“Böyük
ehtimalla varislər Nəsiminin qardaşının nəslindəndir”
Alxan Bayramoğlu:
"Çünki tarixdən
də məlumdur ki, Nəsimi ailə qurmayıb, evlənməyib"
"Demokratik cəmiyyətin formalaşmasında
Nəsimi irsinin təbliği böyük
əhəmiyyət daşıyır.
Nəsimi ilə bağlı elmi verilişlər hazırlanmalıdır"
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev böyük mütəfəkkir
İmadəddin Nəsiminin
anadan olmasının
650 illiyi münasibətilə
2019-cu ili «Nəsimi ili» elan etdi.
Bununla bağlı imzalanmış
sərəncamda İmadəddin
Nəsiminin zəngin irsinin bu gün
də insanların mənəvi-əxlaqi kamilləşməsində
mühüm əhəmiyyətə
malik olduğu, Nəsiminin şərq xalqlarının mədəni
sərvətlər xəzinəsində
özünəməxsus layiqli
yer tutduğu qeyd edilir. Və
Nazirlər Kabinetinə
müvafiq tədbirlər
planının hazırlanıb
həyata keçirilməsi
tapşırılır.Prezidentin sərəncamı vətəndaşların
böyük sevincinə
səbəb olub. Bunu ictimaiyyətdə aparılan müzakirələr
də sübut edir. Elm adamları,
ədəbiyyat biliciləri
«Nəsimi ili»nin elanının zərurətdən
yarandığını deyir,
hətta sadə insanlar da bu
sərəncamın imzalanmasından
doğan sevinclərini
gizlətmirlər. Məlumdur,
xalqımız şeirə,
sənətə daim önəm verib, sənətkarların adını
yüksək tutub. Nəsimi adı və Nəsimi poeziyası da xalqımız üçün
əzizdir.Amma bir sual düşündürücüdür.
Görəsən, «Nəsimi ili»
necə keçiriləcək,
yenə də alışdığımız elmi konfranslar, «dəyirmi masa»lar, ayrı-ayrı elmi-bədii
tədbirlərləmi sınırlanacaq,
yoxsa fərqli nələrinsə şahidi
olacağıq?«Şərq»
qəzeti «Nəsimi ili» çərçivəsində
ziyalıların, nəsimişünasların
fikirlərini, rəylərini
öyrənməkdə davam
edir.Budəfəki həmsöhbətimiz
filologiya elmləri doktoru, professor Alxan Bayramoğludur:
- Azərbaycan dövlətinin Nəsimiyə
münasibəti bəllidir.
1973-cü ildə ümummilli
lider Heydər Əliyevin sərəncamı
ilə Nəsiminin 600
illik yubileyi qeyd edildi. Nəsimi irsi
geniş tədqiqatlara
material oldu, dəyərli monoqrafiyalar yazıldı. Nəsimi irsi təbliğ olunmağa başladı. Bu gün də
dəyərini itirməyən
və düşünürəm
ki, heç bir zaman da
itirməyəcək «Nəsimi»
filmi çəkildi.
O illərdə Azərbaycanın
bir qrup ziyalısı Suriyanın
Hələb şəhərinə
səfər etmişdi.
O zaman Hələbə
səfər edənlər
arasında olmuş Xalq şairi Qabil Nəsiminin türbəsindən bir ovuc torpaq gətirib
Bakıda Nizami adına Ədəbiyyat Muzeyinə hədiyyə etmişdi.
Prezident İlham Əliyevin
də Nəsimi irsinə necə böyük dəyər verdiyi ötən illər ərzində Nəsimi ilə bağlı keçirilən
tədbirlər və
2019-cu ilin «Nəsimi ili» elan edilməsiylə
göz önündədir.
2008-ci ilin sonlarında
Suriyanın Hələb
şəhərində Birinci
Beynəlxalq Nəsimi konfransı keçirildi. Konfransda iştirak etmiş bizim dəyərli akademiklər Bəkir Nəbiyev, Qəzənfər
Paşayev konfrans materiallarını toplayıb
kitab halında nəşr etdiriblər. Kitaba yol təəssüratlarını,
rastlaşdıqları maraqlı
hadisələri və
məruzələrini də
daxil ediblər. Bəkir Nəbiyevin «Nəsimi kəlamının
işığında» adlı
kitabının elmi redaktoru professor Qəzənfər Paşayevdir.
Bəkir müəllim
konfransda baş vermiş bir hadisəni kitabına daxil edib. Konfransda
Hələb şəhərinin
qazısı da iştirak edirmiş və o, çıxış
edərək Nəsiminin
edamına görə
Azərbaycan xalqından
üzr istəyib. Və deyib ki,
Nəsimi hələblilər
– yerli ərəblər
tərəfindən edam
edilməyib. Onun edamına gəlmələr
– o zaman Hələbdə
yaşayan və hökm vermək səlahiyyəti olan gəlmələr fətva
verib. (Bunu, nə qədər bədiiləşdirmə olsa
da, «Nəsimi» filmində edam hökmünün verilməsinə
tərəddüd edilməsi
səhnəsi də göstərir red.) Amma Nəsiminin edamından 10 il sonra ona bəraət
verilib, təsdiqlənib
ki, Nəsiminin edamı səhv imiş. Nəsiminin türbəsi həmişə
müqəddəs məkan
hesab edilib, ziyarət edilib. Suriya dövləti tərəfindən də
qorunub saxlanıb. Son illərdə bilirik ki, Hələb
də raket zərbələrinə məruz
qaldı. İndi türbə, məzar hansı vəziyyətdədir,
bilmirik.
O illərdə Nəsimi Divanı kiril əlifbası ilə çap edilmişdi.
- Alxan müəllim,
Nəsimi nəslinin davamçıları olduğu
barədə yazılanlar
həqiqətə nə
dərəcədə yaxındır?
- Mən də
oxumuşam ki, Nəsimi yadigarları Bakıya gəlib, konfransda iştirak edib. Amma onlar
birbaşa İmadəddin
Nəsiminin yox, ailə üzvlərinin nəslindəndir. Böyük
ehtimalla onlar Nəsiminin qardaşının
nəslindəndir. Çünki
tarixdən də məlumdur ki, Nəsimi ailə qurmayıb, evlənməyib.
Bəli, Nəsimi ustadı Nəiminin qızı Fatiməni sevib. Lakin onlar
evlənməyiblər. Nəiminin
qətlə yetirilməsindən
sonra hürufilər dünyaya səpələniblər.
Hürufiliyi yaymaq üçün müxtəlif
ölkələrə səyahət
ediblər. Böyük
ehtimalla Nəsiminin ailə üzvlərindən
də kimlərsə onunla birlikdə Hələbə gedib. Bildiyim qədər Nəsiminin qardaşının
nəslinin davamçıları
Hələbdə yaşayır.
- Siz bayaq
Nəsiminin türbəsindən
danışdınız. Əvvəlki
illərdə, yəni
Suriya müharibəsinədək
Hələbə səyahət
edənlər türbənin
vəziyyəti barədə
nə danışırdılar?
- Nəsiminin türbəsi Azərbaycan
dövləti tərəfindən
həmişə diqqətdə
saxlanıb. Səhv etmirəmsə, 2000-ci ildə
Hələbə Azərbaycandan
xüsusi komissiya göndərilmişdi. Elə
o zaman da Nəsiminin məzarı olan küçə Azərbaycan dövlətinin
hesabına abadlaşdırılmışdı.
- «Nəsimi ili»
çərçivəsində hansı işlər görülməlidir?
- Hazırda beynəlxalq
konfransa hazırlıq
gedir. Elmi konfranslar keçiriləcək. Bu, öz yerində. Amma çox istərdim ki, Nəsimi orta məktəb dərsliklərinə salınsın.
Həm də sadələşdirilmiş
şəkildə. Çünki gənc nəsil Nəsimini oxumalıdır,
tanımalıdır.
- Məgər hazırkı
dərsliklərdə Nəsimi
yoxdur?
- Kurrikulumla bağlı dərsliklər elə kökə salınıb ki!.. Heç Səməd
Vurğun düz-əməlli
tədris olunmur.
Nəsiminin Divanı yenidən
nəşr edilməlidir.
Sovet illərində çap olunmuş Divan təbii ki, kiril əlifbasıyladır.
Latın qrafikası ilə Divan yenidən nəşr olunmalıdır.
Hürufilik fəlsəfəsi, hürufiliyin mənəvi
paklıq, saflıq, əqidə sadiqliyi yeni nəslə təlqin edilməli, başa salınmalıdır.
Demokratik
cəmiyyətin formalaşmasında
Nəsimi irsinin təbliği böyük
əhəmiyyət daşıyır.
Nəsimi ilə bağlı
elmi verilişlər hazırlanmalıdır, həm
də silsilə şəklində.
Mətbuatımız, kütləvi informasiya vasitələri «Nəsimi
ili»nə köklənməlidir. Cənab Prezident
çox mütərəqqi
bir addım ataraq 2019-u «Nəsimi ili» elan etdi.
Bu, bütün dünyanın diqqətini
Azərbaycana cəlb etmək deməkdir. Dünya görməlidir ki, Azərbaycan xalqı necə mütəfəkkir
yetişdirib. Qoy bizim
bədxah qonşularımız,
özündən savayı
heç kimi bəyənməyən digər
dövlətlər də
görsünlər ki,
Azərbaycan necə qədim irsə, mədəniyyətə, fəlsəfi
fikir tarixinə malikdir. Hamımız
üzərimizə düşən
işi, vəzifəni
yerinə yetirməliyik.
Məlahət Rzayeva
Şərq.-
2019.- 24 yanvar.- S.7.