Fidan Hacıyeva: "Hətta verilişlərə belə bir gün əvvəl dəvət etsələr, çox zaman razı olmuram"

 

 Bu gün musiqi zövqlərimiz çox fərqlidir. Bizim üçün sadə, ya da bayağı görünən musiqilər, digərləri üçün maraqlı  görünə bilir. Amma elə musiqilər var ki, onların zamanı olmur. Yəni hər dövrdə o musiqinin çəkisi olur.

 

 

Klassik musiqilər məhz zamana sığmayanlardı. Onların zamanı olmur, onlar hər dövrdə, hər məkanda keyfiyyətli sayılır. Bu musiqiləri bizlərə həm sevdirənlər, təqdim edənlər var ki, məhz ifalarında eşidərkən həzz ala bilir, musiqi aclığımızı bu ifalarla doldurmağa çalışır, o musiqilərlə rahatlıq tapmağa üstünlük veririk. Xalq artisti, Opera Balet Teatrının solisti Fidan Hacıyeva da məhz klassik musiqini  tamaşaçıya sevdirən ifaçılardandı. İtaliyada təhsil alan, sonralar bilgilərini azərbaycanlı gəncləri ilə paylaşan Xalq artisti ilə maraqlı söhbətimiz alındı.

 

Milli musiqi bayramı ərəfəsində Fidan Hacıyeva yeniliklərini «Şərq»lə bölüşdü. 

 

- Fidan xanım, artıq istirahət mövsümü bitdi sənət aləmində canlanma başlayır. Mövsümə necə başlamağı düşünürsüz?

 

- Bəli, yay bitdi. Artıq yeni mövsümdə teatrda işlərimiz başlayır. Hazırda Opera Balet Teatrından gəlirəm. Bilirsiniz ki, sentyabrın 18-də Milli Musiqi günümüz qeyd ediləcək. Üzeyir bəyin doğum gününü biz musiqi günü olaraq qeyd edirik. Hər il olduğu kimi bu günə xüsusi proqramlar hazırlanır. Opera Balet Teatrında «Koroğlu» operası musiqi bayramımızda təqdim ediləcək. Mən bu operada xanəndə qızın partiyasını oxuyacam. Sonra yeni bir operaya hazırlıq başlayır. Yeni italyan operası  səhnəyə qoyulur. Rejissorumuz Hafis müəllimlə bu operanın da məşqlərinə başlanır. Eyni zamanda bu mövsüm bir neçə konsert proqramı ilə çıxış etməyi düşünürük.

 

- Musiqi məktəbiniz yenə fəaliyyət göstərirmi? Tələbələrinizlə bağlı layihələr necə, nəzərdə tutulub?

 

- Bəli, Fidan Hacıyeva adına musiqi məktəbimiz fəaliyyət göstərir. Tələbələrimlə bu il bir neçə konsert layihəsi hazırlamağa qərarlıyıq. Mədəniyyət Turizm Nazirliyinin köməyi ilə tələbələrimin çıxışları olacaq. Elə Milli Musiqi günü ərəfəsində  tələbələrim bir neçə məkanda səhnəyə çıxacaqlar.

 

- Tələbələrinizə xüsusi bir yanaşmanız var

 

- Mən bütün tələbələrimə dəstək olmağa çalışıram. Bu il mənim bir tələbəm Rauf Məmmədzadə Kalininqradda keçirilən musiqi festivalında "Qran Pri" mükafatına layiq görüldü. Eyni zamanda bu il 3 tələbəm Konservatoriyaya daxil oldu. Bilirsiz, mənim məqsədim gənclərdə klassik musiqiyə, opera səhnəsinə maraq yaratmaqdır. İstəyirəm gənclərimiz klassik musiqiyə sevgi hiss etsinlər. Mən həmişə çalışmışam ki, bilgilərimi tələbələrimlə bölüşüm. İtaliya musiqi  təhsili almışam. Bir gün məktəbimizə gəlin, tələbəmin qədər istedadlı olduğunun şahidi olun. Maraqlı mini bir konsert proqramı hazırlaya bilərik. Həm izləyin, həm sizdə bir təəssürat yarada bilək.

 

 - Çətin deyil ki, həm ailə, həm səhnə, pedaqoq kimi fəaliyyət göstərmək. Hamısını bir araya necə sıxışdıra bilirsiz?

 

- Mən plansız görmürəm. Planlaşdırılmamış bir günüm olmur, görəcəyim işləri əvvəlcədən planlaşdırıram. Hətta verilişlərə belə bir gün əvvəl dəvət etsələr, çox zaman razı olmuram. Çünki bunu sevirəm. Əgər harasa getməliyəmsə, bu mənim artıq bir neçə gün əvvəl planımda olmalıdır ki, o günə hazırlaşa bilim.  Axı mən boş adam deyiləm ki, oturum gözləyim ki, məni kimsə harasa dəvət edəcək. Səmimiyyətimə inanın, bunu qətiyyən sevmirəm, hətta bunu özümə hörmətsizlik kimi qəbul edirəm.

 

Gərək mənə qabaqcadan bildirsinlər ki, gələn ay sizin çıxışınız var s. Mən buna hazırlaşmalıyam. Ən azından, 1-2 həftə əvvəl deməlidirlər. Ya hansısa verilişə gedəcəmsə, bir neçə gün əvvəl mənə məlumat verilməlidir. Hər bir xanıma da bunu məsləhət görürəm. Ola bilər ki, bu, mənim xarakterimdən, bürcümdən irəli gəlir.

 

Qız bürcü altında dünyaya gələnlər məqsədli, səliqəli, hər şeyin yerli-yerində olmasını sevirlər. Gündəlik cədvəlim bir ay əvvəldən, ən azından bir həftə əvvəl tərtib olunur. Planımdan heç vaxt çıxmıram. Görəndə ki, bir gün ərzində bir balaca boş vaxtım var, o vaxtdan da səmərəli istifadə etmək istəyirəm. Ona görə çatdıra bilirəm.

 

 Şərq.- 2019.- 7 sentyabr.- S.13