Alim və müəllim
ömrünün bəhrəsi
Alxan Bayramoğlu – 65
Alxan
Bayramoğlu (Məmmədov) Bakı Dövlət Universitetinin
jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının professoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş
elmi işçisidir.
O, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin (keçmiş APİ)
fılologiya fakültəsini fərqlənmə diplomu ilə
bitirib. 1977-ci ildən Şamaxı rayon
Çöl Göylər kənd orta məktəbində dil-ədəbiyyat
müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.
Eyni zamanda məktəb həmkarlar təşkilatının
sədri və Çöl Göylər qiyabi orta məktəbinin
müdiri vəzifəsində çalışıb.
A.Bayramoğlu
Azərbaycan EA Nizami adına Ədəbiyyat
İnstitutunun əyani aspirantı olub (1982-84). “M.Ə.Sabir
və ictimai-ədəbi mühit (elmi tərcümeyi-hal məsələləri)”
mövzusunda fəlsəfə doktorluğu dissertasiyası
(1986) müdafiə edib. 1991-1993-cü illərdə AMEA
Nizami adına Ədəbiyyat
İnstitutunun əyani doktorantı olub. “Şamaxı
ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə
qədər)” mövzusunda doktorluq dissertasiyası
müdafıə edib (1998). Bu dissertasiya ilə
o, Azərbaycan ədəbiyyatşünaslığında ədəbiyyatın
regional aspektdə tədqiqinin əsasını qoyub. Ondan sonra həmin elmi-nəzəri əsaslar üzrə
bir neçə dissertasiya müdafıə edilib.
Müəllifın doktorluq dissertasiyası əsasında
hazırladığı monoqrafıyanın (Bakı “Maarif’,
1997, 240 s.) elmi redaktoru AMEA-nın müxbir üzvü
Əziz Mirəhmədov, rəyçiləri prof. Məmməd
Məmmədov, f.e.d. Ağarəfı Zeynalzadə və
p.e.d. Əjdər Ağayevdir. Monoqrafıyada qədim
tarixi-ədəbi ənənələrə malik
Şamaxı mühitinin timsalında XIX əsrin
ortalarından 1918-ci ilin martından ermənilərin
Şamaxıda törətdikləri mart
qırğınlarına qədərki dövrdə Azərbaycanda
maarif və mədəniyyətin inkişafı, maarifçilik
hərəkatının başlanması və inkişaf
xüsusiyyətləri araşdırılıb.
“Şamaxı
ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə
qədər)” monoqrafıyasında professor A.Bayramoğlu
elmi-tarixi mənbələrə, arxiv materiallarına, ədəbi-bədii
nümunələrə istinad edib, milli-mədəni fikir
tariximizin mənzərəsini regional aspektdən
işıqlandırıb, milli mənlik şüurumuzun
formalaşmasının obyektiv-subyektiv əsaslarını
göstərib, bu sahədə xidmətləri olan görkəmli
ədəbiyyat və mədəniyyət xadimlərinin
mövqeyini qiymətləndirməyə
çalışıb. Konkret problem – mövzu
üzrə (XIX əsrin II yarısında, XX əsrin əvvəllərində
ictimai-ədəbi hərəkat və ədəbi mühit)
regional araşdırma monoqrafıyanın səciyyəvi
xüsusiyyətidir.
Alxan Bayramoğlu Azərbaycan ədəbiyyatşünaslığında
Mirzə Ələkbər Sabirin timsalında ilk dəfə
klassik sənətkarın elmi tərcümeyi-halını
yazıb. Elmi
redaktoru AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov
olan “M.Ə.Sabir (qısa tərcümeyi-hal )”
(Bakı, “Nurlan”, 2001, 139 s.) və “Mirzə Ələkbər
Sabir (həyatı və əsərləri)” (Bakı, “Qismət”,
2003, 320 səh., rəyçilər; professor Məmməd Məmmədov
və professor Kamran Əliyev) monoqrafıyalarda alim
böyük Azərbaycan şairi M.Ə.Sabirin həyat və
yaradıcılığına ilk dəfə ədəbi-tənqidi
baxış ifadə edib, mühüm elmi müddəaları
ilə Sabirşünaslığı zənginləşdirib.
Hər iki əsər klassik sənətkarın
bioqrafıyasına orijinal yanaşma prinsipləri ilə
seçilir. Kitabların axırında
M.Ə.Sabirin şeirlərindən seçmə nümunələr
verilib.
Ədəbiyyatşünas-alim Azərbaycan Xalq
Cümhuriyyəti dövrünün ədəbiyyatı ilə
yaxından maraqlanıb, uğurlu tədqiqatlar aparıb. Bu problem ətrafında
“Qafqaz imdadına çatan türkün könül nəğmələri”
(Bakı, 2002, 163 s.), “Azərbaycan Demokratik Respublikası
dövründə ədəbiyyat”(
Bakı, 2003), “Hüququnu dərk edən kəslər”
(Bakı, 2015) monoqrafıyalarını çap etdirib.
“Qafqaz imdadına çatan türkün könül nəğmələri”
kitabının (Bakı, 2002) məsləhətçisi
akademik Əli Abbasovdur. Kitab Azərbaycan və Türkiyə sənətkarlarının
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə
qarşılıqlı yaradıcılıq əlaqələrinin
tədqiqinə həsr olunub. Annotasiyada deyilir: “1918-ci ildə
Qafqaz İslam Ordusu ilə Azərbaycana gələn türkiyəli
qələm əhlinin o dövrdəki mətbuatımızda
dərc olunan əsərləri və azərbaycanlı
şairlərin qan qardaşlarına, onların tarixi xidmətlərinə
və ümumən türk dövlətçiliyinin taleyinə
həsr olunmuş yazılarından nümunələr təhlilə
cəlb olunmaqla yanaşı, həmin bədii nümunələr
iki bölmədə təqdim edilib”.
Qafqaz İslam Ordusunun Azərbaycana köməyə gəlməsinin
tarixi-siyasi zərurəti elmi-tarixi faktların dili ilə əsaslandırılıb,
türk ordusunun Azərbaycan Cümhuriyyətinə və azəri
türklərinə göstərdiyi xilaskarlıq
yardımından əsaslı bəhs edilib. Kitabda professor
A.Bayramoğlunun “Türk qüdrətinin xilaskarlıq əzmi”
adlı ön sözü, “Gül, sevin, biz gəldik” bölməsində
türk şairlərindən Məhəmməd Əmin
Yurdaqul, Arif Ürfan Qarosman və Rövşən Əşrəfın,
“Yolunu bəklərdik” bölümündə Azərbaycan
şairlərindən Umgülsüm, Məhəmməd Hadi,
Əhməd Cavad, Cəfər Cabbarzadə, Abdulla Şaiq,
Salman Mümtaz, İbrahim Şakir, Əlabbas Müznib, M.Hənəfı
və başqalarının yazıları özünə yer
alıb.
“Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat”
monoqrafıyasının (Bakı, “Elm”, 2003, 276 s.) elmi redaktoru
akademik Bəkir Nəbiyev, rəyçisi professor Asif Rüstəmlidir. Kitabda
Cümhuriyyət dövründə ədəbi-ictimai
fıkri narahat edən taleyüklü problemlərdən,
onların poeziya və nəsrimizdəki ideya-estetik dərkindən
bəhs olunub, tənqid və ədəbiyyatşünaslığa
konkret baxış ifadə edilib.
Əsər Cümhuriyyət dövrünün ədəbiyyatı
haqqında ilk monoqrafık tədqiqatdır. Kitabın “Bədii
nümunələr” bölməsində müəllifın ərəb
qrafıkasından transliterasiya etdiyi poeziya, nəsr və
publisistika nümunələri, izah və qeydlər verilib.
Monoqrafıyanın
“Cümhuriyyət ədəbiyyatı...” adlı ön
sözünün müəllifı AMEA- nın
müxbir üzvü, professor Yaşar Qarayevdir. O, Alxan Bayramoğlunu
Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatının
ilk monoqrafık tədqiqatçısı kimi yüksək dəyərləndirib.
Alimin “Azərbaycan mühacirət mətbuatına
dair mühazirələr” adlı dərs vəsaitinin
(Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, 102 s.)
redaktoru prof. Cahangir Məmmədli, rəyçisi f.e.d. Abid
Tahirlidir. Kitabda milli mühacirət irsimiz, xaricdə nəşr
olunan “Yeni Kafkasiya”, “Azəri türk”, “Odlu yurd”, “Yaşıl
yarpaq”, “Qurtuluş”, “Azərbaycan yurd bilgisi”, “Azərbaycan”
jurnalları və “Bildiriş”, “İstiqlal” qəzetləri
haqqında müfəssəl elmi-metodik informasiya verilib.
Professor A.Bayramoğlu “M.Ə.Sabir mətbuatda”
monoqrafıyasında (Bakı, “Nafta Press”, 2006, 128 s., redaktoru
prof. Şamil Vəliyev) satirik sənətkarın mətbuat
orqanları ilə işgüzar yaradıcılıq əlaqələrinin
tarixindən bəhs edib. O, şairin “Həyat”, “İrşad” və “Tazə həyat”
qəzetlərində Şamaxı bölgəsi üzrə
müxbiri, “Səda”, “Həqiqət” və “Günəş” qəzetlərində
redaksiya əməkdaşı kimi
çalışmalarının səciyyəvi xüsusiyyətlərini
diqqətə çəkib, habelə, adı çəkilən
mətbuat orqanlarında M.Ə.Sabir haqqında ilkin
materialları üzrə çıxarıb təhlil predmeti
edib.
“Bənzərəm bir qocaman dağa ki ...” məqalələr
toplusu (Bakı, “Elm”, 2010, 424 s.) professor Alxan Bayramoğlunun
irihəcmli kitabıdır. Nəşrin redaktoru
prof. Şirindil Alışanlıdır. Kitabda
M.Ə.Sabirin həyat və yaradıcılıq yolu, onun
poetik və publisistik irsi, M.Ə.Sabir ədəbi məktəbi,
sabirşünaslığın problemlərinə elmi-tənqidi
baxış, sənətkarın tərcümeyi-halının
yazılması prinsipləri özünə yer alıb,
şairin poeziya məktəbinə məxsus bəzi müəlliflər
haqqında yeni materiallar tədqiqata cəlb olunub.
Alxan müəllim elmi fəaliyyətlə
yanaşı, tədris sahəsində də
çalışır. O, Bakı Dövlət Universitetinin professorudur. Bu sahədə fənn proqramları və dərs vəsaitlərinin
müəllifıdir. Alimin xüsusilə “Müxtəsər
Azərbaycan ədəbiyyatı tarixi oçerki (Qədim
dövrdən 1930 illərədək)”, “Azərbaycan
jurnalistika məktəbləri” və “Jurnalist sənətkarlığı”
adlı dərs kitabları diqqəti cəlb edir.
“Müxtəsər
Azərbaycan ədəbiyyatı tarixi oçerki” (Bakı,
“Elm və təhsil”, 2013, 200 s.) adlı vəsaitin elmi redaktoru
akademik Teymur Kərimli, rəyçiləri professor Xəlil
Yusifli, professor Təyyar Salamoğlu, professor Yaqub Babayev və
dosent Məti Osmanoğludur. Əsər “Kitab və onun
yaranmasına dair”, “Uzun yola müxtəsər baxış”
adlı ön söz və “Milli ədəbi fıkrin
inkişaf yolu” və “Sosrealizm: itkilərimiz,
qazanclarımız” hissələrindən ibarətdir. Aydındır ki, Azərbaycan ədəbiyyatı qədim
tarixi ənənələrə və inkişaf mərhələlərinə
malikdir. Professor Alxan Bayramoğlu
çoxillik elmi araşdırmalar və tədris-metodik fəaliyyətinin
nəticələrini öz kitabında vahid elmi-nəzəri
axarda ümumiləşdirib, ədəbi-ictimai fıkrimizin qədim
dövründən başlayaraq 1930-cu illərə qədərki
dövrün ədəbi abidələri, tədqiqat istiqamətləri
və ədəbi şəxsiyyətləri haqqında məlumat-informasiya
verib. “Sosrealizm: itkilərimiz,
qazanclarımız” bölməsində müəllif sovet
dövründə milli-mədəni düşüncə və
yaradıcılıq məsələlərinə nəzər
salıb. Kitab fıloloqlar, doktorant və
magistrlər, müəllim və tələbələr
üçün nəzərdə tutulub.
Professor
Alxan Bayramoğlu yazır: “Bu əsəri yazarkən “1998\99-cu
tədris ilindən başlayaraq əvvəl Elm və Təhsil
Mərkəzi “Təfəkkür’’ Universitetində Azərbaycan
ədəbiyyatı və Türk xalqları ədəbiyyatı,
2003\2004-cü tədris ilindən isə Odlar Yurdu Universitetində
fılologiya və jurnalistika fakültəsində Azərbaycan
ədəbiyyatı tarixi fənnindən mühazirələr
oxuyarkən həmin elmi və elmi-metodiki bazaya, həmçinin
öz araşdırmalarımıza arxalanmışıq.
2006-cı ildə tərtib və nəşr etdirdiyimiz “Azərbaycan
ədəbiyyatı tarixi” adlı tədris proqramında qədim
dövrdən 2005-ci ilə qədərki dövr əhatə
olunmuşdur....” Müxtəsər Azərbaycan ədəbiyyatı
tarixi oçerki (Qədim dövrdən 1930-cu illərədək)”
kitabı da həmin elmi-nəzəri və təcrübi-metodiki
baza əsasında yazılıb.”
Alxan müəllim BDU-nun “Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi” kafedrasında
çalışır. Onun “Azərbaycan jurnalistika məktəbləri”
(Bakı, “Avrasiya Press”, 2014, 160 s.) kitabı Azərbaycan Mətbuat
Şurası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə
nəşridir. Nəşrin redaktoru və
ön söz müəllifı Azərbaycan Mətbuat
Şurasının sədri, Əməkdar jurnalist Əflatun
Amaşov, rəyçisi f.ü.f.d., dosent Aygün
Əzimovadır. “Kitab humanitar sahə
mütəxəssisləri – jurnalistlər, fıloloqlar,
tarixçilər və həmin ixtisaslar üzrə magistrlər,
doktorantlar üçün faydalıdır”. Nəşrdə milli jurnalistikanın müxtəlif
yaradıcılıq məktəblərinin xüsusiyyətləri
haqqında əhatəli məlumat verilir.
Müəllifin 2015-ci ildə “Jurnalist sənətkarlığı”
monoqrafıyası çap olunub (Bakı, “Elm və təhsil”,
2015, 88 s.). Kitabın redaktoru professor Cahangir Məmmədli, rəyçisi
professorlar Nəsir Əhmədli və Akif Rüstəmovdur.
Əsərdə jurnalistikanın sənətkarlıq
xüsussiyyətlərindən bəhs olunub.
A.Bayramoğlu eyni zamanda AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu Yeni dövr Azərbaycan ədəbiyyatı
şöbəsində elmi-tədqiqat fəaliyyəti ilə
məşğul olur. O, çapa hazırlanan Azərbaycan ədəbiyyatı
tarixi ( V cild) redaksiya heyətinin
üzvü və əsas müəlliflərindən biridir.
Uzun illər akademiyanın Ədəbiyyat
İnstitutundakı Dissertasiya Şurasının üzvü
olan alim hazırda BDU Müdafıə Şurasının
üzvüdür. A.Bayramoğlu 600-ə yaxın elmi məqalə,
13 monoqrafiya, tərtib, ön söz, lüğət və
şərhlərdən ibarət 6 kitab, ali məktəblər
üçün 4 dərs vəsaiti və 7 tədris
proqramının müəllifidir.
Alxan Məmmədov (Bayramoğlu)
gənclik illərindən başlayaraq fəal, işgüzar
və fədakar ziyalı kimi tanınıb, elmi-mədəni
tədbirlərdə, konfrans və simpoziumlarda, ictimai işlərdə
fəal iştirak edib, mənsub olduğu kollektivin dərin
hörmətini qazanıb.
Oktyabrın 22-də Alxan müəllimin 65
yaşı tamam olur. Biz AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu və Bakı Dövlət
Universitetinin professoru Alxan Bayram oğlu Məmmədovu
ömrünün 65-ci ili münasibətilə ürəkdən
təbrik edir, ona möhkəm cansağlığı,
elmi-pedaqoji və ictimai fəaliyyətində yeni uğurlar
arzulayırıq.
Əlizadə Əsgərli,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktor müavini, filologiya elmləri doktoru
Şərq.- 2019.- 19
oktyabr.- S.12