Azərbaycan oxucusu əslində
araşdırma yazılarına acdır
Sadəcə
peşəkar jurnalistlərə istedadlarına uyğun
platforma verilməlidir
Əvvəlki dövrlərə nisbətən bir qədər
arxa planda qalan mətbuatın mühüm janrlarından biri də
araşdırma jurnalistikasıdır. Ekspertlər bu janra
marağın itməsinin səbəbini internet medianın
inkişaf etməsində və operativ informasiya siyasətinə
daha çox üstünlük verilməsində görürlər.
Medianın nisbətən cavan növlərindən
sayılan bu janrın yaranma tarixi XIX əsrin ikinci
yarısından başlayır. Ötən
dövr ərzində janrın əsas xüsusiyyətləri
və ona göstərilən tələblər
formalaşıb.Bunlar araşdırma jurnalistikasının həm
mövzu dairəsini, həm də aparılma
metodikasını əhatə edib. Məsələ
ondadır ki, jurnalist təhqiqatı onun müəllifindən
bəzən yaradıcı keyfiyyətdən daha çox təşəbbüs,
iradə və ədalət tələb edir. Ona görə ki, bu janrın əsas predmeti heç
də adi hadisələr deyil, birbaşa cəmiyyəti narahat
edən, hətta bəzən dövlət orqanlarının
üzə çıxarmaqda çətinlik çəkdiyi
faktların aşkarlanması ilə əlaqədardır.
Yaxın müddətə qədər
"araşdırmaçı jurnalist” ifadəsi jurnalistlər
arasında birmənalı qarşılanmırdı və bəzi
narazılıqlara səbəb olurdu.Məlumdur ki, hər bir
materialın yazılması üçün araşdırma
mütləqdir, çünki araşdırma bu peşənin
ayrılmaz hissəsidir. Əslində
jurnalistika özü peşə olaraq araşdırma fəaliyyəti
deməkdir. Hər hansı xəbərin qələmə
alınmasından əvvəl az və ya
çox dərəcədə bir araşdırma fəaliyyəti
dövriyyəyə girir. Artıq bu janrla
bağlı ziddiyyət yoxdur və KİV nümayəndələri
belə bir sahənin mövcudluğunu qəbul edirlər.
Təbii ki, bütün gizli məqamları tam
açıqlamaq hər zaman mümkün olan proses deyil. Bununla yanaşı, cəhdin özü müəyyən
gizli faktların açıqlanması və ya fərqli
baxışların formalaşması üçün şərait
yaradır. Hadisələri təfərrüatı
ilə öyrənə bilmə, faktları ortaya
çıxarma və buna bənzər məqsədlərlə
araşdırma aparma jurnalistika fəaliyyətinin əsasını
təşkil edir. Bu baxımdan hər
jurnalistin araşdırmaçı jurnalist olduğunu söyləmək
mümkündür. Ancaq jurnalist
araşdırması önəmli yenilikləri ehtiva etməsi
və cəmiyyət üçün böyük əhəmiyyətə
malik olması ilə digər janrlardan fərqlənir.Ekspertlərin
fikrincə, araşdırmaçı-jurnalist çox təcrübəli
olmaqla, bir detektiv həssaslığı ilə detalları
izləməyi bacarmalıdır. Araşdırma
bir çox informasiya mənbələrinə əsaslanır
ki, onların sırasında insanlar, sənədlər, arxiv
materialları, şəxsi müşahidəni göstərmək
olar. Onu da qeyd etmək lazımdır ki, məlumat
işçisinin araşdırması ilə müxbirlik fəaliyyəti
arasında fərq də var. Bir məmurun xarici ölkəyə
səfəri haqqında ekspertlərlə görüşmək
və onların rəyini üz-üzə və ya telefon vasitəsilə
öyrənmək jurnalistin apardığı və aparmaq məcburiyyətində
olduğu araşdırmalardandır. Araşdırmaçı-jurnalistlər
onlara informasiya çatdıran, şübhəli motivləri
olan hər insanın sözünə etibar etməməli, səbr
və təmkinlə problemin kökünə enməyə
çalışmalıdır.
Ümumən jurnalist araşdırması yorucu və əziyyətli
bir işdir.
İstər jurnalist araşdırmasında, istərsə də
məlumat toplama prosesinin hər hansı mərhələsində
jurnalistləri bu yorucu və əziyyətli iş gözləyir.
Dünya jurnalistika tarixində araşdırma
mediaya aid edilən ilk nümunələr məhz peşəkar
yazarların qələminin məhsuludur. Amerika
jurnalistikasında Mark Tvenin məqalələri, fransız
jurnalistikasında isə Emil Zolyanın "Dreyfus işi” ilə
bağlı publisistik yazıları
araşdırma-jurnalistikasına nümunə çəkilir.
Rus jurnalistikasının ilk araşdırma məhsulu
isə A.S.Puşkinin "Puqaçov üsyanı” əsəri
hesab olunur. Türkiyə mediasında da
araşdırma yazılar xüsusi önəm
daşıyır. Hazırda Azərbaycan
jurnalistikasında araşdırma dedikdə, kriminalla
bağlı materiallar ön plana çıxır. Onun digər qolunu isə tarixi araşdırmalar təşkil
edir.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev isə
"Şərq”ə açıqlamasında vurğulayıb
ki, araşdırma yazıların sayı heç də
azalmayıb.
Baş redaktorun sözlərinə görə, azalma ümumi
xəbər sayının artımı fonundadır:
"İnternet mediasının inkişafı sayəsində
gündəlik xəbər tədarükü fantastik miqdarda
artıb. Saytlar, sosial media iştirakçıları hər
dəqiqə xəbər istehsal edirlər. Bu zaman çox vaxt xəbər standartları da
unudulur, daha çox operativliyə diqqət yetirilir. Sanballı jurnalist araşdırması isə
jurnalist peşəkarlığı, xəbərə
çıxış bacarığı və ən əsası
vaxt tələb edir. Bu cür
araşdırmaları hər sosial şəbəkə istifadəçisi
edə bilmir. Heç peşəkar
jurnalistlərin də hamısı bu imkana malik deyillər.
Üstəlik, redaksiyaların araşdırma
sifariş vermək həvəsləri də çox deyil.
Bütün bunlar ümumilikdə sanki
jurnalistikada araşdırma janrına marağın sanki
azaldığı görüntüsü yaradır. Amma reallıqda bu janr qalır, ona maraq da
aşağı deyil. Şükür
Allaha ki, bizdə bu işi görə biləcək yetərli
sayda jurnalist də var. Araşdırma yazıları mətbuatın
gücünü ortaya qoyan bir janrdır. Bu
janr medianın cəmiyyət üçün nə dərəcədə
lazımlı olduğunu əyani şəkildə ortaya qoyur.
Bu baxımdan düşünürəm ki, nə
qədər ki, ciddi media mövcud olacaq, ciddi araşdırma
yazıları da yazılacaq”.
"Azxeber.com”
saytının baş redaktoru Əfsələddin Ağalarov
"Şərq”ə açıqlamasında jurnalistikanın
əsas və başlıca sahələrindən birinin məhz
araşdırma janrı olduğunu bəyan edib:
"Bu sahə həqiqətən də cəmiyyətin
fərqli informasiya əldə etməsi üçün
çox vacibdir. Düşünürəm ki, bu sahənin
Azərbaycanda inkişaf etməməsinin bir sıra subyektiv səbəbləri
var. İlk növbədə araşdırma jurnalistikası
maliyyə tələb edən sahədir. Jurnalistin
bir-iki ayını hansısa araşdırmaya həsr etməsi
maddi vəsaitdən birbaşa asılıdır. Xüsusən də xarici ölkələrdə bir
sıra nüfuzlu qəzet və saytların jurnalistləri
araşdırma ilə məşğul olduqları zaman onlara
ciddi maliyyə resursları ayrılır. Ancaq
nəzərə alaq ki, Azərbaycanda media orqanları biznes
strukturu kimi formalaşa bilməyib və bunun nəticəsində
onların maliyyə imkanları da xeyli aşağıdır.
Elə bu səbəbdən bizdəki media
qurumları jurnalistləri maliyyə tələb edən
araşdırmalara yönəltməyə maraqlı deyillər.
Əslində araşdırma jurnalistika media
quruluşunun bel sütunudur. İndiki
mediamız əsasən xəbər standartları üzərində
qurulub. Ancaq dünyanın aparıcı
media orqanları əsasən araşdırma jurnalistika ilə
bağlıdır.
Tanınmış
jurnalist Azər Qaramanlı da Azərbaycan jurnalistikasında
araşdırma janrının arxa plana keçməsində
internet medianın inkişaf etməsinin və operativ informasiya
siyasətinin daha geniş yayılmasını əsas səbəb
kimi görmür:
"Dövlət qurumlarının mətbuata
yanaşması əsas rol oynayır. Yaxşı
araşdırmalar hər zaman mətbuatda hadisə olur və
araşdırma janrı peşəkar jurnalistikanın əsasını
təşkil edir. Dünya mətbuatında
araşdırma janrı bu gün də əsas yer tutur. Bütün aparıcı dünya mətbuatı əsasən
müxtəlif sahələri əhatə edən
araşdırma yazılarla gündəm yaradırlar və bu
da təbiidir. Ümumiyyətlə, ciddi mətbuat
araşdırma janrı ilə ortaya çıxır və
bunun alternativi yoxdur”. Jurnalistin fikrincə, Azərbaycanda
bu janrın arxa plana keçməsinin bir çox səbəbləri
var: "Azərbaycan mətbuatında diletantlar da fəaliyyət
göstərir və onlar peşəkarlığın rol
oynamadığı operativ informasiya sahəsinə
üstünlük verirlər. İndi Azərbaycanda
"kopi-pasta” janrı o qədər inkişaf edib ki, hətta
bir iki dəfə "kopi-pasta” edənlər özlərini
vazkeçilməz "jurnalist” hesab edirlər. İndi
media əsasən tərcümə üzərində
inkişaf edir. Bu daha asandır və
peşəkarlıq tələbatı da çox
aşağıdır. Digər tərəfdən
bəzi dövlət qurumları mətbuatla əməkdaşlığa
qapalıdır. Onlar bir çox hallarda adətən
təkzib etməklə məşğul olurlar. Həmçinin, biznes qurumlarının, ictimai təşkilatların
da mətbuat katibləri öz işlərini ancaq təkziblə
çərçivələyirlər. Bir
çox sahələrdə araşdırma aparmaq
üçün təbii ki, jurnalistlər dövlət
qurumlarından müxtəlif səpkili informasiya
almalıdırlar. Lakin bu məlumatları
ala bilmədiklərinə görə, onların araşdırmaları
dalana dirənir və nəticədə araşdırma mənasız
yazıya çevrilir. Yəni informasiya əlçatımlığının
olmaması səbəbindən qarşıya qoyulan məsələnin
ətrafında boş gəzintidən başqa heç nə
yaratmaq mümkün olmur”.
A.Qaramanlı
bildirib ki, araşdırma janrı vaxt, informasiya əlçatımlığı
və maliyyə tələb edir:
"Bizdə sadəcə vaxt var, digər ikisi
isə yoxdur. KİV-lər, istər telekanallar, istər
saytlar, istərsə də qəzet və jurnallar reytinq naminə
maqazin xəbərlərə, hətta erotik janra
üstünlük verirlər. Lakin onların reytinqləri
ümumilikdə dövlətin maraqlarına cavab vermir. Ortaya
çıxan nəticə ancaq şarlatanlıq olur.
Əslində Azərbaycan oxucusu və
tamaşaçısı araşdırma yazılara acdır.
Bu aclıq hər gün daha da böyüyür. Azərbaycanda
istedadlı jurnalistlər çoxdur. Sadəcə onlara
istedadlarına uyğun platforma verilməlidir”.
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad
Hüseynzadə də "Şərq”ə
açıqlamasında bildirib ki, müasir jurnalistika ilə
klassik jurnalistika arasında fərqlər çoxdur:
"Bu, təkcə texniki, yayım baxımdan
deyil, eyni zamanda yaradıclıq baxımdandır. Xüsusilə
internetin inkişafı, sanki jurnalistikada qəribə bir mənzərə,
rahatlıq yaradıb. Kimsə özünə əziyyət
verib hər hansı mövzunun dərinliyinə gedib
araşdırma aparmaq istəmir. Bunun əsas səbəblərindən
biri maraqdır. Yəni istənilən jurnalistin
araşdırma aparmaq üçün öncə
motivasiyası olmalıdır. Bu gün biz bəzən neqativ
niyyətli araşdırma yazılara rast gəlirik. Əlbəttə,
bu, açıq-aydın hiss olunur ki, məqsədli və
sifarişli yazılardır. Bunu edən jurnalistlər və
onların aldıqları qrantlar məlumdur. Beynəlxalq
jurnalistikada araşdırma yazılarını əsasən
blogerlər edirlər. Bloger jurnalistikası bu baxımdan
böyük önəm daşıyır. Azərbaycan
mediasında araşdırma yazıları artırmaq
üçün jurnalistlərdə maraq oyatmaq
lazımdır”.
İsmayil
Şərq.-
2019.- 15 yanvar.- S.11.