“Türk ocağı” Azərbaycanda bərpa
olundu - Akif Aşırlı başqan seçildi
Bugün Beynəlxalq Mətbuat
Mərkəzində Azərbaycan “Türk ocağı”nın bərpası
konfransı keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı
səfiri Erkan Özoral, Türk Ocaqları İstanbul
şöbəsinin rəhbəri, professor Cezmi Bayram,
İstanbul Universiteti Türkiyat Araşdırmaları
İnstitutunun direktoru, professor Mustafa Balcı, Türkiyədən
gəlmiş 10-ya yaxın elm adamı, millət vəkilləri,
media və ictimaiyyət nümayəndələri iştirak
ediblər.Tədbirin aparıcısı, Mətbuat
Şurasının sədri Əflatun Amaşov “Türk
ocağı”nın bərpaçılarını təqdim
edib. Çıxışlardan öncə Azərbaycan və
Türkiyənin dövlət himnləri səsləndirilib və
ardınca “Türk ocağı”nın yaranması ilə
bağlı sənədli film nümayiş etdirilib.Qeyd edək
ki, Azərbaycan “Türk ocağı”nın bərpaçıları
- millət vəkili, Mətbuat Şurasının sədri
Əflatun Amaşov, millət vəkili Qənirə
Paşayeva, millət vəkili Cavanşir Feyziyev, Azərbaycan
Yazıçılar Birliyinin Türkiyə təmsilçisi,
Uluslararası İlişkilər və siyasi elmlər doktoru
İrfan Çiftçi, Azərbaycan-Türkiyə İş
Adamları Birliyi başqanı Cemal Yanğın, tarix üzrə
fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Əli bəy
Hüseynzadənin varisi Cəmilə Hüseynzadə, Əhməd
Cavadın nəvəsi Anar Axundzadə, Abdulla Şaiqin nəvəsi
Ülkər Talıbzadə, “Şərq” qəzetinin baş
redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif
Aşırlı, “Şərq” qəzetinin baş redaktorunun
birinci müavini Yusif Nəzərlidir.
İlk söz
“Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə
doktoru Akif Aşırlıya verilib. Baş redaktor Azərbaycanda
“Türk ocağı”nın bərpası barədə uzun
zamandır düşündüyünü deyib:
“1911-c ildəTürkiyənin
çöküşü prosesinin qarşısını alan
190-a yaxın tibb tələbəsinin israrlı tələbi
üzərinə türk ziyalıları İstanbulda Əhməd
bəy Ağaoğlunun evində toplaşdılar. 1912-ci ildə
İstanbulda “Türk ocağı” quruldu. Bu Ocağın
qurucuları çağdaş Türkiyənin qurulmasında
mühüm rol oynadılar. Eyni zamanda milli ruhun diri
tutulmasında iştirak etdilər.1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyəti qurularkən “Türk ocağı”nın
yaradılmasının tarixi bağlantılarını nəzərə
alaraq belə bir cəmiyyətin Azərbaycanda təsisinin zəruri
olduğunu düşündük. Bununla bağlı Türkiyədən
olan dəyərli elm adamları və ziyalılarla müzakirələr
apardıq. Müzakirələrdə bizə dəstək
verdiyinə görə İstanbul Türk Ocaqları
başqanı Cezmi Bayrama təşəkkür edirəm. Həmçinin,
Türk Ocaqları başqanı Mehmet Özə minnətdarlığımı
bildirirəm. Nəzərə çatdırım ki,
Cümhuriyyət vaxtı Azərbaycanda milli təsisatlar
yaradılmışdı ki, onlardan biri də “Türk
ocağı”nın bərpası idi. Azərbaycandakı
“Türk ocağı” Türkiyədəki təşkilatla
eyniyət təşkil edirdi. Məramı türk birliyini təşkil
etmək, yenicə qurulan Cümhuriyyətə Türkiyənin
maddi-mənəvi yardımlarını təmin etmək idi”.
A.Aşırlı bərpaçıların arasında
üç nəfərin adını xüsusi qeyd edib:
“Əli bəy Hüseynzadənin
nəvəsi Cəmilə Hüseynzadə, Abdulla Şaiqin nəvəsi
Ülkər Talıbzadə və Əhməd Cavadın nəvəsi
Anar Axundzadənin adlarını xüsusi vurğlamaq istəyirəm.
Bu insanların babaları, Əhməd Cavad və Abdulla
Şaiq Azərbaycan Xalq Cümhuriyyətinə rəsmi şəkildə
Azərbaycanda “Türk ocağı”nın yaradılması ilə
bağlı müraciət ediblər. Sentyabr ayında onlara vəsiqə
verilib və cəmiyyət fəaliyyətə
başlayıb. Qurumun fəaliyyəti bağlı kiçik
kitabım çıxıb, eyni zamanda Türkiyə tükcəsində
də çap olunub. Hazırda bu mövzuda istifadə olunan
mühüm elmi mənbələrdən biridir. Bu cəmiyyəti
bərpa etməkdə məqsədimiz Azərbaycanın
türk dünyasında yerinin, rolunun möhkəmlənməsi
və ölkənin istiqlalıdır. İstəyimiz Azərbaycanda
“Türk ocağı”nın bərpası ilə Orta
Asiyadakı Türk respublikalarının sıx əlaqə
qurmasına nail olmaqdır. Niyyətimiz “Türk
ocağı”nı ideoloji mərkəzə çevirməkdir.
Qısa müddət ərzində saytımız da fəaliyyət
göstərəcək. Bundan əlavə 3 aydan bir jurnal da
çap ediləcək”.
Türkiyənin Azərbaycandakı
səfiri Erkan Özoral çıxışında “Türk
ocağı”nın bərpasını həyata keçirənlərə
təşəkkür edib:
“Azərbaycanla Türkiyə
iki dövlət, bir millətdir. Azərbaycanın gücü
Türkiyənin, Türkiyənin gücü də Azərbaycanın
gücüdür. Artıq arxamızı söykəyə
biləcəyimiz güclü bir Azərbaycan var. “Türk
ocağı”nı bərpa edən hər kəsə minnətdaram.
Biz Türkiyə olaraq 28 ildir dünyada özümüzü
çox rahat hiss edirik. Çünki könül
rahatlığı arxamızı yaslaya biləcəyimiz
güclü Azərbaycan var. Bilirik ki, qardaşımız
yanımızdadır, bizimlədir. Bir il öncə türk əsgəri
Azərbaycanlı qardaşı ilə birlikdə Bakıda
möhtəşəm parad keçirdi. 100 il əvvəlki
şanlı tarix yenidən təkrarlandı. Əsgərlərimiz
birlikdə yürüş edərək bütün
dünyaya “tək yumruq, tək güc” olduğumuzu göstərdilər.
Bizim birliyimiz kimsəyə düşmən olmaq deyil,
insanlığı və mədəniyyəti daha irəliyə
götürmək məqsədi güdür. O səbəbdən
bəyan edirəm ki, səfirlik olaraq “Türk
ocağı”nın fəaliyyətinə hər zaman dəstək
verməyə hazırıq”.Millət vəkili Cavanşir
Feyziyev qurumun fəaliyyətini yüksək dəyərləndirib:
“Türk ocağı”nın
bərpası prosesində öncə Akif Aşırlıya minnətdarlığımı
bildirirəm. Çünki bu iş üçün
bütün bərpaçıları, elm və iş
adamlarını, varisləri bir araya gətirən məzh Akif
bəydir. “Türk ocağı”nın bərpası birbaşa
onun təşəbbüsü ilə reallaşıb və
hesab edirəm ki, çox nəcbi bir təşəbbüsdür.
“Türk ocağı” öz tarixi rolunu oynayıb. Amma 1990-c illərdən
etibarən dünya xəritəsində yeni türk dövlətlərinin
ortaya çıxması “Türk ocağı”nın bərpasını
zəruri edirdi. Çünki biz qloballaşan dünyada
türk mədəniyyətini, siyasətini bütün
dünyaya çatdırmalıyıq. Fikrimcə, qurumunn fəaliyyəti
bu istiqamətdə yardımçı olacaq”.Türk
Ocaqları İstanbul şöbəsinin rəhbəri,
professor Cezmi Bayram da “Türk ocağı”nın uğurlu fəaliyyət
göstərəcəyindən əminlik ifadə edib:“Azərbaycanda
bərpa edilən “Türk ocağı”na fəaliyyətində
uğurlar arzu edirəm və başqanımız Mehmet
Özün salamlarını çatdırıram. Çox
xoşbəxtəm ki, belə bir tarixi ana şahidlik edirəm.
60 ilə yaxındır tükrçülük və
turançılıq ideyasının yayılması
üçün çalışıram. Hesab edirəm ki,
“Türk ocağı”nın Azərbaycanda bərpa
konfransına qatılmağım indiyə kimi
gördüyüm faydalı işlərin
mükafatıdır. “Türk ocağı”nın qurucuları
arasında Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu və Yusuf Akçura kimi türk
dünyasının böyük fikir adamları var idi. Yəni,
“Türk ocağı” qurulduğu gündən etibarən sadəcə
Türkiyəyə məxsus bir dərnək olmayıb.
Bütövlükdə türk dünyasının cəmiyyəti
olaraq ortaya çıxıb. Buna görə də fəaliyyət
bölgəsi “türklərin yaşadığı hər
yer” olaraq müəyyən edilib. Cəmiyyətin heç vaxt
siyasi məramı olmayıb. Məqsəd türklərin mədəni
birliyini təsis etmək, tariximizin və dilimizin qorunması
olub. Azərbaycanda bərpa edilən “Türk ocağı”
Türkiyə ilə digər türk respublikaları
arasında mədəni əlaqələrin qurulması
baxımından çox önəmlidir. “Türk
ocağı” türk dünyası ilə aramızda bir
körpü rolunu oynayacaq. Ona görə də bu cəmiyyətin
yenidən təsis edilməsi olduqca mühüm hadisədir. Bərpa
prosesində qurucu insanların varislərinin iştirakı isə
həyəcanverici bir olaydır. Biz Türkiyədə
çox çalışsaq da, qurucuların varislərini bu
prosesə cəlb edə bilmədik. O baxımdan arzu edirəm
ki, siz öz işinizlə bizi arxada qoyasınız. Sizin daha
da irəliyə getməyiniz bizi ancaq və ancaq
qürurlandırar”. Millət vəkili
Qənirə Paşayeva da vurğulayıb ki, belə bir
qurumun varlığına ehtiyac böyükdür:““Əhməd
bəy Ağaoğlunun gözəl bir sözü var. Deyir ki,
“türklük bölünə bilməyəcək qədər
tamdır”. Bizim də məqsədimiz bu missiyaya xidmət etməkdir.
Xeyli öncədən hesab edirdik ki, “Türk
ocağı”nın Azərbaycanda bərpa edilməsi zəruridir.
Çünki bunun böyük tarixi əhəmiyyəti var.
Akif Aşırlı bu işə çox böyük əmək
sərf edirdi. Çox şadam ki, Akif bəy bunun
reallaşması istiqamətində yorulmadan
çalışdı və bizim hamımızı “Türk
ocağı”nın ətrafına cəm etdi. Bəziləri
hesab edir ki, əgər 100 il keçibsə, deməli Türk
ocaqlarının işi də başa çatıb. Qətiyyən
elə deyil. Çünki Türk ocaqlarının
missiyasındakı ana xətt sərhədlər üstü
milli düşüncə anlayışıdır. Bizim buna
çox ehtiyacımız var”. Azərbaycan-Türkiyə
İş Adamları Birliyi başqanı Cemal Yanğın belə
bir tədbirdə olmağın onun üçün şərəf
olduğunu söyləyib:
“İş adamı olaraq
alimlər məclisində iştirak etmək və orada nəsə
söyləmək mənim üçün çox çətindir.
Amma söz verirəm ki, canla-başla bu Ocağa və onun fəaliyyətinə
dəstək verəcəm”.
Tarixçi-alim Firdovsiyyə
Əhmədova da bəyan edib ki, “Türk ocağı”nın bərpası
çox əlamətdar bir gündür:
“Mən bu tədbiri Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı
keçirilən tədbirlərin tərkib hissəsi
sayıram. Bugün burada tarix yazılır. Azərbaycan
insanı hər zaman, tarix boyu Türkiyədən olan
qardaşlarına arxa-dayaq olub, onlardan yardımını əsirgəməyib.
Azərbaycan və Osmanlı ziyalıları birgə
addımlayıblar. Müştərək tariximiz olub. Türk
xalqları arasında mədəni əlaqələri məhz
iki tərəfin ziyalıları, elm adamları təşkil
edirlər. Bu, tarixən belə olub. Gözəl təşəbbüsə
görə Akif bəyə təşəkkür edirəm. O,
həqiqətən əməl adamıdır. Sadəcə
sözdə qalmır, “Türk ocağı” ilə
bağlı kitab yazandan sonra cəmiyyəti də təsis edərək
əməli fəaliyyətini ortaya qoyur”.
Daha sonra söz “Türk ocağı”nın
qurucularının varislərinə verilib. Əli bəy
Hüseynzadənin varisi Cəmilə Hüseynzadə həyəcanlı
anlar yaşadığını bildirib:
“Atam
sürgün olunanda 33 yaşı var idi. O, sürgünə
gedəndə özü ilə Əli bəyin fotosunu
aparmışdı. İllər keçəndən sonra o
şəkli mənə də göstərmişdi və mən
o zaman bilmişdim ki, Əli bəy Hüseynzadə kimdi və
mən hansı ailəyə məxsusam. Mən sürgündə
anadan olmuşam və orada böyümüşəm.
Bugün Azərbaycanda olduğuma, babamın adını
eşitdiyimə və bayrağımızı
gördüyümə görə çox şad oluram”.
Abdulla
Şaiqin nəvəsi Ülkər Talıbzadə isə
vurğulayıb ki, babasının “Türk
ocağı”nın qurucusu olduğunu yeni öyrənib:
“Birləşəlim
türk oğlu, bu yol zəfər yoludur” deyən Abdulla
Şaiq hər zaman türkçü, turançı olub.
Ancaq dövrün müəyyən prosesləri ilə əlaqədar
o öz fikirlərini və əqidəsini gizlətməli
olmuşdu. Onun oğlu və irsinin tədqiqatçısı
Kamal Talıbzadə Abdulla Şaiqin gizli qalan tərəflərini
hissə-hissə xalqımıza çatdırmağa
çalışmışdı və onun sovet dövründə
çap edilməmiş hekayələrini toplu şəkildə
“Arazdan Turana” adı ilə çap etdirmişdi. Abdulla
Şaiqlə bağlı nə varsa, hamısı onun ev
muzeyində qorunur. Lakin mən “Türk ocağı” barədə
eşidəndə çox təəccüb etdim.
Çünki bunu bilmirdim, hətta övladı belə bu barədə
heçnə danışmamışdı. O baxımdan belə
bir məlumatı öyrənmək bizim üçün
çox dəyərlidir”.
Azərbaycan
Yazıçılar Birliyinin Türkiyə təmsilçisi,
Uluslararası İlişkilər və siyasi elmlər doktoru
İrfan Çiftçi də “Türk ocağı”nın Azərbaycanda
bərpa edilməsinin çox anlamlı olduğunu söyləyib.
Tədbirin sonunda “Şərq” qəzetinin baş redaktoru
Akif Aşırlı bərpaçılar tərəfindən
Azərbaycan “Türk ocağı”nın başqanı
seçilib.
“Şərq”
qəzetinin baş redaktorun birinci müavini Yusif Nəzərli
isə başqan yardımçısı seçilib.
Həmçinin,
qurumun nizamnaməsinin hazırlanmasına və fəaliyyət
istiqamətinin müəyyən edilməsinə qərar
verilib.
Məlumat
üçün onu da əlavə edək ki, Azərbaycan
“Türk ocağı”nın eyni adlı mətbuat orqanı da
fəaliyyət göstərəcək.
İsmayıl
Şərq.- 2019.- 24
sentyabr.- S.5