Jurnalistləri həmrəyliyi vacibdir
Qələm əhlinin
biri-birinə qarşı intriqası mətbuatın
ziyanınadır
Bu gün ölkə mediası ilə
bağlı səslənən tənqidi fikirlərdən biri
də bu sahədə lazımi həmrəyliyin olmaması ilə
bağlıdır. İddialara görə, Azərbaycan
jurnalistikasında bu sahədə pərakəndəlik
hökm sürür. Bəzən də jurnalist cameəsindəki
həmrəyliyin cəmiyyətdəki həmrəylik qədər
olduğunu deyirlər.
Tanınmış tədqiqatçı
jurnalist, media və sosial sahə üzrə ekspert, Azərbaycan
İnformasiya Mərkəzinin rəhbəri, www.azim.az internet
portalının baş redaktoru Təbriz Vəfalı isə
keçmiş SSRİ dövründə istər respublika, istərsə
də rayon və şəhər qəzetlərinin əməkdaşları
arasında həmrəyliyin mövcud olduğunu deyib.
Onun dediyinə görə, sovetlər dönəmində
sözügedən qəzetlərin kollektivlərinin hər
bir üzvünün öz vəzifəsi, öz üzərinə
götürdüyü öhdəliyi və məsuliyyəti
müəyyənləşdirilib. Ona görə də hər
kəs başını aşağı salaraq öz işi ilə
məşğul olub:
«Çünki həmin dönəmlərdə
maaş və qonorar sistemi var idi və hər kəs öz
işinə görə maaş və ya qonorar alır,
başqa həmkarlarının işlərinə müdaxilə
etmirdilər. Üstəlik, o zamanlarda mətbuat orqanlarına
həm dövlət, həm də xüsusi xidmət
orqanları tərəfindən ciddi nəzarət var idi. Kimlərisə
şantaj etmək, şəxsi maraqlara xidmət edən fəaliyyətlə
məşğul olmaq, dəqiqləşdirilməmiş
informasiyaları, çayxana söhbətlərini,
dedi-qoduları və digərlərini mətbuat orqanlarında
dərc etdirmək və yaymaq qeyri-mümkün idi. Bir
sözlə, hər bir jurnalist yalnız ona verilən
tapşırıqları yerinə yetirirdi. Sovetlər
dövründə nəzarət sistemi o qədər
güclü idi ki, qəzetlərin, jurnalistlərin bir-birlərinin
əleyhinə kampaniya aparmaları heç cürə
mümkün deyildi.
Əksinə, sovet
psixologiyasının təbliğatına və təşviqatına,
eləcə də Kommunist Partiyasının ideyalarına xidmət
edən qəzetlər və jurnalistlər daha çox həmrəylik
nümayiş etdirir və bir-birlərinə köməklik
göstərməyə, əməkdaşlıq etməyə
və məlumat-məqalə mübadiləsi aparmağa
çalışırdılar. Hətta SSRİ
dövründəki jurnalist həmrəyliyi, mətbuat həmrəyliyi
dünyanın digər inkişaf etmiş ölkələrinin
mətbuat orqanlarında müzakirəyə
çıxarılan mövzulardan birinə çevrilmişdi
və xarici ölkələr bu təcrübəni öyrənməkdə
maraqlı olduqlarını həmişə bəyan
edirdilər».
Ekspert vurğulayıb ki, 1991-ci
ildə Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini
qazandıqdan sonra ölkə mətbuatında süquta
uğramış SSRİ dövründən qalma jurnalist və
mətbuat həmrəyliyi tamamilə məhvə
sürükləndi. Çünki həmin dönəmlərdə
respublikamızda yeni-yeni mətbuat
orqanlarının yaranması və onların müxtəlif
kanallardan, yerli və xarici mənbələrdən maliyyələşdirilməsi
jurnalistikamızın müəyyən dairələrin təsirləri
altına düşməsinə və asılılığın
yaranmasına gətirib çıxartdı:
«Azərbaycanın müstəqilliyinin
ilkin dövrlərində ölkə jurnalistikasında yenicə
yaradılmış qəzetlər arasında əməlli-başlı
bölünmə yaranmışdı. Belə ki, həmin qəzetlər
siyasi mövqelərinə görə müxalifət və
iqtidar olmaqla iki qütbə bölünmüşdülər.
Hətta özlərini müstəqil qəzet
adlandıranlar da var idi ki, tutduqları mövqelərə və
dərc etdirdikləri xəbərlərə və məqalələrə
görə həmin mətbuat orqanları qərbyönümlü,
rusiyapərəst, iranpərəst, Türkiyəyə meyilli,
İsrail mövqeli və sair adlandırılırdı.
Çünki haqqında bəhs etdiyim qəzetlərin əksəriyyəti
xarici ölkələrdən alınan qrantlar, maliyyə dəstəyi
ilə çap olunurdu. Bunlardan əlavə, sözügedən
qəzetlərdə çalışan jurnalistlər
redaksiyaların tutduqları mövqelərə uyğun
yazılar yazır və dərc etdirir, maaş və ya qonorar
alırdılar. Onlar hətta başqa jurnalistlərin, mətbuat
orqanlarının əleyhinə təbliğat aparmaqdan belə
çəkinmirdilər. Ona görə də həmin qəzetlər
və jurnalistlər Azərbaycanda mətbuat həmrəyliyinin,
jurnalist həmrəyliyinin yaranmasına ciddi əngəl
törətdilər».
Mərkəz rəhbəri qeyd
edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev
xalqın tələbi və təkidi ilə ikinci dəfə
Azərbaycan hakimiyyətinə gəldikdən sonra ölkə
mətbuatına nəzarətin gücləndirilməsi
üçün senzura rejiminin tətbiq olunması qəzetlərin
və jurnalistlərin bir-birlərinin əleyhinə
kampaniya aparmalarının qarşısını müəyyən
qədər aldı:
«Ancaq bu addım iqtidar və müxalifət,
iqtidaryönümlü və müxalifətyönümlü
qəzetlər, həmçinin onların əməkdaşları
arasında həmrəyliyin yaranmasına heç bir təsir
göstərə bilmədi. Respublikamızda
insan hüquqlarının müdafiəsi sahəsində
uğurlu islahatların aparılmasına və bu sahədə
mükəmməl qanunvericilik bazasının
yaradılmasına, həmçinin söz, fikir və mətbuat
azadlığına və ölkə jurnalistikasının
inkişafına yeni töhfələrin verilməsinə
başlanıldığından yuxarıda qeyd etdiyim senzura
rejimi ləğv olundu. Ancaq bununla belə
jurnalistlər və mətbuat orqanları arasında təkcə
bir-birlərini deyil, ayrı-ayrı dövlət
orqanlarında müxtəlif məsul vəzifələrdə
çalışan məmurları da kəskin tənqid, bəzən
təhqir edənlər oldu. İstər dövlət və
ümumxalq maraqları baxımından, istərsə də
şəxsi maraqlar ucbatından jurnalistlər və mətbuat
orqanları arasında həmrəylik nümayiş etdirənlərin
sayı barmaqla sayılacaq qədər az oldu».
Baş redaktor vurğulayır ki,
istər Heydər Əliyevin, istərsə də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti
dövründə söz, fikir və mətbuat
azadlığının müdafiəsi və mətbuatın
inkişafı naminə görülən məqsədyönlü
işlər və həyata keçirilən təqdirəlayiq
tədbirlər respublikamızda yeni-yeni mətbuat
orqanlarının yaranmasına səbəb oldu:
«Bu amil Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinin diqqətinə
çatdırılmasında müəyyən qədər
rol oynasa da, jurnalistlərimizin və mətbuat orqanlarının
həmrəy olmaması, kommersiya maraqlarına xidmət edən
məlumatların dərci və yayılması xarici ölkələrdə
respublikamızla bağlı həqiqətlərin
tam dərkinə, gerçəklərin tam
çılpaqlığı ilə öyrənilməsinə
ciddi maneçiliklər yaratdı. Hətta mətbuat
orqanlarında bir mövzu, bir məsələ ilə
bağlı müxtəlif və təzadlı fikirlərin
yer alması əcnəbilərdə
çaşqınlığın yaranmasına gətirib
çıxartdı və onlar kimin doğru, kimin yalan dediyini,
kimlərin haqlı, kimlərin haqsız olduqlarını
müəyyənləşdirə bilmədilər. Digər tərəfdən, jurnalistlərimiz və mətbuat
orqanlarımız arasında həmrəyliyin olmaması
ucbatından əcnəbilər, beynəlxalq təşkilatlar
və müəyyən dairələr öz maraqlarına xidmət
edən informasiyalardan istifadə etməklə və onları
yaymaqla Azərbaycanın əleyhinə kampaniya aparmağa və
ölkəmizin beynəlxalq siyasi nüfuzuna xələl
gətirməyə başladılar».
Ekspert təəssüflə
bildirir ki, Azərbaycanda rabitə və informasiya-kommunikasiya
texnologiyalarının, eləcə də mobil internetin
inkişafının ilbəil yüksələn templə
artması nə qədər sevindirici hal olsa da, sözügedən
inkişaf nəticəsində yaranan elektron KİV-lər də
jurnalistlərin həmrəyliyinin yaranmasına ciddi əngəllər
törədib. Onun dediyinə görə, istər elektron
KİV-lərdə, istərsə də sosial şəbəkələrdə
yayılan əksər informasiyalar, aparılan «qara piar»lar və
digər amillər jurnalistlər arasında
ayrıseçkiliyi daha da gücləndirib:
«Son illərdə KİV-lər, söz və mətbuat
azadlığı, insan hüquqları və digər sahələrdə
qanunlar müasir dövrün tələblərinə və
beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilir.
Ancaq bununla belə həm elektron KİV-lərdə,
həm də sosial şəbəkələrdə jurnalistlər
təkcə məmurları və dövlət siyasətini
deyil, hətta bəzi həmkarlarını, yazılı və
elektron KİV-ləri belə təhqir etməkdən çəkinmirlər.
Söhbət isə sağlam tənqidin və rəqabətin
aparılmamasından gedir. Bəzi jurnalistlərin
nüfuzlarına xələl gətirmək, onlar haqqında
ictimaiyyətdə çaşqınlıq yaratmaq və digər
məqsədlər üçün dəqiqləşdirilməmiş
informasiyalar yayan, bəzən də təhqiramiz ifadələr
işlədən həmkarlarımız da var. Reytinq qazanmaq üçün nüfuzlu jurnalistləri
və KİV-ləri ləkələməyə, qaralamağa
çalışan həmkarlarımız da çoxdur.
Üstəlik, kommersiya maraqlarının təmin edilməsi
üçün ayrı-ayrı məmurları hədəfə
alanlarla həmin məmurları müdafiə edənlər
arasında da əsl «söz müharibəsi» gedir. Adicə
bir faktı qeyd edim. Bir neçə gün əvvəl bəzi
jurnalistlər sosial şəbəkələrdə,
xüsusilə də «Facebook»da bəzi dövlət
qurumlarının ləğv olunması və ya
başqalarına birləşdirilməsi ilə bağlı
statuslar və rəylər yazdılar. Hər hansı bir fakt
və əsası olmadığı halda, ciddi ittihamlar irəli
sürən həmkarlarımızın yazdıqları
statuslara və rəylərə digər jurnalistlərin və
vətəndaşların bildirdikləri mövqelər
çox sərt oldu. Statusları və rəyləri yazan həmkarlarımızı
ən ağır sözlərlə təhqir edənlər,
onları rüşvətxor və korrupsioner məmurlarla
işbirliyində ittiham edənlər də oldu. Oxuduğum əksər statuslardan və rəylərdən
məlum oldu ki, həmkarlarımızın məqsədləri
bəzi məmurları və dövlət qurumlarını
müdafiə etmək, onlara yarınmaq və şəxsi
maraqlarını təmin etmək, həmçinin sifariş əsasında
digər məmurların və dövlət
qurumlarının əleyhinə təlbiğat aparmaq idi.
Ümumiyyətlə, sosial şəbəkələrdə
aparılan bu cür təbliğatlardan da
açıq-aşkar görünür ki, jurnalistlərimiz hələ
də şəxsi maraqlar üzündən bir-birləri ilə
düşmən kimi davranır və həmrəylik nümayiş
etdirməkdən uzaq qaçırlar».
Təbriz Vəfalı xəbərdarlıq
edir ki, jurnalistlər, eləcə də yazılı və
elektron KİV-lər arasında həmrəyliyin yaranması
üçün media qurumları və QHT-lər təcili
olaraq ciddi addımlar atmasalar, təxirəsalınmaz tədbirlər
həyata keçirməsələr, Azərbaycan mətbuatının
gələcək inkişafı ciddi təhlükə
altına düşəcək:
«İstər
elektron KİV-lərdə, istərsə də sosial şəbəkələrdə
şəxsi maraqların toqquşması ucbatından jurnalistlərin
biri-birlərinə qarşı kampaniya aparmaları yolverilməzdir.
Ona görə də dövlət səviyyəsində bu məsələni
müzakirə etmək və çıxış
yollarını tapmaq lazımdır. Mənim
birinci təklifim budur ki, problemin həlli üçün Azərbaycan
mətbuatının inkişafında xidmətləri
olmuş və bu xidmətə davam edəcəyinə
inanılmış jurnalistlərimizə dövlət tərəfindən
hər hansı bir formada, məsələn, maddi-mənəvi
dəstək göstərilməlidir ki, mətbuat
aləminə təsadüfən gəlmiş insanlar çarəsiz
qalıb jurnalistikadan uzaqlaşsınlar və bu yolla peşkar
jurnalistlərin həmrəyliyinə nail olunsun. İkinci təklifim
budur ki, Azərbaycanda «Jurnalistlərin Həmrəylik
Günü» adlı yeni bir bayram təşkil edilsin. Həmin bayramda mətbuat orqanlarının və
jurnalistlərin həmrəyliyi yönümündə
xüsusi xidmətləri olan həmkarlarımız
mükafatlandırılsınlar. Üçüncü təklifim
də budur ki, elektron KİV-lərə, eləcə də
sosial şəbəkələrə nəzarət gücləndirilsin,
jurnalist həmkarlarının əleyhinə kampaniya
aparan və onları təhqir edən həmkarlarımız cəzalandırılsınlar.
Əgər təkliflərim reallaşdırılmasa, Azərbaycan
jurnalistikasında həmrəylik heç bir zaman gerçəkləşməyəcək.
Bu da Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə
çalışan qüvvələrin maraqlarına daim xidmət
edəcək».
(Davamı olacaq ...)
Şəymən
Şərq.-
2019.- 2 fevral.- S.11