Özümüz deyib, özümüz
eşitməməliyik: Əcnəbi dillərdə media
quruluşlarının olması vacibdir
access_time29/10/2019 11:15 folder_openMedia
Qoşulmama Hərəkatına üzv ölkələrin
dövlət və hökumət başçılarının
XVIII Bakı Zirvə Görüşü Azərbaycanı yenə
dünyanın mərkəzinə gətirdi. Zirvə
Görüşündə dünyanın 158 ölkəsindən
nümayəndələr iştirak etmişdi. Bu isə Azərbaycana
158 nöqtədən baxış deməkdir. Ölkəmizin
dünyanın diqqət mərkəzində olduğu
hazırkı dönəmdə düzgün və dolğun
informasiyalara daha çox zərurət yaranır. Bu məsələdə
informasiya resurslarımızın üzərinə düşən
vəzifənin öhdəsindən gələ bilirmi? Vəzifənin
icrası dedikdə, dövlət agentliyi, rəsmi mətbuat və
informasiya saytlarının fəaliyyətini çözələmək
fikrində deyilik.
Bu resursların vəzifəsini layiqincə
yerinə yetirdiyi məlumdur. Söhbət müstəqil mediadan,
internet resurslarından gedir. Məsələ,
ölkədə baş verən hadisələrin real və
operativ şəkildə məhz ölkə xaricinə
çatdırılmasıdır. Daxildə
informasiya bolluğundan şikayətlənə bilmərik.
Amma özümüz deyib özümüz
eşitməməliyik. Üstəlik, cərəyan
edən hadisələr ölkəmizin beynəlxalq imicinin
yüksəlməsinə xidmət edirsə. Bu halda informasiyaların, əvvəlcə yaxın,
sonra uzaq qonşulara çatdırılması və
davamlı olaraq da ölkə hüdudlarını
aşması vacib şərt kimi qarşıya
qoyulmalıdır.
Qonşulardan
başlayaq
Sovet illərində
Azərbaycan radiosunda rus, erməni, fars dillərində
verilişlər olardı. Məşhur lətifə
də vardı ermənilərlə bağlı. Erməni
qadın oğlunu axtarır, radioda eşidir ki, “xosuma Baku”,
qadın sevinir: “oğlum Bakıdadı!”. Məlumdur ki, ermənicə deyilən ifadənin tərcüməsi
“Danışır Bakı” idi. Sadəcə,
belə bir lətifə qoşulmuşdu. Dediyimiz
bu ki, o zamanlar erməni dilində veriliş
yayımlanırdı və sovet Azərbaycanında baş verən
hadisələr qonşu Ermənistana bu şəkildə
çatdırılırdı. Həmçinin fars dilində də proqram vardı, güneyli
soydaşlarımıza bu vasitə ilə yaxınlıq duyur,
sanki uzaqdan-uzağa da olsa onlarla danışır, ünsiyyət
yaradırdıq. Güney Azərbaycan
redaksiyası əlbəttə, tamam başqa mövzudur.
Biz hələ ki, rəsmi informasiyaların
yaxın qonşularımıza çatdırılmasını
xatırladırıq. İndi imkanlar daha
böyük, sovet illəri ilə müqayisəyəgəlməz
dərəcədə genişdir. Dünya
internet üzərindən danışır. İnternet üzərindən ünsiyyət
saxlayır. Belə vaxtda əldə olan
imkanlardan lazımi dərəcədə bəhrələnə
bilirikmi?
Azərbaycan
Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin
peşəkar diktoru, özünün dediyi kimi,
ömrünün 47 ilini sevimli peşəsinə həsr
etmiş Eldost Bayram bizimlə söhbətində mövcud vəziyyəti
anlatdı:
- Hər
gün saat 15:00-da rus dilində 10 dəqiqəlik “Xəbərlər”
proqramı yayımlanır. Azərbaycan Radiosunun rus dili, fars dili redaksiyaları var. Məncə, erməni
dili redaksiyası da var, sadəcə, mənim iş qrafikim o
redaksiya əməkdaşları ilə üst-üstə
düşmədiyindən onları görmürəm. Bundan başqa, ləzgi, kürd, gürcü dilində
də respublikada baş verən hadisələr barədə
informasiyalar verilir. Ölkəmizdə
yaşayan bu xalqların dilində ayrıca informasiya bloku var.
Əvvəllər ingilis dilində də informasiyalar verilirdi.
Son vaxtlar bu barədə məlumatsızam.
Əlbəttə, ölkəmizdə baş verən
hadisələrlə bağlı qonşu ölkələrin
məlumatlı olması vacibdir. Hazırda
Azərbaycan dünyanın mərkəzinə çevrilib.
Bu, dövlətimizin yürütdüyü
düzgün siyasi xəttin nəticəsidir. Bu, həm də tolerantlığın,
balanslaşdırılımış siyasətin bəhrəsidir.
Biz Azərbaycanın hər uğuruna sevinməliyik.
Mənim də bir vətəndaş kimi narazı
qaldığım məsələlər ola
bilər, amma harda ki, dövlət maraqları yüksəkdə
dayanır, o məsələdə biz hamımız dövlətimizin
yanında olmalıyıq. Şəxsən mən
Qoşulmama Hərəkatına üzv dövlətlərin
Bakıda keçirilən Zirvə Görüşündə
zalda əyləşmiş qonaqlara baxanda gözlərim doldu,
çox təsirləndim. Görün, Azərbaycan
dünyada necə tanınır, necə nüfuz sahibinə
çevrilib. Bu dövlətini sevən hər
bir vətəndaşı qürurlandırmalıdır.
47 ildir mən Azərbaycan radiosunda
çalışıram. Azərbaycan
televiziyası və radiosu ölkənin mənəviyyat mərkəzinə
çevrilib artıq. Çatışmayan
cəhət bircə dinamiklik, sürət idi, o da yeni rəhbərlik
sayəsində həllini tapdı. Bu
sürət və dinamikliyi bütün informasiya
yayımçılığına şamil etmək
lazımdır. Xəbər siyasətinin
dövlətin nəzarəti altında olması
yaxşıdır. Azərbaycanın xeyrinə
olan xəbərlərin dünyaya operativ və dolğun
çatdırılması işində rəsmi xəbər
agentlikləri, onlayn media cəldlik nümayiş etdirməlidir.
Narahat edən məsələ xəbər
saytlarına nəzarətin olmamısıdır. Son dövrlərdə çoxalan internet media dilimizi
bərbad günə qoyduğu kimi, xəbər
yayıcılığında da peşəkarlığa
istinad etmir. “Hamıdan önə
düşmək” prinsipi ilə hərəkət etmək istəyirlər,
amma peşəkarlığa diqqət etmirlər. Çalışmaq lazımdır, əvvəlcə
peşəkarlıq, xəbər yayımı şərtləri
qorunsun. Əcnəbi dillərdə
informasiya saytlarının olmasına da ehtiyac var. Biz
informasiyaların timsalında səsimizi nə qədər
uzağa çatdıra biləcəyiksə, demək, bir o qədər
əraziləri əhatələmiş, həqiqətləri
dünyaya yaymış olacağıq.
Xarici
media quruluşları arasında əlaqələr vacibdir
Uzaqlardan
danışırıq, amma bəzən, lap yaxın
qonşularımız – Rusiya, Gürcüstan, hətta
qardaş Türkiyədə Azərbaycan haqqında informasiya
qıtlığı yaşandığını
görürük. Eləcə də bu ölkələrdə
baş verən hadisələr barədə Azərbaycan
insanı məlumatsız olur. Məsələn,
Rusiyada baş verən hadisələrlə bağlı Azərbaycan
informasiya yayımçılarından xəbər tutmaq olmur,
Rusiyada baş verən hadisələri digər ölkələrin,
tutalım, fransız mediasından öyrənirik. Xəbərin ilk qaynağını itirmiş oluruq.
Halbuki Rusiya ən yaxın
qonşularımızdandı və orada baş verən hadisələrin
hər hansı formada bizə daha çox aidiyyəti
vardır. Amma bu gün ölkədə
neçə rusdilli sayt, xəbər portalı fəaliyyət
göstərir və onların fəaliyyəti qənaətbəxşdirmi?
Xatırlayırsınızsa,
bir müddət öncə Bakıda həm islam
ölkələri media nümayəndələrinin
iştirakı ilə beynəlxalq konfrans keçirildi, həmçinin
türk dövlətlərinin media platformasının
yaradılması çağırışları səsləndi.
Azvision.az
saytının baş redaktoru Vüsal Məmmədov hesab edir
ki, istər islam ölkələri, istərsə də
türk dünyası
jurnalistlərinin əməkdaşlığının
genişləndirilməsi nə qədər vacibdirsə, əcnəbi
dillərdə xəbər saytlarının fəaliyyətinin
genişləndirilməsi də bir o qədər zəruridir:
-
İslam ölkələrində Azərbaycan haqqında, eləcə
də bizdə islam ölkələri
haqqında məlumatlar azdır. Məsələn,
bizim jurnalistlər Fələstin problemi haqqında sizcə, nə
qədər biliyə sahibdir? Bu suala cavab
tapmaqla, qarşı tərəfin də Azərbaycan
haqqında nə qədər bilgiyə sahib olduğunu,
aşağı-yuxarı, təxmin edə bilərik. Ona görə də məncə, xarici ölkələrin
media nümayəndələri Azərbaycana nə qədər
çox səfər etsələr, bir o qədər
yaxşıdır. Bu səfərlərdən,
yaxud da keçirilən geniş tərkibli görüşlərdən,
konfranslardan həmən hansısa yüksək nəticə
gözləməməliyik. Əlaqələr
zamanla genişlənəcək. Səfərlər
davamlı olmalıdır. Uzun müddət
lazımdır ki, islam ölkələrinin
media nümayəndələri biri-birini tanısın,
yaxın ünsiyyət yaransın, dostluq münasibətləri
formalaşsın. Tanışlıq birinci mərhələdir,
işin başlanğıcıdır. Görüşməliyik,
danışmalıyıq, tanış
olmalıyıq. Sonrakı mərhələlərdə
artıq media quruluşları arasında da əlaqələr
qurula bilər, şəxsi münasibətlər də
formalaşa bilər. Belə olduqda zaman-zaman birgə layihələr
də ortaya çıxacaq. Artıq biri-birimizə
inam yaranmış olacaq. Münasibətlər
sıxlaşdıqca əlaqələr də genişlənəcək,
möhkəmlənəcək.
O zaman artıq informasiya mübadiləsinə də
başlaya bilərik. Azərbaycana aid xəbərlərin ərəb,
həmçinin türk dünyası kütləvi informasiya
vasitələrində, onların məlumatlarının bizdə
yayılması, belə qarşılıqlı xəbərləşmələr,
əcnəbi televiziyalarda Azərbaycanla bağlı süjetlərin,
reportajların verilməsinə
çalışmalıyıq. Bunlar
hamısı gercəkləşməsi vacib məsələlərdir.
Jurnalistlər arasında canlı ünsiyyət,
görüşlər ikitərəfli əlaqələrin
daha tez möhkəmlənməsinə şərait
yaradır. Əlaqələrin qurulması üçün
canlı ünsiyyətə, görüşlərə
üstünlük verilməlidir. Görüşlərdə
fikri daha açıq, daha dolğun ifadə etmək
mümkündür. Doğrudur, müasir
dünyada internet resursları böyük əhəmiyyət
kəsb edir, bu, danılmazdır. Bu saat
hamı internet imkanlarından geniş bəhrələnir.
Onlayn xəbərləşmə,
paylaşımlar, hamı üçün əlçatandır,
xüsusilə də media nümayəndələrinə.
Amma qarşılıqlı səfərlər,
görüşlər və canlı ünsiyyəti heç
nə əvəz edə bilməz. Bu addımlar çərçivəsində
islam ölkələri media nümayəndələri
və media quruluşları arasında dostluq qrupunun
yaradılması çox yaxşı olardı. Məsələn, ortaq bir informasiya saytı yaratmaq
olar. İnternet resurslarında əməkdaşlığın
genişləndirilməsi üçün bu da vacibdir. Hər ölkənin öz dilində
informasiyalarını yaymasına imkan tanınmalıdır.
Ortaq media
platformaları gözlənilən nəticələr verə
bilər
Əməkdar
jurnalist Azər Həsrət hesab edir ki, ortaq media
platformalarının yaranmasından hədəflərimizi
aydın bilməliyik:
- Əsas məsələ informasiya mübadiləsidir. Açığı,
bizim türk dünyası mediası ilə əlaqələrimiz
zəifdir. Türk dünyası dedikdə,
yalnız Türkiyə dövləti nəzərə gəlməməlidir.
Bu, ümumi işin ziyanına olar. Türk dünyası çox geniş bir arealdır.
Bunun Özbəkistanı var, Qazaxıstanı,
Qırğızıstanı, Türkmənistanı var.
Güney Azərbaycan var. Biz niyə Güneydə yaşayan 40
milyon soydaşımızı unuduruq?! Bilməliyik,
öyrənməliyik ki, Azərbaycanın güneyində mətbuatın,
medianın, internet mediası hansı durumdadır. Niyə biz güneyli jurnalist həmkarlarımızla,
media quruluşları ilə əlaqələr yaratmayaq?
Eləcə də, xarici ölkələrdə
media quruluşlarında fəaliyyət göstərən
türk həmkarlarımızla əlaqələrimiz
qurulmalı və birgə fəaliyyətə meyil etməliyik.
O zaman bizim ortaq informasiya siyasətimiz, bizə lazım olan,
xeyrimizə olan informasiyaların yayılmasını da təmin
edə biləcəyik. Deməli, türk
dünyasının ortaq Media Platformasından gözləntimiz
ilk növbədə ortaq informasiya mübadiləsidir. İkincisi, türk coğrafiyasına aid məsələlərin
beynəlxalq aləmə çatdırılması, gündəmə
gətirilməsi məsələsidir. Bunun
üçün də mütləq sıx əlaqələr
qurulmalı, jurnalist şəbəkəsi fəaliyyət
göstərməlidir. Üçüncüsü,
bizim ümumi problemlərin tanıdılması,
çatdırılmasıdır. Tarixi
günlərdə, əlamətdar hadisələr zamanı,
unudulması yasaq olan faciələrimizin anım günlərində
birgə layihələr həyata keçirilməli,
görüşlər, media körpüləri təşkil
edilməlidir. Ən əsası da bunlar
barədə məlumatların dünya mediasına
çıxışı təmin edilməlidir.
A.Həsrət
özümüzü nə qədər yaxın hesab etsək
də, türk dünyası jurnalistlərinin biri-birini
yaxşı tanımadığını da bildirdi:
- Biz hələ
biri-birimizi tanımırıq. Elə bilirik,
tanıyırıq, amma yox, belə deyil. Mən
özüm də şahidi olmuşam ki, Qarabağ problemi, Ermənistanın
Azərbaycana hərbi təcavüzü,
torpaqlarımızın işğalı,
qaçqınlarımız, yurd-yuvasından didərgin
düşmüş soydaşlarımız barədə
türk dünyası jurnalistləri məlumatsızdırlar.
Media quruluşlarında bu barədə məlumat ya ümumiyyətlə
yoxdur, varsa da, çox az, bəzən hətta
yanlış informasiyalardır. Ona görə də
gərək əvvəlcə biri-birimizi tanıyaq, hansı
problemlərlə üz-üzə olduğumuzu, hansı tarixi
gerçəkliklərlə
yaşadığımızı, siyasi-ictimai mühiti öyrənək.
Belə olduğu təqdirdə, bəli, media
platformaları da effekt verəcək, birgə layihələr
də uğurlu alınacaq.
Məlahət
Rzayeva
Şərq.- 2019.- 29
oktyabr.- S.11