Radioda da,
televiziyalarda da dil normaları pozulur
Bunun qarşısı qanunvericiliklə
alınmalıdır, ancaq alınmır
"Problem icraatdadır. Qanun pozuntularının
qarşısının alınması üçün hərəkətə
keçməli adamlar bunu etmirlər"
Dövlət dilinin normalarının pozulmasına
görə inzibati cəza müəyyən edilə bilər.
Milli Məclisin rəsmi internet səhifəsində
İnzibati Xətalar Məcəlləsinə əlavə nəzərdə
tutan qanun layihəsi yerləşdirilib. Layihəyə
əsasən dövlət dilinin normalarının
"Kütləvi informasiya vasitələrində, internet
informasiya resurslarında və reklam
daşıyıcılarında" pozulmasına görə
inzibati cəza müəyyən edilir.
Layihənin Milli Məclisdə müzakirəyə
çıxarılacağı gözlənilir.
Təklif olunan dəyişiklik ilk baxışda vacib,
lazımlı görünür. Çünki dövlət
dilinin, eləcə də Azərbaycan ədəbi dil
normalarının istər internet resurslarda, istərsə də
televiziyada tez-tez pozulduğunun şahidiyik. Amma hansısa informasiya saytının, xəbər
portalının indiyədək məhz dil normalarının
pozulması səbəbindən məsuliyyətə cəlb
edildiyini, yaxud cərimə edildiyinə heç şahidlik etmədik.
Hansısa vəzifəli şəxs, müğənni, aktyor,
hətta iş adamı da şərəf və ləyaqətinin
təhqir olunması, böhtan, dəqiqləşdirilməmiş
məlumata görə təkzib, cərimə tələb
edir. Bəs ana dilimiz - dövlət dili təhrif
olunmasına, eybəcərləşdirilməsinə görə
hara, kimə müraciət etsin? Cavab var: qanuna. Amma qanunun tələbləri yerinə yetirilmirsə,
onda necə?
Məcəlləyə əlavə, əlavə problem
yaradacaqmı?
Layihəni
şərh edən media hüququ üzrə ekspert Ələsgər
Məmmədli hesab edir ki, bir neçə aspektdən
hüquqazidd məqamlar olduğundan bu formada qəbul edilməməlidir:
-
Hüquqi baxımdan istənilən öhdəlik qanunda
(legitimlik və sosial zərurət, balanslılıq şərtləri
çərçivəsində) müəyyən edildikdən
sonra məsuliyyət nəzərdə tutula bilər. Bu məsuliyyəti nəzərdə tutan qanun
"Azərbaycan Respublikasında dövlət dili haqqında
Qanun"dur. Onun 19-cu maddəsində məsuliyyət
nəzərdə tutulur. Lakin məsuliyyətin
subyektini İnzibati Xətalar Məcəlləsi yox, bu Qanun
müəyyən etməlidir, edib də.
Həmin Qanunun 4-12 ci maddələri dövlət dilinin
işlənməsi zəruri olan sahələri göstərib.
Deməli, İnzibati Xətalar Məcəlləsindəki
məsuliyyət bu çərçivə ilə məhdud
olmalıdır. Halbuki, İXM-yə dəyişiklik nəzərdə
tutulan layihədə bu sahələrin əsasən heç
birinə toxunmadan (reklam istisnadır), qanunda olmayan iki önəmli
sahəni məsuliyyət çərçivəsinə
salmağı planlaşdırır. KİV
və İnternet.
Diqqət etsək, "Azərbaycan Respublikasında
dövlət dili haqqında" Qanunda KİV olaraq sadəcə
6-cı maddədə Televiziya və radioların məsuliyyəti
nəzərdə tutulub.
Odur ki,
geniş şəkildə "kütləvi informasiya vasitələri"
və "internet resursları" üçün belə
bir məsuliyyətin nəzərdə tutulması
mümkün deyil və hüquqi əsası yoxdur”.
Ə.Məmmədlinin
fikrincə, KİV və İnternet resurslarının belə
bir məsuliyyətə cəlb edilməsinin nəzərdə
tutulması Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə,
o cümlədən Avropa İnsan Hüquqları
Konvensiyasının 10-cu maddəsinə ziddir:
-
Düşünün, bu dəyişiklik qüvvəyə
mindikdən sonra qəsdən bu tələbləri pozan istənilən
internet istifadəçisi və digər KİV cərimələnmək
istəyəcək. Daxili hüquq yolunda bu cərimə
"qanuni" hesab ediləcək. Həmin
şəxslər haqlı olaraq AİHM-ə gedəcək və
ölkəni minlərlə avro cərimələdəcək.
Deputatlara səslənirəm, bu
yanlışın olmasına yol verməyin və bu formatda bir
məsuliyyəti İXM-yə gətirməyə səs verməyin.
Bu ciddi şəkildə ölkənin imicinə
də problem yaradacaq.
Beləliklə, bu maddə həm də bəzi
"peşəkarlar" üçün gəlir yeri olacaq.
Azər Həsrət:
“Parlament məsələni ciddiyə almalıdır”
Əməkdar
jurnalist, Mətbuat Şurası İdarə Heyətinin
üzvü Azər Həsrət Ələsgər Məmmədlinin
yanaşmasının doğru olduğunu bildirdi:
-Ə.Məmmədli məsələyə peşəkar
hüquqşünas, media hüququ sahəsində təcrübəli
şəxs kimi yanaşır, kostruktiv və obyektiv mövqe sərgiləyir. Hesab edirəm
ki, İnzibati Xətalar Məcəlləsinə əlavə
nəzərdə tutan qanun layihəsini hazırlayanlar bir qədər
naşılığa yol veriblər. Bu da
başadüşüləndir, çünki parlamentin tərkibi
yenilənib, xətaların, yanlışlıqların
olacağı gözləniləndir. Amma
Ə.Məmmədlinin çağırışını
ciddiyə almaq lazımdır. İstənilən
qanun qəbul edilərkən, yaxud qanuna dəyişiklik təklif
edilərkən özündən əvvəlki qanunla
uyğunlaşdırılmalıdır. Ya
da qüvvədə olan qanunlara dəyişiklik edib, sonra əlavələr
edilməlidir. Hər hansı qanun qüvvədədirsə,
ona uyğun olmayan, onunla ziddiyyət təşkil edən qanun
və ya əlavə qəbul edilə bilməz. Ona görə də hesab edirəm ki, dövlət
dilinin normalarının pozulması ilə bağlı hər
hansı dəyişiklik və ya əlavə nəzərdə
tutulursa, bu, hazırda qüvvədə olan qanunla ziddiyyət
təşkil etməməlidir. Parlament
üzvləri bu məsələni ciddiyə almalıdır.
Hər
addımda dilimiz korlanır, yad elementlər əlavə edilir
Qanunvericilik bazası varsa, bəs niyə dövlət
dilinin pozulması, ədəbi dil normalarına riayət edilməməsi
hallarına görə məsuliyyətə cəlb olunmalar
yoxdur? A.Həsrət
bildirdi ki, burada problem qanunlarda deyil, icraatdadır:
- Azərbaycanda
bütün sahələrdə qanunvericilik mükəmməl
səviyyədədir. Hətta Avropa ekspertləri
Azərbaycanda qəbul olunan qanunların Avropa standartlarına
cavab verdiyini bildirib, yüksək qiymətləndirirlər.
Problem icraatdadır. Qanun
pozuntularının qarşısının alınması
üçün hərəkətə keçməli adamlar
bunu etmirlər. Mən dəfələrlə
media, informasiya məkanı ilə bağlı konfranslarda
iştirak etmişəm, hər dəfə də konkret iradlar
səsləndirmişəm, faktlar ortaya qoymuşam ki, radioda,
televiziyada dil normaları pozulur. Həmin
konfranslarda tv-rəhbərləri də iştirak edib, sayt,
portal redaktorları və sair. Hamısı da əl
çalıblar, amma iş yerlərinə qayıdanda yenə
eyni səhvləri təkrarlayıblar və hələ də
davam edirlər. Küçələrdəki
reklam lövhələrində Azərbaycan dili kobud şəkildə
təhrif olunur, dil normaları pozulur. Televiziyalarda
aparıcılar ədəbi dil normalarına riayət etmir,
çoxu bəlkə də ədəbi dil normalarından
ümumiyyətlə xəbərsizdir, əks halda ədəbi
dil normaları çərçivəsində
danışardılar. Amma yox, hər
addımda dilimiz korlanır, yad elementlər əlavə edilir,
Azərbaycan dilində, əlifbasında olmayan hərflər və
səslərdən istifadə edilir. Bunun
qarşısı qanunvericiliklə alınmalıdır, amma
alınmır. Ədəbi dil normalarının qorunmasıyla
bağlı Dil komissiyası var. Monitorinq aparırlar, nəticələri
elan edirlər, vəssalam, bununla da iş bitir. Hesab
edirəm ki, ana dilimizin saflığının qorunması
milli vicdan məsələsidir. Kim
olur-olsun, hansı struktur olur-olsun, içindən bir
yanğı gəlməlidir. Dilimizə həssas
yanaşmalıdır və pozuntuları aradan
qaldırmalıdır. Daxildə
yanğı, həssaslıq yoxdursa, yüz dənə
komissiya işləsin, xeyri olmayacaq. Bəziləri,
sadəcə əməkhaqqı üçün işləyir.
Gəldim, işimi gördüm, bitdi... Belə
vəziyyətdə min qanun qəbul olunsun, qanuna min cür əlavələr
edilsin, nə xeyri? Azərbaycan dövlət
dilinin, ədəbi dil normalarının qorunmasını istəyiriksə,
problemə ürəklə yanaşan insanlar önə
keçməlidir və əsaslı fəaliyyət göstərməlidir.
Bu, ilk növbədə ana dilimizə sevgi tələb
edir. Sevgi, yanğı yoxdursa, qanunları
dəyişdirsələr də, heç nə dəyişməyəcək.
Bəziləri elə düşünür ki,
qeyri-türk – qeyri-Azərbaycan mənşəli sözlər
işlətmək yüksək savad göstəricisidir.
Daha anlamırlar ki, ana dilinə hörmətsizlik
edən birisinin yüksək savadı olsa, nəyə yarar?!
“Tamaşaçı
qarşısına çıxan hər kəs dil
normalarına riayət etməlidir”
2002-ci ildə “Azərbaycan Respublikasında dövlət
dili haqqında” Qanun imzalanıb. 2012-ci ildə isə
Prezident İlham Əliyev tərəfindən “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı”
haqqında sərəncam verilib. Bu o deməkdir
ki, Azərbaycan dili dövlət dili kimi qorunmalı, rəsmi
sənədlər bu dildə tərtib edilməli və rəsmi
şəxslər də dövlət dilində səlis
danışmalıdırlar. Bacarmırlarsa,
heç olmasa buna çalışmalıdırlar.
Azərbaycan
Milli Elmlər Akademiyası Nəsimi adına
Dilçilik İnstitutunun Monitorinq şöbəsinin
müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc
Əliyevanın fikrincə, kim ana dilində səlis
danışa bilmirsə, deməli, o, özünü təqdim
edə bilmir:
- Bu da
dili bilməməkdən qaynaqlanır. İstər
nazir olsun, istər məmur, ya bir başqası, əgər Azərbaycan
dilində danışmağı bacarmırsa, öz peşəsini
də təqdim edə bilməyəcək. Azərbaycan
Respublikası Prezidentinin 9 aprel 2013-cü il
tarixli sərəncamı ilə Montiorinq şöbəsi fəaliyyətə
başlayıb. O vaxtdan da dövlət proqramına uyğun
olaraq kütləvi informasiya vasitələrinin dili ilə
bağlı monitorinqlər keçirilir. İldə
ən azı 1-2 dəfə monitorinqlər keçiririk.
Monitorinqlər məhz informasiya saytları və
televiziyaları əhatə edir. Televiziyalarda
əsasən xəbər aparıcılarının dili
yoxlanır. Xəbər
aparıcısı nitqində səhvə yol verməməlidir.
Amma son 2 ildə monitorinqlərin aparılma sahəsində
dəyişiklik etmişik və xəbər
aparıcıları ilə yanaşı, geniş
tamaşaçı auditoriyası olan verilişlərin
aparıcılarının dili də monitorinq edilir. Hesab edirik ki, geniş tamaşaçı
auditoriyasına malik verilişlərin təsir qüvvəsi
daha böyükdür. Məsələn,
auditoriyası olan aparıcının nitqi onu izləyən
tamaşaçının nitqinə də təsir edir. Bəzən aparıcıların nitqinin təsiri
altında tamaşaçılarda nitqin formalaşması
prosesi gedir. Xüsusən, bu təsir
kiçik yaşlılara, məktəblilərə, hətta
böyüklərə də təsir edə bilir. Ona görə də proqram aparıcıları danışıqlarında,
nitqlərində Azərbaycan ədəbi dilinin normalarına
ciddi riayət etməlidirlər. «Mən
aparıcıyam, mənə hər şey olar, necə istəsəm
danışa bilərəm» kimi yanaşmalar kökündən
yanlışdır və ədəbi dilimizin getdikcə
korlanmasına, dil normalarının itirilməsinə gətirib
çıxara bilər.
-
S.Əliyeva dedi ki, artıq neçə ildir monitorinqlərin
keçirilməsinə baxmayaraq iradları hələ də
qəbul etməyən, qüsurlarını düzəltməyən
aparıcılar var və ən təəssüfləndirici də
budur ki, telekanal rəhbərləri də aparıcılardan səhvlərini
düzəltməyi tələb etmir:
- Biz
telekanallara monitorinqlər vasitəsilə mesajlar göndəririk.
Aparıcıların
danışığında müəyyən etdiyimiz dil,
üslub qusurlarını göstəririk, iradlar bildiririk.
Amma nə onlar, nə də telekanal rəhbərləri
iradlardan nəticə çıxarmır. Məqsəd Azərbaycan ədəbi dilinə xidmət
etməkdir, ədəbi dilimizin normalarını yada salmaq,
dilin qorunmasını təmin etməkdir. Əgər
hansısa aparıcının dilində leksik-qrammatik, fonetik
qüsur varsa, biz buna göz yuma bilmərik.
Məqsədimiz maarifləndirməkdir. Azərbaycan
əlifbasında «t», “d” kar samitdir, rus və Avropa mənşəli
sözlərdə “t”, “d” cingiltili formada səslənirsə
(məsələn, “karantin”, “televiziya”, “direktor”...) biz bu hərfləri
öz ana dilimizə uyğun kar səslə ifadə etməliyik.
Çünki dilimizin norması bunu tələb
edir. Məsələn, “proses” sözündəki «s» hərfi
rus dilindəki kimi “ts” səsi ilə deyilməməlidir. Azərbaycan dilinin məlum leksik, qrammatik qanunları
var. Hamımızın borcu və bir nömrəli vəzifəsi
dil qanunlarına riayət etməkdir. O aparıcılar
evlərində, dostlarının, tanışlarının əhatəsində
istədikləri kimi danışa bilər, amma efirə - minlərlə
tamaşaçının önünə
çıxırlarsa, buyurub, dilimizin qaydalarına hörmətlə
yanaşmalı və riayət etməlidirlər.
Rzayeva, Məlahət.
Şərq 2020.-
25 aprel.- S.11.