"Məzar"ın daşı
ağırdır: Ermənilər filmin təqdimatının əleyhinə
çıxırlar
Məzarın dağıdılması bir
insanın baş daşına deyil, dünyada insanlığa
qarşı törədilən vandalizmdir
Qarabağ... Ağdam... Məzarlıq... və
dağıdılmış məzar.
Yenilik deyil, eləmi?!. Ermənilər
işğal etdikləri ərazilərdə tarixin
kökünü qazıyır, sonra da özününküləşdirir.
Məzarlıqlarsa tarixin izlərini saxlayan səma
altındakı daş muzeylərdir. Söhbət
açdığımız məzarsa, uzun illər qorunub, lap
son illərdə dağıdılıb; Azərbaycanın
Milli Qəhrəmanı Allahverdi Bağırovun Ağdam qəbiristanlığındakı
şəhid məzarı.
Məşhur “7 Gün”çülərdən
biri, Qarabağ qazisi, jurnalist Asəf Quliyev “Məzar” adlı
film çəkib. Və işğaldakı qəbiristanlıqlarımızın
fonunda, əslində Qarabağ münaqişəsini beynəlxalq
təşkilatların gözü önünə gətirib.
O baxımdan ki, filmin çəkilişləri Avropa Birliyinin
“Sülh təşəbbüsləri” proqramı çərçivəsində
reallaşıb. Müəllif belə bir film üçün
müraciət edib və razılıq alıb.
Allahverdi Bağırovun məzarı
dağıdılıb, yoxsa, salamatdı?
A.Quliyev bu sualın ardınca gedib. Və bir
çox həqiqətləri üzə çıxarıb.
Bu barədə “Məzar” filminin senari müəllifi
və rejissoru Asəf Quliyev özü danışır və
deyir ki, ilk dəfə 2007-ci ildə Azərbaycanın Milli Qəhrəmanı
Allahverdi Bağırovun məzarı haqqında sosial şəbəkələrdə
məlumat yayıldıqdan sonra müxtəlif fikirlərə
rast gəlindi. O mənada ki, Allahverdi Bağırovun
Ağdamdakı məzarının
dağıdılmadığı, onun
saxlanıldığı haqda fikirlər ortaya
çıxdı. Çünki Allahverdi
Bağırovun dəfnindən görüntülər var və
bu görüntülərdən bilinir ki, məzarının ətrafında
digər şəhidlərimizin də məzarları var.
Ağdamın Şəhidlər Xiyabanında Allahverdi
Bağırovla yanaşı digər şəhidlərimiz də
dəfn edilmişdi. Amma digər şəhidlərin məzarının
olmaması, yalnız Allahverdi Bağırovun məzarının
fotosu A.Quliyevdə “doğrudanmı bu həqiqətdir”
sualını yaradıb. Və
başlayıb araşdırma aparmağa. Allahverdinin
məzarını qorumaq üçün orada nüfuzlu və
təsirli adamın olması lazımdır ki, sözündən
heç kəs çıxmasın. Günlərin
birində Allahverdi Bağırovla Vitali Balasanyanın fotosunu
görüb və düşünüb ki, Allahverdinin məzarını
qoruyan yəqin budur. Müxtəlif yollara əl
atıb, tədbirlərdə rastlaşdığı ermənilərlə
əlaqə saxlayıb və nəhayət, Vitali Balasanyana məktub
yazıb.
Tiflisdə filmin təqdimatı keçirilməli
imiş. Avropa İttifaqı bunun üçün vəsait
ayırıbmış. Sadəcə erməni tərəfinin
destruktiv yanaşması nəticəsində bu, baş
tutmadı
V.Balasanyan
o dövrdə Əsgəran batalyonunun komandiri olub, sonradan
müxtəlif vəzifələrdə işləyib və
sonuncu iş yeri də Təhlükəsizlik
Şurasının katibi olub. O, məktuba cavab verib ki, bu məsələlərdən
xəbəri yoxdur, Allahverdi Bağırov barəsində
Razmikdən soruşun. Razmik də köhnə
futbolçudur, əslən Gəncədəndir.
Xankəndində futbol klubunun məşqçisi, sonra
stadionun direktoru olub. Müharibə dövründə o da
batalyon komandiri olub. Atəşkəs
dövründə separatçı rejimin polis idarəsinin rəis
müavini vəzifəsində çalışıb,
polkovnikdir. Orada nüfuzlu adamdır.
Razmiklə əlaqə saxlamaq imkanları
olmadığından Xankəndində başqa mənbələrə
müraciət edib, onunla əlaqə yaradıblar və beləcə
həqiqəti öyrənə bilib.
Məlum olub ki, Allahverdi Bağırovun baş
daşı Razmik Petrosyan tərəfindən hazırlanıb,
lakin 2018-ci ildə məzar dağıdılıb. Allahverdi ilə
Razmikin futbolçu kimi münasibətləri olub, sonradan bu
münasibətlər kifayət qədər istiləşib və
dostluq münasibətləri yaranıb. Hətta
filmdə Razmik deyir ki, Allahverdinin atasının dəfnində
iştirak edib. Yəni bu şəxslər
kifayət qədər yaxın münasibətlərdə
olub.
İşin
çətin tərəfi...
A.Quliyev
deyir ki, işin çətin tərəfi qarşı tərəfdən
tərəf müqabili tapmaq idi:
-
Çünki mənim ora gedib çəkilişlər aparmaq
imkanım yox idi. Əvvəlcə Razmik
Petrosyana və Vitali Balasanyana təklif etdim ki, Tiflisə gəlsinlər,
orada çəkiliş edək. Razmik
Petrosyan səhhətini bəhanə gətirdi, Balasanyanla
bağlı dedilər ki, nadir hallarda kənara
çıxır, istisna hallarda Ermənistana gedib-gəlir.
Bundan sonra mən bir nəfərə təklif
etdim ki, orada çəkiliş etsin. Razılıq
vermirdi, amma müxtəlif vasitələrlə onu inandıra
bildim ki, bu tarixdir və onu filmləşdirmək
lazımdır. Və beləcə işə
başlandı.
Bəs o “bir nəfər” kimdir? Müəllif onu belə
tanıtdı:
- O. Hayk
Xanumyandır. Qondarma DQR parlamentinin
üzvüdür. Müxalif siyasi qüvvənin
lideridir. Bako Saakyanın istefasını tələb
edən adamdır. Paşinyan tərəfdarıdır.
Orda belə fikir yayılmışdı ki,
Allahverdi Bağırovun məzarının düzəldilməsi
üçün guya mən Qarabağ ermənilərinə
pul vermişəm. Absurddur. Mənim o qədər pulum hardandı? Hayk Xanumyana zərbə vurmaq və onu siyasi arenadan
sıxışdırıb çıxarmaq üçün
Allahverdinin məzarını dağıtdılar.
Ermənilər həm də filmin təqdimatının əleyhinə
çıxırlar.
Çünki film əslində erməni vandalizminin əsl
simasını göstərir. Bir erməni azərbaycanlı dostuna
sədaqətini nümayiş etdirmək üçün ona
məzar daşı düzəldir, amma erməni kütlə gəlib
bu məzar daşını dağıdır. Bu,
erməniləri qıcıqlandırırdı.
Məzarın dağıdılması bir insanın baş
daşına deyil, dünyada insanlığa qarşı
törədilən vandalizmdir. Məzar daşının
dağıdılması səhnəsi erməni xalqını
düşünənləri narahat edirdi və bu səbəbdən
də etiraz etdilər, deyirdilər ki, filmdə bu fraqmentlər
olmasın:
- Mənsə,
təbii ki, bu səhnəni filmdən çıxara bilməzdim.
Bu mənim jurnalist prinsiplərimə zidd idi.
Odur ki, mövqe nümayiş etdirdim və dedim ki, əgər
razılaşmırsınızsa, özünüz bilərsiniz.
Sadəcə, üstün tərəfim odur ki,
bu layihəni Avropa İttifaqı ilə
razılaşdıranda qarşı tərəfi də
inandıra bilmişdim.
Filmin təqdimatı
olacaqmı?
A.Quliyev bildirdi ki, 2018-ci ilin oktyabrında Tiflisdə
filmin təqdimatı keçirilməli imiş. Avropa
İttifaqı bunun üçün vəsait
ayırıbmış. Sadəcə erməni tərəfinin
destruktiv yanaşması nəticəsində bu, baş
tutmadı:
- Mən
də 1 il gözlədim, müxtəlif təkliflər
etdim. Gördüm qarşı tərəf
fikrini dəyişmir, onda düşündüm ki, filmi
saxlamağın yeri yoxdur. Və film “youtub” kanalına
yerləşdirildi. Düzdür, bəzi texniki
problemlərə görə yayım hazırda dayanıb.
Amma bunlar düzələn işlərdir.
Bəs filmin Bakıda təqdimatı olacaqmı? A.Quliyev qeyd
etdi ki, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif
Əliyev filmin təqdimatını keçirməyi təklif
edib. Təklifə baxılacaq və
münasib vaxtda təqdimat keçiriləcək. Mediaya da xəbər veriləcək.
“Məzar” filmini önəmli edən cəhətlərdən
biri də 1992-ci ildə, müharibənin ən
qızğın dövründə Allahverdi Bağırovun
Cenevrə Konvensiyasının tələblərinə
uyğun olaraq, əsirlərin dəyişdirilməsi,
döyüş meydanlarında qalan cəsədlərin
çıxarılması üçün fəaliyyət göstərməsinin
təsdiqidir.
Hansı ki, həmin dövrdə onun Cenevrə
Konvensiyasından xəbəri olmayıb. Amma
əsirlərlə bağlı konvensiyanın prinsiplərinə
uyğun davranıb. Bu Azərbaycanın milli qəhrəmanının
hansı keyfiyyətlərə malik olduğunu göstərir:
Təsəvvür edin ki, filmlə bağlı Tiflisə
qarşı tərəfdən 4-5 nəfər, bu tərəfdən
isə mən tək gedirdim. Bəzən eyni
gündə iki otel dəyişir, hər şeyi göz
önünə alırdım. Demirəm
ki, bu qəhrəmanlıqdır. Amma mən sadəcə
həqiqəti ortaya qoymaq istəmişəm
- Mən
də çalışdım ki, bunu dünyaya olduğu kimi təqdim
edim. Hesab edirəm ki, biz beynəlxalq auditoriyaya
həqiqəti çıxarmalıyıq. Həqiqət isə bizim tərəfimizdədir.
Yəni bu yolla ermənilərin təbliğat
maşınını darmadağın edə bilərik.
İkincisi, filmi araşdıranda başqa məqsədlərim
də olub.
Filmdə müsahibə verənlərin Xocalı faciəsi
ilə bağlı maraqlı açıqlamaları var. Şərait
və imkan olsa, bu istiqaməti də aparacağam. Məsələn,
ermənilər uzun illər iddia edirlər ki, Ağdama üz
tutan xocalıları azərbaycanlıların özləri
“öldürüb”. Amma ermənilərin
dilindən bu iddiaların yalan olduğunu eşitmək,
yaxşı olmazmı? Bax, mən buna nail
olmuşam. Məsələ ondadır ki,
Ağdamdan Xocalı istiqamətində Allahverdi
Bağırovun batalyonu dayanırdı. Bu
erməni təbliğatını dağıtmaq
üçün mənim nələrə getdiyimi, hansı
hisslər keçirdiyimi bilməzsiniz. Təsəvvür
edin ki, filmlə bağlı Tiflisə qarşı tərəfdən
4-5 nəfər, bu tərəfdən isə mən tək
gedirdim. Bəzən eyni gündə iki
otel dəyişir, hər şeyi göz önünə
alırdım. Demirəm ki, bu qəhrəmanlıqdır.
Amma mən sadəcə həqiqəti ortaya qoymaq
istəmişəm. Xocalı ilə
bağlı məsələni də hansısa formada
hazırlayacağam. Ermənilərin
özü etiraf edirlər ki, Xocalıda öldürülənləri
azərbaycanlılar öldürə bilməzdi.
- O zaman,
biz ikinci filmi də gözləyək?
-
Xocalı ilə bağlı mənə lazım olan detallar əlimdədir.
Sadəcə, bir az vəsait
lazımdır. Ağdam batalyonunun
döyüşçülərini
danışdırmalıyam. Amma kiməsə
müraciət etməyə utanıram. Bəzən
elə düşünürlər ki, ayrılan vəsait kənar
məqsədlərə sərf edilir. Ona
görə də kiməsə ağız açmaq istəmirəm.
- Bəlkə QHT-lərə Dövlət Dəstəyi
Şurasına müraciət edəsiniz.
- Bu, elə
uzun bir prosedurdur ki… Mən istənilən vaxt
Dağlıq Qarabağa səfər etməyə hazıram.
İcazə verilsə, gedərəm və daha
çox materiallar gətirərəm. Xarici
İşlər Nazirliyinə müraciət etmişəm, ancaq
cavab almamışam. Səfər gerçəkləşsə,
inanın, Xocalı faciəsi ilə bağlı tutarlı
faktlar ortaya qoyulacaq. Beynəlxalq təşkilatlar bu tip
layihələri maliyyələşdirmir. Onların iş
prinsipi fərqlidir. Ümid Azərbaycan hökumətinədir.
Məlahət Rzayeva
Şərq.- 2019.- 29
oktyabr.- S.12