Mustafa Vəkillinin publisistikası

 

 

Ömrünü Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına və istiqlal mübarizəsinə həsr edən Mustafa Vəkillinin mühacirət mətbuatında xeyli sayda publisistik yazıları, məqalələri çap olunub. 1920-ci il 28 aprel işğalından sonra Türkiyədə, Polşada, Almaniyada, İsveçrədə mühacirət ömrü yaşayan M.Vəkilli 1896-cı ildə Qazax mahalının Salahlı kəndində doğulub, əmisi Məmmədrza Vəkilovun köməyi ilə təhsilini Bakıda alıb. 1912-ci ildə Bakı gimnaziyasını qızıl medalla bitirən M.Vəkilli sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib Vətənə qayıdıb. 1917-ci ildən etibarən o, "Müsavat” Partiyasının sıralarına qatılıb, bu partiyanın Mərkəzi Komitəsinə üzv seçilib.

 

Zaqafqaziya Komissarlığında çalışıb, Milli Müsəlman Şurasının üzvü olub. 1918-ci ildən etibarən Azərbaycan Xalq Cümhuriyyəti parlamentində "Müsavat” fraksiyasının üzvü kimi maliyyə-büdcə komissiyasına rəhbərlik edib. 1920-ci ilin fevralında Azərbaycan Cümhuriyyətinin sonuncu daxili işlər naziri təyin edilib. 1965-ci ildə Ankarada vəfat edib.

 

M.Vəkilli milli məfkurə daşıyıcısı olaraq mühacirət mətbuatının formalaşmasında da kifayət qədər əməyi var. Onun "Yeni Qafqaziya”, "Odlu Yurd”, "Azəri Türk”, "Mücahid” dərgilərində xeyli sayda publisist yazıları, siyasi təhlilləri işıq üzü görüb. Həmin yazıların bir qismini bu sayımızdan etibarən "Şərq”in oxucularına təqdim edirik.

 

Akif Aşırlı

 

Parisdə bir məzar

 

Köhnə nəslimizin qiymətli vətənpərvərlərindən Hacıbəyli Ceyhun bəyi də itirdik.

Üç ay əvvəl Münhen hava limanında qucaqlaşıb vidalaşdığımız vaxt onun bir aya qədər qısa zaman içində aramızdan qəfil və əbədiyyən ayrılacağını heç düşünərdikmi?

Əcəl, amansız əcəl heç fərman dinlərmi? Paris qəbiristanlığında bir xeyli vətəncüda azərbaycanlının məzarı var. Milli istiqlal və dirçəliş hərəkatımızın ilk imanlı öndərlərindən böyük dövlət adamı Əlimərdan bəy Topçubaşının məzarı. Yanındakı həyat yoldaşı Pəri xanımın və oğlu Rəşidin məzarları...

Bir az o tərəfdə Əkbərağa Şeyxülislam yatır. Yurdunun qurtuluşu uğrunda gənc yaşlarından bir çox məşəqqətlərə sinə gərən, cəfakeş idealist Əkbərağa.

 

Yetər, daha bəsdir artıq, biz burada uzaq ellərdə yatan qərib ölənlərimizin bir-bir məzar daşlarını oxuduğumuz - hüzün, ağrı-acı duyur qəlbimiz, yaralı qəlbimiz...

Nə yazıq ki, bütün türk ellərinin xalq nəğmələrində nədənsə ən çox qürbət tərənnüm edilir, bu nəğmələrin əsas motivini təşkil edir bunlar. Həqiqətən də, türklərin bu qürbət acısını dilə gətirən türküləri çox ağırdır çox...

 

Baxın, nə deyir Azərbaycan xalq şairi:

Uludur, ulu dağlar,

Çeşməli sulu dağlar.

Burda bir qərib ölmüş,

Göy kişnər, bulud ağlar.

 

Rəhmətlik Ceyhun bəy bu gənc yaşlarından milli savaşın sıralarına qatılıb və ömrünün sonlarına qədər də bu yolun yolçusu olub.

O dövrdə də milli işlərdən və dərdlərdən uzaq duran, şəxsi maraq və mənfəətlərini hər şeydən üstün tutan, öz rahatlığından başqa bir şey düşünməyən nə qədər səfeh ruhlu münəvvərlərimiz var. Belə düşüncəli insanlarımız bu gün də yoxmu?

 

Ceyhun bəy 1891-ci ildə Qarabağda, Şuşa şəhərində doğulmuş, orta məktəbi orda bitirdikdən sonra da Sarbonda və Paris Siyasi Elmlər Məktəbində ali təhsil alıb. Rus inqilabından sonra 1917-ci ildə Ceyhun bəy Bakıda milli hərəkata qatılıb, mətbuat aləmində fəaliyyət göstərib. "Kaspi”, "İrşad” və "Tərəqqi” qəzetlərində, dövrün digər ciddi mətbuat orqanlarında C.Dağıstani imzasıyla çıxış edir, məqalələri dərc olunurdu. Daha sonra o, hökumətimizin "Azərbaycan” qəzetində baş redaktor oldu.

1919-cu ildə Azərbaycan hökumətinin Paris Sülh konfransına göndərdiyi nümayəndə heyətinə Ceyhun bəy də daxil edilir və o tarixdən bu yana Avropada yaşayır, yurduna dönməyir. Neçə illərdir ki, qurtuluşunu həsrətlə gözlədiyi Vətənini bir daha görmədən qürbət ellərdə bu fani dünyadan gözüaçıq ayrılır.

 

40 ildir ki, rəhmətlik Ceyhun bəy xaricdəki milli işlərimizlə durmadan çalışıb-çabalayırdı. Parisdə yaşadığı müddətdə "Le Figaro”, "La Revue”, "Le Jurnal Asiafic” adlı fransızca qəzet və dərgilərdə mərhumun zaman-zaman yazıları çıxırdı.

Təbiət etibarı ilə Ceyhun bəy çox sadə, göstəriş və sifarişlərdən xoşlanmayan həssas bir adam idi.

Münhendə ilk görüşlərimizdə onu xeyli üzüntülü və kefsiz gördüm. Səbəbini soruşdum. "Heç sormayın” - dedi: "Sizdən 4-5 gün əvvəl burada bir toplantıda bizim azərbaycanlılardan "filan bir şəxs”in heç gözləmədiyim ağır, çirkin hücumuna məruz qaldım. Toplantını tərk etməyə məcbur oldum. Otelə gəldikdə birdən fənalaşdım. Dostlarımız İslam bəy və Məcid bəy həkim çağırdılar. Doktor infarkt keçirdiyimi və 2-3 gün heç bir hərəkət etməməyimi ciddi tapşırdı. İndi, şükür bir az yaxşıyam”.

Bu hadisəni xatırlayarkən hələ də bu ağrının təsir altında olduğu hiss edilirdi. Təskinlik verməyə çalışdım:

 

- " Ceyhun bəy, belə şeylərə çox da əhəmiyyət verməyin” - dedim və əlavə etdim: "Bu hər şeydən əvvəl tərbiyə, siyasi-ictimai əxlaq məsələsidir. Nə edəsən, bəzən bizdə də hər yerdə olduğu kimi sözünü və yerini bilməyənlər olur”.

 

Şübhəsiz ki, Ceyhun bəy kimi böyük həyat məktəbi keçən dəyərli bir vətənpərvərə qarşı bu münasibət aşağılıq əlamətidir. Ortada zaman-zaman siyasət, yoxsa başqa bir məslək həyata keçirən yalançı pəhləvanlar vardı. İndi bu insanlardan biri Ceyhun bəyə haqsızlıq etmişdi. Bir ay sonra Parisdə ikinci ürək krizisi Ceyhun bəyi bizlərdən alıb apardı.

Düşünürəm, əcəba indi bu adam etdiyi bu üzüntülü hərəkətindən vicdan əzabı duyurmu? Yoxsa, məsləyindən dolayı burada mərhuma mərsiyə oxuyacaq?

Əziz Ceyhun bəyə Haqdan qəni-qəni rəhmət diləyir, bütün milləti qardaşlarımıza da başınız sağ olsun deyirəm.

 

Əkbərağa Şeyxülislamzadə

 

Böyük bir təəssüflə öyrəndiyimizə görə, Azərbaycanın keçmiş siyasət adamlarından Əkbərağa Şeyxülislamzadə mart ayında Parisdə vəfat edib. Mərhum Azərbaycanın köklü, tanınmış bir ailəsinə mənsub idi, İrəvanda doğulub. Peterburq politexnikumunu bitirmişdi. İxtisasca mühəndisdir. Ana dilindən başqa rusca və fransızcanı çox yaxşı bilirdi.

 

Gənc yaşlarında siyasi həyata atılan rəhmətlik Əkbərağa ömrünün sonuna qədər çox sevdiyi vətəni Azərbaycanın milli, siyasi davaları ilə durmadan illərlə uğraşdı.

Rus inqilabından sonra Tiflisdə qurulan üç Qafqaziya millətindən təşkil olunan parlamentdə, seymdə Əkbərağa millət vəkillərindən biri idi. Bu dövr Əkbərağanın ən hərarətli, siyasi fəaliyyəti dövrüdür.

Daha sonra Əkbərağa siyasi fəaliyyətini Azərbaycan Milli Məclisində millət vəkili olaraq davam etdirdi. Bu sırada Birinci Dünya müharibəsindən sonra böyük dövlətlərin Versalda təşkil etdikləri Sülh konfransında Azərbaycan nümayəndə heyətinin göndərilməsi qərarlaşdırıldı. Yeni qurulan Azərbaycan Cümhuriyyətinin böyük dövlətlər tərəfindən rəsmən toplanmasını təmin etmək üçün mərhum Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə göndərilən nümayəndə heyətində Ələkbərağa da üzv olaraq seçildi.

 

O zamanlardan bəri Əkbərağa Parisdə yaşamaqdaydı. 42 ildir ki, Əkbərağa xaricdəki Azərbaycan təşkilatlarının qurulması uğrunda çalışmalarda ta ölüm döşəyinə düşənədək aktiv iştirak edib. Rəhmətliyin xəstəliyi çox uzun sürdü və bütün cəhdlərə baxmayaraq təəssüf ki, mübtəla olduğu xəstəlikdən qurtara bilmədi.

Bu qiymətli dostumuz gözüaçıq getdi bu fani dünyadan. Vətəni görmədən getdi. Son zamanlar mərhumun maddi sıxıntısı çox olub və bu idealist, fədakar Azərbaycan patriotu maddi çətinlik içində ölüb.

 

Son illərdə qürbət ellərdə bir-bir dünyasını dəyişən Azərbaycanın əski siyasət və dövlət adamlarının hamısı da bu dünyadan beləcə yoxsulluq, kasıblıq içində köç edib gedib.

Əkbərağa Şeyxülislamzadənin cənazə törənində Parisdəki bütün azərbaycanlılardan başqa Quzey Qafqaziya, İdil-Ural, Türküstan, Gürcüstan, Ermənistan, Ukrayna və sair kimi əsir millətlərin Fransadakı siyasi təşkilatlarına mənsub heyətlər də iştirak edib.

Mərhumun ailəsinə və bütün mücadilə dostlarımıza bu böyük itkidən dolayı başsağlığı verir, dünyasını dəyişən əzizimizə də Cənabi Haqqdan rəhmət diləyirik.

 

(Davamı var)

 

 

 

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb

 

 

Şərq.- 2019.-3 sentyabr.- S.11