“Seriallarin hec  birində  ideoloji mesaj yoxdur”

Ayaz Salayev: "Bu filmlər sənət əsəri sayılmır, yalnız vaxt itkisidir"

"Yerli serialların çəkilməsinin mənim baxışımdan bir xeyri var. O da aktyorların, operatorların işsiz qalmayıb, qonorar qazanmasıdır"

"İki dəfə serial çəkməyi təklif etdilər. Baxmayaraq ki, həmin vaxt pula çox ehtiyacım vardı. O pulla çox problemi həll edə bilərdim, amma yenə imtina etdim"

Milli efir məkanında teleserialların kəmiyyət baxımından artması tendensiyası davam etsə , keyfiyyət baxımından çatışmazlıqlar qalmaqdadır.

Milli Televiziya Radio Şurası bu barədə mətbuata məlumat verib. Məlumatda qeyd edilir ki, xüsusilə komediya janrında çəkilib nümayiş etdirilən seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur. Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan bir şəkildə təqdim edilir.Həmçinin seriallarda sponsorla bağlı da vəziyyət ürəkaçan deyil. Belə ki, sponsorlar seriallarda gizli açıq şəkildə reklam edilir. Bəzən hətta sponsorlar serialın süjet xəttinə daxil edilir serialın müəyyən bir bölümü səhnələşdirilmiş şəkildə sponsorun qabarıq reklamına həsr olunur. Bu hallar isə reklam qanunvericiliyinin pozulmasına gətirib çıxarır.

Son illər çəkilən yerli filmlər, seriallarla bağlı kinoşünas Ayaz Salayevlə əlaqə yaratdıq. «Şərq»ə yerli Azərbaycan filmlərindən danışan Ayaz Salayev seriallar sahəsini "yıxıb-sürüdü".

- Ayaz müəllim, yerli seriallarımızın keyfiyyəti kino mütəxəssisi kimi sizi qane edirmi?

- Mən serialları qətiyyən izləmirəm. Təkcə yerli seriallardan söhbət getmir. Ümumiyyətlə, serial izləmirəm. Serialı sənət əsəri saymıram. Sadəcə, yerli seriallara ayrılan vaxtı zaman itkisi hesab edirəm. Yerli serialların çəkilməsinin mənim baxışımdan bir xeyri var. O da aktyorların, operatorların işsiz qalmayıb, qonorar qazanmasıdır. Yəni bu sahədə olanlar seriallarda çəkilməklə maddi ehtiyaclarını müəyyən mənada ödəmiş olurlar. Seriallarda belə bir mədəniyyət yaranıb - ona xidmət üçün çəkirlər, büdcə mədəniyyəti yaranıb seriallarımızda. Mən serialı ciddi sənət əsəri kimi qəbul etmədiyim üçün seriallara əhəmiyyət vermirəm. Serialların çəkilməsi yalnız ona görə lazımdır ki, aktyorlar boş oturmasın, bir bir az maddi dolanışıqları yaxşı olsun, pul qazansınlar. Yoxsa serialların heç birində ideoloji mesaja rast gələ bilməzsiz, heç birisinin ciddi mənada cəmiyyətin mədəni düşüncəsini formalaşdırmağa təsir gücü yoxdu. Mən ömrümün bir saatını belə seriala sərf etmərəm.

- Kino ciddi sənət əsəri sayılır. Vizual sənət əsərləri arasında ən böyük təsir gücünə sahibdir.

- Kino başqa bir sahədir. Kino sənət əsərləri arasında ən ciddi, daha məsuliyyətli çox böyük təsir gücünə malik janr sayılır. Kino sözün həqiqi mənasında ciddi sənət əsəridir. Ona laqeyd yanaşmaq haqsızlıq olar.

- Azərbaycanda son illər çəkilən filmlərdən danışsaq, necə? Onların keyfiyyəti qənaətbəxşdirmi?

- Yerli Azərbaycan kinosundan danışmaq üçün əslində saatlar yetməz. Yerli filmlərimizin keyfiyyətindən söhbət gedirsə, müxtəlifdir, onların arasında zəif filmlər olub, güclü filmlər . Ciddi kino əsəri yaratmaq üçün peşəkarların bu sektorda yer alması vacibdir. Keyfiyyətli filmin ərsəyə gəlməsi böyük vəsait tələb edir. Bunun üçün zaman lazımdır. Bir filmin çəkilməsi 5 günə başa gələ bilməz. Təbii ki, söhbət ciddi kino əsərindən gedir. Filmin senarisi yaxşı olmalıdır, filmin ideya xətti, ideoloji yükü millətin marağına cavab verməlidir. Film tamaşaçıya mesajını çatdıra bilmirsə, onun keyfiyyətindən danışmağa dəyməz. Yəni bu gün birinin pulu var, meydana çıxdı, pul təklif etdi ki, kino çəkilsin. Belə olmur. Film bazarda kartof almağa bənzəmir.

- Yaxşı pul versələr, sifarişlə film çəkməzsiz?

- İnanın səmimiyyətimə, heç vaxt! Mümkün deyil. Sənədli film olar, hansısa çarx çəkərəm, amma sifarişlə bədii film çəkmərəm. Bu, murdarlıq olar. İki dəfə serial çəkməyi təklif etdilər. Baxmayaraq ki, həmin vaxt pula çox ehtiyacım vardı. O pulla çox problemi həll edə bilərdim, amma yenə imtina etdim. Gərək gənclər sənəti qoruya, dəyərini bilə.

- İndiki gənclərə ümidiniz var?

- Əlbəttə. Elə işıqlı, bəşəri düşünən gənclər var ki. Sadəcə indi bizim üstümüzə məsuliyyət düşür. Gərək bu gənclərə dəstək olaq, yol açaq onlara. İstəmirəm işıqlı gənclər ölkəni tərk etsinlər. Başqa ölkələrə üz tutsunlar. Onları qoruyub saxlamaq lazımdır. Belə gənclər mənə dərs demək üçün təsəllidir.

- Yerli filmləri analiz etsək, ideya yoxsulluğu, yoxsa başqa qüsurlar daha qabarıq görünür?

- Belə fikir formalaşıb ki, guya senarist, rejissor balaca adamların yanında olanda böyük sənət əsəri yaranır. Mən elə düşünmürəm. Balaca adamların balaca problemləri film mövzusu deyil. Məişət məsələsi məişət səviyyəsində çəkilməməlidir. Bəşəri olmaq, bəşəri düşünmək lazımdır. Əgər məişət məsələsini, xırda problemi qlobal müstəviyə qaldıra bilirsənsə, , bu başqa məsələ, çək.

- Deyək ki, son illərin İran filmləri kimi...

- Bəli. Vaxtilə heç kimin xəbəri olmayanda İran filmlərinin təbliğatçısı olmuşam. Amma sonra baxdım ki, çox məişətdir. Qlobal heç yoxdur. Hər şey lokaldır, balacadır. Məsələn, bir uşaq ayaqqabı tapmır, biri pulunu itirir... Yəni film sahəsində şərq hələ qərb kino sahəsi ilə rəqabətə hazır deyil.

 

Tahirə Məmmədqızı

Şərq.- 2019.- 15 yanvar.- S.-13