Rusiyada Azərbaycan
mühacirət mətbuatı
"Dərbənd",
"Odlar yurdu" və "Azərbaycanın səsi"
həmişə aktual yazıları
ilə fərqlənib
Azərbaycan
mühacir mətbuat tarixinin tanınmış
tədqiqatçısı Ramin Məmmədov “Rusiyada
Azərbaycan mühacirət mətbuatı” adlı
kitabında qeyd edib ki, Rusiyada ilk Azərbaycan mətbuat
vasitələrindən biri sayılan qocaman “Dərbənd”
qəzeti 1920-ci ildən çıxmağa başlayıb
və Dağıstan Respublikasında və ətraf vilayətlərdə
yayımlanıb. Bu qəzet Sovet ideologiyası
çərçivəsində aktual yazıları ilə
həmişə fərqlənib, günümüzə kimi
yaşamaq və həyatını davam etdirmək hüququnu
qazanıb: “Bu gün də
ölkələrimiz arasında dostluq əlaqələrini
möhkəmləndirmək müəyyən mənada
azərbaycançılıq məfkurəsini təbliğ
etmək uğrunda mübarizəsini davam etdirmək
niyyətinə xidmət edir. Əlbəttə, SSRİ-nin
süqutuna kimi “Dərbənd”in təsisçisi rayon
partiya komitəsi və İcraiyyə komitəsi idi. 1991-ci
ildən başlayaraq bu ictimai-siyasi qəzet “Dostluq,
qardaşlıq, birlik” şüarı altında
çıxır. Onun təsisçisi Dağıstan
Respublikası Dövlət Şurası, Dağıstan
Respublikası Xalq Məclisi və Dağıstan
Respublikası hökumətidir. Baş redaktoru isə
H.Ş.Əlifxanovdur. Məlum olduğu kimi, bu yerlərin
öz çətinliyi, öz spesifik problemləri var.
Məsələn,
Dərbəndin mərkəzində V əsrə aid Alban
kilsəsi mövcuddur. Bu abidəni ermənilər artıq
ələ keçiriblər. Onlar Dağıstan xalqları ilə
dostluq əlaqələrinin 1500 il tarixi olduğunu və buna sübut
kimi V əsrdə Dərbənddə erməni kilsəsinin
tikdirildiyini bildirirlər. Dərbənddəki məşhur
Narınqalanı isə qəribə ünvanlara yozurlar: bura
gələn turistlərə bu qalanın Azərbaycan
xalqına yox, başqa millətlərə məxsus
olduğunu söyləyirlər. Belə bir şəraitdə
mühacirət həyatı yaşayan azərbaycanlılar
bölgədə milli ənənələrimizi də,
faciələrimizi də mətbuat vasitəsi ilə
təbliğ edir, ictimaiyyətə çatdırırlar”.
R.Məmmədov “Rusiyada
Azərbaycan mühacirət mətbuatı” kitabında qeyd
edib ki, 31 mart 2006-cı il tarixli “Dərbənd” qəzetinin
birinci səhifəsində Tahir Salehin “Dünya
Azərbaycanlılarının ikinci qurultayında” adlı
yazısı təqdim olunub: “Məqalə bu
cümlələrlə başlayır: “Martın 16-da Bakı
şəhərində, Heydər Əliyev adına sarayda
Dünya Azərbaycanlılarının ikinci qurultayı
keçirilib. Bir gün davam edən
qurultayda bir sıra məsələlərlə yanaşı,
Ermənistan-Azərbaycan münaqişəsi, ermənilər
tərəfindən tarixi-mədəni abidələrimizin
dağıdılması, eləcə də digər
mühüm məsələlər müzakirə olunaraq
müvafiq beynəlxalq təşkilat və qurumlara
müraciət ünvanlanıb. Qəzetin ikinci
səhifəsində “31 mart - azərbaycanlıların
soyqırımı günüdür” adlı yazı
yerləşdirilib. Həmin məqalədən sitatlara
nəzər salaq: “Azərbaycanlıların
soyqırımı haqqında Azərbaycan Respublikası
Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanında deyilir:
“Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra
xalqımızın tarixi keçmişinin obyektiv
mənzərəsini yaratmaq imkanı əldə edilib...
Fərmanda 1905-1918-ci illərdə Azərbaycanda baş
vermiş soyqırım haqqında tutarlı faktlar
göstərilir və bu hadisələrə obyektiv qiymət
verilir, dünya ictimaiyyətinə tarixi hadisələr
çatdırılır...” Qeyd edək ki, hər iki
məqalənin müəllifi - qəzetin
əməkdaşı, Dağıstan Respublikası
Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri,
“Gülüstan” Ədəbiyyatçılar
İttifaqının prezidenti, şair Tahir Salehdir”.
Müəllif vurğulayıb ki,
“Dərbənd”də yazılar Azərbaycan və rus
dillərində çap edilir: “Məsələn,
5 may 2006-cı il tarixli nömrənin birinci
səhifəsində Dərbənd rayon İcra Hakimiyyəti
başçısı Q.Qurbanovun Böyük Vətən
müharibəsi veteranlarına və şəhər
sakinlərinə ünvanlanmış təbrik məktubu
dərc olunmuşdur. Qəzetin bu sayında Tahir
Salehin “Bölmə komandiri” adlı oçerkində 80
yaşlı müharibə və əmək veteranı Tofiq
Sultanovun döyüş yolu işıqlandırılıb.
Tahir Salehin “Ürəyi xalqla döyünən şair”
adlı məqaləsi Adil Abasovun
yaradıcılığına həsr olunmuşdur. Yazıdan
görünür ki, şair Adil Abasovun yenicə işıq
üzü görmüş kitabı “Vəsiyyətnamə”
adlanır. Yaşadığı
bölgədə məşhurlaşmış
azərbaycanlı şair Adil Abasov topluda “... müasir
dünyamızın ağrılı-acılı
qayğılarına münasibətini, Vətənə,
torpağa, dilimizə, dinimizə məhəbbətini,
qanlı-qadalı hadisələri və digər
məhrumiyyətləri şeirlə ifadə edir”, - yazır
Tahir Saleh. Bildiyimiz kimi, Dağıstan Respublikası,
o cümlədən, Dərbənd rayonu çoxmillətli
diyardır. Lakin Rusiyanın bu bölgəsində dilimizin,
milli ənənələrimizin, mədəniyyətimizin
təbliği istiqamətində “Dərbənd” qəzeti
vasitəsi ilə soydaşlarımız xeyli iş
görürlər. Qəzetin elə bir
sayı yoxdur ki, həmyerlilərimiz orada işıqlandırılmasın.
19 may 2006-cı il tarixli “Dərbənd” qəzetində
Dərbənd şəhər təhsil şöbəsinin
müdiri, Dağıstanda məşhur pedaqoq və yazıçı
kimi tanınan soydaşımız Şərəfəddin
Səlim oğlu Əhmədov “Onu unutmaq olmaz”
adlı geniş məqalə dərc etdirib. Məqalədə Dağıstan Respublikası
Təhsil Nazirliyində şərəfli
vəzifələrdə çalışmış,
məktəb, ailə, tərbiyə mövzularında bir
neçə kitabın, o cümlədən rusca
“Məktəb və həyat” toplusunun müəllifi
Güləli Orucovun geniş pedaqoji fəaliyyətindən
danışılır. Yeri gəlmişkən,
Dərbənddə yerli diaspor təşkilatının
fəalı Şərəfəddin Əhmədov
azərbaycançılığın təbliği
baxımından xeyli iş görüb”.
“Odlar yurdu” qəzeti
R.Məmmədov
əsərində vurğulayıb ki, 1960-cı ildən
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və
Mədəni Əlaqə cəmiyyətinin orqanı “Odlar
yurdu” qəzeti nəşr olunurdu: “Nəşr uzaq
ölkələrdəki həmvətənlərimizlə
əlaqələr yaradır, onların
məqalələrinə, məktublarına öz
səhifələrində yer verirdi. Dərginin
vətənpərvər kollektivi hər cür
çətinlikləri dəf edərək azadlıq
hərəkatının genişləndiyi 1988-1991-ci
illərdə ölkəmizdə baş verən
hadisələrlə bağlı dəqiq, dürüst
məlumatları uzaq ölkələrə
çatdırırdı. “Odlar yurdu”nun, 1985-ci ilin
noyabrında çıxmış 22-ci sayında Almaniya
Federativ Respublikasından gəlmiş bir məktub dərc
edilib. Onun müəllifi S.Hətəmli yazır:
“Möhtərəm dostlar. Məktubunuzu sevinclə aldım.
“Odlar yurdu” qəzetini bundan sonra da göndərmək fikriniz
məni çox məmnun etdi. Mən Getingen şəhərində
aqronomiya fakültəsində oxuyuram. Azərbaycanca, almanca,
türkcə və farsca yazıb oxuya bilirəm. Azərbaycan dilindən fars dilinə
tərcümələr də edirəm...”. 1980-ci illərin
əvvəllərindən etibarən Azərbaycan diasporu
ilə əlaqələrini genişləndirən
“Vətən” Cəmiyyəti xaricdə yaşayan
tanınmış həmyerlilərimizlə-alimlərlə,
mədəniyyət nümayəndələri, diaspor fəalları ilə görüşlər
təşkil edirdi. “1986-1992 ci illərdə “Vətən”
cəmiyyəti müxtəlif xarici ölkələrdə
50-yədək Azərbaycan mədəniyyət mərkəzi,
dərnək, ocaq, əncümən və
cəmiyyətlər yaratmışdır”. 1988-ci ildən
başlayaraq “Odlar yurdu” Dağlıq
Qarabağ mövzusuna öz səhifələrində
geniş yer ayırırdı. Hələ güclü KQB-nin
təzyiqlərinə baxmayaraq, bu qəzet əsl
həqiqətləri xarici məlumat bürolarına, Avropa
ölkələrinə ötürürdü. “Məhz
belə bir çətin şəraitdə “Odlar yurdu”
“qanlı köynəyini əyninə geyib” tarixi bir missiyanı
yerinə yetirməyə başladı ki, təkcə
“Vətən” Cəmiyyətinin yox, bütün
cəmiyyətin orqanı oldu. Bir zaman qəzetin müxbiri,
məsul katibi və redaktor müavini olan, filologiya elmləri
doktoru Abid Tahirli bu haqda illər sonra yazır ki: “...Həqiqət və ədalət naminə
deməliyəm ki, bu qəzet yalnız “Vətən”
Cəmiyyətinin yox, geniş mənada bütün
cəmiyyətin orqanı idi, təvazökarlıqdan
kənara çıxsam da qeyd etməliyəm ki, bəzən
adama elə gəlir ki, cəmiyyət bu qəzetlə
nəfəs alır”.
“Azərbaycanın səsi”
qəzeti
Tədqiqatçı “Rusiyada
Azərbaycan mühacirət mətbuatı” adlı
kitabında qeyd edib ki, Rusiyada ilk Azərbaycan mühacirət
mətbuat orqanlarından biri də “Azərbaycanın səsi”
qəzetidir: “Dərginin təsisçisi uzun illərdir
Moskvada çalışan həmyerlimiz, Azərbaycan diasporunun
fəallarından biri, Rusiyada Azərbaycan mühacirət
mətbuatının yaranmasında böyük
xidmətləri olan şair Əliş Əvəzdir.
Doğma el-oba üçün yananları, Ana
Vətənə bağlılığı,
qayğısı, diqqəti ilə seçilənləri biz
daim axtarıb tapmalı və xalqımıza
tanıtmalıyıq. On min kilometrlərlə
bizdən uzaqlarda Azərbaycan həqiqətlərini dünyaya
yaymaq naminə min əzab-əziyyətə qatlaşaraq
həyatlarını şam kimi əridənlər həmin insanlardı.
Onlardan biri də Moskvada ən gərgin, keşməkeşli
illərdə ilk milli mətbuat orqanını yaradan
Əliş Əvəzdir: “Əliş Əvəz 1990-cı
ildə Moskvada ilk azərbaycandilli mətbuat orqanı
sayılan “Azərbaycanın səsi” (Şamil Qurbanov və
Oktay Hüseynovla birgə) qəzetini təsis etmişdi.
Sonralar isə “Azərbaycan diasporu” qəzetini, “Asudə vaxt”
və “Diaspora inform” qəzetlərini təsis edib. Rusiyada
yaranan Azərbaycan mühacirət ədəbiyyatında da
Əliş Əvəzin özünəməxsus yeri
vardır. Onun şeirləri dərin fəlsəfi tutumu
və incə lirizmi ilə fərqlənir.
Yaradıcılığında bəzən nostalji hisslər,
kədərli duyğular da əksini tapır.
İsmayıl
Şərq.- 2019.- 26 oktyabr.- S.11