"Ədəbiyyat adamı elə ədəbiyyatla
yaşamalıdır"
Qismət Rüstəmov:
"Bütün davalar da bu
imkanın yaradılması ilə bağlı
olmalıdır"
"Dünyanın heç yerində gənc
yazıçının boynuna ölkənin taleyüklü məsələləriylə
bağlı əsər yazmaq məsuliyyəti qoyulmur"
“Milli qəhrəman” kimi plakatlar dünyanın
heç bir yerində ciddi ədəbiyyatçının
mövzusu ola bilməz
Tanınmış şair, tərcüməçi
Qismət Rüstəmov “Şərq”ə danışıb. Onunla
yaradıcılıq fəaliyyəti, Azərbaycan ədəbiyyatının
hazırkı durumu, çağdaş ədəbiyyatla,
klassik ədəbiyyatın müqayisəsi, ADU-dakı “Yaradıcılıq Fakültəsi”nin
ədəbiyyata töhfəsi məsələsi ətrafında
fikir mübadiləsi apardıq.
Bundan başqa, şairlə xarici ədəbiyyatdan
etdiyi maraqlı tərcümələr, “Ədəbiyyatımız
Biləcərini o tərəfə keçə bilmir”
iddiası, ölkə sərhədlərindən kənara
çıxa biləcək ədəbi mətnlərin
mövcud olub-olmaması mövzularını müzakirə
etdik. Eyni zamanda Q.Rüstəmovla ədəbi
tənqidlərin səviyyəsi, ədəbi layihələrin
efirlərə daşınması, gənc şair və
yazıçıların sosial şəraiti, onların
müharibə mövzularına az müraciət etməsi məsələlərinə
toxunduq. Həmçinin bu günlərdə paytaxt
Bakıda qurulan “Kitab dayanacaqları”, kitab sərgisi, kitab evləri,
əbəbiyyat adamlarının siyasətə meyl göstərməsi
və başqa mövzulara diqqət çəkdik.
- Hazırda ədəbiyyatla bağlı
hansı işlər görürsünüz və gələcəkdə
nə kimi planlarınız var?
- İndi əsasən elmi
yaradıcılıqla məşğulam, dissertasiya işimi
yazıram. Amma bununla
yanaşı, gələn il üçün bir şeir, bir
esse kitabı hazırlamışam. Bu, həm müxtəlif
illərdə yazdıqlarımdan seçmələrdir, həm
də heç yerdə çap olunmayanlar. Bir də
çoxdandır dünyaca məşhur müəlliflərin
poeziya haqqında yazılarından ibarət, şərti
adı “Poeziya sənəti” olan bir kitab hazırlayıram. Yəqin
gələn ilə onu da çap etdirərəm.
- Çağdaş Azərbaycan ədəbiyyatı
əvvəlki illərdə yaradılmış ədəbi
nümunələrdən nəyi ilə yaxşıdır və
nəyi ilə pisdir?
- Çağdaş Azərbaycan ədəbiyyatı
əvvəlki illərdən fərqli olaraq dünyadan təcrid
olunmuş ada deyil. O, artıq yavaş-yavaş
özünü dünyanın tərkib hissəsi görməyə
can atır. Və bunu edərkən, özündə olanı
qiymətləndirməyə başlayıb. Artıq müasir
müəlliflər ədəbiyyatı təkcə yazıb
kənara çəkilməkdə görən əski
metodlarla qiymətləndirmir. PR kampaniyasından tutmuş imza
günlərinin formatına, xarici dillərə tərcümə
strategiyalarına qədər hər şey onları
düşündürür. Burda nə qədər uğurlu
nəticə əldə olunur, bu artıq başqa problemdir.
- Yanılmıramsa, BSU-dakı
“Yaradıcılıq Fakültəsi” ADU-da yaradıldı. Bu
fakültənin ədəbiyyatımıza töhfəsi nədir,
nədən ibarətdir?
- "Yaradıcılıq Fakültəsi"
görkəmli Azərbaycan yazıçısı, akademik
Kamal Abdullanın ideyası və təşəbbüsü
ilə 2007-ci ildə, təxminən, Rusiyadakı Maksim Qorki
adına Ədəbiyyat İnstititunun xırda modeli kimi
yaradılıb. Fakültə o vaxt BSU-da formalaşanda sənət
mühitində çox ciddi rezonans doğurdu, effektiv oldu.
İlk məzunlarından biri elə mən olmuşam. Sonradan
Kamal müəllim ADU-ya rektor təyin olunanda, bu ideyanı
yenidən diriltmək qərarına gəldi və onun bu
ideyaya sonsuz sevgisi sayəsində biz bu gözəl işi
yenidən başlaya bildik. Burda tədris ənənəvi
formatda olmur. Tutalım, yazmaq bacarığı olan, amma təhsili
olmayan, yaxud təhsili olan, amma mühitə
qaynayıb-qarışmadığı üçün onun
yazılmamış qaydalarını bilməyən gənclərə,
bəlkə də, heç yerdə əldə etməyəcəkləri
imkanlar yaradılır. Tanınmış
yazıçıların, alimlərin mühazirələrini
dinləyirlər, xarici dil öyrənirlər, hər həftə
onların yazdıqları müzakirə olunur və
bütün bunlar ödənişsizdir. Əslində bu
praktika dünyada var, məsələn, dünyanın bir
nömrəli universiteti olan Harvardda hər bir tələbəyə əsas ixtisasından və
seçmə fənlərdən başqa, universitetin məsləhət
gördüyü fənlər qrupu təklif edilir, onların
içində etika, yaradıcı yazı kimi fənlər
olur ki, bu da elə təxminən bizim etməyə
çalışdığımız şeydir.
- Bildiyim qədəriylə məşhur əcnəbi
yazıçıların əsərlərini dilimizə tərcümə
edirsiniz. Feysbukda qeyd etmişdiniz ki, bəzən sizə
"irad"da tuturlar ki, niyə bu mənasız işlə məşğul
olursunuz. Sizcə, bu, mənasız işdir, yoxsa hansısa zərurətdən
doğur?
- Mənasız iş saysam, davam etdirməzdim,
elə bilirəm, bir vaxtlar bu barədə yazdığım
fikri təkrarlasam, yerinə düşər. Bir dəfə
dostlardan biri dodağının ucunda oynaşan sevgi-istehza
qarışığı təbəssümlə dedi: "Nəyinə
lazımdır bu kitabları tərcümə etmək? Elə
bilirsən, xeyri olacaq?" Reallığın
adama ağ bayraq qaldırdan bucaqlarından baxanda, üstəlik,
öz yazılarında "tapana" qədər oxuyub-bildiklərini
gizlətməklə həmkarlarına da, oxucularına da
üstün gəlmək imkanı varkən, doğrudan da mənim
gördüyüm iş uşaqcasına sadəlövh,
infantil, faydasız bir əməkdir. Halbuki, ədəbiyyatdakı
məqsədlərim həmişə başqa olub. Bu, bir az
içimdəki hər şeyə cavab axtaran həvəsli
uşağı sağ-salamat yetkinliyə köçürmək
arzusudur. Bir az da nə vaxtsa özümə tuşlanmaq
ehtimalı olsa belə, daha urbanistik, daha çağdaş
metodlarla silahlanmış bir sənət mühitinin
yaranmasına yardımçı olmaqdır. Yəni mən ədəbiyyatı
Leylinin atası tərəfdən vuruşanların
uduzduğunu görüb qarşı tərəfə
keçən Məcnun kimi yaşayıram. Amma qorxuram yenə
səhra qalib gəlsin...
- Nə qədər bayağı səslənsə
də, reallıq odur ki, bəzən “Ədəbiyyatımız
Biləcərini o tərəfə keçə bilmir” kimi
iddialara rast gəlirik. Bu düşüncə niyə formalaşıb
və onunla razısınızmı?
- Bunun bir-biriylə bağlı bir neçə
səbəbi var. Birincisi, öz mədəniyyətinə
inamsızlıq, aşağılıq kompleksi. İkincisi, bu
inamsızlığı doğuran nədir? Tutalım,
Azərbaycan mədəniyyətini, Azərbaycan
kitabını təmsil etmək qabiliyyəti olanlar qıraqda
qalır, bizi xaricdə elə müəlliflərlə, elə
kitablarla təmsil edirlər ki, təkcə
başqalarının gözündə rüsvay olmuruq, elə
birinci öz gözümüzdən düşürük.
- Ədəbiyyat sahəsində niyə
heç dünyanı demirəm, MDB məkanında tanınan
gənc şair və yazıçımız yoxdur və ya
varsa kimdir, kimlərdir?
- Bilirsinizmi, bunun səbəbi müəllifdən,
müəllif talantından çox, sənaye ilə
bağlıdır. Bütün dünyada kitab sənayesi
ayrı mexanizmlərlə işləyir, biz o mərhələyə,
əfsus ki, çatmamışıq. Təsəvvür
edin, bizdə özünə ən bərkgedən, ən
müasir nəşriyyatın nümayəndəsi müəllifə
deyir ki, kitabını reklam elə. Demək, müəllif həm
kitabı yazmalıdır, həm çap etdirməlidir, həm
reklam etməlidir, həm pul tapıb tərcümə etməlidir
və s. Bu həlqəni uzatmaq olar. Amma inkişaf etmiş
ölkələrdə müəllif kitabını nəşriyyata
təqdim edəndən sonra bu sıradakı hər bir mərhələ
ilə ayrı adam məşğul olur. Hər şey təşkil
edilir, müəllifə xəbər verilir ki, gəl
kitabını imzala, yaxud bir paneldə çıxış
et, filan qəzetə müsahibə ver. Yoxsa bütün uzaq və
yaxın qonşularımız dahidir, bizdə heç nə
yoxdur, əsassız fikirdir.
- Bəzən gənc şair və
yazıçılar iddia edirlər ki, onlar daha çox fərdlər
üçün yazırlar. Yəni hesab edirlər ki, ədəbiyyat,
klassik media, teatrlar artıq maarifçilik missiyalarını
başa vurublar. Doğrudanmı belədir?
- Maarifçilik öz ömrünü başa
vurmayıb, sadəcə öz formasını və məzmununu
dəyişib. Tutalım, 150 il qabaq maarifçilik deyəndə
ən sadə mənada əhalinin oxuyub-yazmaq qabiliyyətinin
artırılması nəzərdə tutulurdusa, bu gün qərb
dünyasında “digital literacy” təbliğ və tədris
edilir. Yəni artıq dünyanın gələcəyi
gözünü açıb smartfon, tablet, planşet
görmüş gənc nəsildir. İndinin maarifçiliyi
də, tutalım, “virtual dünyada bilgini necə əldə
etmək lazımdır?” tipindədir. O ki qaldı yalnız fərdlər
üçün yazmağa, başqalarını bilmirəm, mənim
düsturum belədir: müəllif ehtimal edilən ideal oxucu
üçün yazmalıdır, oxucusu çox olarsa, lap
yaxşı.
- Baxın, bəy, telekanallarda az qala
bütün günü cəmi 60 saz havası, elə o kəmiyyətdə
də şeir bilənlər “at oynadır”. Eynilə də
müğənnilər, meyxana deyənlər... Ola bilərmi
ki, ədəbiyyatla bağlı, ədəbi-bədii məsələlərin
teleməkanlarda müzakirəsinə dair hansısa bir layihə
təklif edəsiniz. O layihə əsasında aparılan ədəbi
müzakirələr çayxanalarda deyil, məhz efirlərdə
aparılsın. Bu da həm ədəbiyyat adına, həm də
cəmiyyət adına müsbət impuls vermiş olar...
- Bizim Sahilə İbrahimova ilə birgə
“Çətir, eynək və s” adlı bir verilişimiz
vardı, Yutub üzərindən yayımlanırdı, TEAS
Press-in dəstəyi ilə çəkilirdi. Sonradan nəşriyyat
müqaviləni uzatmadı, indi biz axtarışdayıq,
ideyanı yaşatmaq istəyirik. Bir neçə televiziyaya
müraciət etmişik, amma müxtəlif bəhanələr
gətirirlər, yaxın durmaq istəmirlər. Bizim isə nə
aşıq, nə də meyxanaçı deyən olmaq fikrimiz
var.
- Son zamanlar şair və
yazıçıların sosial şəraitlərinin
ağır olması və bu iqtisadi çətinliyin
onların yaxşı ədəbi mətnlər yaratmasına
mane olmasından yazılır, danışılır. Sizin
münasibətiniz necədir?
- Bu barədə məşhur ingilis
yazıçısı Tim Parksın “Pulun yaxşı
yazmağa xeyri varmı?” adlı essesini tərcümə
etmişəm. Düşünürəm ki, yaradıcı
prosesi tam mənada maddi məsələlərlə
bağlamaq düzgün olmasa da, müasir dünyada maddi təminat
əhəmiyyətli faktordur. Mətn yazılarkən mənəviyyat
ola bilər, ancaq çap olunandan sonra həm də əmtəədir
və bunun adekvat qarşılığı olmalıdır
ki, müəllif həyatını qura bilsin. Təxminən
15 il bizim sənət mühitində axmaq bir formul icad
edilmişdi: özünə başqa qazanc yeri tap, qıraqdan
da bala-bala əsərlərini yaz. Bu formul
reallıqla nə qədər səsləşirmiş
görünsə də, ədəbiyyatı, incəsənəti
həmişə başqa sahələrin yedəyində
gördüyü üçün, mənim gözümdə
çox mədəniyyətsiz formuldur. Ədəbiyyat
adamı elə ədəbiyyatla yaşamalıdır,
bütün davalar da bu imkanın yaradılmasıyla
bağlı olmalıdır.
- İddialar var ki, bizdə milli qəhrəmanlarımız,
şəhidlərimiz və ümumən Dağlıq
Qarabağla bağlı dünyaya çıxacaq sanballı əsərlər,
mətnlər yazılmır. Məxsusi olaraq gənclər
buna meyl etmirlər, onlar daha çox erotikadan və ya digər
intim məsələlərdən yazırlar. Bu fikirlərlə
razısınızmı?
- Axmaq iddiadır. Birincisi, bizdə
Qarabağ müharibəsindən sonra insanların
yaşadıqları sarsıntılarla bağlı Şərif
Ağayarın çox yaxşı əsərləri var.
İkincisi, dünyanın heç yerində gənc
yazıçının boynuna ölkənin taleyüklü məsələləriylə
bağlı əsər yazmaq məsuliyyəti qoyulmur.
Üçüncüsü, “milli qəhrəman” kimi
plakatlar dünyanın heç bir yerində ciddi ədəbiyyatçının
mövzusu ola bilməz. Dördüncüsü, məncə,
bizdə bu mövzularla kifayət qədər al-ver edənlər
var, yəni deyilənin əksinə yazılmır yox, həddindən
artıq çox yazılır.
- Gənc şair və yazıçılarda
özümüzünküləri, öz klassiklərimizi bəyənməmək
hissi, eqosu var...
- Fərdi problemdir. Klassiklər dünyanın
hər yerində zaman-zaman polemikaya cəlb olunur, yenidən dəyərləndirilir.
Hər yeni nəslin klassikayla öz polemikası
olmalıdır, bu, normaldır. Klassika bir az da elə budur – hər
təzə gələn özünü ona çırparaq həm
özünü, həm də onu təsdiq edir. Bir dəfə
mənə kitabını imzalayıb verən gənc bir
şairdən soruşdum ki, kimləri oxuyursan? Qayıtdı
ki, heç kimi oxumuram, təsirə düşərəm.
Bayaq imzalayıb verdiyi kitabı göstərib soruşdum: biz
sənin kitabını niyə oxuyaq, birdən təsirə
düşdük?
- Ədəbi tənqidimizlə bağlı da
durumun ürəkaçan olmadığı bildirilir. Qeyd
olunur ki, guya, tənqidçilərimiz nepotizmə yol verirlər.
Doğru yanaşmadırmı?
- Tənqidçilərlə
bağlı problem yoxdur, bu fikir tənqid adı altında
al-verlə məşğul olanlara görə yaranıb, amma
elə də ciddi məsələ deyil, indi şəffaf,
divarları olmayan dünyada yaşayırıq, hamı hər
şeyi görür, başa düşür.
- Bildirilir ki, kitab evləri, kitab satış mərkəzləri,
kitabxanalarla bağlı da vəziyyət ürəkaçan
deyil. Məxsusi olaraq, regionlarda bu sahədə durum daha
dözülməzdir. Son günlər isə paytaxtda “Kitab
dayanacaqları” quraşdırılır, beynəlxalq kitab sərgisi
keçirilir. Sizcə, bu addımlar kitaba, oxu mədəniyyətinə
olan itmiş marağı geri qaytara biləcəkmi?
- Nə qədər ki, kitabın,
kağızın, çap avadanlıqlarının üzərindən
ƏDV götürülməyib, biz yüz il eyni şeyləri
təkrar edə-edə qalacağıq. Yaxın aylarda
parlamentdə də müzakirə edilən bu problem həllini
tapmasa, qalan işlərdən danışmaq əbəsdir.
Yaxın qonşularımız Gürcüstan, Türkiyə
kitabın üzərindəki ƏDV-ni götürdü,
Belarusda dövlət kitab evlərindən icarə haqqı
almır. Bu məsələlər hamısı
bir-biriylə zəncirvari bağlıdır, əvvəlcə
ƏDV ləğv olunmalıdır, sonra kitabın qiyməti
ucuzlaşmalıdır, sonra tiraj qalxmalıdır, avtomatik
olaraq mədəni proses paytaxtdan bölgələrə
doğru genişlənməlidir. Onda həqiqətən
biləcəyik ki, nə qədər oxucu və nə qədər
yaxşı kitab var...
- Şairin, yazıçının siyasiləşməsinə
necə yanaşırsınız, ümumiyyətlə, gələcəkdə,
deputatlığa namizədliyinizi verə bilərsinizmi?
-
Yazıçının politik, yaxud apolitik olması fərdi
seçimidir. Mən gələcək
haqqında düşünəndə, orda yazılmağı
gözləyən əsərlər görürəm.
Söhbətləşdi
Ayyət Əhməd
Şərq.- 2019.-
22 oktyabr.- S.5