Gözümüz üstə yeri var...
Albertə qoyulan heykəl
çox möhtəşəmdir,
hamı bəyəndi
Paytaxtın Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun
xatirəsini əbədiləşdirmək
məqsədilə heykəl
qoyulub. Qəhrəmanın heykəli Aşıq
Molla Cümə küçəsi ilə Əhməd Rəcəbli
küçəsi arasındakı
yerləşən və
Albert Aqarunovun adı verilən küçədə
ucaldılıb.
Məlumata görə, heykəlin açılışı oktyabr
ayında olacaq. Milli Qəhrəmanın
qardaşı Rantik Aqarunov abidənin müəllifinin Ömər
Eldarov olduğunu bildirib. Onun sözlərinə görə, abidənin açılışında ailəliklə
iştirak edəcəklər.
Qəhrəmana abidə
ucaldılması ilə
bağlı mətbuata
açıqlama verən
millət vəkili, Azərbaycan-İsrail parlamentlərarası
əlaqələr üzrə
işçi qrupun rəhbəri Yevda Abramov deyib ki,
bu hadisə Azərbaycan dövlətinin
və xalqının Milli Qəhrəmanına münasibətinin təzahürüdür.
Deputat vurğulayıb
ki, heykəl qoyulması İsrail və Azərbaycan xalqları arasında möhkəm dostluğun nümunəsidir: “Albert Aqarunov
başqa millətin nümayəndəsi kimi Şuşa uğrunda döyüşərək həlak
oldu, xalqının, doğulduğu torpağın
adını ucaltdı.
Dünyaya tanıtdı ki,
Azərbaycan torpağı
necə igidlər yetişdirən diyardır”.
Məlumat üçün qısaca
bildirək ki, Albert Aqarunov 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi
ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən
1992-ci ildə könüllü
olaraq cəbhəyə
yollanıb. Tank komandiri
təyin edilən
Albert Şuşa cəbhəsində döyüşüb.
O, Xankəndi, Daşaltı,
Cəmilli istiqamətində
gedən döyüşlərdə
erməni işğalçılarının
xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu
vaxtı düşmənin
9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib. 1992-cu il mayın
8-də snayper gülləsinə
tuş gələrək
döyüş meydanında
şəhid olub. Məzarı
Bakıda Şəhidlər
Xiyabanındadır. Azərbaycan torpaqlarının
müdafiəsi uğrunda
canını qurban vermiş bir qəhrəmana şəhərin
görkəmli yerində
möhtəşəm abidə
ucaldılması ictimaiyyət
nümayəndələri, ələlxüsus qazilər
tərəfindən yüksək
dəyərləndirilib. Onların fikrincə, Vətən uğrunda şəhid olmuş qəhrəmanların
adının əbədiləşdirilməsi
ailələrinə təsəlli
olmaqla yanaşı, həm də gənc nəslin vətənpərvərlik ruhunu
yüksəltməyə xidmət
edir.
Millət vəkili Aqil Abbas “Şərq”ə açıqlamasında
deyib ki, milli qəhrəmanlarımızın
və şəhidlərimizin
xatirəsinə xüsusi
diqqət göstərilməsi
olduqca müsbət haldır.
Deputatın sözlərinə görə,
bu cür addımlar millətin öz şəhidlərinə
olan sevgisini göstərir: “Qarabağ
müharibəsində təkcə
Azərbaycan türkləri
vuruşmayıblar, milli
kimliyindən asılı
olmayaraq, ölkənin
minlərlə vətəndaşı
torpaqlarımızın müdafiəsi
uğrunda düşmənlə
döyüşüb. Türklərlə çiyin-çiyinə başqa
millətlərin nümayəndələri
də ermənilərlə
qəhrəmancasına vuruşublar.
Çünki Azərbaycan hamımızın
vətənidir. Özü də
Albert kimi adamlar cəbhəyə könüllü
gediblər. Milli azlıqların
nümayəndələrini məcbur etməyiblər ki, onlar mütləq
cəbhəyə getməli,
düşmənlə savaşmalıdırlar.
Azərbaycanı öz Vətəni
bilənlər düşmənlə
döyüşə öz
xoşları ilə yollanıblar. Sevindirici haldır
ki, onlar özlərini bizdən ayırmayıblar. Albert tankçı idi və döyüşlərdə
qeyrətlə vuruşurdu.
Ona görə də deyirəm ki, Albert Aqarunov yəhudi yox, təmiz türkdür, azərbaycanlıdır.
Ümumiyyətlə, torpaqlarımızın müdafiəsi uğrunda canını qurban vermiş bütün xalqların nümayəndələri
bizdəndir. Albertə qoyulan
heykəlin fotosuna baxdım, çox möhtəşəmdir, şəxsən
mənə ləzzət
elədi”. Parlament
üzvü şəhidlərə
göstərilən ehtiramla
bağlı qardaş
ölkəni misal çəkib: “Türkiyədə
körpülərdən, tunellərdən
keçərkən şəhid
adlarını görürük.
Demək
olar ki, əksər körpü və tunellərə, yolüstü bulaqlara şəhidlərin adları
verilib. Biz də şəhidlərimizə
o cür qiymət verməliyik. Bakıda, rayonlarda
müxtəlif yerlərə
qəhrəmanlarımızın, şəhidlərimizin adlarını
verə bilərik.
Bu, həm onlara
olan sevgimizi göstərər, həm
də ailələrinə
böyük təsəlli
olar. Ağdamda Şəhidlər Xiyabanı var. Rayon uğrunda
döyüşlərdə şəhid olanların adları həmin xiyabanda lövhə üzərində qeyd olunub. Düzdür, hələ siyahı
tamamlanmayıb, çünki
şəhidlərimiz çoxdur.
Təklif etmişəm ki,
Xiyabanda təkcə Ağdamdan olan şəhidlərin adı
yazılmasın. Lənkərandan,
Qazaxdan, Naxçıvandan,
Qubadan, Bakıdan Ağdama döyüşə
gedərək şəhid
olanların adları qeyd olunsun, çünki
onlar da əsl ağdamlılardır”. Millət
vəkili şəhid
ailələrini incitməyin
yolverilməz olduğunu
söyləyib: “Ağcabədinin
Hindarx kəndindən
40 nəfər şəhid
olub, amma elə rayon var, bir nəfər də olsun şəhid
verməyib. İndi Hindarx kəndində üç məktəb
var. Üç şəhidin
adını məktəbə
verəndə digər
şəhid ailələri
inciyir. Təbii olaraq hamı
istəyər ki, onların şəhidlərinin
adı əbədiləşsin.
Ona görə kənddəki küçələrə,
bulaqlara və s. yerlərə də şəhid adları vermək lazımdır. Bunu etsələr dünya dağılmaz ki?! Bələdiyyələr və icra hakimiyyətləri bu işi asanlıqla görə bilərlər”.
A.Abbas digər qəhrəmanların
da adının əbədiləşdirilməsinin
zəruri olduğunu bildirib:
“Çox istərdim
ki, Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun da
abidəsi ucaldılsın. Düzdür, Ağdamdan çox qəhrəman çıxıb.
Məsələn, Asif Məhərrəmov
(Fred Asif), Şirin Mirzəyev, Ərşad Nadirov (General), Yaqub Rzayev (Ala Yaqub)
və başqaları.
ABŞ-da bir abidə
var, naməlum əsgərlər ölkənin
bayrağını yüksəldirlər.
Amerikanlar bütün filmlərində
o abidəni təbliğ
edirlər. Yaxşı olar
ki, Ağdamda simvolik olaraq həm Allahverdinin, həm də digər 16 Milli Qəhrəmanın adibələri
ucaldılsın. Eyni zamanda
Qubadlını, Şuşanı
son damla qanına qədər müdafiə
edən Əliyar Əliyevin də heykəli qoyulsun. İnsanlar da
belə abidələrə
baxıb qürrələnsinlər.
Bir məqamı da vurğulayım
ki, Azərbaycanda heykəl düzəltmək
məsələsi problemlidir.
Açığını deyək, çox
bərbad abidələr
qoyurlar. Koroğluya bir
heykəl qoyublar, elə bil qatıra
minib. Bakıda ən çox
sevdiyim iki heykəl var. Biri Məhəmməd Füzulinin,
ikincisi isə Cəfər Cabbarlının
abidəsidir. Albert Aqarunova belə möhtəşəm heykəl
ucaldılmasını ancaq
alqışlamaq lazımdır”.
Qarabağ qazisi, Vətən
Müharibəsi Əlilləri
İctimai Birliyinin sədri Firudin Məmmədov da “Şərq”ə
açıqlamasında bu
təşəbbüsün çox gözəl olduğunu deyib:
“Hər kim
reallaşdırıbsa, xərcini,
zəhmətini çəkibsə,
onu alqışlamaq lazımdır. Arzu edirik ki, bu cür addımlar
tez-tez atılsın.
Dəfələrlə təklif etmişdik
ki, müxtəlif milli qəhrəmanların
xatirəsi əbədiləşdirilsin.
İlk təşəbbüs
kimi bunu çox yüksək qiymətləndiririk. Gözəl abidədir,
dizaynı da əladır.
Allah bütün şəhidlərimizə rəhmət
eləsin. Şəhidlərin hamısı qəhrəmandır.
Albert həqiqətən qəhrəman döyüşçü
olub. Şuşanın müdafiəsində çox böyük fədakarlıq göstərib.
Ona abidə ucaldılması bütün qaziləri, şəhid ailələrini
sevindirir. İnşallah, davamı gələr.
Bir misal çəkim, İraqın küçələrində
bütün işıq
dirəklərindən şəhidlərin
fotoları asılır.
Hər gün şəhid plakatlarını yuyub, təmizləyirlər. İraqlılar başlarını hara çevirirsə, öz şəhidlərini görürlər,
beyinlərinə həkk
olur. Bizim də şəhidlərə
münasibətimiz yüksək
olmalıdır. Axı Vətən
şəhidlərin bizə
əmanətidir. Şəhid olub
qarışdıqları torpağın
üzərində onlara
abidə qoyulmasına
məhdudiyyət qoymaq
olmaz. Əfsuslar olsun ki, bəzən şəhidlərin
büstünə yer
“tapılmır”.
Qarabağ qazisi Asəf Quliyev də “Şərq”ə açıqlamasında
Aqarunova heykəl qoyulmasını təqdirəlayiq
hesab edib:
“Azərbaycan bu torpaqda yaşayan bütün millətlərin
Vətənidir. Azərbaycanın böyüklüyü, gücü də məhz bundadır.
Albert Aqarunov Azərbaycanın
Milli Qəhrəmanıdır,
bu Vətənin övladıdır. Ona abidə
ucaldılması çox
müsbət haldır.
Heykəlin dizaynı da çox
gözəldir. Bu işi həyata keçirənləri alqışlayırıq”.
İsmayıl Qocayev
Şərq.- 2019.- 5
sentyabr.- S.8.