Suallar maraqlı hazırlanmalıdır
Usta jurnalistlərin
hazırladığı müsahibələr daha duzlu olur
(... əvvəli ötən sayımızda)
Jurnalistikanın ən
mühüm və bir o qədər də oxunaqlı
janrlarından biri müsahibədir. İnformasiya janrları
arasında özünəməxsus yeri və cəlbediciliyi
ilə seçilən müsahibə özündə xəbər,
hesabat, şərh, icmal, oçerk və s. növlərin
xüsusiyyətlərini də birləşdirir. Müsahibənin monoloq, dialoq, sorğu, rəy və
sair növləri var. İstər xəbər daxilində, istər
reportajlarda, istərsə də analitik janrlarda müntəzəm
olaraq geniş istifadə olunan müsahibə oxucuya hadisə
barədə ətraflı məlumat əldə etməyə,
informasiyanı birbaşa mənbədən almağa imkan yaradır.Müsahibənin
suallarını üç amil üzrə təhlil etmək
olar: Əvvəlcədən hazırlanmış, alternativ
suallar və gözlənilməz suallar. Müsahibənin
mayası söhbəti başlayan, onun tərkibini təşkil
edən və onu başa çatdıran əvvəlcədən
hazırlanmış suallardır. İkinci amil əvvəlcədən
hazırlanmış alternativ suallardır və bunların
prinsipi belədir: əgər müsahib belə cavab verərsə,
mən ona bu sualı verəcəyəm, əgər
başqa cür cavab versə, onda bu-bu-bu şeyləri
soruşacağam. Üçüncü – gözlənilməz,
söhbətdən doğan suallar. Bu, müsahibənin demək
olar ki, ən mürəkkəb anıdır. Əvvəlcədən
hazırlanmış suala siz birdən gözləmədiyiniz
cavabı alırsınız və bu sizdən ani reaksiya tələb
edir. Müsahibə prosesində gözlənilməz şeylərə
həmişə hazır olmaq lazımdır. Müsahibədə
qəfil dönüş söhbətin ən maraqlı
yeridir. Məhz bu vaxt söhbət gözlənilməz xarakter
alır, atmosferi yumşaldır, yaxud, əksinə, hissləri
qızışdırır.
Müsahibə yalnız informasiya vermir, həm
də yeni münasibətlərə, tanınmış
insanların hamı üçün böyük maraq
doğuran ictimai, siyasi xadimlərin daxili dünyasına yol
açır. Həmin insanları tamamilə fərqli rakursdan
ictimaiyyətə təqdim edir. Müsahibə
bacarığı jurnalistikanın əsasını təşkil
edən kriteriyalardan biridir. Müsahibə həm bir informasiya
toplamaq metodudur, həm də tək başına jurnalistikada
xüsusi yeri olan bir janrdır. Elə buna
görə də jurnalist olmağa qərar vermiş insanlar
müsahibə aparma və yazma qaydalarını da bilməlidir.Onu
da deyək ki, hazırda Qərbi Avropa və Amerikanın
jurnalistika məktəblərində müsahibəyə iki tərəf
arasında gizli yarışma kimi yanaşırlar. Sanki
jurnalist bütün gizli üsullarını işə
salıb müsahibindən özünə lazım olan
informasiyanı almağa çalışır və alır
da.
Müsahibədə jurnalistin əsas məqsədi
bundan ibarət olmalıdır: ictimai yüklü hansısa məsələ
barəsində faktlara və sitatlara söykənərək dəqiq,
bitkin informasiyanı cəmiyyətə çatdırmaq. Dəqiqlik
və qərəzsizlik ilə yanaşı, bu zaman jurnalist
vicdanlılıq prinsiplərinə də əməl etməlidir.
Bu gün bəzən elə müsahibələr oxuyursan ki,
görürsən heç jurnalist mövzuya bələd
deyil. Jurnalist kiminlə müsahibəyə gedəcəksə,
dərindən hazırlaşmalıdır. Amerikalı
mütəxəssislər belə hesab edir ki, reportyor
müsahibi ilə görüşməmişdən əvvəl
ona hansı informasiyanın lazım olduğunu özü
üçün müəyyənləşdirməlidir və
bu məlumatı əldə etmək üçün
müvafiq suallar fikirləşməlidir.Gərək jurnalist
peşəkar olsun, öyrənmək istədiyi məsələyə
bələd olsun ki, informasiyanı müsahibinin dili ilə
daha da zənginləşdirsin.
Mütəxəssislərin iddiasına görə,
hazırlıqlı jurnalist müsahibənin maraqlı
olmasının əsas qarantıdır. Sualların əhatə
etdiyi mövzularla bağlı məlumatlı olmaq çox
önəmlidir. Müsahib haqqında daha çox şey bilmək,
məlumatlı olmaq müxbirin ən böyük
üstünlüyüdür. Digər mühüm məqam isə
dünyagörüşlü və erudisiyalı olmaqdır.
Yalnız savadlı şəxs informasiyalardan yetərincə
istifadə edə və xoş həmsöhbət ola bilər.
Çünki jurnalistin dünyagörüşü
müsahibin ona olan hörmət və etibarını
artıracaq. Bu isə müsahibədə mühüm önəm
kəsb edir. Əsas məqamlardan biri də suallarla bağlıdır.
Müsahibə janrında sualları əvvəlcədən
hazırlamaq vacib məsələdir. Sözsüz ki,
müsahiblə görüşdə əlavə suallar da
ortaya çıxa bilər.
Jurnalist aşağıdakı sualların dəqiq
cavabını tapmalıdır:
"Müsahibə aparacağım insan kimdir?
Niyə o insan mənim müsahibimdir?” Müsahib barədə
xasiyyəti, nələri sevdiyi, nələrdən nifrət
etdiyi haqqında müəyyən məlumatlara sahib olmaq da
müsahibə əsnasında jurnalistə kömək edəcək.
Bundan sonra suallar tərtib edilə bilər.
Müsahibənin jurnalistikanın ən aktual
janrlarından biri hesab olunmasına rəğmən son illər
Azərbaycan mediasında bu janra müraciət edən
jurnalistlərin sayının azaldığı iddia edilir. Digər
iddia isə müxtəlif media orqanlarında dərc olunan
müsahibələrin standart və şablon olması ilə
bağlıdır.
Müsahibənin jurnalistikanın
əsas janrlarından biri olduğunu vurğulayan jurnalist Səbinə
Əvəzqızının fikrincə, usta jurnalistlərin
hazırladığı müsahibələr təbii ki, duzlu
olur və oxucunu necə sehirləyirsə, uzun-uzadı
söhbət bir su kimi axıb gedir. Naşı formada
hazırlandıqda isə bir qalaq sözdən başqa
heç nə deyil:
"Müsahibə qəzet, ümumiyyətlə,
KİV üçün çox əhəmiyyətlidir. Bir
var ki, media nümayəndəsi "filan məmurun
açıqlamasına əsasən" deyərək hadisə
barədə xəbər verir, bir də var ki, oxucu məlumatı
birbaşa ilkin mənbədən alır. Bu daha
inandırıcı və səmimidir. Usta jurnalist istədiyi
məlumatı suallarla oynayaraq müsahibindən ala bilir.
Əsasən çalışmaq lazımdır ki, söhbət
zamanı üstünlük səndə olsun. Bunun
üçün də jurnalist müsahibi və mövzu barədə
kifayət qədər informasiyalı olmalıdır. Bir
çox müsahiblər jurnalisti yoxlamaq üçün yalan
bir məlumat verir, əgər jurnalist bunu anlamasa, artıq
söhbət boyu üstünlük heç vaxt jurnalistə
keçə bilməyəcək. Yəni müsahibənin
uğurlu alınması üçün bir çox incə məqamları
bilmək çox vacibdir. Biz də vaxtilə bunları
ustadlarımızdan öyrənmişik. Hesab edirəm ki, hər
jurnalistin öz stili olmalıdır. İndi oxşarlıq o qədərdir
ki, demək olar əksər müsahibələr bir-birinə
oxşayır. Bu formada isə təbii ki, müsahibələr
gözdən düşür. Məsələn, bir çoxları
müsahibəyə hazır suallarla gedir və müsahibə
boyunca kağızdan oxuyaraq o sualları verir. Ola bilsin ki, bunu
daha doğru bilirlər. Mənim isə tamamilə fərqli
yanaşmam olub. Hesab edirəm ki, müsahibə boyu gözlərini
müsahibindən ayırmamalısan, yoxsa siz dayanın, mən
burdan hələ sual oxuyacağam, bu düzgün deyil”.S.Əvəzqızı
hazır suallarla götürülən müsahibələrin
şablon xarakter daşıdığını
düşünür. Jurnalist informasiyalı
olduqda isə söhbəti elə qurur ki, zatən suallar orada
özü meydana çıxır, müsahibin hər dediyini
etalon kimi qəbul etmir, bir az şübhəli baxış
qoyur ki, bu zaman müsahib məlumatları əlavə
faktlarla, dəlillərlə sübuta yetirməyə
çalışır:
"Bu isə oxucu üçün mütləqdir.
Çünki oxucuların hamısı eyni olmur, məsələlərə
çox şübhəli yanaşanlar var. Jurnalist
çalışmalıdır ki, onun müsahibəsində
oxucu üçün hansısa suallar qalmasın, "əcaba",
"doğrudanmı" kimi düşüncələr yer
ala bilməsin. Əgər məsələyə belə
yanaşılarsa, alınan müsahibə çox
dadlı-duzlu olar ki, bu da hamının xeyrinədir - həm
oxucunun, həm də qəzetin. Hesab edirəm ki, qəzet
redaktorlarının üzərinə çox böyük məsuliyyət
düşür. Redaktor alınmayan müsahibəni oxucuya
sırıya bilməz. Gənc müxbirə izah edilməlidir
ki, bu iş uğursuz olub. Beləliklə də müsahibələrin
hörməti artar ki, məmurlar, sənətkarlar, siyasətçilər
və mütəxəssislər də müsahibə verməyə
həvəsli olarlar. Unutmaq olmaz ki, müsahibə oxucu ilə
qəzet arasındakı ən sağlam körpüdür. Bu
körpünü daha da təkmilləşdirmək
lazımdır”."Yeni Müsavat” qəzetinin redaktoru
Elşad Məmmədli də deyib ki, müsahibə
jurnalistikanın daim oxunaqlı janrlarından olub və
olmaqdadır:"Jurnalist müsahibindən lazım olan
informasiyaları almaq, ondan sahəsi üzrə proseslərə
mövqeyini, fikirlərini öyrənmək üçün
kifayət qədər hazırlıqlı olmalıdır.
Suallar elə qoyulmalıdır ki, jurnalist müsahibindən
istədiyini ala bilsin. Bəzən peşəkar jurnalist
müsahibini daha səmimi danışdırmaq
üçün ona manevredici, belə demək mümkünsə,
qıcıqlandırıcı suallar da verə bilər. Təbii
ki, bütün bunlar peşəkarlıq tələb edir.
Mümkün qədər suallar şablon olmamalı və
müsahibə oxucu üçün maraqlı
olmalıdır. Amma təbii ki, müsahibənin
oxunaqlı olması daha çox müsahibin nə qədər
maraqlı adam olmasından asılıdır. Əgər
müsahib maraqsızdırsa, məlumatsız və proseslərdə
hansısa rolu olmayan adamdırsa, sadəcə danışmaq
xatirinə danışırsa, məqsədi təbliğatdırsa,
bu zaman müsahibə oxucu üçün maraqlı
olmayacaq. Müasir oxucu çox ayıq-sayıqdır və nəyin
necə olduğunu ilk abzasdan, hətta müsahibin kimliyindən
ayırd edə bilir”.Modern.az saytının redaktoru Aqşin Kərimov
isə Azərbaycan jurnalistikasında müsahibələrə
az yer verilməsi kimi iradlarla razı deyil:
"Güman etmirəm ki,
müsahibə jurnalistikası zəifləyib. Əksinə,
media quruluşları müsahibəyə üstünlük
verirlər, yəni müsahibə almaq özü də hər
bir jurnalistin istəyidir. İstər sırf xəbər yazan
jurnalist olsun, istərsə də, analitik yazılarla
çıxış edən jurnalist – hər biri kimdənsə
müsahibə götürmək üçün
çalışır.
O başqa məsələ ki, müsahibə
hansı formada alınır. Ola bilsin ki, müsahibə quru,
şablon alınır, bunun da səbəbi jurnalistin
müsahibəyə yaxşı
hazırlaşmamasıdır.
Amma bu o demək deyil ki, jurnalistlər
müsahibədən qaçırlar. Çünki müsahibə
ölməz janrdır, ona hər zaman tələbat var”.
A.Kərimov müsahibənin özəlliyi və
əhəmiyyətindən də söz açıb. O bildirib ki, müsahibə
universal janrdır:
"Burada həm informasiya, həm
dünyagörüşü, həm yanaşma, həm qəzəb,
həm də sevinc hisslərini görmək olar. Təbii ki,
müsahibdə bu xüsusiyyətləri üzə
çıxarmaq daha çox jurnalistdən asılıdır.
Jurnalist çalışmalıdır ki, müsahibədə
həm yeni informasiya ala bilsin, həm də müsahibin hadisələrə,
şəxslərə və proseslərə
yanaşmasını əhatəli şəkildə aça
bilsin. Müsahibənin maraqlı olması, hər iki tərəfdən
də asılıdır. Amma bəzən dərin intellekt
sahibi olmayan adamdan da maraqlı müsahibə almaq olar, burada isə
təbii ki, əsas yük jurnalistin üzərinə
düşür".
(Davamı olacaq)
Şəymən
Şərq.-
2018.-18 yanvar.- S.11