"Rəsmi qəzetlərimizdə
tənqidə rast gəlmək olmur"
Cahangir Məmmədli:"Ümummilli liderimiz
söyləyirdi ki, nöqsanların tənqidini yalnız
müxalifyönlü mətbuatın
öhtəsinə buraxmaq olmaz”
Tanınmış jurnalist, Bakı Dövlət
Universitetinin professoru Cahangir Məmmədli “Şərq”in
suallarını cavablandırıb. Professor Prezident
İlham Əliyevin Azərbaycan mətbuatındakı
mövcud problemlərlə bağlı səsləndirdiyi
fikirlərə, çap mətbuatının yerini elektron
mediaya verməsinə dair iddialara, jurnalistikada peşə dəyərlərinin
itməsinə münasibət bildirib. C.Məmmədli
jurnalistlərin cəsarətsizliyi, mətbuatın problemləri
işıqlandıra bilməməsi, Azərbaycanda
məmur mətbuatını yaradılmasının ziyanlı
tərəflərinə diqqət çəkib. Bundan
başqa, o, sosial şəbəkələrin informasiya mənbəyi
kimi istifadə olunması, ümumən bu platformada
söyüş və təhqir kampaniyasının geniş
vüsət alması, bundan xilas yolları, mətbuatda dil
normalarının kobud şəkildə pozulması və nəhayət
18 oktyabr Azərbaycanın müstəllik günü və
başqa məsələlərə aydınlıq gətirib.
-Prezident
15 oktyabrda keçirdiyi iqtisadi müşavirədə mətbuatdakı
bəzi problemlərə də toxundu. Ölkə
başçısı qeyd etdi ki, islahatlara meyilli olan, yeni təfəkkürə
malik kadrları qaralayırlar, o cümlədən mətbuatda:"Mətbuat
bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən
indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm:
bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri
digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin
tapşırığı ilə onların
apardığı islahatların üzərinə kölgə
salınır. Dözülməz vəziyyətdir".
Cahangir müəllim, vəziyyət niyə bu həddə
çatdı?
-Məmurların
bir-birini qaralamaq üçün mətbuatdan istifadə etməsi
çox aktual məsələdir. Yaxşı
ki bu məsələni şəxsən Prezidentin özü
qaldırdı. Məlum mövzunu biz
özümüz- jurnalistlər mediada müzakirəyə
çıxarmalıyıq. Siz də çox sağ olun
ki,bu sualla artıq prosesi
başlatdınız. Həqiqətən də
belə hallar var. İnternet dünyasıdır. İnternet dünyası söz
azadlığının ideal formatıdır. Bu
ideallıqdan adam kimi istifadə etmək
lazımdır. İnsanın içində bir
senzura olmalıdır. Məmurlar bir-birinə
böhtan atmaq, bir-birininin paxıllığını çəkmək
prosesini unutmalıdırlar. Hamı Azərbaycan
dövləti və dövlətçiliyinə xidmət etməlidir.
Düşmənlərimiz az deyil axı?! Xaricdə və qonşuluqda düşmənlərimiz
var. Heç olmasa, özümüz-özümüzün qədrini
bilək. Bu işdə mətbuat olduqca
ciddi maarifçilik işi görməlidir. Bəzi məmurlarımız saytlarda, hətta sosial
şəbəkələrdə açılmış
xüsusi səhifələrdə biri-birlərini biabır
edirlər. Bir-birinə böhtan
atırlar, təhqir edirlər. O səhifələrdəki
yazılara baxıram və çox məyus oluram. Namuslu insanları ləkələməyə cəhd
göstərirlər. Düzünü deyim ki, adam nə etməli olduğunu bilmir. Biz yığışmalıyıq. Mətbuat səhifələrində
sözümüzü deməliyik. Bu gün BDU-nun
jurnalistika fakültəsində müəllimlər
yığışdıq, bir yerdə müzakirə
etdik. Bildirdik ki, biz öz sözümüzü
deməliyik. Çünki o sözü demək
daha çox bizim üzərimizə düşür. Maarifləndirmə işini gücləndirməliyik.
Bu mənada ölkə
başçısının qeyd etdiyi o nöqsanlar mətbutda
çox qabarıq görünür. Çox
arzu edərdim ki, məsələni öncə biz qaldıraq
və dövlət, hakimiyyət səviyyəsində onu
müzakirə etsinlər. Amma indi elə vəziyyət
yaranıb ki, cənab
Prezident məsələni qaldırır və sonra biz onu
müzakirə edirik. Bəzən belə nöqsanlara o qədər etinasız
yanaşırıq ki, Prezident məcbur olub, problemi özü
qaldırır. Bütün
hallarda Prezident nöqsanları göstərdi, indi biz ölkə
başçısının ətrafında birləşməliyik.
Və mövzu ilə bağlı ciddi
müzakirələr aparmalıyıq.
-
Çox incə bir nüansa, məqama toxundunuz. Bildirdiniz ki, jurnalistlərin qaldırmalı
olduğu məsələni ölkə
başçısı qaldırır. Biz
isə ondan sonra hərəkətə keçirik. Yəni media problemi görə bilmirmi, yoxsa
hansısa mübhəm məsələlərə görə,
görüb görməzdən gəlir?
-
Bugünkü jurnalistlərimiz ya bir az cəsarətsizdirlər,
ya da etinasızdırlar. Bu faktı xüsusi
qeyd etmək istəyirəm. Ümummilli lider Heydər
Əliyevin 1969-1970-ci illərdə birinci katib işlədiyi
dönəmdə dəfələrlə şahidi olmuşam
ki, “Kommunist”
qəzeti bir felyeton dərc edib, bu yazıda o qədər ciddi
problemə toxunub ki, Mərkəzi Komitənin Bürosu həmin
məsələni müzakirəyə çıxarıb və
tədbir görüb. Biz jurnalistlər olaraq bu
məsələləri unutmuşuq. Sizin
fikirlərinizi dəstəkləyirəm və
düşünürəm ki, belə hadisələrə
etinasız yanaşmaq olmaz. Bu mənə də aiddir, biz
yaşlı nəslə də, gənclərə də... Feysbukda status yazmaqdan o tərəfə keçmirik.
Status hər şeyi həll etmir. Təhlili materiallar
yazmaq lazımdır. Azərbaycanın problemlərini yazmalıyıq. Baxın, cənab Prezident vurğuladı ki, məmurlar
şişirdilmiş rəqəmlərlə işləyirlər.
Biz bunu görmürük? Əlbəttə,
görürük, amma etinasızlıq edirik. Yaxşı ki, ölkə başçısı bu
məsələni qaldırdı. İndi biz cəsarətlənəcəyik.
Amma cəsarətimiz bunlardan qabaq
olmalıdır. Çox təəssüf
ki, biz həmişə yuxarıdan deyiləndən sonra
ayılmağa başlayırıq. Yenə
bu da bir işdir. Allaha şükür ki,
belə oldu. Ölkə
başçısının məlum fikirləri jurnalistika
fakültəsində dərslərə müsbət təsir
göstərəcək. Mətbuat
Şurası da bir iclas çağırmalıdır. Hamımız birgə müzakirə
aparmalıyıq.
- Son
zamanlar klassik media ənənələri qırılır.
Düşünürəm ki, bir "söz əsgəri"nin "söz generalı"
qarşısında peşəkarlıqdan danışması
bir az özündən müştəbehliyin göstəricisidir.
Amma məqamı yetişmişkən deyim ki, bəzi
qeyri-peşəkar saytların meydana gəlməsindən sonra
mətbuatda peşəkarlıq, medianın prinsipləri və
qızıl qaydalarına əməl etmək arxa plana
keçib. Sizcə, necə etmək olar ki,
mediada qızıl qaydalar, klassik ənənələr,
peşəkarlıq və prinsiplər itməsin?
- Klassik ənənələri
bilməyən, bu ənənələrə itaətsizlik edən
adam necə jurnalist ola bilər ki?! Azərbaycan jurnalistikasının ən azman
nümayəndələri klassikadan gəliblər. Ona
görə klassika sözünü işlədirik ki, həyatımızın
bütün anlarında - keçmişdə, bu gün və
sabah da o klassika deyilən söz həmişə müasir və
aktual olub. Biz
klassikaya etinasızlıq edirik. Bu gün
internet dünyasıdır. Qeyri peşəkarlar, hətta
10-cu sinfi bitirmiş adamlar, bəzən 10-cu sinfi də bitirməyənlər
mediaya axın ediblər. Onları mətbuat dünyasına
gətirənlər var. Hətta telekanallarda da belə hallara
rast gəlmək mümkündür. Xüsusi
olaraq saytlarda bu hal geniş yayılıb. Heç bir təhsili,
diplomu olmayan “jurnalistlər”
mediada at oynadırlar. Həmin məsələlərlə bağlı
ciddi fikir mübadiləsi aparılmalıdır.
Qeyri-peşəkar, ali təhsili olmayan, hətta
bəzən attestatı belə olmayan insanların mediaya ayaq
açmasının qarşısını almaq
lazımdır. Mən deyəndə ki, jurnalist
heç olmasa, jurnalistika fakültəsini bitirmiş olsun, onda
deyirlər ki, Cahangir müəllim qısqanclıq edir. Qətiyyən belə deyil. Bizim
azman jurnalistlərimiz var ki, qeyri-ixtisasdan gəliblər, amma
onlar peşəkar jurnalistika ənənələrini,
klassikanı qoruyurlar. Bu ənənələrə
bələddirlər. Klassik media ənənələrinə
əməl olunmayanda belə acınacaqlı vəziyyət
yaranır. Xüsusi olaraq informasiya saytının
yaradıcısı, qurucusu, redaktoru hesab edilən adamın
heç olmasa, ali təhsili, jurnalistika təhsili
olmalıdır. Jurnalistikanın peşə qaydalarını
bilən adam
heç vaxt təhqir və böhtana yol verməz.
Fikir verin, Azərbaycan media dünyasında
jurnalistikanı bitirmiş bir nəfərin söyüşə,
təhqirə görə məkhəməyə çəkildiyini
görmüsünüzmü? Onun təhqirə
yol verdiyinin şahidi olmusunuzmu?
Demirəm ki, hökmən BDU-nun jurnalistikasını
bitirmək lazımdır. Digər ali məktəblərin
də jurnalistika fakültəsini bitirmək olar. Əsas odur
ki, həmin adam klassik media prinsiplərinə
xəyanət etməsin. Ali təhsili olmayan
adamı nə sayta rəhbər qoymaq olar, nə də qəzetə.
Ümumiyyətlə, ali təhsili olmayan
adamın bu sahəyə gəlməsinin
qarşısını almaq lazımdır. Belə
bir təkliflə çıxış edirəm ki, bu məsələ
qanuniləşdirilsin. Sayt, qəzet rəhbəri
peşəkar olmalıdır. Mətbuat
bütün hallarda qınağı və maarifçiliyi
davam etdirməlidir.
- Son illər
mətbuatın maarifçilik missiyası az
hiss olunur. Az qala mediamız yalnız xəbərləmə
işi ilə məşğul olur. Artıq
media maarifçilik missiyasını başamı vurub?
- Mən
tərif üçün demirəm. Bizim tələbələrimiz
“Şərq” qəzetini oxuyur. Biz “Şərq”ə
abunə kampaniyasını davam etdiririk. Heç kim “Şərq”ə minnət qoya bilməz. Çünki “Şərq” yüksək səviyyədə
çıxır. Hər nömrəsində Azərbaycanda hökm
sürən problemləri ortaya qoyan qəzetdir. Nöqsanları o qədər yüksək səviyyədə
və peşəkar şəkildə ortaya qoyur ki, o
yazıları oxuyanda mən özüm də bu
yaşımda maariflənirəm. Qəzet
belə çıxmalıdır. Qəzetlər
maarifçilik missiyasını daim davam etdirməlidirlər.
Bu amili kənara atmaq olmaz. Qəzetin
ən başlıca missiyalarından biri məhz cəmiyyəti
maarifləndirməkdir. Bu mənada “Şərq”ə
təşəkkür edirəm. “Şərq”
ölkədə problemləri obyektiv, ədalətli və
peşəkar səviyyədə göstərən 1 nömrəli
qəzetdir. Bu mənim şəxsi
fikrimdir.
- Deyirlər
ki, print media sıradan çıxmaq üzrədir...
-Xeyr, bu,
belə deyil. Baxır kim, hansı tip qəzet
buraxır. Mən hər səhər Türkiyə
telekanallarına baxıb, informasiya alıram. Qardaş ölkədir, oradakı narahatlıq məni
də dinc buraxmır. Hər səhər
Türkiyə telekanalları səhər proqramlarını qəzetlərlə
başlayırlar. Qəzetləri efirə
qoyub, oradakı tematikanı təhlil edirlər. Bizim qəzetlər də o səviyyəyə gəlib
çıxmalıdırlar. Amma hazırda
o səviyyə yoxdur.
- Azərbaycanda
məmur mətbuatı anlayışı var. Cənab Prezident
də bu və ya digər formada həmin məsələyə
diqqət çəkdi. Sizcə, məmurun mətbuatı
olmalıdırmı və ya mətbuat niyə hansısa məmurdan
asılı olmalıdır? Bu məsələləri
necə həll edə bilərik?
- Sizə
bir məsələni xatırladım. Ümummilli
liderimiz jurnalistlərlə dəfələrlə
görüşüb. Həmin
görüşlərin birində ulu öndər bir fikir səsləndirdi.
Və o fikir indiki kimi yadımdadır.
Söylədi ki, Azərbaycandakı nöqsanların tənqidini
yalnız müxalifyönlü mətbuatın öhdəsinə buraxmaq
olmaz. Yəni iqtidaryönlü qəzetlər də
o tənqidləri öz səhifələrinə
çıxarmalıdırlar, onlar da problemləri
işıqlandırmalıdırlar. Bizim rəsmi
qəzetlərimiz bundan nəticə
çıxarmalıdır. Rəsmi qəzetlərimizin
səhifələrində tənqidə rast gəlmək olmur.
Müxalif qəzetlər isə hər şeyi
şişirdərək təqdim edirlər. Adını unutduğum müəlliflərdən
biri yazır ki, müxalif qəzetlər dünyaya gözlərini
bərəldib, baxır, sanki, heç nə yerində deyil.
İqtidaryönlü qəzetlər isə
dünyaya gözlərini yumub baxır, sanki, hər şey
qaydasındadır. Bu gün bizim söykəndiyimiz
qəzetlər müstəqil qəzetlərdir. Amma yenə
də bildirirəm ki, rəsmi qəzetlər də bu işə
ciddi yanaşmalıdırlar və onlar Prezidentin ortaya qoyduğu
problemləri işıqlandırmalıdırlar. Rəsmi qəzetlərdə
də tənqidlər görməliyik.
- Qeyd
etdiniz ki, sosial şəbəkələrdən istifadə
edirsiniz...
-
Çox aktiv deyiləm, amma istifadə edirəm...
- Hesab
edirəm ki, sosial şəbəkələrin Azərbaycan
seqmentindəki vəziyyəti bilməmiş deyilsiniz. Doğrudur, sosial şəbəkənin
üstünlükləri çoxdur. Yəni bu
platformadan istifadə edənlər həm informasiya verir, həm də
informasiya alırlar. Bu mənada artıq
dünyanın aparıcı media quruluşları sosial şəbəkələrə
informasiya mənbəyi kimi yanaşırlar. Amma bizdə
az qala söyüş, qarayaxma
platformasına çevrilib. Niyə bu imkandan təyinatı
üzrə istifadə edə bilmirik?
- Əlbəttə, sosial şəbəkə
medianın yeni qanadıdır. Bu var, bu, bir faktdır. Amma biz bu yenilikdən, fürsətdən
faydalana bilmirik. Hər kəs ailədə, məktəbdə,
universitetdə uşaqlara aşılamalıdır ki, onlar bu
platformadan nə üçün istifadə etdiklərinin fərqində
olsunlar. Bu platformaya ciddi yanaşmaq
lazımdır. Burada bizi düşmən
də izləyir. Üstəgəl, sosial
şəbəkəni söyüş, təhqir
platformasına çevirmək olmaz. Bir
çox Avropa ölkəsində bu cür təhqir və böhtan
xarakterli sözlərə qarşı lüğət tərtib
ediblər və qadağalar qoyublar. Elə
sözlər var ki, Fransa, İngiltərə, Almaniya və
İsveçrədə o sözlər internetdə
keçmir. Sosial şəbəkə o
sözü texniki cəhətdən qəbul etmir. Həmin kəlmələri sosial şəbəkələrdə
yazmaq mümkün olmur. Onlara texniki
qadağa var. Bəlkə, biz də elə bir sistem tətbiq
etmək üçün lüğət hazırlayaq. Söyüş dolu rəy və
paylaşımları texnika qəbul etməsin. Belə texniki vasitə var və biz də təcili
şəkildə onları işləyib, ortaya
qoymalıyıq.
- Azərbaycan
mətbuatının dil normalarına əməl etməməsi
çox tənqid olunan məsələlər
sırasındadır. Səbəb nədir və
bu prosesi önləmək üçün hansı
addımlar atılmalıdır?
- Dil millətin
varlığıdır. Firudin bəy Köçərlinin
bir sözü var: “Dil millətin namusu deməkdir”. Bu, həqiqətən belədir.
Ulu öndər Heydər Əliyevin və
hazırkı Prezidentimiz İlham Əliyevin prezidentliyi dönəmində
dövlət dili ilə bağlı və ya işlək
dilimizin lüğəti ilə bağlı dil proqramları
hazırlanıb, qəbul olunub. Amma yenə də mətbuat
səhifələrində, media sistemində dil
qüsurlarına çox rast gəlirik. Bunun bir növ savadsızlıqdan
irəli gəlir. 10-cu sinfi bitirməmiş, diplomsuz, attestatsız adamı
işə götürəndə vəziyyət bax belə
dözülməz olur. Mediadakı hallar bir vətəndaş kimi, məni
narahat edir. Azərbaycan Dilçilik
İnstitutunun Monitorinq Şöbəsi var. Onlar bu işlə
müəyyən dərəcədə məşğul
olurlar. Tapdıqları nöqsan bir az
elmi xarakter daşıyır. Elmi xarakterdən
uzaqlaşıb, praktik xarakterə meyl etmək lazımdır.
Elə etmək gərəkir ki, o monitorinqin nəticələri
ciddi müzakirə predmetinə çevrilsin və mediada dil
qüsuruna yol verənlər məcbur qalıb, özlərinə
çəki-düzən versinlər. Savadsız
adamlar jurnalistikadan uzaqlaşdırılmalıdırlar.
Monitorinqləri gücləndirmək
lazımdır. Orada
çalışanların hamısı dostlarımdı, amma
onlar işi normal qaydada görmürlər. Söhbət bundan gedir.
- Dünən
18 oktyabr Müstəqillik Günümüz idi. Bu
əlamətdar tarixi günlə bağlı cəmiyyətə
bir çağırış etməyinizi istərdim. Çünki dünyada özünün dili olan
xalqlar çoxdur, amma onlardan çox azının müstəqil
ölkəsi var. Yəni müstəqillik olduqca əlçatmaz
bir amaldır, nəsnədir. Bunları nəzərə
alaraq insanlara Azərbaycanın müstəqilliyinin
qorunmasına dair nə kimi fikirlər çatdırmaq istərdiniz?
-
Almaniyada, Fransada mitinqlər zamanı baş verənləri
görürük, izləyirik. “Ərəb baharı”nın acı nəticəsini hər birimiz
bilirik. O bombardmanları görəndən sonra adam
deyir ki, Allahım, mənim ölkəmi belə hadisələrdən
qoru! Maarifçilik işini davam etdirmək lazımdır.
Maarifçilik insanın doğum günündən
ölüm gününə qədər davam etməlidir.
O işi gücləndirmək lazımdır. Azərbaycanın bu müstəqilliyi hansı
çətinliklər nəticəsində əldə etməsinə
dair tutarlı yazılar yazılmalıdır. Gənc
nəsil müstəqilliyin nə olduğunu bilmir axı.
Müstəqilliyin məzmununu insanlara daha
yaxşı təlqin etməliyik. Ulu öndərimiz
deyirdi: “Müstəqilliyimiz əbədidir, daimidir və
dönməzdir”. Hər kəs bilməlidir ki,
müstəqilliyimiz əbədi, dönməz və və
daimi olmazsa, bizi məhv edə bilərlər. Biz müstəqillik qazandıqdan sonra dünyada ciddi
nüfuz qazanmışıq və artıq dünya, Avropa
ölkələri Azərbaycanla hesablaşmağa
başlayıblar. Ölkəmizi inkişaf
etmiş, demokratik və hüquqi bir respublika kimi qəbul edirlər.
Bu mənada müstəqillik müqəddəs
bir andır, zamandır. Allah bu zamanı əlimizdən
heç zaman almasın!
Əhməd Ayyət
Şərq.- 2019.- 19 oktyabr.- S.5