadə
olub. Ona görə də mənim həyatım demək
olar ki, Abdulla Şaiq ocağı, dolayısı ilə onun
yaradıcılığı ilə bağlı olub. Abdulla Şaiq ocağı türklüyün Azərbaycandakı
simvollarından biridir. Ümumiyyətlə,
bu şəcərə ta qədimdən
türkçülüklə bağlı olub”.
Ədəbiyyatşünas,
filologiya üzrə fəlsəfə doktoru Təranə Turan
Rəhimli bildirib ki, Abdulla Şaiqin oğlu Kamal Talıbzadə
atasının türkçülüklə bağlı
şeirlərini toplayıb çap etdirərkən hədsiz
sevinirdi:
“Abdulla Şaiq daha çox uşaq şairi kimi
tanınırdı. K.Talıbzadə
çalışırdı ki, şairin daha çox
türkçü, turançı yönünü üzə
çıxartsın. Çünki
A.Şaiq dövrün xofundan uşaq şairi olmaq məcburiyyətində
qalıb. Həqiqətən, biz onun əsərlərinə
diqqətlə nəzər yetirdikdə həmin misralarda tamam
fərqli, alovlu, türkçü Şaiqi görəcəyik”.
Filoloq
vurğulayıb ki, indiki dönəmdə türkü
türkə tanıtmaq kifayət etmir: “Biz
yazıçılarımızın əsərlərini
xarici dillərə çap etdirərək bütün
dünyaya tanıtdırmalıyıq. Niyə əcnəbilər
bizim görkəmli ədiblərimizi tanımasınlar?!
Bizim dünyaya çıxacaq çox
yazıçılarımız, şairlərimiz var”.
Tədbirdə Abdulla Şaiqin türkçülük
ideyalarını özündə əks etdirən şeirləri
də muzey əməkdaşları tərəfindən səsləndirilib.
İsmayıl Qocayev
Şərq.- 2019.- 17 oktyabr.- S.6