Problem hələ
qalmaqdadır
Media gender məsələsi
ilə bağlı maarifçiliyi davam etdirməlidir
(əvvəli ötən sayımızda)
Avropa Şurasının və Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin birgə təşkilatçılığı
ilə "Mediada gender bərabərliyi” mövzusunda 3
günlük təlim keçirilib. Tədbirdə
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova,
Mətbuat Şurasının sədri, millət vəkili
Əflatun Amaşov, Avropa Şurasının Bakıdakı
ofisinin rəhbəri Zoltan Hernyes, AŞ-nin ekspertləri -
Bissera Zankova və Gülbin Ayşə, "Jurnalistlərin
Həmkarlar İttifaqı”nın sədri Müşfiq Ələsgərli
və başqa media nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova
təlimin məqsədini diqqətə çatdırıb.
Komitə sədrinin müavini ölkəmizdə medianın
inkişafı istiqamətində görülən işlərdən
danışıb. O qeyd edib ki, ümummilli lider Heydər
Əliyevin ölkəmizə rəhbərliyi dövründə
medianın hüquqi bazası möhkəmlənib:
"Ulu öndər KİV-lərin
inkişafına böyük diqqət və qayğı
göstərirdi. Onun bu siyasətini hazırda Prezident İlham
Əliyev uğurla davam etdirir. Bu seminarların keçirilməsində
məqsəd gənc jurnalistlərə və jurnalistika
fakültəsi tələbələrinə qadın
hüquqlarının müdafiəsi, eləcə də təşviq
edilməsi istiqamətində ətraflı məlumatların
çatdırılmasıdır”.
Sədr Azərbaycanda gender bərabərliyinin
təmin olunması istiqamətində aparılan maarifləndirmə
tədbirləri haqqında geniş məlumatlar verərək,
bu cür seminarların davam etdirilməsinin vacibliyini
vurğulayıb. Xüsusən də media nümayəndələrinin
və bu istiqamətdə fəaliyyətə başlamaq
arzusunda olan gənc jurnalist tələbələrin bu
mövzuya diqqətlə yanaşmasının əhəmiyyətini
qeyd edib:
"Bu gün ailə və
milli-mənəvi dəyərlərin təbliği,
qadınların fəallığının
artırılması, uşaq hüquqlarının müdafiəsi
istiqamətlərində və eyni zamanda məişət
zorakılığının, erkən nikahın, uşaq
intiharlarının qarşısının
alınması və digər istiqamətlərdə
görülən işlər mətbuat orqanlarında
geniş şəkildə işıqlandırılır.
Lakin bir məsələni də vurğulamaq lazımdır
ki, jurnalistlərimiz ailədaxili problemlərin, qadın və
uşaqlarla əlaqəli məsələlərin mətbuatda
işıqlandırılması zamanı, xüsusilə həssas
olmalıdırlar”. Sədr müavininin sözlərinə
görə, vacib amillərdən biri də odur ki, jurnalistlər
öz işlərinə peşəkar və məsuliyyətli
yanaşaraq insanların kimliyi haqqında məlumatların
konfidensiallığını qorusunlar: "Eyni zamanda
jurnalistlərimiz gender bərabərliyi sahəsində xarici
ölkələrin müsbət təcrübələrini
öyrənərək, bu istiqamətdə daha güclü
nailiyyətlərin əldə edilməsi üçün
öz təkliflərini verməlidirlər.
Mətbuat Şurasının sədri, Milli Məclisin
deputatı Əflatun Amaşov da təlimlərin əhəmiyyətindən
danışıb. Deputat deyib ki, Azərbaycanda gender bərabərliyi
ilə bağlı zəngin qanunvericilik mövcuddur:
"Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara
qoşulub. Konstitusiyamızda qadın və kişilərin bərabər
hüquq və imkanlara malik olması ilə bağlı
xüsusi bənd də öz əksini tapıb”.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin məsul işçisi Vüqar Səlimov
da layihənin əhəmiyyətini qeyd edib. O deyib ki, bu tədbir
dövlət qurumlarının məsələyə
xüsusi diqqətlə yanaşdığını göstərir:
"Bu və bundan əvvəlki layihələr
gender bərabərliyi və media azadlığı sahəsində
beynəlxalq təcrübənin Azərbaycan jurnalistləri
arasında təbliğ olunması, onların öz fəaliyyətlərində
bu dəyərləri, beynəlxalq standartları tətbiq etməsi
baxımından ciddi əhəmiyyət kəsb edir. Bu
cür layihələrin həyata keçirilməsi yalnız
jurnalist peşəkarlığının
artırılması və bu dəyərlərin tətbiqi ilə
məhdudlaşmır. Eyni zamanda, gender bərabərliyi və
media azadlığı ilə bağlı ictimai fikrin formalaşmasında
da mühüm əhəmiyyət daşıyır.
Avropa Şurasının
Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes isə deyib ki,
2018-ci il mayın 1-dən icrasına başlanılmış
gender bərabərliyi və media azadlığı layihəsi
təşkilata üzv dövlətdə ilk dəfə həyata
keçirilən layihədir: "Biz bunu nümunə
ola biləcək pilot layihə adlandırsaq, yanılmarıq.
Əgər layihə uğurlu olsa, Avropa Şurasının
digər üzv dövlətləri üçün də
model kimi istifadə oluna bilər. Söz azadlığı və
gender bərabərliyi qırılmaz tellərlə
bağlıdır. Gender bərabərliyi təmin olunmadan
insan haqlarından, cəmiyyətdə inkişafdan söhbət
gedə bilməz. Təsadüfi deyil ki, BMT-nin 2030-cu il
üçün Dayanıqlı İnkişaf Məqsədlərində
gender bərabərliyi ayrıca məqsəd kimi qeyd edilib”.
Media eksperti Ələsgər Məmmədli Azərbaycan Konstitusiyası
ilə qadınların kişilərlə bərabərliyinin
qorunduğuna diqqət çəkib: "Konstitusiyanın 25,
34-cü maddələrindən sitat gətirən ekspert
bildirib ki, hüquq bərabərliyi həm də cinslərarası
bərabərlik deməkdir.
Məlumat üçün deyək
ki, media nümayəndələri və jurnalistika fakültəsinin
4-cü kurs bakalavr, eləcə də magistr və doktorant tələbələri
üçün üçgünlük təşkil olunan təlim
beynəlxalq və yerli ekspertlər tərəfindən
aparılıb.
Mövzunu "Şərq”ə dəyərləndirən
tanınmış jurnalist Eldəniz Vəliyev deyib ki, gender bərabərliyi
son illərin ən aktual mövzularından biridir. Jurnalist
bildirib ki, "Donuz qripi", Suriya münaqişəsi bitəcək,
amma yüz illərlə bu mövzu bitməyəcək:
"Gender bərabərliyi cəmiyyətlərin
inkişaf dərəcəsi kimi qiymətləndirilir. Bu
istiqamətdə təşkil olunan tədbirlər, seminar və
təlimlər məsələnin nə qədər ciddi
olduğunu göstərir. Yəni bu tip tədbirlərə,
hansısa təşkilat və ya QHT-nin pul silmək istəyi
kimi yanaşmaq doğru olmazdı.
Əyalətlərdə qadına münasibət,
hələ də Cəlil Məmmədquluzadəyə daha
çox rəhmət oxutdurur. Medianın özündə də
həmin bu əyalət psixologiyasından çıxa bilməyən
həmkarlarımız yox deyil. Bu baxımdan, Bakıda təşkil
olunan bu təlimlərin hansısa təsirinin olacağına
az da olsa ümid etmək olar. Amma... əmmasını bir qədər
sonra izah edəcəm. Məncə, bu təlimlərin media mənsublarından
daha çox Ailə, Qadın və Uşaq Problemləri
Üzrə Dövlət Komitəsinə təsirini arzulamaq
lazımdı. Komitənin media ilə təması o qədər
də ürəkaçan deyil. Təması yoxdur, demirəm...
Yəqin bilirsiz, bu, pilot layihə idi.
Əgər nəzərdə tutulan effekti versə,
Avropa Şurasına üzv olan digər ölkələrdə
də model olaraq tətbiq olunacaq. Mənə maraqlı gəldi,
niyə bu pilot məhz bizdə təcrübədən
keçirilir? Doğrudanmı, bizdə medianın bu sahədə
təcrübəsi pilot səviyyəsindədir? Ümumi
model, üzv ölkələrin hər birinin spesifik
xüsusiyyətlərinə uyğun gələcəkmi? Məncə,
bu məsələ həm də individual yanaşma tələb
edir. Media nümayəndələri də cəmiyyətin,
mənsub olduğu xalqın tərkib hissəsidir.
Şuranın pilot olaraq, ümumi modelinin həmin təlimlərdə
iştirak edən media mənsublarının və ya potensial
jurnalistlərin, ənənəvi ailə modeli
baxışına təsir edib-etməyəcəyi ayrıca
müzakirə mövzusudur.
Nəhayət, əsas məsələ,
doğrudanmı bu tip layihələr, vurğulanması zərərli
olan məqamların mətbu orqanlarında
işıqlandırılmasının qarşısını
ala biləcək? İnanıb, özümü aldatmaq istəmirəm.
Oxunmaq naminə bütün dəyərləri tapdalamağa
hazır olan, öz topu və topxanası olan media mənsubları
heç bir şura tanımır. Hansısa zorlanmış
bir qız uşağının ünvanına kimi yazıb bədbəxt
edirlər. Qəza törədən sürücünün
qadın olduğu xüsusi olaraq vurğulanır. Amma müəyyən
irəliləyişlərin olduğunu da danmaq olmaz. Sonda onu
deyim ki, gender bərabərliyinə jurnalistlərin təlimatlandırılması
hesabına nail olmaq olmaz. Hər şey, cəmiyyət üzvlərinin
təhsil səviyyəsindən asılıdır”.
"Yeni Müsavat”ın redaktoru Elşad Məmmədli
də "Şərq”ə bildirib ki, ümumiyyətlə,
hüquqların cinslərə bölünməsinin
özü bir bölücülükdür:
"Hesab edirəm ki, artıq 21-ci əsrdə
ayırca bir nəsnə kimi "qadın
hüquqları"ndan danışmaq doğru deyil. Gah
hüquq qarşısında hər kəsin bərabərliyindən
danışılır, gah da ayrıca qadınları bir tərəfə
keçirib, "qadın hüquqları"ndan danışılır.
Bu məsələlərə ümumilikdə
insan hüquqları prizmasından yanaşmaq lazımdır, nəinki,
qadın hüquqları, yaxud da kişi hüquqları. O
tamamilə başqa bir mövzudur ki, qadınların savad, təhsil
almasına, vəzifələrə irəli çəkilməsinə
hansısa əngəllər törədilir. Məsələyə
mediada gender bərabərliyi kontekstində yanaşdıqda,
uzun illərdir ki, bu haqda danışılır, amma ortada nəticə
yoxdur. Niyə? Çünki məsələ kökündən
yanlış qoyulur, təbliğat doğru aparılmır və
bir çox təşkilatlar burada süni ajiotaj yaratmaqla qrant
maraqları güdürlər.
Ona görə də son 15 ildə bu haqda ancaq
danışılır, lakin biz görürük ki, ailə
münaqişələri, qadınlara qarşı
zorakılıqlarda pisləşməyə doğru
addımlar atılır. Medianı bu məsələlərdə
suçlamaq da yersizdir. Tutaq ki, bir kişi bir qadını
döyüb, vurub, qətlə yetirib və s. Mətbuat bunun xəbərini
verməməklə məsələ həll olunan deyil. Təbii,
bəzən şahidi oluruq ki, hadisəni törədən
şəxsin dilindən haqlı-haqsız qadınların
üzərinə "əxlaqsızlıq", "namus
üstündə öldürdük" kimi haqq bir həqarət
tonu var. Bu məsələlərdə maksimum ehtiyatlı olmaq
lazımdır. Amma birtərəfli qaydada
yalnız qadınların günahsız, kişilərin
günahkar olduğuna dair ənənəvi qrant təbliğatları
aparılsa, bu problemlər daha da böyüyəcək.
Ümumi bir şəkildə mədəni, sivil birgə
yaşayış, bu mümkün olmadıqda boşanmaq mədəniyyətinin
aşılanması, zorakılığın heç də həll
yolu olmadığına dair təbliğat
aparılmalıdır”.
Tanınmış jurnalist Azər Qaramanlı
Azərbaycan mediasında gender bərabərliyinin
pozulduğunu hesab etmir:
"Ümumiyyətlə, Azərbaycanda
jurnalistika bəlkə də yeganə sahədir ki, burada gender
bərabərliyi təbii şəkildə balanslanıb. Azərbaycan
mətbuatında qadınlar kişilərdən daha məhsuldar
və aktiv çalışırlar. Demək olar ki, say nisbətində
də heç bir balans pozğunluğu yoxdur. Hətta
güman edirəm ki, Azərbaycanda jurnalist qadınlar kişilərdən
daha çoxdur.
Şəxsən mən qadınlarla
çalışmağa üstünlük verirəm.
Çünki qadın jurnalistlər kişilərdən daha məsuliyyətlidirlər
və daha məhsuldardırlar. Problem ondadır ki, qadın
baş redaktorlar kişilərdən daha azdırlar. Amma bu tək
Azərbaycanda deyil, bütün dünyada belədir. Həm də tək mətbuatda deyil, bütün sahələrdə
idarəetmədə kişilər öndədir və bu da təbii
qəbul olunmalıdır. Çünki bütün dünya
patriarxal cəmiyyətdə yaşayır. Ümumi fonda
bütün dünyada kişilərin rolu daha
üstündür. Və bu mühitdə gender bərabərliyinin
bütün sahələrdə pozulması da normal haldır.
Amma eyni zamanda gender bərabərliyinin təmin olunması da
vacibdir və bu iş kişilərdən daha çox
qadınların çiynindədir. Qadınlar çiyinlərini
daha çox ağır yüklərin altına verməli və
bütün sahələrdə kişilərlə intellektual
rəqabət aparmalıdırlar. Amma bir daha qeyd edim ki, bu
feminizm şüarları həyata keçirilməməlidir”.
A.Qaramanlı bildirib ki, normalda bütün
dünyəvi ölkələrin cəmiyyətlərində
qadınların hüquqları kişilərin
hüquqlarından daha çox qorunur və daha çox
ictimaiyyətin diqqəti altındadır:
"Bunda da mətbuatın böyük rolu var.
Başqa bir məsələ də var ki, sırf fiziki işlərdən
söhbət gedərkən orda gender bərabərliyini
heç kim ağlına gətirmir. Demək ki, təbiətin
qanunauyğunluqları bəzən gender bərabərliyini
istisna edir. Əslində mən qadınların rəhbər
vəzifələrdə olmalarını, inkişafın
aparıcı və yönləndirici simaları
olmalarını istəyən biriyəm. Bu, cəmiyyətə
bur az daha sakitlik və hüzur verər. Amma açığı
qeyd etməliyik ki, bu, qadınların öz əllərində
olan məsələdir. Onlar buna nail olmalıdırlar. Amma
yuxarıda da qeyd elədiyim kimi, feminizm şüarları
deyil, gördükləri işlərlə buna nail
olmalıdırlar”.
İsmayıl
Şərq.-
2019.- 31 yanvar.- S.11