Dünən
olub, bu gün də
olmalıdır
Satirik
jurnalistikanın inkişafı mütləq vacibdir
(...əvvəli
ötən sayda)
Jurnalistikamızda janr qıtlığı
yaşanır.
Bəli, sürət – internet əsridir. Xəbərlər dəqiqə nədir, hətta
anbaan dəyişir. Xəbərin
ardınca düşməyin özü, artıq dəbdən
düşüb. İndi xəbəri
qabaqlamaq və xəbər yaratmaq zamanıdır. Amma jurnalistika nəinki təkcə, ümumiyyətlə,
xəbərçilikdən ibarət deyil. Xəbərçilər, reportyorlardır. Hadisə yerinə tələsən, hadisə
güdən, hadisədən xəbər verən. Jurnalistikanı yalnız xəbərlə məhdudlaşdırsaq,
çox maraqsız, bir rəngli, bəsit bir mənzərə
ilə üz-üzə qalmış olarıq. Əslində,
jurnalistikamızın hazırkı mənzərəsi bundan az fərqlənmir. Hamı xəbərə
«susayıb». Qısa, günlük xəbərlər,
günün nəbzinə aid müsahibələr, siyasi
yanaşmalar, analizəbənzər yazılar.
Halbuki, jurnalistika çox rəngarəng, hədsiz
maraqlı bir sahədir. Onun marağının azalmasına səbəb
isə jurnalistlər və jurnalistliklə məşğul
olanlardır.
Bütün dünyada olduğu kimi, Azərbaycan mətbuatında
satira janrı hər zaman aktual olub. Satirik mətbuat cəmiyyətin
güzgüsü olmaq kimi məsul bir vəzifəni
çiyinlərinə alıb. Şübhəsiz ki,
satira mətbuatının ən nəhəng örnəyi
"Molla Nəsrəddin”dir. "Molla Nəsrəddin”dən
qaynaqlanan Azərbaycan satirik mətbuatı sonralar da
varlığını qoruyub saxladı. "Kirpi”,
"Mozalan” satirik jurnalları buna sübutdur.
Lakin jurnalistikanın mühüm qolunu təşkil edən
satirik jurnalistikaya maraq əvvəlki illərlə müqayisədə
xeyli azdı.
Media ekspertlərinin də fikrincə, bu sahədə
dərc olunan yazılar yox dərəcəsindədir.
"Türküstan”
qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, bu gün sosial
şəbəkələrin yaratdığı imkanlar
jurnalistikanın digər janrları kimi satirik jurnalistikada da
meyarların ortadan qalxmasına səbəb olub: "Hər
gün milyonlarla insan satirik məzmunlu fikirlər, yazılar
tirajlayırlar. Bu baxımdan, satirik jurnalistikanın
hazırkı vəziyyətini təftiş edərkən,
kimləri, hansı zümrəni predmet kimi seçəcəyimiz
mümkünsüzdür.
Deməzdim ki, satirik jurnalistika zəifləyib. Əksinə,
həm media orqanlarında, həm sosial şəbəkələrdə
satirik məzmunlu materiallar, fotolar, videolar daha da
çoxalıb. Zəifləyən, bu
materialların nə dərəcədə keyfiyyətli,
düşündürücü olub-olmamasıdır. Təəssüf doğuran məhz bu məsələdir
ki, düşündürən satira böyük
ölçüdə ortadan çıxıb. İnsanlar fikirlərini satirik janrda ifadə edərkən,
oxucunun, tamaşaçının, izləyicinin diqqətini
çəkmək üçün sətiraltı ibarələrdən,
düşündürən satiradan yox, jarqon sözlərdən,
etik çərçivədən kənara çıxan ifadələrdən
istifadə edirlər. Bu da təbii ki,
zaman-zaman cəmiyyətdə düşündürən
satiraya qarşı həssaslığı azaldır”.
Media və
sosial sahə üzrə ekspert, tədqiqatçı jurnalist,
Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri,
www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı
bildirir ki, Azərbaycan jurnalistikasında ən çətin
sahələrdən biri də satirik jurnalistikadır. Onun sözlərinə görə, Azərbaycanda
satirik jurnalistikanın əsasını, bünövrəsini
"Molla Nəsrəddin” satirik jurnalı qoyub:
"Yazıçı-dramaturq
Cəlil Məmmədquluzadənin 1906-1932-ci illərdə
müəyyən fasilələrlə nəşr etdirdiyi bu
jurnal həm Azərbaycanda, həm də ölkənin
hüdudlarından kənarda kifayət qədər nüfuz
qazanıb, sevilib, geniş oxucu auditoriyasına malik olub, həvəslə
və maraqla oxunub. "Molla Nəsrəddin”in
ümumxalq sevgisini qazanmasının əsas səbəbi isə
ictimai-siyasi proseslərə, sosial və maliyyə problemlərinə
publisistika mövqeyindən yanaşılması,
haqsızlıqların, ədalətsizliklərin,
qanunsuzluqların, özbaşınalıqların və digər
neqativ halların satirik dillə qələmə
alınması, təhlükələrin eyhamla, dolayı yolla
bildirilməsi, çatışmazlıqların karikaturalarla
və yumorla başa salınması və insanların "div
yuxusu”ndan ayılmalarına yaxından köməklik göstərilməsi
olub.
Təsadüfi
deyil ki, məhz sadə dildə, ən avam kəndlinin belə
başa düşəcəyi formada təqdim olunmuş
materiallar təkcə istehza və gülüş
doğurmayıb, həm də əhalinin maarifləndirilməsində,
biliklənməsində, insanlarda
dünyagörüşün formalaşmasında, intellektual səviyyənin
yüksəlməsində, onların öz
hüquqlarını müdafiə etməsində
böyük rol oynayıb.
Digər tərəfdən, "Molla Nəsrəddin”
jurnalının dili o qədər səlis və
başadüşülən idi ki, orda yazılanlar uzun
müddət yaddaşlarda dərin iz salıb, dildən-dilə
düşüb, elbəel, oba və oba dolaşıb. Bir sözlə,
satirik jurnalistikamızın banisi olan "Molla Nəsrəddin”də
yazılanlar təkcə ötən əsrdə deyil, bu əsrdə
də, növbəti əsrlərdə də dillər əzbəri
olaraq qalacaq və bu jurnalın qoyduğu ənənə
yaşayacaq”.
Ekspert xatırladır ki, keçmiş SSRİ
dövründə "dəmir yumruğun”, ciddi senzura-nəzarət
sisteminin mövcud olmasına baxmayaraq, çox çətinliklə,
min bir zəhmətlə "Molla Nəsrəddin” ənənəsini
davam etdirənlər, satirik jurnalistikamızı yaşadanlar
olub:
"Sovetlər dönəmində satirik jurnalistika sovet
psixologiyasının ideyalarının təbliğinə xidmət
etsə də, ayrı-ayrı mətbuat orqanlarında bəzi
tənqidi mövzular karikaturalar və yumorlu yazılar vasitəsilə
geniş ictimaiyyətin diqqətinə çatdırlıb. Yaxşı
xatırlayıram ki, keçmiş Mirbəşir, indiki Tərtər
rayonunda dərc edilən "Qızıl bayraq” qəzetində
satirik yazılar tez-tez çap olunurdu. Həmin
məqalələr həm böyüklər, həm də
yeniyetmə və gənclər arasında çox
populyarlıq qazanmışdı. Üstəlik,
tənqid hədəfinə çevrilmiş məmurlar,
obyektlər və idarələr satirik dildə qələmə
alınmış problemlərin həlli ilə dərhal məşğul
olurdular. "Qızıl bayraq” qəzetinin
daimi oxucusu və həmin qəzetdə bir neçə məqalənin
müəllifi kimi dəfələrlə satirik məqalələrin
dərcindən sonra mövcud problemlərin çözülməsinin
canlı şahidi olmuşam”.
Mərkəz rəhbəri qeyd edir ki, Sovet
İttifaqı dönəmində xalqın maariflənməsində,
problemlərin həllində, satirik jurnalistikamızın
inkişafında "Mozalan” kinojurnalının əhəmiyyətli
rolu danılmazdır. Həmin kinojurnalda təqdim olunan bədii, sənədli
və cizgi süjetləri ən tənqidi mövzuları belə
əhatə edib:
"Tarixi faktlara nəzər salsaq, görərik ki,
1970-ci ildə təsis edilmiş və 1971-1979-cu illərədək
rüblük nömrəsi buraxılmış "Mozalan”
ölkədəki neqativ hallara qarşı ciddi mübarizə
aparıb, bu nöqsanları xalqa satira dili ilə
çatdırıb və neqativ hallara yol verənlərə
dərs verib.
Məsələn, 1974-cü ildə "Dəyirman bildiyini eləyir”
və "Keyfiyyət nişanı” sənədli süjetlərində
jurnal Bakı Ət Kombinatının və Bakı Karamel
Fabrikinin məhsulu kəskin tənqid edilib.
1976-cı ilin əvvəllərində "Mozalan”
kinojurnalı "Qunduzdan söhbət açaq” süjetində
Qarayazı xəzli heyvanlar sovxozunun pis vəziyyətindən
bəhs edib. 1978-ci ildə jurnalda göstərilmiş tənqidi
materialların yoxlanması nəticəsində bəzi vəzifəli
şəxslər məsuliyyətə cəlb olunublar. Bu cür faktlardan çox sadalamaq olar. Bir sözlə, Sovet İmperiyasının "dəmir
yumruğu” jurnalistikamızın, jurnalistlərimizin
başı üzərində olsa da, Sovetlər dönəmində
satirik jurnalistikamızın inkişaf etdirilməsi, "Molla
Nəsrəddin” ənənəsinin qorunub saxlanılması
mümkün olub”.
Baş redaktor vurğulayır ki, 1991-ci ildə Azərbaycan
ikinci dəfə dövlət müstəqilliyini
qazandıqdan sonra satirik jurnalistikamızın
inkişafında tam sərbəstlik yaransa da, jurnalistlərimiz
daha çox siyasi jurnalistikaya üstünlük verməyə
başladılar.
Lakin
bununla belə, müstəqilliyimizin ilkin dövrlərində
də satirik jurnalistika ilə məşğul olan həmkarlarımız
"Molla Nəsrəddin” ənənəsini davam etdirməyə
müvəffəq oldular: "Həmin dövrlərdə bir
sıra satirik-əyləncəli qəzetlər var idi və
bu mətbuat orqanlarında tənqidi materiallar karikaturalar və
satirik dildə yazılmış məqalələr vasitəsilə
oxucuların diqqətinə çatdırılırdı.
Belə ki, "Mozalan”, "Tək səbr”, "Güzgü”
və digər qəzetlər, eləcə də "Kirpi”
jurnalı satirik jurnalistikamızın ənənələrini
davam etdirdilər. Lakin maliyyə problemləri
yarandığından sözügedən mətbuat
orqanlarının əksəriyyəti fəaliyyətini
dayandırdı. Yerdə
qalanlarının isə dövriliyi və satışı
kifayət qədər azaldığından, onlar geniş
oxucu kütləsindən uzaq düşmək məcburiyyətində
qaldılar. Karikatura çəkən rəssamlar
həmin mətbuat orqanlarından uzaqlaşdılar”.
Təbriz Vəfalı bildirir ki, çağdaş mətbuatımızda
satirik jurnalistikaya maraq göstərənlər olsa da, bunu hər
kəs bacara bilmir. Hətta bəzi həmkarlarımız yazdıqları
atmacalarla, sataşmalarla, ironiyalarla dolu yazılarla satirik
jurnalistikanın inkişafına xidmət göstərdiklərini
iddia edirlər: "Amma onları satirik jurnalist kimi qəbul
etmirəm.
Çünki əsl satirik
jurnalist hazırcavab, zarafatcıl, yumor hissinə sahib,
emosional, yuksək intellektual səviyyəyə və geniş
dünyagörüşə malik, savadlı, hadisələri
təhlil etməyi və çıxış yollarını
göstərməyi bacaran, hərtərəfli informasiyalı
və satirik janrın, satirik üslubun incəliklərini bilən
bir insan olmalıdır. Bir sözlə,
"Arifə bir işarə bəsdir” məsələsi
şüar tutulmalıdır. Əslində son illərdə
karikatura yolu ilə satirik jurnalistikamızın
inkişafına çox az əhəmiyyət verilsə də,
köşə yazıları ilə satirik jurnalistikada
yaranmış boşluq müəyyən qədər
doldurulur.
Məsələn, Xalid
Kazımlı, Etibar Cəbrayıloğlu, Zamin Hacı və
digər tanınmış köşə yazarlarımız
var ki, onların ictimai, siyasi, sosial və digər sahələrdə
mövcud olan problemlər və onların həlli yolları
barədə satirik dillə qələmə aldıqları
köşə yazıları minlərcə oxucu tərəfindən
oxunur, qəbul edilir və ciddi müzakirə mövzusuna
çevrilir. Ona görə də problemlərin
qabardılması, onların həlli, xalqın maarifləndirilməsi,
cəmiyyətdə və ictimaiyyətdə yüksək və
xoş əhval-ruhiyyənin yaradılması və digər məqsədlər
üçün satirik jurnalistikanın inkişafı mütləq
vacibdir. Eyni zamanda satirik yazılar, karikaturalar həm yazılı
KİV-lərdə dərc olunmalı, həm də elektron
KİV-lərdə mütləq yayımlanmalıdır. Bunlardan əlavə, satirik jurnalistika ilə məşğul
olmaq istəyənlər üçün təlimlər
keçirilməli, seminarlar təşkil olunmalı, jurnalistlərimizə
satirik məqalələrin, yazıların necə yazılması,
hansı məqamlara diqqət yetirilməsi və s. öyrədilməlidir.
Əks halda satirik jurnalistikamızın inkişaf etdirilməsi
mümkün olmayacaq”.
(davamı var...)
Yeganə Bayramova
Şərq.-
2019.- 25 yanvar.- S.11