Aparıcı
KİV-lər də satirik
jurnalistikadan uzaq
düşüb
Media ekspertləri də təsdiqləyir
ki, bu sahədə dərc olunan yazılar yox dərəcəsindədir
(...əvvəli ötən sayda)
Jurnalistikamızda janr qıtlığı
yaşanır. Bəli, sürət – internet əsridir. Xəbərlər
dəqiqə nədir, hətta anbaan dəyişir. Xəbərin
ardınca düşməyin özü, artıq dəbdən
düşüb. İndi xəbəri qabaqlamaq və xəbər
yaratmaq zamanıdır. Amma jurnalistika nəinki təkcə,
ümumiyyətlə, xəbərçilikdən ibarət
deyil. Xəbərçilər, reportyorlardır. Hadisə
yerinə tələsən, hadisə güdən, hadisədən
xəbər verən. Jurnalistikanı yalnız xəbərlə
məhdudlaşdırsaq, çox maraqsız, bir rəngli, bəsit
bir mənzərə ilə üz-üzə qalmış
olarıq. Əslində, jurnalistikamızın hazırkı mənzərəsi
bundan az fərqlənmir. Hamı xəbərə «susayıb».
Qısa, günlük xəbərlər, günün nəbzinə
aid müsahibələr, siyasi yanaşmalar, analizəbənzər
yazılar.
Halbuki, jurnalistika çox rəngarəng, hədsiz
maraqlı bir sahədir. Onun marağının azalmasına səbəb
isə jurnalistlər və jurnalistliklə məşğul
olanlardır.
Bütün dünyada olduğu kimi Azərbaycan
mətbuatında satira janrı hər zaman aktual olub. Satirik mətbuat
cəmiyyətin güzgüsü olmaq kimi məsul bir vəzifəni
çiyinlərinə alıb. Şübhəsiz ki, satira mətbuatının
ən nəhəng örnəyi "Molla Nəsrəddin”dir.
"Molla Nəsrəddin”dən qaynaqlanan Azərbaycan satirik mətbuatı
sonralar da varlığını qoruyub saxladı. "Kirpi”,
"Mozalan” satirik jurnalları buna sübutdur.
Lakin jurnalistikanın mühüm qolunu təşkil
edən satirik jurnalistikaya maraq əvvəlki illərlə
müqayisədə xeyli azdı. Media ekspertlərinin də
fikrincə, bu sahədə dərc olunan yazılar yox dərəcəsindədir.
"Səs” qəzetinin baş redaktoru Bəhruz
Quliyev bildirib ki, satirik janrda olan hər yazının
arxasında ironiya, tənqid, eyni zamanda yenilik dayanır:
"Bizim
böyük sənətkarlarımız - Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov satira
janrını Azərbaycan jurnalistikasına gətirib.
Felyetonların, satirik-tənqidi yazıların hər biri
jurnalistikanın zənginliyidir. Təəssüflər olsun
ki, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun
felyetonlarını, satirik janrda yazılarını yazmağa
davam edən jurnalistlərin sayı azalıb. Son dövrlər demək
olar ki, qəzetlərin heç birində satira janrında
materiallar yoxdur. Bu janrda yazanlar çox azdır. Ümumiyyətlə, elektron mətbuat, yeniləşmə,
innovasiya böyük nailiyyətlər gətirdiyi kimi, eyni
zamanda problemlər də gətirdi. Bu,
satirik jurnalistikanın sıradan çıxmasıdır.
Niyə məhz elektron media intensivləşəndən sonra
bu proses başlandı və satirik jurnalstika demək olar ki,
aradan çıxdı? Güclü qələm
sahibi olan jurnalistlər tanıyıram ki, ötən dövrlərdə
öz satirik qələmləri ilə tanınıblar. Onlar bu janrı Azərbaycan cəmiyyətinə
sevdiriblər. Hər birimiz bilirik ki,
jurnalist cəmiyyətdə olan problemləri
araşdırmalıdır. Jurnalistika
özü cəmiyyətin bir güzgüsüdür. Əsl jurnalist cəmiyyətdə baş verən
hadisələrə ironik yanaşmağı, sətiraltı
ifadələr və ironik tərzi ilə nəyisə tənqid
etməyi bacarmalıdır. Hansı ki,
çar Rusiyası və SSRİ kimi güclü ideoloji
çərçivəsi olan bir dövrdə Azərbaycan
jurnalisitikasında satirik janr yaşayıb. Təəssüf ki, bu gün müasir elektron
resurslar inkişaf edəndən sonra satirik janr necə ki,
yazılı mətbuatda yaşayırdı, eyni zamanda
yazılı mətbuatla da bir yerdə arxa plandadır. Hazırda satira bir janr kimi sıradan
çıxmaqdadır.
Azərbaycanda güclü yumoristik bacarığı
olan jurnalistlər olub və indi də var. Sadəcə olaraq
onlar da müasir media ilə ayaqlaşıblar və öz
janrlarını yaddan çıxarıblar. Vaxtilə
özüm də felyetonlar yazmışam. Bu janrı, ironiyalı yanaşmanı sevmişəm.
Hər bir insanın daxilində yumoristik bir hiss var. Bu hissə
bir az bədiilik verib, bədii publisistikaya
yönəldib hər hansı bir hadisəni və
çatışmazlığı tənqid etməyin
özü çox böyük müdriklikdir. Təəssüf
ki, bu gözəllikdən aralı düşmüşük.
Səbəb isə elektron medianın, müasir
innovasiyaların təsiridir. Tarixilik
baxımından yazılı mətbuatın yaşı
olduqca çoxdur. Bundan sonra da bu yaş
artacaq və gələcək nəsillərə
ötürüləcək. Amma
yazılı mətbuat hadisənin operativ
işıqlandırılması və informasiya
baxımından geri qalır. Bu reallığı
etiraf etməliyik.
Bildiyiniz kimi, əvvəllər "Səs” qəzetində
çox yaxşı satirik üslub var idi. Bu janrda bizim
yaxşı yazarlarımız olub. Təəssüf
ki, bəzən satira deyən kimi təlxəkliyə
üstünlük verirlər. Elə bilirlər
bu janr təlxəklik, kimisə parodiya eləməkdir. Necə ki, əsl satira və əsl yumordan
uzaqlaşıblar, eləcə də satirik janrımız
cılızlaşdırılıb”.
B.Quliyev
bildirib ki, satira janrının yaşaması Azərbaycan
jurnalistikası üçün çox vacibdir:
"Çünki janrların içində ən gözəli,
ən tutarlısı satiradır. Hansısa
hadisənin ironik tərzdə tənqidçisi məhz satira
janrıdır. Sözsüz ki, müasir
dövrün tələblərinin, elektron medianın
yazılı mətbuata təsiri olub. Bu
gün hər kəs sosial şəbəkədə istənilən
məlumatı ictimailəşdirə bilir. Bunların hamısı klassik mediaya təsir etdiyi
kimi satirik jurnalistikaya da təsir edir. Bunu nəticəsidir
ki, artıq biz satira janrından uzaqlaşırıq. Ona görə də satira janrını qorumaq
lazımdır. Hətta mənim
özümdə də sual yaranır ki, niyə rəhbərlik
etdiyim media qurumunda satira janrını yaşatmıram? Necə ki, yazılı mətbuatda elektronlaşma
gedir, eyni zamanda bu janrın da elektron versiyasını fikirləşib
görüntülü varianta keçirmək lazımdır.
Bəlkə satira janrına yeni nəfəs gətirməliyik.
Düşünürəm ki, yeni yanaşma tətbiq
etsək, satirik jurnalistikaya maraq da çoxalar”.
"İki
sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin də
fikrincə, bu gün satirik jurnalistika mediada
aktuallığını qoruyub saxlaya bilmir:
"Amma sovetlər
dönəmində bu stildə fəaliyyət göstərən
media qurumları var idi. Satirik jurnalisitikada
ümumiyyətlə təhqir olmur, yaxşı mənada həzm
olunan tənqid olur. Düşünürəm
ki, bu, daha da effektli və təsirli janrdır. Təəssüflər olsun ki, hazırda satira
janrından aktual şəkildə istifadə olunmur. Bu gün jurnalistikada əsasən böyük təhqirlərə
yol verilir. Sosial şəbəkələrdə,
xüsusilə də elektron media qurumlarında təhqirlərə
daha çox rast gəlirik, nəinki satiraya. Lakin bəzi mətbuat orqanlarında satira
janrından olan yazılara rast gəlmək olur. Ümumilikdə satiraya olan maraq zəifdir və
çox da fəallıq görmürük. Buna baxmayaraq satira janrına marağın
artmasını arzu edirəm. Satirik
jurnalistika həm təsirli, həm də yaddaqalandır.
Ümumiyyətlə, bu silsilədən olan
yazıları oxucular maraqla oxuyurlar. Arzu
edirəm ki, satirik jurnalistika mediamızın aparıcı sahəsinə
çevrilsin və cəmiyyətin, dövlətin
inkişafında, bütövlükdə neqativ halların
aradan qalxmasında öz təsirini göstərsin”.
Əməkdar
jurnalist Azər Həsrət satira janrında yazmağın
xüsusi qabiliyyət tələb etdiyini qeyd edib:
"Satirik jurnalistika Azərbaycanda "Molla Nəsrəddin”
jurnalını və onun ətrafındakı yazarları yada
salır. Düzdür, Azərbaycan mətbuatı
"Əkinçi” ilə başlayır. Amma hamının daha çox
tanıdığı, sevdiyi, həvəslə oxuduğu,
eyni zamanda yadında qalan "Molla Nəsrəddin” jurnalı
idi.
Bu da səbəbsiz deyildi. Çünki
insanlarımız daha çox lağlağıya meyl edirlər.
Bəlkə bu ifadə çoxlarına xoş
gəlməyəcək. Lakin biz hər
şeyi lağlağıya çevirməyi, hansısa məqama
qeyri-ciddi yanaşmağı sevirik. Yəni
biz satira deyəndə daha çox lağlağı fikirləşirik.
Ona görə də oxucular adətən
lağlağını oxumur. Belə
lağlağını nisbətən savadı
aşağı olan, yaxud da dünyagörüşü zəif
olan adamlar normal qəbul edirlər və oxuyurlar. Amma ciddi adamlar lağlağı səviyyəsindəki
satirik jurnalistika adı ilə bizə təqdim edilən janrı
yaxına buraxmırlar.
Hazırda satira janrının ayaqda olmamasının səbəbləri
müxtəlifdir.
Təbii ki, biz satira janrından yazıların yox dərəcəsində
olduğunu deyə bilmərik. Konkret bu istiqamətdə
dərc olunan nəşrlərimiz də var. Lakin
aparıcı media orqanlarımızda satiraya demək olar ki,
yer verilmir. Əslində satira əzici,
öldürücü, təhqiredici olmamalıdır, nəzakət
çərçivəsindən kənara
çıxmamalıdır. Hər jurnalist
özünü satira janrında ifadə edə bilmir. Bu, çətin məsələdir. Yəni həm
tənqid edəcəksən, həm yazdığın
yazıda gülüş doğuracaq bir şey yazacaqsan, həm
də tənqid obyekti seçdiyin adam
bundan inciməyəcək. Bir sözlə, onun
da üzündə gülüş olacaq, kefi
açılacaq, amma başa düşəcək ki, filan məsələ
ilə bağlı bir problem var. Qısası, satira ustalıq
tələb edən bir janrdır. Ona görə də
düşünürəm ki, hər adam
bu sahəyə o qədər də könül verə bilmir.
Ümumiyyətlə, bu sahədə
yaxşı söz deyə bilmək, yaxşı yazmaq və
danışmaq üçün insanın
dünyagörüşü, mütaliəsi çox geniş
olmalıdır. İndiki dövrdə
xüsusən gənclər arasında mütaliənin zəif
olduğunu deyə bilərik.
Satira janrında yazmaq xüsusi istedad tələb edir. Onsuz da
jurnalsitika özü istedad məsələsidir. Amma satirik jurnalistika ilə məşğul olmaq əlavə
istedad tələb edir.
Necə ki, insanlar şair, yazıçı, yaxud
musiqiçi olur, eləcə də satirik janrda yazmaq
bacarıqla əlaqəlidir. Bu bacarıq da hər adamda ola bilmir. Onsuz da istedadlı
adamlar böyük çoxluğun arasından
sıyrılıb irəli çıxırlar. Düşünürəm ki, belə
adamlarımız mətbuatımızda gözə dəymirlər.
Hətta ən aparıcı Kütləvi
İnformasiya Vasitələrində ağır siyasi, ictimai,
iqtisadi yazılar oxuduqdan sonra arada felyeton, hansısa satirik
yazarın üzümüzü güldürəcək,
eynimizi açacaq bir yazısını da oxumağa şəxsən
ehtiyac duyuram. Amma təəssüflər
olsun ki, bu istəyimiz elə ehtiyac olaraq da qalır”.
("davamı var...”)
Yeganə Bayramova
Şərqş-2019.- 24 yanvar.- S.11