Borcum çox olanda yaxşı sevgi şeirləri yazıram" 

 

"Ramiz Rövşən də oxucu kütləsini artırmaq üçün manevrlər edib"

 

 

"Əminliklə deyə bilərəm ki, R.Rövşənin kitab təqdimatındakı oxucuların bir çoxu kitabdan zəhləsi gedənlərdir"

 

Sən göylərdən enməmiş bu kainat necəydi?

Yerdə maraqsızıydı, göydə həyat necəydi?

Mən sənə vurulanda görən saat neçəydi?

Neçədə sevdim səni?

 

Bu misraları ilk dəfə efirlərimizin birində yayımlanan “Xalqın şairi” söz müsabiqəsində eşitmişdim. Bu bənd dilimə pərçimlənmişdi sanki. Hər yaddaşımı qurdalayanda həmin misralar söz-söz beynimdən dilimin ucuna süzülürdü. Açığı, müəllifin kimliyi ilə maraqlanmırdım. Və sazlı-sözlü məclislərin birində ən yaxın dostum böyük şövqlə bu şeiri səsləndirdi və şeir maraqla qarşılandı. Yaxşı şeirə, sözə mübtəla olduğum üçün marağımı boğa bilməyib, dərhal internetdə müəllifi axtarıb tapdım. Feysbuk sosial şəbəkəsi üzərində müəlliflə virtual dostlaşdıq, biri-birimizi qiyabi tanımağa başladıq. Bu şəxs Mənsur Həsənzadədir.

 

M.Həsənzadə 1981-ci ilin 3 yanvarında Qazaxın Çaylı kəndində dünyaya göz açıb. Orta məktəbi həmin kənddə bitirib.1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. 2002-2003-cü ildə hərbi xidmət keçib. 2003-2008-ci illərdə Müdafiə Nazirliyində çalışıb. 2008-ci ildən kiçik sahibkarlıqla məşğuldur, ailəlidir, 2 övladı var.

 

Onu da diqqətə çatdırım ki, şairlə virtual dostluqdan sonra onun səhifəsini izləməyə başladım. Sinəsi dəmirçi kürəsi kimi sözün eşi ilə alışıb-yanan şair mütəmadi olaraq öz şeirlərini paylaşır, onun ətrafında oxucuları ilə müzakirələr açır. Biz də “Şərq”in “Söz odası” rubrikasına yeni səs, yeni nəfəs gətirmək üçün M.Həsənzadə ilə söhbətləşmək fikrinə düşdük və bu düşüncəni reallaşdırdıq.

 

M.Həsənzadə ilə söhbətimiz bu cür başladı.

 

- Şair, salam, bəlkə, görüşüb, söhbətləşək?

- Nə formada?

- Müsahibə.

- Mümkündürmü, saat 7-dən sonra görüşək?

- Əlbəttə...

İqtisadçı şair rəqəmlərlə işlədiyi üçün, rəqəmlərin dilini yaxşı bildiyi üçün onlara çox böyük hörmət edir. Saat 7 tamamdır və şairdən zəng gəlir:

- Mən məkandayam...

- Bir neçə dəqiqə gecikmə ilə nəhayət mənzil başına çatıram və görüşürük.

- Şair, saat, rəqəm məsələsi sənin ən yaralı yerindi də?

- Sualıma şeirlə cavab verir:

 

Atacam saatı divardan söküb

Səni unutmağa vaxtım olmasın

 

- Yazmağa nə vaxtdan başlamısan?

- Təxminən 10-12 yaşlarımda qafiyə qurmağı bacarmışam. Az sonra şeirə yaxın uydurmalar etmişəm. Universitet illərində artıq şair deyənlər var idi (çöhrəsinə təbəssüm qonur).

 

- Sənə daha çox nə yazdırır? Sənin şeirin hansı halda, hansı məqamda doğulur və daha çox günün hansı hissəsində baş verir?

 

- Əslində, ilk oxunuşda sadə görünən bu suallarda, şairin demək istədiyi hər şeyi əhatə edəcək cavablar vermək olar. Qısa deyim ki, məni yazdıran səbəblər müxtəlif deyil, əslində eyni səbəbdən müxtəlif məzmunlu şeirlər doğula bilir. Bircə, günorta vaxtı yaza bilmirəm. Əsasən kimisə incidəndə, kiminsə xətrinə dəyəndə lirik şeir yaza bilirəm. Amma özüm inciyəndə daha çox həcv və vətən eşqinə köklənmiş şeirlər yazıram. Bəzən isə heç bir səbəb olmadan da təb gəlir, müxtəlif mövzuda və formada bir neçə şeiri yazmaq olur.

 

- Bəziləri iddia edir ki, şərabsız yazmaq olmur. Belədirmi?

 

- Şərab içəndə şeir yaza bilmirəm.

 

- Bəs içib yazanlara necə baxırsan, onların yazdıqları təfəkkürün məhsulu olur, yoxsa şərabın?

 

- İçib yazanlara tövsiyə edərdim ki, yazıb içsinlər. Şərabın təsiri ilə təb gələ bilər, amma mükəmməl nümunə yarana bilməz. Adi məntiqdir, bir şey ki, şərab içəndə özünü qüvvətli hesab edirsən, amma əslində ayaqların büdrəyir. Şərab zəkaya da eyni cür təsir göstərir (gülür).

 

- Son zamanlar hecada yazılan poetik nümunələr bəyənilmir, daha çox tərkibində fəlsəfi düşüncə olan və metaforla bəzənmiş sərbəst şeirləri xoşlayırlar. İzlədiyim qədər sən daha çox hecada yazırsan, sərbəst vəznə isə az-az müraciət edirsən. Bu sərbəst, heca məsələsi böyük Səməd Vurğunla Rəsul Rza arasında da qalmaqala səbəb olub. Necə düşünürsən, hecada yazılanlar dəbdən, gündəmdən düşübmü?

 

- Əslində, bu, böyük dərddir! İstər heca şeiri, istərsə də əruz ritmə söykənib. Tanrı özü bu kainatı müəyyən qanunauyğunluq üzərində yaradıb, təbiətdə simmetriya vizual görünür. 2 qulaq, 2 göz, 2 əl... və s. nizamlar. Ritmi, qafiyəsi, hecası olmayan bir yazıya şeir demək ayıbdır sadəcə. Bizə Avropa və digər ölkə yazarlarından nümunə göstərirlər, qayıdıb deyən yoxdur ki, a kişi, Avropa sənə özünün pis bir şeyini də sevdirməyi bacarıb, sən niyə özünün gül kimi dəyərlərini korlayırsan? Qardaş, mən, qafiyəsiz, hecasız yazını şeir hesab eləmirəm. Bu yanaşma, özlərinə əziyyət vermək istəməyən "ver yeyim, ört yatım" deyənlərin, tənbəl zəka sahiblərinin işidir.

 

- Bildiyim qədəriylə iqtisadçısan, amma yaxşı şeirlərin də var. Şeir yazmaq hobbindirmi, yoxsa...?

 

- Bəli, iqtisadçıyam. Nə gizlədim, universitet illərində də "demaqoq şeir"lərimin hesabına çox vaxt yaxşı qiymətlər almışam. Universiteti bitirdikdən sonra təxminən 10 il şeir yazmadım. Sonra şeir aləmində meydan sulayanları görəndə, bu meydanda at çapmağın da vacib olduğunu sübut etmək üçün yazmağa başladım. O yazan, bu yazan, dayanmadım.

 

- Ümumiyyətlə, şair və ya şeir kimdir, nədir sənin üçün?

 

Şairin cavabı yenə unikal oldu:

 

- Şeirlər ən gözəl fikir tablosu

Şairlər ən gözəl yalançılardı...

 

Yəni şeir, mənim üçün 2-ci paralel həyatdır.

 

- Daha çox sevgidən yazırsan.  Yara almısan və yaralanmısan, yoxsa sadəcə, tələb bu mövzuyadır deyə yazırsan?

 

- Sevgidən gözəl nə var dünyada? Sevgidən yara almamışam, amma çoxlu yaraladıqlarım olub. Zamanla da çox vaxt yaralarına özüm məlhəm olmuşam. Borcum çox olanda, maddi sıxıntılar artanda yaxşı sevgi şeirləri yazıram.

 

- Azərbaycan Yazıçılar Birliyinin üzvüsənmi, deyilsənsə niyə?

 

- AYB-nin üzvü deyiləm. Sosial şəbəkələrdə az-çox ədəbi nümunələrimiz və şəxsiyyətimizlə tanınırıq. AYB-nin idarə heyətində də dostlarımız var. Hesab edirəm ki, lazım bilsələr, özləri dəvət edərlər, mən etiraz etmərəm. "Alabaşına-külbaşına" ədəbiyyat baş alıb gedir, düyəsi düzə çıxanlara da biz lazım deyilik yəqin. "Biz"i ona görə dedim ki, mənim kimi onlarla bu fikirdə olanlar var.

 

- Son zamanlar gənc şairlər, yazıçılar klassiklərin əsərlərini bəyənmirlər. Hətta özlərini klassiklərdən böyük hesab edirlər. İndi yazılan şeirlər, əsərlər keçmişdə yazılanlardan nəyi ilə yaxşıdı və nəyi ilə pisdi?

 

- Düşünürəm ki, klassiklər toxunulmaz deyil. Zəif tərəfləri varsa, onun üstündən keçmək olmaz, qoy deyilsin, nə olar? Üzüklərinin qaşı düşəcək? Yetər ki, ortada məkr olmasın, ədəbiyyat naminə müzakirələr açılsın. Təəssüf ki, bu fikirləri çox vaxt ədəbi şoumenlər deyir... İndi yazılan nümunə sayılacaq şeirləri keçmişdəki şeirlərlə müqayisə etməzdim. Hər dövrün öz poetik zövqü, şərtləri olub, olacaq. Bircə onu bilirəm ki, indiki nümunələr həqiqətə xeyli yaxındır, hətta, yalanlar belə həqiqətə yaxındır...

 

- Ədəbiyyatda şoumenlər niyə artır ki?

 

- Son dövrdə ədəbiyyat, sanki, bir yiyəsiz, sahibsiz bostandır. Hər dədəsindən, nənəsindən küsən bura sığınır, ətəyində daşı olanlar daşı bostana tökür. Bu azmış kimi, hər yoldan ötən də bir daş atır bu bostana. Bostan quruyanda, gec olacaq!

 

- Gənc yazarlar arasında açıq-aşkar cəbhələnmə hiss olunur. Niyə belə oldu?

 

- Parçalanma bütövləşmədən sonra baş verən mərhələdir. Nə vaxt bir olduq ki, parçalanaq da? İqtisadi dildə desək, parça yarımfabrikatdır, kəmiyyətdir, keyfiyyətə öz-özünə çevrilə bilməz, mütləq motiv olmalıdır. Gəlin, parçalanmayaq!

 

- "Xalqın şairi"ndə xeyli irəlilədin, amma sonra yarıda dayandın…

 

- Əslində mən dayanmadım, zorla dayandırdılar, göstərilən səbəblər də gülməli idi. "Xalqın şairi"ndə xalqın gözü tərəzi olmadı...

 

- Belə layihələrə telekanallarda niyə geniş yer verilmir? - Çünki analoji layihələrin sayı çoxalarsa, bu, həm şairlərin tanınması, həm də ölkədə ədəbiyyata, kitaba, şeirə maraq artar...

 

- Rəhmətliyin nəvəsi, kitaba maraq hara artır? İndi marağa kitab yazanların dövranıdır ee…

 

- Kitab demiş, paytaxtda kitab dayanacaqları quraşdırılır. Bunun nə faydası olacaq?

 

- Ədəbiyyatın ümdə vəzifəsi ədalətə, insanlığa, bəşəri dəyərlərə xidmətdir. Hara fırlatsan da bu meyara cavab verməlidir. Hərdən fikirləşirəm ki, ədəbiyyat sıxılır, təngnəfəs olur bizim cəmiyyətdə. Bu baxımdan, kitab dayanacaqlarının da bir faydası olacağına ümidim azdır.

 

- Ədəbiyyat niyə təngnəfəs olur ki?

 

- Ədəbiyyatın suyu boldur, amma havası çatmır, təngnəfəs olmasın, neynəsin? Hərdən mənə elə gəlir ki, ədəbiyyatda hansısa işbazların gübrə təsərrüfatları var, bir qrup adamların sürətlə boy atmasına imkan yaradırlar.

 

- Deyirlər ki, oxucu var, amma yaxşı şeir və ya mətn yoxdur. Ramiz Rövşənin kitab təqdimatında yaşanan izdihamı misal gətirirlər. Bu düşüncə ilə razısanmı?

 

- Yaxşı mətn yazan çoxdur, yaxşı şeir yazan isə barmaqla sayılacaq qədərdir. Yaxşı oxucu kütləsi yetişir, bu, hiss olunur. Son dövrlərədək, Azərbaycan oxucusunu aldatmaq çox asan olub. Söz yox ki, R.Rövşən dahidir, amma oxucu kütləsini artırmaq üçün o da müəyyən manevrlər edib. Əminliklə deyə bilərəm ki, R.Rövşənin kitab təqdimatındakı oxucuların bir çoxu kitabdan zəhləsi gedənlərdir.

 

- Məsələn, məndə belə bir xarakter var. Arada düşünürəm ki, camaat vurhavurdadır, dolanma hər kəsin başını qatıb. Bizim bu yazılarımız, tərcümələrimiz kimə lazımdı axı? Sən də heç özünə sual vermisənmi ki, mənim bu şeirlərin kimə lazımdı?

 

- Şeirlərimin kiməsə lazım olduğunu bilə-bilə bu sualı özümə niyə verim ki? Onu bilirəm ki, özümə lazım deyil, dəqiq lazım deyil!..

 

- Telekanallardan birində şeirlə bağlı bir layihə həyata keçirmək ağlından keçibmi?

 

- Əlbəttə. Amma düşünmüşəm ki, çoxlu dostu, tanışı itirə bilərəm.

 

- Niyə?

 

- Çünki şeir həssas tərəfimdir, güzəştə getmirəm, onda da pis oluram...

 

- Bəzi gənclər iddia edirlər ki, ədəbiyyat maarifçilik missiyasını başa vurub…

 

- Bu fikirlə hardasa razılaşmaq olar, amma baxır harada? Ədəbiyyatın maarifçilik missiyasından öncə irs daşıma funksiyası var. Düşünürəm ki, bu baxımdan, ədəbiyyat, uzun muddət ictimai, siyasi, hətta iqtisadi həyatda da mövqeyini və əhəmiyyətini itirməyəcək.

 

- Şeirlər kitabın varmı, yoxdursa, bu barədə düşünürsənmi?

 

- Bu yaxınlarda "Sözümün canı" adlı şeirlər kitabım işıq üzü görüb.

 

- İqtisadiyyatı poeziyaya, poeziyanı isə iqtisadiyyata daşıya bilirsənmi?

 

- Sözün doğrusu, bir ara poeziyanı iqtisadiyyata daşımaq haqda düşünmüşdüm. Amma iqtisadiyyatı poeziyaya daşımaq günah olar, maddiyyat mənəviyyatı üstələməməlidir...

 

- Bir damcı istedadı, bir vedrə də həyasızlığı olanlar mediaya yol tapıb özünü görkəmli şair, yazıçı kimi təqdim edə bilib. Amma sən deyəsən birinci müsahibəni verirsən?

 

- Eybi yox, görünür mənim taleyimə də birinci olmaq yazılıb (gülür). Hansısa mütəfəkkirin fikri yadıma düşdü: "Sarımsaq iyi, müşk-ənbər qoxusuna, nağara səsi, kamança səsinə üstün gələr.

 

- Sosial şəbəkələrdən də çox istifadə edirsən, şeirlərini paylaşırsan. Birdən sənə də “Feysbuk şairi” deyərlər…

 

- Şair, hamamda da şairdi, metroda da…

 

- Bu termini kim yaradıb?

 

- Məncə, Kəramət...

 

- O, yaradar. Dəlidən doğru xəbər(gülür).Feysbukda danadişidən, pərpətöyündən yazan o qədər bostan şairi var ki… Yəqin onlara xitab edib.

 

- Bir ara "şairlərin yarpaq tökümü" başlamışdı. Daban-dabana intiharlar baş verirdi. Səbəb maddi sıxıntıdır, yoxsa mənəvi və ya ruhsal?

 

- "Yarpaq tökümündə" iki həmyerlim ruhunu ədəbiyyata tapşırdı. Mövlud və Mahmud. Sən bir təsadüfə bax, adları da qafiyədir (kövrəlir). Maddi sıxıntı intihara aparmır, mən, özümdən götürürəm, bir vaxtlar, banklara külli miqdarda borcum olub. Heç vaxt ümidsizliyə qapılmamışam. Amma mənəvi və ruhsal azadlıqların buxovlanması intihara apara bilər...

 

- Yəni...

 

- Yəni yaradıcı adam ruhən azad olmasa, yaşasa da ölüdür. İntiharın başlıca səbəblərindən biri də özünü ifadə etməyə bir tərəf-müqabili tapa bilməməkdir, iki seçim var: ya yalnız qalmalısan, ya da (kövrəlir)...

 

- Sözlərinə mahnı, musiqi bəstələnibmi?

 

- Hörmətli dostumuz, aşıq İlham Aslanbəyli iki şeirimi oxuyub. Xeyli qiraətçilər şeirlərimi səsləndirib. Sözlərimə mahnılar oxunub. Amma mahnı bəstələnməyib. Bilirsənmi, açıq deyəcəm, hazırda maddi imkanım yetir ki, öz şeirlərimi müxtəlif vasitələrlə daha geniş auditoriyaya çatdırım, amma bunu eləmirəm. Təmənnalı işi də xoşlamıram.

 

- Belə çıxır, təmənna ilə iş görənlər var..

 

- "Belə çıxır"ı elə dedin ki, elə bil İsveçdən gəlmisən. Tək-tük təmiz adamlar qalıb. Təmənnalı iş vərdişə, ənənəyə çevrilib artıq.

 

- Aşıq demişkən, həmkarların sazı da aşağılayırlar…

 

- Sazı aşağılamaq mümkün deyil, saza nə qədər yuxarıdan aşağı baxmaq istəsən də, axırda aşağıdan yuxarı baxası olacaqsan.

 

- Niyə gənclərdən heç dünyanı demirəm, MDB məkanına çıxan şairimiz yoxdu, bəlkə, var mən bilmirəm?..

 

- Təəssüf ki, sosial şəbəkələrin mövcudluğu belə bu problemin qarşısında acizdir. Öncə dil problemi var. İnteqrasiya üçün dil bilmək mütləq olmasa da, vacibdir. Məgər biz, hansı MDB ölkələrindən bir gənc şair tanıyırıq? Heç, Türkiyə ilə də ədəbi əlaqələrimiz yoxdur.

 

- Niyə yoxdur?

 

- Görünür ədəbiyyat heç kimi maraqlandırmır. Ya da, heç kim ədəbiyyata maraqlı deyil. Dünya ədəbiyyatında Yusif Səmədoğlunun "Qətl günü"nü, yaxud, Aqil Abbasın " Dolu"sunu oxuyan varmı? Hansı ki, bizim oxuduğumuz dünya ədəbiyyatlarının çoxundan sanballı romanlardı.

 

- Bəzən sizin cameə gileylənir ki, sosial şəraitimiz ağırdı deyə yazıb yarada bilmirik. Səncə, sosial şəraitin ağırlığının yazıb, yaratmağa neqativ təsiri varmı?

 

- "Gəyirən mədəyə arpa çörəyi bəhanədir", ruslar bu misalı başqa cür ifadə edir, pis rəqqas haqda.

 

- İddialar var ki, bizdə milli qəhrəmanlarımız, şəhidlərimiz və ümumən Dağlıq Qarabağla bağlı dünyaya çıxacaq sanballı əsərlər, mətnlər yazılmır. Məxsusi olaraq gənclər buna meyil etmirlər, onlar daha çox erotikadan və ya digər intim məsələlərdən yazırlar…

 

- Qarabağdan şeir yazmaq bəs etmir. Onun haqqında həm də ciddi düşünmək lazımdır.

 

- Ədəbi tənqidimizlə bağlı da durumun ürəkaçan olmadığı bildirilir. Qeyd olunur ki, guya, tənqidçilərimiz nepotizmə-qohumbazlığa yol verirlər. Doğru yanaşmadırmı?

 

- Ədəbi tənqidin olması vacib deyil, vacib olan sanballı əsəri ortaya qoya bilməkdir, onsuz da zamanla "yağı yağ üstə çıxıb, ayranı ayranlıq olacaq".

 

 

Ayyət Əhməd

 

Şərq.- 2019.- 29 oktyabr.- S.6