"Bütün bu mənəvi əsarətdən
bir çıxış yolu var"
Əsəd Cahangir: "O da,
türkdilli ölkələrin, Şərqin öz alternativ mükafatının
yaradılmasıdır"
"Türk dünyası ədəbiyyatı
ilə bağlı “Böyük Asiya” kimi belə nəhəng
mükafatın təsis edilməsi alqışlanası layihədir"
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində
I Asiya Yazıçılar Forumu keçirilib. Forumda Azərbaycan
Yazıçılar Birliyinin (AYB) sədri, Xalq
yazıçısı Anar da iştirak edib. AYB-nin mətbuat
katibi Xəyal Rza Forum haqqında məlumat verərkən deyib
ki, tədbirin məqsədi Nobel mükafatına alternativ
sayılacaq “Böyük Asiya” ədəbiyyat
mükafatını təsis etmək olub. Sözügedən
mükafatın məbləği isə 1 milyon dollar olacaq.
Qazaxıstan dövləti bunu öz ölkələrini
Asiyanın mədəni, ədəbi mərkəzinə
çevirmək məqsədi ilə təsis edir.
Bu mükafat bir növ türkdilli ölkələri
əhatə edəcək.
Təbii ki, “Böyük Asiya” müsabiqəsində
Azərbaycan ədəbiyyatının nümayəndələri
də iştirak edəcək. Hələlik müsabiqənin
hansı kriteriyalarla keçiriləcəyi, qalibin necə
müəyyənləşdiriləcəyi
açıqlanmayıb. Amma mükafatın məbləği
kifayət qədər böyük olduğu üçün,
maraq da böyükdür.
“Böyük Asiya” mükafatı
ilə bağlı “Şərq”ə müsahibəsində
tanınmış ədəbi tənqidçi Əsəd
Cahangir deyib ki, müasir dünyada, xüsusən də Avropa
ölkələrinin iqtisadi, siyasi və mənəvi birliyinə
qarşı Şərq ölkələrinin, o cümlədən
də Türk-İslam dünyasının birlik zərurəti
yaranıb...
- Məsələn, Avropa İttifaqına
qarşı siyasi-iqtisadi bir təşkilat olaraq Avrasiya
İttifaqı yaradılıb ki, burada Rusiya, Çin və s.
ölkələr təmsil olunurlar. Hətta Türkiyə də
bu ölkələrlə həmrəydir. Bunun səbəbi
odur ki, neçə illərdir heç kim Avropa Birliyinə
Türkiyəni qəbul etmək istəmirlər. Türkiyəni
ikinci dərəcəli ölkə kimi görürlər.
Çıxış yolu odur ki, alternativ qurum yaradırsan,
onun əsarətindən azad olursan. Eyni halı ədəbiyyat
sahəsinə də şamil etmək olar. İndi türk
dövlətlərinin belə bir mükafat təsis etməsi,
ədəbiyyatla bağlı olsa da, içərisində
siyasi məqsəd də daşıya bilər. Bu gün Nobel
mükafatı Şərq ölkələrinin insanlarına
ona görə verilir ki, bu insanları mənəvi əsarətdə
saxlaya bilsinlər. Baxaq, Nobel ədəbiyyat mükafatı
Şərq ölkəsi olan Türkiyəyə, Orxan Pamuka
verilib. Nobel o şəxslərə verilir ki, onlar milli
kimliyinin, dininin əsaslarına qarşı
çıxırlar. Hamımız bilirik ki, Türkiyə
yazıçısı Pamukun dili ilə “ermənilər bizi
bağışlayın” şüarı səsləndirildi.
Bundan sonra yazıçı Nobel mükafatına layiq
görüldü. Demək istəyirəm ki, bütün bu mənəvi
əsarətdən bir çıxış yolu var – o da,
türkdilli ölkələrin, Şərqin öz alternativ
mükafatının yaradılmasıdır. Türk
dünyası ədəbiyyatı ilə bağlı
“Böyük Asiya” kimi belə böyük mükafatın təsis
edilməsi alqışlanası layihədir. Təbii ki, bu
müsabiqəyə təqdim olunan əsərlər alternativ
olaraq milli özünüdərkə, dini inanc sisteminə
uyğun olmalıdır. Məsələn, Çingiz Aytmatov
kimi böyük bir yazıçıya niyə Nobel verilməyib?
Məgər Aytmatov Pamukdan zəif yazıçıdır?
Əlbəttə ki, yox. Sadəcə Aytmatov
yaradıcılığında Pamukdan fərqli olaraq milli
özünüdərk məsələsi var. Bu cür
halların qarşısını almaq üçün, milli
mənlik şüurunun yaşadılması naminə belə
mükafatın təsis edilməsinin çox ciddi önəmi
var. Dünyanın idarə edilməsi ilə bağlı
“Kommitet - 300” (300-lər Komitəsi) var. Demək
bu qurumun 21 maddədən ibarət idarə proqramının
bir və ikinci maddəsində yazılır ki, “hər
hansısa bir xalqı özünə tabe etmək istəyirsənsə,
o xalqın dini inanc sistemini dağıt və milli qürur
hissindən məhrum elə”. Mənə elə gəlir
ki, türk ölkələrinin ədəbiyyat
mükafatı, “Kommitet - 300”ün həmin proqramına əks
mövqeyə söykənməlidir. Fikrimcə, belə
mükafatın təsisi alqışalayiqdir. Orada gələcəkdə
yer tutacaq ədəbiyyat adamlarını da indidən təbrik
edirəm. Ümid edirəm ki, türk dövləti olaraq Azərbaycanın
da ədəbiyyatı orada layiqincə iştirakçı
olacaq.
- Sizcə müsabiqəyə əsərlər
hansı formada təqdim olunmalıdır? Ümumiyyətlə
qalib əsərlər hansı kriteriyalarla seçilməlidir?
- Nobel mükafatına əsərlər necə
təqdim edilirsə, bu müsabiqəyə də o cür təqdim
edilə bilər. Yəqin ki, orada təmsil olunacaq hər
türk respublikalarında mükafat üzrə müəyyən
bir komissiya yaradılacaq. Komissiyanın da təsdiq etdiyi
materiallar müsabiqəyə göndəriləcək.
Müsabiqənin də öz komissiyası olacaq ki, ölkələrdən
gələn əsərlərə qiymət veriləcək,
qalib müəyyənləşəcək. Mənə elə
gəlir ki, ən sadə, primitiv seçim üsulu budur. Təbii
ki, ola da bilər əsəri hansısa bir təşkilat təqdim
etsin. Yaxud da, müsabiqəyə qatılmaq istəyən
yazıçının, şairin özü fərdi şəkildə
əsərini göndərsin.
- Bizdə adətən xırda müsabiqələrdən
tutmuş, iri layihələrə qədər,
narazılıqlar yaranır. O mənada ki, hər kəs qalib
olmaq istəyir, qalib olmayanda isə qərəzin, tərəfkeşliyin
olduğunu söyləyirlər. Sizcə mükafat məbləği
bir milyon olan müsabiqə ilə bağlı, sonradan
narazılar ortaya çıxmayacaqmı? Məsələn,
Aytmatovun əsəri mükafata layiq görülsə, digər
əsər göndərənlər narazı
qalmayacaqlarmı?
- Əlbəttə olacaq. O narazılıq hər
zaman olub, bundan sonra da olacaq.
- Qalib necə müəyyənləşdirilməlidir,
hansı kriteriyalar əsas götürülməlidir ki,
narazılıq az olsun?
- Necə
olur-olsun, narazı qalanlar mütləq olacaq. Çünki
hər bir ədəbiyyat adamı öz əsərinin daha
yaxşı olduğunu düşünür. Məsələn,
bizim Yazıçılar Birliyinin 4-5 il
öncə nəsr, ədəbi tənqid, tərcümə,
uşaq ədəbiyyatı üzrə müsabiqəsi
keçirildi. Bu müsabiqədə bir istiqamət
üzrə qalib iki nəfər müəyyənləşdi,
mükafat aralarında bölündü. Bundan
sonra ajiotaj yarandı. Biri narazılıq
etdi ki, mənim əsərim, alternativ əsərdən
güclüdür, ona görə mükafatı tək
almalıyam. Bəziləri
narazılığını imtina etməklə göstərdi.
Demək istəyirəm ki, narazılıq həmişə
olur. Ədəbiyyatda ölçü,
meyar yoxdu demək olmaz. Tərəzi var,
lakin hər kəs subyektiv düşünür,
özünün yaratdığını
hamınınkından daha yaxşı olduğunu fikirləşir.
Bütün hallarda, hər bir müsabiqədə
münsiflər, komissiya üzvləri maksimum ədalətliliyə
önəm verməlidirlər. Şəxsi
fikrimcə belədir ki, heç bir müsabiqədə ədalət
meyarlarına maksimum əməl edilmir. Türk
dövlətlərinin təsis etdiyi mükafatda da əminəm
ki, tam ədalətliliyə əməl olunmayacaq. Məsələn, Azərbaycanda komissiya ora göndəriləcək
əsəri müəyyənləşdirəndə,
obyektivlik prinsipi ilə seçiləcəyinə o qədər
də əmin deyiləm. Çünki Azərbaycanda
bir çox ədəbi mükafatlar olub ki, tam ədalətlilik
qorunmayıb. Hətta Mədəniyyət
Nazirliyinin “Qızıl kəlmə” mükafatda qalib maksimum ədalətlilik
təmin olunaraq seçilmədi. Müsabiqələrdə
ədalət prinsiplərinə müəyyən dərəcədə
əməl edilir, müəyyən qədər qeyri-obyektivlik
olur. Kimsə mükafatı layiq olduğu
üçün alır, kimsə də layiq
olmadığı halda, nəyəsə görə alır.
Həmin o “nəyəsə görə” təbii
ki, ümumtürk ədəbiyyat müsabiqəsində də
olacaq. Çünki maksimum ədalət
ancaq Allahdadır.
-
Ümumtürk ədəbiyyat müsabiqəsinə təqdim
edilmək üçün Azərbaycandan kimin hansı əsərini
layiqli görürsüz? Hansı əsəri
bu cür böyük mükafata namizəd göstərmək
olar?
- Söhbət
nəsr əsərindən gedirsə, Qarabağ problemi ilə
bağlı olan əsərləri, Elçin Əfəndiyevin
“Baş” romanını, Aqil Abbasın “Çadırda
Üzeyir Hacıbəyov doğula bilməz” romanını təqdim
etmək olar. Qarabağ münaqişəsi
ağrılı yerimizdir, amma, təkcə bu əsərləri
ağrılı yerimizə görə yox, həm də hər
iki əsər yüksək bədii-estetik məziyyətlərə
malikdir. Təsəvvür edin ki, Aqil Abbas
Mübariz İbrahimov fenomenini əvvəlcədən
görüb, yazıb. Mübariz qəhrəmanlığı
həmin əsərdən 10 il sonra edib. Ən azı öncəgörənliyinə,
xalqın qəlbindəki arzuları əsərində ifadə
etdiyinə görə, Aqil bəyin əsərini mükafata təqdim
etmək lazımdır. Bununla
yanaşı bizim başqa yazıçılarımız da
var ki, onların da əsərlərini mükafata təqdim etmək
mümkündür. Bu nəsr üzrədir.
Amma ədəbiyyatımızda şeir də
var, publisistika, esseistika, uşaq ədəbiyyatı var və
s. Mən bilmirəm indi bu mükafat hansı kateqoriyalar
üzrə veriləcək. Məsələn,
Nobel mükafatı nəsr və şeir üzrə verilir.
- Hələlik
detalları açıqlanmayıb, bilinmir...
- Detallar
olsa, rahat söyləmək mümkün idi. Amma
mənə elə gəlir ki, dramaturgiyadan Əli Əmirlinin
dram əsərlərini, Afaq Məsudun modern üslubda
yazdığı dram əsərlərini, müstəqillik
dövründə yazdığı hekayələrini,
“Azadlıq” romanını təqdim etmək olar. Poeziya sahəsində cavan, orta və yaşlı nəsil
əsəbiyyat adamlarının əsərlərindən bir
çoxunun adını çəkmək olar. Poeziya sahəsində konkret adlar çəkmək
çətindir, çünki çoxdur şeir nümunələrimiz.
Biz axı şair xalqıq, yaxşı
şairlərimiz, şeirlərimiz çoxdur.
- Sizin
özünüzün bu müsabiqəyə gələcəkdə
qatılmaq niyyətiniz varmı?
- Əgər poeziya üzrə də nominasiya
olsa, “Namaz” poemamı təqdim edəcəm. Bu poemanı Cəlaləddin
Ruminin yubileyi münasibətilə yazmışam. Bu əsərim
ümumtürk və ümummüsəlman müstəvisində
qələmə alınıb. Əgər müsabiqədə
poeziya üzrə də mükafat olsa, kitab şəklində
çap etdirərək, təqdim edəcəm.
Anar Bayramoğlu
Şərq.- 2019.- 17
sentyabr.- S.6.