“Heydər
Əliyev olmasaydı “Nəsimi” çəkilməzdi”
Rasim Balayev: "Məhz
onun tapşırığı
ilə kinoya ayrılan vəsaitdən əlavə dövlət büdcəsindən pul ayırdı ki, film yaxşı çəkilsin"
"Qaldı əgər yenidən «Nəsimi» çəkilərsə,
bu film əvvəlkindən
daha güclü çəkilsə, bunu alqışlamaq olar. Yox, əvvəlkindən zəif çəkilərsə,
bunu etməyə ehtiyac yoxdu"
Prezident İlham Əliyevin
Sərəncamı ilə
2019-cu ilin görkəmli
Azərbaycan şairi və mütəfəkkiri,
Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən
böyük ustad İmadəddin Nəsiminin
650 illik yubileyi ilə əlaqədar
"Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət
və ehtiramın ən yüksək göstəricisidir. Eyni zamanda, bu Sərəncam
Azərbaycan mədəniyyətinin,
zəngin tarixi-mədəni
irsinin təbliğinə
çox böyük töhfədir.
Nəsimi kimi
böyük, tarixi şəxsiyyətin obrazını
yaratmaq isə həm məsuliyyətli, həm də aktyordan böyük potensial tələb edirdi. «Nəsimi» Azərbaycan kino tarixinə qızıl hərflərlə yazıldı.
Filmin baş qəhrəmanını, Nəsimi
obrazı isə Xalq artisti Rasim
Balayevə həvalə
olundu. Onun yaratdığı Nəsimi obrazı filmin uğur qazanmasında birmənalı
şəkildə təsirini
göstərib.«Nəsimi
ili»ndə Nəsimi obrazını yaradan Xalq artisti Rasim
Balayevlə həmsöhbət
olduq. «Şərq»ə
Nəsimi irsinin dəyərindən danışan
xalq artistinin maraqlı açıqlamaları
oldu.
- Bu il dövlət başçımızın
sərəncamı ilə
"Nəsimi ili"
elan edildi. Dahi mütəffəkirin irsinə baxış olacaq. Nəsimi kimi tarixi bir
obrazı filmdə canlandıran sənətkarsız.
Sizcə, İmadəddin
Nəsimi irsinə yetərincə dəyər
verə bilmişikmi?
- Prezidentimiz tərəfindən bu ilin "Nəsimi ili" kimi elan edilməsi hesab edirəm ki, çox təqdirəlayiq bir haldır. Nəsimi irsi o qədər dərindir ki, onu nə özümüzə,
nə də dünyaya hələ tam, yaxşı tanıtdıra bilməmişik.
Gözəl bir fürsətdir
ki, bu ilin
"Nəsimi ili"
kimi qeyd olunması dövlət səviyyəsində həyata
keçirilir. Çox
güman ki, il ərzində Nəsimi irsinin, yaradıcılığının tanıdılması, inkişafı
istiqamətində böyük
konfranslar, dövlət
tədbirləri, beynəlxalq
çərçivədə
ölkəyə qonaqların
dəvət olunması
nəzərdə tutulur.
Çünki Nəsimi
yaradıcılığı, Nəsimi irsi o qədər dərin, o qədər ilahidir ki, onu öyrənmək
üçün uzun illər bəs etməz.
- Çox güman
ki, o tədbirlərə
siz də qatılacaqsız. Təklifləriniz
nə ola bilər?
- Əgər il ərzində keçirilən tədbirlər
sırasına məni
də dəvət etsələr, məmnuniyyətlə
qatılaram. Nəsimini
dünya səviyyəsində
yetərincə tanıda
bilməmişik. Təəssüflə
bunu qəbul etməliyik. Bu istiqamətdə ciddi addımlar atmaq lazımdır. İmadəddin
Nəsiminin Azərbaycan
ədəbiyyatına böyük
töhfələri olan
mütəfəkkirdi.
- Bu obrazı
yaratmaq aktyordan böyük məsuliyyət
tələb edirdi. O dönəmlərdə "Nəsimi"
filmi çəkilərkən
hansı çətinliklərlə
qarşılaşmısız?
- Film kollektiv
sənətdir. Mən
bacardığım qədər
filmdə obrazı yaratmağa çalışmışam.
"Nəsimi" filminin
ərsəyə gəlməsi
ulu öndərin təşəbbüsü ilə
gerçəkləşib. Heydər Əliyevin köməyi ilə film çəkildi. İlk dəfə "Nəsimi" filmi valyuta ilə alınan kino plyonkasına çəkildi
ki, keyfiyyətli olsun. Heydər Əliyevin tapşırığı
ilə kinoya ayrılan vəsaitdən əlavə dövlət büdcəsindən pul ayırdı ki, film yaxşı çəkilsin. Elə
"Babək" filmi
də ulu öndərin dəstəyi
ilə çəkilib.
Heydər Əliyev olmasaydı, "Nəsimi"
çəkilməzdi. "Nəsimi" sovet dönəmində çəkilmişdi.
Bəzilərində elə
bir fikir formalaşmışdı ki,
Nəsimi Allahı inkar edib. Xeyr,
elə deyil. Nəsimi dindar şair olub. Filmdə «Məndə sığar iki cahan, mən bu cahana sığmazam»
misrasından istifadə
edilib. Bəziləri elə düşünür
ki, bunu deyən şair Allahı inkar etdiyini vurğulayıb. Amma belə deyil. "Nəsimi" filmi çəkilərkən
Əli Fəhmi rəhmətlik mənə
məsləhətlər verirdi.
Professor mənə izah edirdi ki,
Nəsiminin şeirlərində
olan fikirlər "Quran"dan götürülüb.
O zaman "Quran" rus, ingilis dillərində
tərcümə olunsa
da, Azərbaycan dilində tərcüməsi
yox idi. Əli Fəhmi Azərbaycan dilində
"Quran"ı tərcümə
etsə də, onun çapına icazə verməmişdilər.
Demək istədiyim odur ki, filmin
çəkilişindən əvvəl uzun müddət filmə hazırlıq prosesi oldu. Mən Nəsimi yaradıcılığı
ilə tanış olmağa çalışdım.
Əli Fəhmi onun şeirlərinin izahını mənə başa salırdı ki, mən obrazı
yaradarkən bunların
mənə təsiri olsun. Yəni Nəsimi Allahı danmayıb. Nəsimi dindar şair olub. O, sadəcə Allahın yaratdığı
insanın özəlliyini,
üstünlüyünü çatdırmağa çalışıb.
Film tamaşaçı
tərəfindən sevildi.
Düzdür, o vaxt
"Nəsimi" filmini
bəzi dindar ölkələr almadılar
ki, burda Allahın varlığı
inkar edilir. Əslində elə deyildi. Amma hardasa
30-40 ölkəyə film
satıldı. Nəsimi
yaradıcılığında insanın dəyəri özünü göstərib.
Diqqət verin, o,
"həqq mənəm"
deyəndə insanı
dəyərləndirirdi, Allahı
inkar etmirdi. Ona görə bu filmin çəkilməsi
böyük əziyyətlə
ərsəyə gəlib.
- O film yenidən
çəkilsə münasibətiniz
necə olar?
- Nəsimi yaradıcılığı,
onun şeirləri, qəzəllərini öyrənmək,
irsini araşdırmaq
üçün peşəkarlar,
filoloqlar, tarixçilər
bir araya gəlməlidir ki, Nəsimi dünyaya layiqi şəkildə tanıdılsın. Qaldı
əgər yenidən
«Nəsimi» çəkilərsə,
bu film əvvəlkindən
daha güclü çəkilsə, bunu alqışlamaq olar. Yox, əvvəlkindən zəif çəkilərsə,
bunu etməyə ehtiyac yoxdu. «Nəsimi»ni yenidən çəkmək üçün
peşəkarlıq, araşdırma,
böyük vəsait,
uzun müddət lazım olacaq. Əgər zəif film çəkilərsə,
heç buna cəhd etməsinlər. Amma Nəsimi yaradıcılığı, irsinin
araşdırılmasına ehtiyac var. Çünki
Nəsimi həqiqətən
böyük mütəfəkkir,
şair olub. Bu ilin "Nəsimi
ili" kimi qeyd edilməsini alqışlamaq, bu addıma dəstək vermək lazımdır. Bu kimi qərarların
verilməsi ölkəmizdə
yüksək ideallara,
mənəvi həyata,
mədəniyyətə, şeirə,
sənətə, onların
inkişafına nə
qədər böyük
diqqət yetirildiyinin təzahürüdür. Bütün
bunlar ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinə,
tarixinə verdiyi diqqət və qayğının nümunəsidir.
Tahirə Məmmədqızı
Şərq.-
2019.- 19 yanvar.- S.13