Ötən il media üçün uğurlu oldu

2018-ci il daha çox media-hakimiyyət dialoqu və medianın ictimai məsuliyyət yükü göstəricilərinin artması ilə yadda qaldı

 

(əvvəli ötən sayımızda)

Daha bir ili - 2018-ci ili geridə qoyub, 2019-cu ilə qədəm qoyduq. Artıq yeni ilin 4-cü gününü yaşayırıq.

Sözsüz ki, geridə qoyduğumuz hər il kimi 2018-ci il də həyatımızda müxtəlif hadisələrlə zəngin oldu. Kimiyə uğur gətirən, kiminin də əzizini yaxınını özü ilə aparan ötən il hər halı ilə hər kəsin ömür kitabında bir iz buraxdı. Bu il kimlər üçünsə müsbət, kimlər üçünsə mənfi məqamlarla yadda qaldı.Təbii ki, bunlar şəxsi həyatımızla bağlı olan anılardır. Siyasi-ictimai, sosial-iqtisadi baxımdan da hər bir il cəmiyyət üçün yaddaqalan oldu. Dövlət idarəetməsində müəyyən dəyişikliklər baş verdi. Yola saldığımız ildə yüksək dövlət vəzifələrinə yeni təyinatlar oldu. Bir çox nazir və dövlət qurumlarının rəhbərləri vəzifələrindən azad edildi, onların yerinə yeniləri təyin edildi. Eyni zamanda jurnalistlər arasında da vəzifəyə təyin olunanlar az olmadı.Biz də "Şərqqəzeti olaraq media nümayəndələri ilə əlaqə saxlayıb başa vurduğumuz illə bağlı həmkarlarımızın fikirlərini öyrəndik. Medianın inkişafı, jurnalistlərin peşə fəaliyyətinin artırılması, sosial rifah halının yaxşılaşdırılması məsələsi görəsən onları qane etdimi? 2019-cu ildən gözləntiləri nədir?Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2018-ci ilin jurnalistika sahəsində uğurlu il olduğunu deyib: "Jurnalistikamız inkişaf edib, yeni saytlar yaradılıb, mövcud saytların xarici dillərdə variantları yaradılıb. Mətbuat Şurası sağlam mətbuatla əlaqələrini intensivləşdirib. Sevindirici haldır ki, bu il reket jurnalistika ilə mübarizəyə hüquq-mühafizə orqanları da qoşulub. Düşünürəm ki, bu da Azərbaycan jurnalistikasının təmizlənməsinə, neqativ halların aradan qalxmasına səbəb olacaq. Jurnalist adından sui-istifadə edib jurnalistikanı hörmətdən salan şəxslərlə mübarizə bundan sonra da davam edəcək”.Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət hesab edir ki, 2018-ci ildə ölkənin bir çox fəaliyyət sahələrində olduğu kimi, media sahəsində də xeyli sayda yeni uğurlar və nailiyyətlər əldə edilib. Onun sözlərinə görə, bu nailiyyətlərin əldə edilməsində Azərbaycan dövlətinin xüsusi qayğısı da mühüm əhəmiyyət kəsb edir. Dövlət ölkə mediasının ayaqda durması üçün mümkün olan bütün addımları atır. 2018-ci ildə yeni mediada peşəkarlaşma sahəsində də müəyyən irəliləyişlərin olduğunu vurğulayan A.Həsrət ötən ili Azərbaycan mediası üçün kifayət qədər uğurlu hesab edir. Ötən illərlə müqayisədə mediamız daha çevik və məsuliyyətli fəaliyyət nümayiş etdirdi.2019-cu ildən gözləntilərinə gəldikdə isə ekspert internet medianın maliyyələşdirilməsinin arzuolunan olduğunu deyib: "Sözün açığı, biz bu maliyyəlləşməni ötən il üçün gözləyirdik. Amma müəyyən səbəblərdən alınmadı. Onlayn medianın dövlət tərəfindən dəstəklənməsi ilə bağlı müvafiq qərarların veriləcəyinə ümid edirəm. Onlayn media dövlət dəstəyi ilə təmin edilməyəcəyi təqdirdə biz arzu etdiyimiz inkişafa nail ola bilməyəcəyik”.Media və sosial sahə üzrə ekspert, Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri, azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı isə deyib ki, 2018-ci il Azərbaycan mətbuatı tarixində həm uğurlarla, həm də xoşagəlməz və faciəvi hadisələrlə yadda qalıb.

 

 Onun dediyinə görə, ötən ilin ilk uğurlu və sevincli hadisəsi məhz yanvar ayının 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mənzillə təmin edilmiş 255 jurnalistə mənzillərin açarlarının təqdim edilməsi olub: "Açarların təqdim olunması təkcə mənzil sahibi olan jurnalistlərin deyil, onların ailə üzvlərinin, qohumlarının və yaxınlarının da böyük sevincinə səbəb oldu. Çünki bu prosesin sonucunda illərdir kirayədə yaşayan jurnalistlərimizdən bəziləri artıq ağır yükdən və əlavə xərcdən qurtulmuş oldular”.T.Vəfalının sözlərinə görə, 2018-ci ildə jurnalistlərin maddi ehtiyaclarının qarşılanması, onların sosial-rifah halının yüksəldilməsi baxımından da uğurlarla yadda qalıb. Ekspert bildirib ki, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF), Azərbaycan Mətbuat Şurası (MŞ) və bir sıra dövlət qurumları müsabiqələr təşkil ediblər, qaliblərə diplomlar təqdim edilib və onlar pul mükafatları ilə mükafatlandırılıblar: "KİVDF tərəfindən 33 qəzetə maliyyə yardımının ayrılması, fond tərəfindən bir sıra bölgələrdə mətbuatın inkişafına xidmət edən tədbirlərin keçirilməsi, Azərbaycan ədəbi dilinin qorunması istiqamətində layihələrin reallaşdırılması, MŞ-də veteran jurnalistlərin yubileylərinin təşkili, müxtəlif kitabların təqdimatı, reket jurnalistikası sahəsində hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq nəticəsində mediamızın qeyri-peşəkarlardan təmizlənməsi, mətbuatın saflaşdırılması istiqamətində ciddi addımların atılması və sair də ötən ilin uğurları sırasındadır. Prezident İlham Əliyevin sərəncamı ilə fəxri adlar və medallarla təltif edilən jurnalistlərə fəxri adların və medalların təqdim olunması, jurnalistlər üçün tikilən növbəti yaşayış binasının 13-cü mərtəbəsinin inşasının yekunlaşması da sözügedən uğurlara daxildir”.Baş redaktorun sözlərinə görə, 2018-ci il həm də üzücü hadisələr olub. 2018-ci il həm də bir neçə tanınmış jurnalistin vəfat ili kimi tarixə düşdü. Onların arasında həm faciəli şəkildə dünyasını dəyişənlər, həm də uzun sürən xəstəlikdən vəfat edənlər də oldu: "Məsələn, ötən il əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov 78, "Exo" qəzetinin baş redaktoru, əməkdar jurnalist Rauf Talışinski 62, idman jurnalisti Abbas Əzimov 81, tanınmış jurnalist Məmməd Kazım 83, jurnalist Surxay Əlibəyli 69, Azərbaycan Dövlət Televiziyası və Radiosunun diktoru, professor Qara Tağızadə isə 72 yaşında dünyasını dəyişib. Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən həmkarımız tanınmış jurnalist Nigar İsmayılqızı və tanınmış jurnalist Nicat Məlikov gənc yaşlarında dünyadan köçdülər. Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən jurnalist və hüquq müdafiəçisi, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimov evində dəm qazından boğulub. Jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq öldürüb və sair”.Təbriz Vəfalı 2019-cu ilin Azərbaycan mətbuatı tarixində uğurlu il kimi yadda qalacağını düşünür. Ekspert vurğulayır ki, KİVDF, MŞ və digər qurumlar tərəfindən müsabiqələrin təşkili, mətbuatın inkişafına xidmət edən tədbirlərin və layihələrin həyata keçirilməsi, Prezident İlham Əliyev tərəfindən bəzi jurnalistlərin fəxri adlarla və medallarla təltif edilməsi və digər hadisələr bu ilki uğurlarımızın sırasında olacaq: "Amma qalmaqallı hadisələr də kifayət qədər olacaq. Məsələn, "reket" jurnalistikasına qarşı aparılan mübarizə nəticəsində bəzi yazılı və elektron KİV-lərin, eləcə də jurnalist adına ləkə gətirənlərin zərərsizləşdirilməsi müəyyən qruplar və jurnalistlər tərəfindən tənqidlə qarşılanacaq və ictimai narazılığa rəvac verəcək yazılar, rəylər bəzi elektron və yazılı KİV-lərdə və sosial şəbəkələrdə yayımlanacaq. Amma 2019-cu ili uğurla başa çatdıra bilərik”.Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, JuHİolaraq təşkilat hər il medianın durumu ilə bağlı illik hesabat hazırlayır: "Hazırlıq prosesi davam edir, yəqin ki, bir həftə ərzində biz həmin hesabatı ictimaiyyətə təqdim edəcəyik. 2018-ci il daha çox media-hakimiyyət dialoqu və medianın ictimai məsuliyyət yükü göstəricilərinin artması ilə yadda qaldı. İlin ikinci yarısından başlayaraq xaricdə olan media qurumları tərəfindən Azərbaycan haqqında çirkin kampaniyalar aparıldı. Ölkənin ictimai fikir adamları, vətəndaş cəmiyyəti institutları və media nümayəndələri də ölkəmizlə bağlı aparılan "qara piar” kampaniyasına ciddi reaksiya verdilər. Qürurverici haldır ki, Azərbaycanda ictimai rəyin düzgün istiqamətə yönləndirilməsinə nail ola bildik. Medianın dövlət siyasətinə dəstəyi fonunda ölkədə sabitliyi pozmaq istəyən qüvvələr öz məqsədinə çata bilmədi. Bütün bunlar media siyasətinə cavabdeh olan şəxslərin düzgün strategiyasının göstəricisidir».

 

2019-cu ildə onlayn medianın daha da təkmilləşdirilməsi üçün müvafiq proqramların həyata keçiriləcəyini vurğulayan M.Ələsgərli ənənəvi inkişafın davam edəcəyini deyib: "Bununla belə JuHİ sədri 2018-ci ilin qlobal media üçün uğurlu olmadığını deyib. Dünyanın əksər aparıcı, demokratiya örnəyi hesab edilən ölkələrində media ilə bağlı ciddi problemlər yaşandı, bir sıra qarşıdurmalar oldu. Avropada ictimai yayım imkanlarının məhdudlaşdırılması, müstəqil medianın maliyyə dayaqlarının zəiflədilməsi baxımından ciddi dəyişikliklər oldu”.

 

Şəymən

Şərq.- 2019.- 5 yanvar.- S.10