Yeni medianın  tələbləri  lakoniklik və şevikllikdir

"Amma bu araşdırma yazıları, analitik mövzuları, müsahibələri və reportajları sıradan çıxarmamalıdır"

"Xəbər janrının öz oxucu kütləsi olduğu kimi, araşdırma yazıların da öz auditoriyası var. Hətta hadisənin təfərrüatları ilə maraqlananların sayı daha çoxdur"

Əvvəlki dövrlərə nisbətən bir qədər arxa planda qalan mətbuatın mühüm janrlarından biri də araşdırma jurnalistikasıdır. Ekspertlər bu janra marağın itməsinin səbəbini internet medianın inkişaf etməsində və operativ informasiya siyasətinə daha çox üstünlük verilməsində görürlər. Medianın nisbətən cavan növlərindən sayılan bu janrın yaranma tarixi XIX əsrin ikinci yarısından başlayır. Ötən dövr ərzində janrın əsas xüsusiyyətləri və ona göstərilən tələblər formalaşıb.Bunlar araşdırma jurnalistikasının həm mövzu dairəsini, həm də aparılma metodikasını əhatə edib. Məsələ ondadır ki, jurnalist təhqiqatı onun müəllifindən bəzən yaradıcı keyfiyyətdən daha çox təşəbbüs, iradə və ədalət tələb edir. Ona görə ki, bu janrın əsas predmeti heç də adi hadisələr deyil, birbaşa cəmiyyəti narahat edən, hətta bəzən dövlət orqanlarının üzə çıxarmaqda çətinlik çəkdiyi faktların aşkarlanması ilə əlaqədardır. Yaxın müddətə qədər "araşdırmaçı jurnalist” ifadəsi jurnalistlər arasında birmənalı qarşılanmırdı və bəzi narazılıqlara səbəb olurdu.Məlumdur ki, hər bir materialın yazılması üçün araşdırma mütləqdir, çünki araşdırma bu peşənin ayrılmaz hissəsidir. Əslində jurnalistika özü peşə olaraq araşdırma fəaliyyəti deməkdir. Hər hansı xəbərin qələmə alınmasından əvvəl az və ya çox dərəcədə bir araşdırma fəaliyyəti dövriyyəyə girir. Artıq bu janrla bağlı ziddiyyət yoxdur və KİV nümayəndələri belə bir sahənin mövcudluğunu qəbul edirlər. Təbii ki, bütün gizli məqamları tam açıqlamaq hər zaman mümkün olan proses deyil. Bununla yanaşı, cəhdin özü müəyyən gizli faktların açıqlanması və ya fərqli baxışların formalaşması üçün şərait yaradır. Hadisələri təfərrüatı ilə öyrənə bilmə, faktları ortaya çıxarma və buna bənzər məqsədlərlə araşdırma aparma jurnalistika fəaliyyətinin əsasını təşkil edir. Bu baxımdan hər jurnalistin araşdırmaçı jurnalist olduğunu söyləmək mümkündür. Ancaq jurnalist araşdırması önəmli yenilikləri ehtiva etməsi və cəmiyyət üçün böyük əhəmiyyətə malik olması ilə digər janrlardan fərqlənir. Ekspertlərin fikrincə, araşdırmaçı-jurnalist çox təcrübəli olmaqla, bir detektiv həssaslığı ilə detalları izləməyi bacarmalıdır. Araşdırma bir çox informasiya mənbələrinə əsaslanır ki, onların sırasında insanlar, sənədlər, arxiv materialları, şəxsi müşahidəni göstərmək olar.Onu da qeyd etmək lazımdır ki, məlumat işçisinin araşdırması ilə müxbirlik fəaliyyəti arasında fərq də var. Bir məmurun xarici ölkəyə səfəri haqqında ekspertlərlə görüşmək və onların rəyini üz-üzə və ya telefon vasitəsilə öyrənmək jurnalistin apardığı və aparmaq məcburiyyətində olduğu araşdırmalardandır. Araşdırmaçı-jurnalistlər onlara informasiya çatdıran, şübhəli motivləri olan hər insanın sözünə etibar etməməli, səbr və təmkinlə problemin kökünə enməyə çalışmalıdır. Ümumən jurnalist araşdırması yorucu və əziyyətli bir işdir. İstər jurnalist araşdırmasında, istərsə də məlumat toplama prosesinin hər hansı mərhələsində jurnalistləri bu yorucu və əziyyətli iş gözləyir. Dünya jurnalistika tarixində araşdırma mediaya aid edilən ilk nümunələr məhz peşəkar yazarların qələminin məhsuludur. Amerika jurnalistikasında Mark Tvenin məqalələri, fransız jurnalistikasında isə Emil Zolyanın "Dreyfus işi” ilə bağlı publisistik yazıları araşdırma-jurnalistikasına nümunə çəkilir. Rus jurnalistikasının ilk araşdırma məhsulu isə A.S.Puşkinin "Puqaçov üsyanı” əsəri hesab olunur. Türkiyə mediasında da araşdırma yazılar xüsusi önəm daşıyır. Hazırda Azərbaycan jurnalistikasında araşdırma dedikdə, kriminalla bağlı materiallar ön plana çıxır. Onun digər qolunu isə tarixi araşdırmalar təşkil edir.

 

Mətbuatın araşdırma janrı ilə bağlı "Şərq”ə danışan Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli deyib ki, yeni formalaşan internet mediada ən ciddi tələb olunan amil operativlikdir. Ona görə də saytlarda adətən kiçik həcmli xəbərlərə yer verilir: "Amma bu o demək deyil ki, yeni medianın tələbləri ciddi jurnalistikanı, araşdırma yazıları, analitik mövzuları, müsahibələri və reportajları sıradan çıxarmalıdır. Bütün dünya mediasında mövcud olan vəziyyət budur ki, əvvəlcə hansısa məsələ ilə bağlı kiçik informasiya yayılır. Daha sonra isə həmin mövzu dərindən araşdırılır, xırda detalları ilə birlikdə cəmiyyətə təqdim olunur. Məncə, xəbər janrının öz oxucu kütləsi olduğu kimi, araşdırma yazıların da öz auditoriyası var. Hətta deyərdim ki, hadisənin təfərrüatları ilə maraqlananların sayı daha çoxdur. Təəssüflər olsun ki, Azərbaycan mətbuatında araşdırma jurnalistika sahəsində vəziyyət qənaətbəxş deyil. Bu da ilk növbədə mediamızın iqtisadi problemləri ilə bağlıdır. Həm də burada zaman amili böyük rol oynayır. Araşdırmalar üçün çox vaxt tələb olunur və əlavə pul lazım olur. Məsələ burasındadır ki, araşdırma yazılara verilən qonorar kiçik xəbərlərə nisbətən fərqli olmalıdır. Amma mövcud vəziyyət bunun qarşısını alır. Ona görə də jurnalistlərin çoxu araşdırmalardan qaçır. Təbii ki, bu hal yolverilməzdir. Janrlar arasında balans gözlənilməlidir”.Ekspert deyib ki, indiki saytların çoxu xəbərləri biri-birindən kopyalayıb yaymaqla məşğuldur: "Konkret xəbər əsasında araşdırma yazı hazırlayan, özünəməxsus məqalə ortaya qoyan media orqanlarının sayı azdır. KİV-lər bilməlidir ki, oxucu onların öz məhsullarına daha çox diqqət yetirir. Bəllidir ki, araşdırma məqalələr xüsusi peşəkarlıq tələb edir. Məncə, hər jurnalistdən bu sahə ilə məşğul olmağı tələb etmək doğru olmaz. Ona görə də araşdırma janrına önəm verən tək-tük müxbirlərə stimul vermək, onları həvəsləndirmək lazımdır”."Milli.az” saytının baş redaktoru Anar İmanov da "Şərq”ə bildirib ki, araşdırma və müsahibələr - jurnalistikanın şah əsərləridir:

 "Araşdırma jurnalistikası zamanla yox olmalı idi, burada təəccüblü bir şey yoxdur. Ekspertlərlə razıyam, internet inkişaf etdikcə, bu janra maraq azalıb. Dövr dəyişib, hamı az vaxtda daha çox məlumat əldə etmək istəyir. Artıq uzun araşdırmaları, məqalələri, yazıları oxuyanlar azalıb. Statistikalarımız təsdiq edir ki, bizim oxucularımız qısa zaman ərzində daha çox məlumat əldə etmək istəyir, sayta daxil olur və az məlumata bir dəqiqədən çox ayırır”.Baş redaktorun sözlərinə görə, araşdırmalarla bağlı digər problem ondan ibarətdir ki, kapitalizm dövründə belə məqalələr hər kəs üçün rentabelli deyil:

"Mükəmməl araşdırma üçün vaxt, pul lazımdır. Əksər redaksiyaların buna imkanları yoxdur. Redaksiyaların çoxu daha az maliyyə qarşılığında yazıların daha çox yazılmasını və oxunmasını istəyir. Oxucular da operativ işləyən saytlara üstünlük verir. Yəni redaksiyalar bir növ məcburdur tələbə cavab vermək və bu şəraitdə araşdırmalara az yer verilir. Amma bu o demək deyil ki, jurnalistikamızda araşdırmalara son qoyulmalıdır. Bu janrın inkişafı üçün maliyyə ayrılmalıdır, çünki araşdırmalar olmadan jurnalistika inkişaf edə bilməz. Beynəlxalq jurnalistikada bu janr hələ də var. Hər il ən yaxşı araşdırmalara görə mükafatlar verilir. Amma bir məsələni də qeyd etmək istərdim ki, beynəlxalq jurnalistikada bəzən araşdırmalar siyasi alətə çevrilir, yəni hər hansı ölkənin imicini korlamaq üçün sifarişli, heç bir fakta əsaslanmayan, uydurmalarla dolu olan yazılar dərc olunur”."Yeni Müsavat”ın redaktoru Elşad Məmmədli də mövzu ilə bağlı "Şərq”ə fikirlərini bölüşüb. Redaktorun sözlərinə görə, araşdırma yazılarına marağın itdiyini demək olmaz: "Bu janra hər zaman maraq olub və bundan sonra da olacaq. Sadəcə, araşdırma yazıların sayı azalıb və olanlar da tam əhatəli olmur. Səbəbi isə müxtəlifdir. Əvvəla, son dövrlər oxucu marağı daha çox operativ informasiyaya yönəlib. İkinci səbəb odur ki, araşdırma yazısı redaksiya üçün böyük xərc və müxbir üçün zaman tələb edir. Bir araşdırma bəzən 10 gün, hətta daha artıq vaxt tələb edir. Bunun üçün redaksiya müxbirin orta günlük qonorarını, üstəlik də araşdırmaya tələb olunan xərcləri ödəməlidir, sonda da əməkdaşa yüksək qonorar verməlidir. Belə deyək ki, bir səhifəlik ortabab araşdırma yazısına redaksiyaların təqribən 300-400 manat xərc çəkməsi gərəkir.

 

Bu isə əksər redaksiyaların imkanları xaricindədir. Əlbəttə, son illərdə dövlətin göstərdiyi qayğı hesabına redaksiyaların maddi imkanları yüksəlib. Amma mövcud durumda həmin vəsaitləri də yalnız araşdırma janrına sərf etsələr, bu, redaksiyalara ciddi maliyyə krizisi yaşadar. Odur ki, araşdırma janrının inkişafı medianın iqtisadi imkanlarının yüksəlməsindən, reklam bazarının formalaşmasından bilavasitə asılıdır”. E.Məmmədli bildirib ki, beynəlxalq praktikada da yalnız böyük maliyyə imkanları olan redaksiyaların ciddi araşdırmalarına rast gəlirik: "Heç şübhəsiz ki, ictimai maraqlar, medianın ciddiyyəti baxımından araşdırma yazıları çox önəmli və zəruridir”.

 

(Davamı var)

İsmayıl

Şərq.- 2019.-12 yanvar.- S.11