Müsahibə
jurnalistikanın şah damarıdır
İnsanla həmsöhbət olmaq oxucuya
yalnız informasiya vermir, həm də böyük maraq
doğuran ictimai, siyasi xadimlərin daxili dünyasına yol
açır
(... əvvəli ötən sayımızda)
Jurnalistikanın ən
mühüm və bir o qədər də oxunaqlı
janrlarından biri müsahibədir. İnformasiya janrları
arasında özünəməxsus yeri və cəlbediciliyi
ilə seçilən müsahibə özündə xəbər,
hesabat, şərh, icmal, oçerk və s. növlərin
xüsusiyyətlərini də birləşdirir. Müsahibənin monoloq, dialoq, sorğu, rəy və
sair növləri var. İstər xəbər daxilində, istər
reportajlarda, istərsə də analitik janrlarda müntəzəm
olaraq geniş istifadə olunan müsahibə oxucuya hadisə
barədə ətraflı məlumat əldə etməyə,
informasiyanı birbaşa mənbədən almağa imkan yaradır.
Müsahibənin suallarını üç
amil üzrə təhlil etmək olar: Əvvəlcədən
hazırlanmış, alternativ suallar və gözlənilməz
suallar. Müsahibənin mayası söhbəti
başlayan, onun tərkibini təşkil edən və onu
başa çatdıran əvvəlcədən hazırlanmış
suallardır. İkinci amil əvvəlcədən
hazırlanmış alternativ suallardır və bunların
prinsipi belədir: əgər müsahib belə cavab verərsə,
mən ona bu sualı verəcəyəm, əgər
başqa cür cavab versə, onda bu-bu-bu şeyləri
soruşacağam. Üçüncü – gözlənilməz,
söhbətdən doğan suallar. Bu, müsahibənin demək
olar ki, ən mürəkkəb anıdır. Əvvəlcədən
hazırlanmış suala siz birdən gözləmədiyiniz
cavabı alırsınız və bu sizdən ani reaksiya tələb
edir. Müsahibə prosesində gözlənilməz şeylərə
həmişə hazır olmaq lazımdır. Müsahibədə
qəfil dönüş söhbətin ən maraqlı
yeridir. Məhz bu vaxt söhbət gözlənilməz xarakter
alır, atmosferi yumşaldır, yaxud, əksinə, hissləri
qızışdırır.
Müsahibə yalnız informasiya vermir, həm
də yeni münasibətlərə, tanınmış
insanların hamı üçün böyük maraq
doğuran ictimai, siyasi xadimlərin daxili dünyasına yol
açır. Həmin insanları tamamilə fərqli rakursdan
ictimaiyyətə təqdim edir. Müsahibə
bacarığı jurnalistikanın əsasını təşkil
edən kriteriyalardan biridir. Müsahibə həm bir informasiya
toplamaq metodudur, həm də tək başına jurnalistikada
xüsusi yeri olan bir janrdır. Elə buna görə də
jurnalist olmağa qərar vermiş insanlar müsahibə aparma
və yazma qaydalarını da bilməlidir.
Onu da deyək ki, hazırda Qərbi Avropa və
Amerikanın jurnalistika məktəblərində müsahibəyə
iki tərəf arasında gizli yarışma kimi
yanaşırlar. Sanki jurnalist bütün gizli
üsullarını işə salıb müsahibindən
özünə lazım olan informasiyanı almağa
çalışır və alır da.
Müsahibədə jurnalistin əsas məqsədi
bundan ibarət olmalıdır: ictimai yüklü hansısa məsələ
barəsində faktlara və sitatlara söykənərək dəqiq,
bitkin informasiyanı cəmiyyətə çatdırmaq. Dəqiqlik
və qərəzsizlik ilə yanaşı, bu zaman jurnalist
vicdanlılıq prinsiplərinə də əməl etməlidir.
Bu gün bəzən elə müsahibələr oxuyursan ki,
görürsən heç jurnalist mövzuya bələd
deyil. Jurnalist kiminlə müsahibəyə gedəcəksə,
dərindən hazırlaşmalıdır. Amerikalı
mütəxəssislər belə hesab edir ki, reportyor
müsahibi ilə görüşməmişdən əvvəl
ona hansı informasiyanın lazım olduğunu özü
üçün müəyyənləşdirməlidir və
bu məlumatı əldə etmək üçün
müvafiq suallar fikirləşməlidir.
Gərək jurnalist peşəkar olsun, öyrənmək
istədiyi məsələyə bələd olsun ki,
informasiyanı müsahibinin dili ilə daha da zənginləşdirsin.
Mütəxəssislərin iddiasına görə,
hazırlıqlı jurnalist müsahibənin maraqlı
olmasının əsas qarantıdır. Sualların əhatə
etdiyi mövzularla bağlı məlumatlı olmaq çox
önəmlidir. Müsahib haqqında daha çox şey bilmək,
məlumatlı olmaq müxbirin ən böyük
üstünlüyüdür. Digər mühüm məqam isə
dünyagörüşlü və erudisiyalı olmaqdır.
Yalnız savadlı şəxs informasiyalardan yetərincə
istifadə edə və xoş həmsöhbət ola bilər.
Çünki jurnalistin dünyagörüşü
müsahibin ona olan hörmət və etibarını
artıracaq. Bu isə müsahibədə mühüm önəm
kəsb edir. Əsas məqamlardan biri də suallarla bağlıdır.
Müsahibə janrında sualları əvvəlcədən
hazırlamaq vacib məsələdir. Sözsüz ki,
müsahiblə görüşdə əlavə suallar da
ortaya çıxa bilər.
Jurnalist aşağıdakı sualların dəqiq
cavabını tapmalıdır:
"Müsahibə aparacağım insan kimdir?
Niyə o insan mənim müsahibimdir?” Müsahib barədə
xasiyyəti, nələri sevdiyi, nələrdən nifrət
etdiyi haqqında müəyyən məlumatlara sahib olmaq da
müsahibə əsnasında jurnalistə kömək edəcək.
Bundan sonra suallar tərtib edilə bilər.
Müsahibənin jurnalistikanın ən aktual
janrlarından biri hesab olunmasına rəğmən son illər
Azərbaycan mediasında bu janra müraciət edən
jurnalistlərin sayının azaldığı iddia edilir. Digər
iddia isə müxtəlif media orqanlarında dərc olunan
müsahibələrin standart və şablon olması ilə
bağlıdır.
Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri
Seymur Verdizadə üçün də jurnalistikada ən
maraqlı janrlardan biri müsahibədir. Bununla belə o da təəssüflə
son vaxtlar jurnalistlər arasında müsahibə janrına
marağın azaldığını deyib: "Yəqin ki,
bunun əsas səbəblərindən biri yeni medianı izləyən
şəxslərin irihəcmli yazılara bir o qədər
maraq göstərməməsidir. Biz sürət əsrində
yaşayırıq. Müasir oxucu irihəcmli yazıları
oxumağı vaxt itkisi hesab edir. Hazırda oxucuları daha
çox operativ informasiya maraqlandırır. Jurnalistlər
zamanın tələbini nəzərə alaraq, tədricən
böyük müsahibələri qısa açıqlamalarla
əvəzləməyə başlayıblar. Bu,
başadüşüləndir. Amma hesab edirəm ki,
maraqlı müsahibənin oxucusu həmişə olub, bundan
sonra da olacaq. Çap mətbuatının müsahibə
janrına maraq göstərməsi yaxşı olardı. Ancaq
bu zaman jurnalistlər başqa bir problemlə üzləşirlər.
Maraqlı müsahib tapmaq indi çox çətindir. Təəssüf
ki, insanlar danışmağa xəsislik edirlər. Biz
jurnalistlər çox vaxt sözü insanların
ağzından kəlbətinlə çəkib
çıxarırıq. Loru dildə desək, heç kim
"ağrımayan başına yaş dəsmal bağlamaq”
istəmir”.
Ekspert bildirib ki, Azərbaycanda insanların nitq
qabiliyyəti çox zəif inkişaf edib:
"Orta statistik azərbaycanlı fikrini ifadə
etməyə çətinlik çəkir. Çox adam elə
bilir ki, yazmaq və danışmaq ancaq jurnalistlərin
işidir. Bu problem idmançılarımızın
timsalında özünü daha qabarıq şəkildə
göstərir. Təsəvvür edin ki, Avropa və
ya dünya çempionu olan idmançı bəzən öz
sevincini bölüşməyə belə çətinlik
çəkir. Çünki həyat onun üçün
yalnız tatamidən ibarətdir. Əksəriyyəti kitab
oxumur, mütaliə vərdişləri sıfıra bərabərdir.
Aydın məsələdir ki, belə mühitdə
maraqlı müsahib tapmaq çətindir. Danışmaq,
müsahibə vermək üçün həm də savad,
geniş dünyagörüşü lazımdır. İnsan
bundan məhrum olanda ona uzadılan mikrofona baxıb kəkələyəcək.
Nəticədə jurnalistin işi çətinləşir.
Potensial müsahiblərimiz ola biləcək şəxslərə
demək istəyirəm ki, ürəyinizdən keçənləri
dilinizə gətirin, danışmaqdan qorxmayın. Allah dili
bizə təkcə naz-nemətin dadına baxmaq
üçün verməyib. Dil həm də ünsiyyət
vasitəsidir. İnsan danışmayanda, münasibətlər
korlanır”.
"Milli.az” saytının baş redaktoru Anar
İmanov üçün isə müsahibə
jurnalistikanın şah əsəri, pik nöqtəsi, ən
üst zirvəsidir:
"Həmçinin, ən çətin janrlardan
biridir. Çünki xüsusi hazırlıq tələb
edir. Yazmaqdan savayı yaxşı
danışmağı, danışdırmağı
bacarmalısan. Müsahiblə görüşənə
qədər yaxşı olar ki, onun haqqında məlumat
toplayasan, köhnə müsahibələri ilə tanış olasan. Ola bilər, bir il öncə müsahibin hansısa vəd
verib, bunun özü maraq doğuran bir sualdır. Ya da müsahibə hansısa əlamətdar hadisə
ilə bağlıdır və hər zaman aktualdır. Bu da növbəti bir sual. Müsahibə
götürdüyünüz insan haqqında hər şey
bilməlisiniz. Onun sevmədiyi sualları və
mövzuları çox səsləndirməkdən çəkinməlisiniz.
Əks halda yaranmış aqressiya müsahibədə
verilən suallara daha qısa cavablara səbəb olacaq və
müsahibə tez bitəcək. Yəni istədiyinizə
nail ola bilməyəcəksiniz. Əgər siz köhnə müsahibələri
oxusanız, eyni sualları verməyəcəksiniz və eyni
cavabları almayacaqsınız. Nəticədə
oxucu daha çox məlumat əldə edəcək. "Ağır” sualları iki halda verə bilərsiniz.
Müsahibənin sonunda, ya da müsahibiniz sizinlə
tam sərbəst və dostcasına münasibət qurmağa
başlayanda”.Baş redaktorun sözlərinə görə,
müsahibənin razılaşdırılması normaldır.
Ən azından ona görə ki, müsahibiniz
oxuyarkən, öz səhvlərini sizdən yaxşı
görə bilər, ya da "Google” vasitəsilə
cavablarına düzəliş edə bilər: "Suallar
vacibdir, amma nəzərə almaq lazımdır ki, müsahibəni
oxunaqlı edən suallar yox, cavablardır. Bir məsələ
də var ki, əgər müsahibiniz tanınmış adam deyilsə, yaxşı olar ki, ondan
tanınmış insanlar barəsində
soruşasınız. Bütün bunlar
yazını oxunaqlı, jurnalisti isə məşhur edə
bilər. Müsahibənin maraqlı
olması bütün hallarda jurnalistin peşəkarlığından
və təcrübəli olmasından asılıdır.
Bunun üçün, qeyd etdiyim kimi, ancaq yazmaq
kifayət etməz, eyni zamanda səlis danışmaq, fikrini dəqiqliklə
müsahibə çatdırmaq lazımdır”.
"Türküstan”
qəzetinin baş redaktoru Aqil Camal hesab edir ki, müsahibənin
uğurlu alınmasının başlıca şərti
müsahibin düzgün seçilməsidir:
- Əvvəllər qəzet jurnalistikasında bir
müsahibə ənənəsi vardı. Az qala hər
gün jurnalistə kimdənsə müsahibə almaq
tapşırılırdı. Təbii ki, hər
gün maraqlı müsahib tapmaq müşkül işdir.
O səbəbdən, jurnalistlər "dejurnı müsahibə”lər
götürərdilər. Daha çox həcmə
üstünlük verirdilər ki, bir səhifəni tutsun.
Son illərdə bu tendensiya müəyyən qədər
azalıb. Xüsusilə, internet
mediasının inkişafı daha maraqlı müsahib
axtarışına stimul verib. Həm
redaksiya əməkdaşları, həm də media
orqanları arasında bu sahədə bir rəqabət
mühiti də formalaşıb. Janrın
önəminə gəlincə, elə dövr olub ki, xəbər
və reportajlar önə keçmişdi. Hazırda müsahibələr daha çox oxunur.
Bunu biz gündəlik işimizdə də
görürük. Hesab edirəm ki,
maraqlı müsahibə üçün həmçinin,
jurnalistin müsahibəyə hazırlıqlı olması da
çox önəmlidir və müsahibənin uğurunun 50
faizini təşkil edir.
Şəymən
Şərq.-
2019.- 19 yanvar.- S.11