SATİRİK JURNALİSTİKA MÜHÜM İDEOLOJİ VASİTƏDİR

 

Bu silahdan istifadə edən sənətkarın mövqeyi həmişə aydın və müəyyəndir. O, kütlələri oyatmağa, insanların şüurunu yüksəltməyə çalışır

(əvvəli ötən sayda)

Jurnalistikamızda janr qıtlığı yaşanır. Bəli, sürət – internet əsridir. Xəbərlər dəqiqə nədir, hətta anbaan dəyişir. Xəbərin ardınca düşməyin özü, artıq dəbdən düşüb. İndi xəbəri qabaqlamaq və xəbər yaratmaq zamanıdır. Amma jurnalistika nəinki təkcə, ümumiyyətlə, xəbərçilikdən ibarət deyil. Xəbərçilər, reportyorlardır. Hadisə yerinə tələsən, hadisə güdən, hadisədən xəbər verən. Jurnalistikanı yalnız xəbərlə məhdudlaşdırsaq, çox maraqsız, bir rəngli, bəsit bir mənzərə ilə üz-üzə qalmış olarıq. Əslində, jurnalistikamızın hazırkı mənzərəsi bundan az fərqlənmir. Hamı xəbərə «susayıb». Qısa, günlük xəbərlər, günün nəbzinə aid müsahibələr, siyasi yanaşmalar, analizəbənzər yazılar.

Halbuki, jurnalistika çox rəngarəng, hədsiz maraqlı bir sahədir. Onun marağının azalmasına səbəb isə jurnalistlər və jurnalistliklə məşğul olanlardır.

Tənqid və özünütənqidin olmadığı yerdə…

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin «Jurnalistika» Elmi-tədqiqat laboratoriyasının elmi işçisi, «Müasir Azərbaycan mətbuatında araşdırma jurnalistikası» və «Azərbaycan mətbuatında janrların dinamikası (transformasiyası)» mövzusunda tədqiqat işlərinin müəllifi Günel Orucəliyevanın jurnalistikanın janrları barədə maraqlı məqaləsi var.

Məqalədə G.Orucəliyeva satirik jurnalistika üzərində dayanaraq hazırkı mediamızda janr müxtəlifliyinin itdiyini təəssüflə qeyd edir:

- Müasir ictimai-siyasi şəraitdə tarixi dəyərlərə münasibətin yenidən qiymətləndirilməsi zərurəti meydana çıxdığından, bu hadisə cəmiyyətin müxtəlif məfkurə sahələrində elə bil çaşqınlıq yaradıb. Son vaxtlar XX əsrin əvvəlləri tənqidi realizmin tarixi mövqeyi və onun müasir şəraitdəki gərəkliyi məsələsi ətrafında dövri mətbuatda aparılan mübahisələr buna canlı misaldır.

Bədii publisistikanın güclü bir qolu olan satirik jurnalistika cəmiyyətin həyatında rast gəlinən nöqsanlara qarşı mübarizədə mühüm ideoloji vasitədir. Tənqid və özünütənqidin olmadığı, ictimai işlərdə aşkarlığın çatışmadığı yerlərdə kütlələrin fəallığına bilavasitə zərər dəyir. Halbuki, məhz kütlələrin fəallığı vətəndaş cəmiyyəti quruculuğunun mühüm qüdrət mənbəyidir.

Kütləvi informasiya vasitələri bu mühüm işdə satirik publisistikaya, onun felyeton, pamflet, satirik oçerk, şeir və s. janrlarına tez-tez müraciət edir. Tənqidin aşkarlığı, onun publisistliyi və təsirliliyi satirik jurnalistlərin fəaliyyətini müəyyən edən əsaslardır.

 

Məhz buna görə də satirik publisistika sənətkarlığının səviyyəsini qaldırmaq, publisistlərin peşə ustalığını artırmaq mühüm vəzifələrdəndir. Satirik publisistikaya müasir baxış da onun xüsusiyyətləri ilə bağlıdır. Rus tədqiqatçısı Y.P.Proxorov yazır ki, "Əgər nəticə etibarilə hər hansı bir əsərdə publisistika üçün ümumi olan qanunauyğunluqlar yoxdursa, onu publisistik əsər kimi qiymətləndirmək olmaz”.

 

Satirik jurnalistika aparıcı yer tutur

 

G.Orucəliyeva qeyd edir ki, mətbu sözün təşəkkül və inkişaf tapdığı bütün dövrlərdə satirik publisistika aparıcı yerlərdən birini tutub:

 

- Məhz ictimai-siyasi münasibətlərlə bağlı olduğundan və bilavasitə onların əsasında meydana çıxdığına görədir ki, satira insan cəmiyyətindəki hər cür yaramazlığa qarşı mübarizədə dağıdıcı və məhvedici silaha çevrilib. Bu silahdan istifadə edən sənətkarın mövqeyi həmişə aydın və müəyyəndir. O, kütlələri oyatmağa, insanların şüurunu yüksəltməyə çalışır. Neqativ hallara qarşı məqsədyönlü, ardıcıl və ciddi mübarizənin mühüm siyasi, iqtisadi, sosial əhəmiyyəti var. Bu zərurət ilk növbədə inkişafın dialektik xarakteri ilə bağlıdır. Çünki hər bir cəmiyyətdə ömrünü başa vurmaqda olan köhnə ilə yaranmaqda, inkişaf etməkdə olan yeni arasında mübarizə mövcuddur.

Rus yazıçısı Qoqolun Xlestakovun fırıldaqlarına, onun əlaltısı olanlara, gülənlərə yazıçı üzünü tutub demişdi: "Kimə gülürsünüz? Özünüzə gülürsünüz!”. Azərbaycan ədəbiyyatında da eyni zamanda Qoqol realizminin, onun ifşa qüvvəsi olan satirasının ənənələrini inkişaf etdirən C.Məmmədquluzadə yazırdı: "Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəyirsiniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza”. Satirik publisistikanın sənətkarlığından danışarkən, ilk növbədə onun obrazlı təsvir vasitələrinə diqqət yetirmək vacibdir. Bu da gülüşlə bağlıdır.

 

Komik hadisədə bizə xoş gəlməyən həyatın eybəcər təzahürləridir, xoşa gələn isə bunu başa düşməyimizdir. Təsadüfi deyil ki, insan eybəcərliyə gülərkən özünü mənəvi, əqli cəhətdən həmin hədəfdən üstün hesab edir. Çünki komik hadisədəki eybəcərliyi və onun nə üçün eybəcər olduğunu dərk etmiş olur. İnsan eybəcərliyə gülürsə, demək, onun eybəcərliyini başa düşür və nə üçün eybəcər göründüyünü dərk edir. Bu da insanda ləyaqət hissinin artmasına kömək edir. Belə başa düşülməsin ki, gülüş bütün dərdlərin dərmanıdır. Əgər belə olsaydı, C.Məmmədquluzadənin "Ölülər”, yaxud N.V.Qoqolun "Müfəttiş”indən sonra fanatizm və rüşvətxorluq gərək birdəfəlik məhv olub aradan qalxaydı.

 

Müasir satirik media zəifdir

 

G.Orucəliyevanın fikrincə, ictimai-siyasi hadisəyə həqiqi, düzgün qiyməti aşkara çıxarmaqla hadisəyə ictimai-siyasi münasibətin tamam dəyişməsinə, insanın şüurunun formalaşmasına, şəxsi ləyaqət hissinin yüksəlməsinə səbəb olmaq mənasında gülüş satirik publisistikada mühüm tərbiyəvi əhəmiyyət kəsb edir:

 

- Baxmayaraq ki, artıq müstəqillik şəraitində yaşayırıq, suveren dövlətik, hələ də cəmiyyətdə hökm sürən haqsızlıqların bir çoxu aradan qalxmayıb. Bu haqsızlıqları ən çox "Kirpi” və "Mozalan” jurnalları öz səhifələrində tənqid edir. Amma demək olmaz ki, burada insan ləyaqətinə ləkə gətirən hadisə və faktlara qarşı yönəldilən satira, istifadə olunan yumor güclüdür. "Molla Nəsrəddin”lə müqayisədə müasir satirik media çox zəifdir. Belə ki, qəzetlərdə çox nadir hallarda satirik yazılara rast gəlmək mümkündür.

 

Satirik publisistikada gözə çarpan sabit, dəyişməz cəhət, inam, cəsarət və qətiyyətdir. Bu gələcəyə inam satiriklərin yazılarında özünü parlaq göstərir. Qeyd edək ki, kinayə tənqid hədəfini tərifləyə-tərifləyə rüsvay edirsə, məsxərə onu açıq-aydın lağa qoyur, ifşa edir. Məsələn, "Ay Kirpi” qardaş, məgər mən yaza billəm ki, Milli parkda bir çaynik çay on manatdır? Yaxud, yaza billəm ki, onlar bu yazıq milləti adam yerinə qoymur, nə istəyirlər onu da edirlər. Ağzını açıb bir söz desən, səni borclu çıxarırlar. Çünki bu adamların arxasında duranlar var”.

 

Sənətkarlıqla yazılmış yazıda publisist ictimai qüsur və eyibləri birbaşa rüsvay edir. Onu düşündürən, narahat edən məsələlər aşkar surətdə lağa qoyulur. Burada məsxərə çılpaq təqdim olunur. Əgər kinayə hədəfi tərifləyə-tərifləyə inkar edirsə, məsxərə sözün həqiqi mənasında, pisləyə-pisləyə inkar edir.

Publisistikanın müasirlik və tez təsirlilik xüsusiyyəti təbliğ olunan fikir ətrafında oxucuda canlı maraq yaradır, onu həyəcanlandırır, qəlbinin dərinliyində emosional hisslər yaradır. Biz, bu keyfiyyətləri əsasən, "Molla Nəsrəddin”də görmüşük. Çünki "Molla Nəsrəddin” üslubunu yaradanlar sıravi müxbirlər deyildilər. Onlar bədii söz sənətinin sirlərinə dərindən bələd olan şair və yazıçılar idi. Bu cəhət jurnalın ideya-bədii simasında çox açıq şəkildə öz əksini tapıb. Məhz bunun nəticəsində "Molla Nəsrəddin”in publisistikası yüksək bədii emosional təsir qüvvəsi kəsb etmiş, geniş oxucu kütlələrində böyük rəğbət qazana bilmişdi.

 

Satirik publisistikada dil və üslub əsasdır

 

G.Orucəliyevanın fikrincə, satirik publisistika ümumi halda ideya-sənətkarlıq cəhətdən zəngin ənənələrə malikdir. Ədəbi-bədii əsərdə üslub publisistin bədii fikrinin hərəkət forması, onun təkraredilməzliyi forması kimi çıxış edir:

 

- Hər bir əsərin formasından asılı olaraq dili və üslubu var. Bu da yazıçıya və jurnalistə, publisistə imkan verir ki, həyatın, hadisələrin dərin qaynaqlarına baş vursun, özünüifadə müxtəlifliyinə fikir versin, dilin zənginliklərindən bacarıqla istifadəyə çalışsın.

 

Əsərlərin formasını, üslub xüsusiyyətlərini müəyyən edən həyatdır, zəmanədir. Publisistika əsərinin üslubu təhlil olunarkən birinci növbədə publisistin hansı yeni fikri, ideyanı, aktual problemi, ictimai-siyasi məsələni əks etdirməsi, müəllifin mövqeyi, hadisələrə münasibəti diqqət mərkəzində dayanmalıdır. Satirik publisistikada Azərbaycan dilinin üslubi imkanlarından danışarkən, digər mühüm cəhəti – satirikin yaradıcılığında söz sırasının üslubi forma kimi mühüm rolunu nəzərdən qaçırmaq olmaz.

 

Məlum məsələdir ki, söz sırası deyərkən, sözlərin qrammatik qanunauyğunluq əsasında cümlədə müəyyən ardıcıllıqla düzülməsi nəzərdə tutulur. Müəyyən şəraitdən asılı olaraq, məsələn, məntiqi vurğunu nəzərə çapdırmaq, müəllif dili ilə personajın nitqini, dialoqları fərqləndirmək məqsədilə söz sırasında dəyişiklik edilə bilər. Felyetonun, parodiyanın janr xüsusiyyətlərindən irəli gələn bir sıra cəhətlər – fikrin obrazlı ifadə edilməsi, personajların qarşılıqlı münasibətinin təsviri, hadisəyə müəllif qiymətinin eyhamla, çox incə tərzdə nəzərə çapdırılması – söz sırasının qrammatik qanunauyğunluğunu, ehtiyac olarsa, müəyyən dərəcədə pozmağa imkan verib.

 

Satirik publisistika, publisistikanın ümumi funksiyasını yalnız müəyyən cəhətdən (sosial qüsur və nöqsanlara qarşı mübarizə), özünəməxsus tərzdə (gülüş vasitəsilə zərbə endirmək) yerinə yetirir. Nəticədə, satirik publisistika tənqid, ifşa və tərbiyə xüsusiyyəti kəsb edərək kütlələrin ictimai-siyasi fəallığının qüvvətlənməsində müəyyən rol oynayır. Halbuki, bədii publisistika fəal həyat mövqeyi tutan, cəmiyyətimiz üçün tipik olan müasirlərimizin təsvirini verməklə kütləvi auditoriyanı onların müsbət nümunəsində tərbiyə edir. Məhz bu baxımdan bəbii publisistik və satirik publisistik növ arasındakı funksiya-predmet fərqi özünü göstərir.

 

Satirik publisistikanın qiyməti həyatın irəli sürdüyü ən mühüm məsələlərlə səsləşməsi, ətalətə, süstlüyə, laqeydliyə qarşı ciddi çıxışı ilə müəyyənləşir. Satirik publisistika konkret xarakter daşımalı, kəskin problemlərə toxunmalı, nöqsanları doğuran səbəbləri cəsarətlə açmalı, onların aradan qaldırılmasına kömək etməlidir.

 

Məlahət Rzayeva

Şərq.- 2019.- 23 yanvar.- S.11