«Atam
çətinliklərdən asanlıqla
çıxmağı bacarır»
Fərqanə
Qasımova: “Alim müəllim problemlərin
öhdəsindən Allahı sevdiyi, səbrli
olduğu və təvəkkül etdiyi üçün
rahatlıqla gəlir »
Həmişə xalqa məşhurların
övladları, ailəsi maraqlı olub. Onlar haqqında xəbərləri, şəkilləri
diqqətlə izləmişik. Lakin elə
tanınmışlar var ki,
uşaqları da valideynlərinin yolunu davam etdirərək
xalqın sevdiyi, tanıdığı simalara çevirilib. Kimiləri
müğənni, kimiləri aktyor, kimiləri
isə aparıcı olaraq fəaliyyət
göstərib. Əlbəttə populyar
insanın uşaqları olmağın verdiyi
məsuliyyət hissi də onları uğurlu olmağa sövq edib.
Məşhur övladlardan biri də xalq artisti Alim Qasımovun
qızı Fərqanə Qasımovadır.
Bu çətin günlərdə
biz də Fərqanə xanımla həmsöhbət
olduq.
- Əvvəlcə
hazırkı gündəmdən sual vermək
istərdim. “Evdə qal” kampaniyasına dəstək
verirsinizmi?
- Əlbəttə əməl edirik.
Sosial şəbəkələrdə
tövsiyə mesajları paylaşırıq ki,
evdə qalın. Mütləq şəkildə riayət etmək
lazımdır.
- Bəs Alim müəllim?
- Alim müəllim də
evdədir. Bütün işləri
dayandırmışıq. Evdə otururuq
ki, çətin günləri Allahın izni ilə yola verək.
- Bir
çox həmkarlarınızın "online" layihələri oldu.
Sizin necə
belə fikriniz varmı?
- Bəli, olacaq.İnşallah.
- Söhbətimizin
axarını dəyişib
bir az
da xoş ovqatlı suallara keçək... Xalq tərəfindən sevilən sənətkarın
övladı olmaq necə hissdir?
- Musiqiçi ailəsində
doğulursan, dahi insanın övladı olduğunu dərk edirsən. İçində də musiqinin
yaşadığını anlayırsan. Musiqi ilə
böyüyürsən. Məsələn, yeyirik, içirik
həyat davam edir. Bir də var ki, musiqi ilə
yaşayasan. Necə ki
övladımızı boya
- başa çatdırırıq,
eləcə də sənətimizi böyüdürük.
Xoşbəxtəm ki, xanəndəyəm.
Xalqın Fərqanə
Qasımovasıyam. Çox məsuliyyətli
bir hissdir. Dahi sənətkarın övladı
olub, adını qoruyub saxlamaq. Həm də onun adı
ilə bir yerdə anılmaq çox sevindirici və şərəf vericidir.
- Dediniz ki, əlavə məsuliyyət də lazımdır. Bəs bunu nə zaman dərk etdiniz?
- Uşaqlıqdan çox məsuliyyətli olmuşam.
Bu da məni
musiqiyə çatdırdı.
Ona görə ki, dörd yaşımdan qəzəllər öyrənməyə
başladım. Müəyyən yaşa çatanda dəf çaldım.
Uşaqlar həyətdə oynayırdı, mən isə musiqi ilə məşğul olurdum. Piano məktəbini
bitirdim, sonra konservatoriyaya daxil oldum, magistraturanı bitirdim. Hazırda 17 ildir ki, Asəf
Zeynallı adına
musiqi məktəbində
müəllimə işləyirəm.
Bunlar hamısı insandan məsuliyyət tələb
edir.
- Alim Qasımovun musiqiyə yönləndirməsi olmasa
idi başqa sənəti seçərdinizmi?
- Bu suala cavab özünü
təsdiq etməmiş
olar. Bilmirik axı nə ola bilərdi.
Yenə də cavab vermək
istəyirəm. Musiqi insanın
daxilində olur.
Canında varsa mütləq
özünü göstərəcək.
Amma danılmaz faktdır ki, Alim müəllim
ustadımdır. O mənə
muğamın incəliklərini,
sirrlərini öyrədib.
Deməli onun övladı
olmalıydım, muğamın
sirrlərini bilməliydim.
Başqa
cür cavab verməyə çətinlik
çəkərəm.
- Bəzən olur ki, müəllimin
sinifində övladı
da dərs alır. Məktəbdə müəllim- şagird,
evdə valideyn-uşaq
olurlar. Bəs siz Alim müəllimdən
dərsləri dinləyəndə
övladı, yoxsa tələbəsi kimi öyrənirdiniz?
- Alim müəllim konservatoriyada 1997-ci ildə
müəllim kimi çalışmağa başladı.
Mən də 1996-ci ildən tələbə idim.
Mənə görə konservatoriyaya
müəllim kimi işə girdi. Çünki dedim ki, "Ata səndən başqa heç kimin tələbəsi olmaq istəmirəm."Bu
bir il
müddətində Arif
Babayevin sinifində idim. Bilirdim ki, atam gələcək. Həqiqətən də gəldi və tələbəsi oldum. Sinifdə onun tələbəsi
idim. Amma evdə övladı.
- Qrup yoldaşlarınızın münasibəti
necə idi?
- Hamı mənə əlçatmaz kimi baxırdı. Alim Qasımovun övladı
olduğum üçün
bəxtəvər deyirdilər.
Amma o xoşbəxtliyin içərisində
məsuliyyət də
var idi. Nə olsun ki, atam
idi. Amma hamıdan daha çox hazırlıqlı,
məsuliyyətli dərsə
gedirdim ki birdən atam qrupda acıqlanar . Ona görə həmişə
ikiqat hazır olurdum.
- Yəqin ki, Alim müəllim də sizi digər
tələbələrdən seçmirdi...
- Bütün tələbələrinə
eyni davranırdı. Sadəcə
mənlə daha çox məşğul olub. Yəni onlara müəyyən
saat ərzində dərs deyirdi. Amma mənimlə evdə də məşğul olurdu. Bir də görürdün
tarını götürüb
ki gəl oxuyaq. Əlbəttə mənə daha
çox vaxt sərf edirdi.
- Biz
Alim Qasımovu sənətkar kimi tanıyırıq. Siz ondan bir ata kimi nə
danışa bilərsiniz?
- Mənə görə ali bir insandır. Çətinliklərdən asanlıqla çıxmağı
bacarır. Problemlərin öhdəsindən Allahı
sevdiyi, səbrli olduğu və təvəkkül etdiyi üçün rahatlıqla
gəlir. Övladlarından, qohumlarından maddi mənəvi köməyini
əsirgəmir. Çox gözəl
insandır. Bir ailəyə,
nəslə, elə obaya əsl lazimi keyfiyyətlərə
malik olan şəxsiyyətdir.
- Elə olurmu ki, arada
fikirləriniz üst
- üstə düşməsin
və mübahisə edəsiniz?
- Əsla buna izin vermirəm. Çünki Alim müəllim nə qədər sadə insandırsa bir o qədər də mürəkkəbdir.
Bu da onun
dahiliyindən irəli
gəlir. Mən də,
ailəmiz də izin vermirik ki,
kimsə onunla mübahisə etsin. Ola bilir Alim müəllimin də düşüncələrində də qəbul edilməyən sözlər
olsun. Amma qəti surətdə
mübahisəni dayandırmaq
lazımdır. Çünki hörmətsizliyi sevməyən
bir insandır.
Şərq 2020.- 9 aprel.- S.13.