Qurulan, dağılan məhv olan parklar

"Hazırda paytaxtda elə parklar var ki, baxımsız qalıb, pis gündədir. Vaxtilə ora sərf olunan maliyyə resursları da itib"

Yasamal rayonu ərazisində meşə tipli yeni park salınacaq. Ümumiyyətlə, paytaxtda son illər ərzində yaşllıqların ərazisi əhəmiyyətli dərəcədə artıb. Buna səbəb aparılan abadlıq, yenidənqurma işləri zamanı mövcud yaşıllıqların qorunması, həmçinin yeni yaşıllıqların salınmasına xüsusi diqqət yetirilməsidir. Əlbəttə ki, bütün bu işlərdə başlıca hədəf vətəndaş maraqlarının təminidir.

Prezident İlham Əliyev paytaxt sakinləri ilə hər görüşündə bu vacib məqamı vurğulayır, ictimai maraqların, vətəndaşların sosial rifahının dövlət siyasətinin prioriteti olduğunu qeyd edir və ölkə əhalisi, o cümlədən paytaxt sakinləri də buna şahid olur. Dəfələrlə olub ki, paytaxt sakinləri Prezidentə ətraf ərazilərdə istirahət parkının olmamasından, yaşıllıqların məhv edilməsindən şikayət ediblər.

Prezidentin qətiyyətli addımları sayəsində yaşayış binalarının qarşısında və ya yaxınlığında istirahət parkı salınıb, parkların bəzi iş adamları tərəfindən zəbt olunmuş hissələri boşaldılıb və orada insanların istirahəti üçün lazımi şərait yaradılıb.

Son illərdə paytaxtda neçə yeni park salınıb, bərbad vəziyyətdə olan parkların ərazisi genişləndirilib, abadlaşdırılıb. Məsələn, Dərnəgüldə, Qaraçuxur qəsəbəsində yeni parklar salınıb. Uşaqların əyləncəsi üçün müxtəlif atraksionlar quraşdırılıb. Müxtəlif növ ağaclar, gül kolları əkilib, hər yer yaşıllığa bürünüb. Əvvəllər “Gənclik” parkı adlanan ərazidə indi “Dədə Qorqud” parkı yerləşir. Köhnə “Sovetski” məhəlləsində aparılan yenidənqurma işləri sayəsində orada da sakinlər üçün geniş, müasir görünüşlü istirahət parkı salındı. Ətrafda yaşayan sakinlər hər axşam parkda dincəlir, təmiz hava alır, istirahət edir. Bütün bunlar vətəndaşların istirahəti, dincəlmələri üçün görülən işlərdir.      

Bir neçə gün əvvəlsə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış oldular. Hazırda koronavirus pandemiyası ilə mübarizə aparıldığını, dövlət resurslarının əsasən bu istiqamətə cəmləndiyini nəzərə alsaq, belə çətin bir şəraitdə  insanların normal istirahətinin düşünülməsi, dövlət başçısının həqiqətən də ictimai maraqları hansı dərəcədə üstün tutduğunu göstərir.

Layihənin icrası sosial xarakter daşıyır

Son illər paytaxtda tikilən hündürmərtəbəli binaların şəhərin ekoloji durumuna mənfi təsir etdiyi məlumdur. Binalar o qədər sıx, bir-birinə yaxın məsafədə tikilir ki, havanın sirkulyasiyasına imkan qalmır. Həmçinin yeni yaşayış binalarının bir çox hallarda həyəti də olmur. Sakinlərin istirahəti üçün heç bir şərait yaradılmır.

Bakının “Yeni Yasamal” adlanan ərazisi də istisna deyil. Amma Prezident bir neçə il əvvəl Yasamal rayonu ərazisində keçidin iştirakı zamanı binaların qarşısında istirahət parkının olmamasına diqqət etmişdi. Artıq həmin ərazidə yeni parkın layihəsi Prezidentə təqdim olunur.  

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya meşə tipli yeni parkda yaradılacaq şərait barədə məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Prezidentin tapşırığına uyğun olaraq meşə tipli yeni parkın layihəsi hazırlanıb. Layihə Sizə bu gün təqdim olunur. Layihə dörd hektar ərazini əhatə edir.

Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Lakin prezidentin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı.

E.Əzizov ərazidə yaşayan sakinlərin xahişi ilə onların adından Prezidentə minnətdarlıq bildirib. BŞİH başçısı qeyd edib ki, park şərti olaraq bir neçə zonaya bölünüb. Meşə zonası parkın ərazisinin demək olar ki, 70 faizini əhatə edir. Bundan əlavə, uşaq meydançası, fitnes və kafe zonaları da var. Parka altı giriş nəzərdə tutulub və əsas girişin qarşısında avtodayanacaq təşkil ediləcək. Burada hansı ağacların, bitkilərin əkilməsi barədə xüsusi proqram hazırlanır və Sizə təqdim olunacaqdır.

Eyni zamanda, parkın ərazisində kiçik memarlıq formalarından istifadə etmək üçün memarlar tərəfindən bəzi təkliflər hazırlanır.

Prezident İlham Əliyev layihə barədə fikirlərini bildirib: “Mən buraya bir müddət bundan əvvəl yerüstü keçidin açılışında iştirak etmək üçün gəlmişdim və o vaxt göstəriş verdim ki, burada yerləşən bu binalar əsaslı şəkildə təmir olunsun. Çünki gördüm ki, bu binalar artıq köhnəlib, həmçinin xarici görünüşü heç bir standarta uyğun gəlmir. Maraqlandım, bu binaların içi də çox bərbad vəziyyətdədir. Ona görə binaların kompleks şəkildə təmir edilməsi ilə bağlı müvafiq göstəriş verdim. Eyni zamanda, o vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin.

O vaxt şərtlərdən biri də o idi ki, bu parkda insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılsın, park təbii olsun. Burada bir çox hündürmərtəbəli binalar var, minlərlə insan yaşayır və şəhər içində sanki kiçik bir meşə yaradılsın. Ona görə burada təbii landşafta maksimum üstünlük verilməlidir. Təbii ki, burada istirahət, fitnes, əyləncə zonaları, oturacaqlar olacaq. Ancaq yaşıllıqlar daha geniş ərazini əhatə etsin, ağaclar əkilsin və insanlar gəlib burada rahat istirahət edə bilsinlər, dincəlsinlər, bunun şəhərimizin ümumi inkişafına böyük töhfəsi olsun. Hesab edirəm ki, layihə də çox yaxşı tərtib olunub və burada daha çox yaşıllıqlara üstünlük verilir. Ona görə artıq bu gündən başlayaraq parkın qurulması ilə bağlı əməli işlər görülməlidir”.

Prezident qeyd edib ki, əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər.

Qeyd edək ki, bu layihənin icrası sosial xarakter daşıyır və onun məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir. Bundan başqa, layihənin özəlliyini artıran daha bir mühüm məqam ərazidə meşə tipli yeni parkın salınmasıdır. Bu, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradacaq.

“Parklara xidmət mərkəzləşmiş qaydada olsa, yaxşıdı”

"Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli son illər yaşıllıqların artması, yeni parkların sayının artmasının hər bir paytaxt sakininin ürəyincə olduğunu dedi:

- Əlbəttə, yeni parkların salınması hər bir sakin tərəfindən alqışlanır. Sadəcə, bir məqam var ki, parkların ərazisinə xidmət məsələsində pərakəndəlik müşahidə olunur. Yaxşı olar ki, xidmətin göstərilməsi mərkəzləşdirilmiş qaydada olsun. Xidmət bir istiqamətdə aparılsın. Yaxud bu işi yerli bələdiyyələrə həvalə etmək olar. Qardaş Türkiyədə bunun uğurlu nümunəsi var. İstanbul kimi nəhəng meqapolisdə bir çox digər sektorlar kimi, parkların ərazilərinə də yerli bələdiyyələr nəzarət edir.

Cavabdeh qurum konkret məlum olanda, vətəndaş da hara, kimə müraciət edəcəyini bilir. Niyə bu məsələni qaldırıram, çünki hazırda paytaxtda elə parklar var ki, baxımsız qalıb, pis gündədir. Vaxtilə ora sərf olunan maliyyə resursları da itib artıq. Ağaclar, yaşıllıqlar baxımsız qalıb, oturacaqlar sınıq, park ərazisinə döşənmiş daşlar qırılıb, fəvvarələr işləmir...

Qısası, park görünüşünü itirib. Bir il əvvəl mən bu mövzuya toxunmuşdum. Lakin bu günlərdə həmin mövzu ilə əlaqəli əraziləri bir daha gəzib çox narahat oldum. Paytaxtın mərkəzində yaşıllıq zolağı hesab edilən parklarda son bir ildə yaxşılığa doğru hər hansı dəyişiklik olmayıb.

Müvafiq orqanlarda audit aparılsa həmin yerlərdə cari təmir adıyla bəlkə də maliyyə vəsaiti xərclənib. Nə bilmək olar, amma təki elə olmasın. Söhbət Vaqif küçəsindəki parkın “Koroğlu” heykəli ilə üzbəüz və arxa tərəfindən “Dədə Qorqud” parkınadək uzanan hissədə, bir də Xan Şuşinski küçəsinin başlanğıcındakı N.Vəzirov küçəsinədək olan hissəsindən gedir.

“Rixard Zorge” parkıyla “Dədə Qorqud” parkları arasında uzanan yaşıl park zolağı həqiqətən sakinlərin önəm verdiyi istirahət zonalarından hesab olunur. Məhz bu yaşıl park zolağının salınmasında ulu öndər Heydər Əliyevin xüsusi rolu və xidməti olub. Sonrakı illərdə BŞİH və Nəsmi RİH tərəfindən parkda əsaslı təmir işləri aparılıb.

Amma artıq on ilə yaxındır ki, adlarını qeyd etdiyim yaşıllıq zolaqlarında hər hansı təmir işlərinin aparılması hiss edilmir. Prezident İlham Əliyevin sərəncamıyla Koroğlunun heykəlinin inşasıyla əlaqədar ayrılan vəsaitə isə yalnız heykəlin yerləşdiyi kvadrat əsaslı şəkildə və yüksək səviyyədə təmir edildi. Lakin həmin kvadratdan sonra gələn hissədə əraziyə “əl gəzdirilmədi”.

Bu gün həmin qeyd etdiyim ərazilərdə oturacaqlar sınıq-salxaq, işıq dirəkləri xeyli hissəsi ya oğurlanıb, ya da sınıq vəziyyətdə, ərazidə quraşdırılan fəvvarə neçə illərdir su üzü görmür, sökülmüş-dağılmış vəziyyətdədir. Bununla yanaşı “Dostluq” kinoteatrının yay zalı özəl mülkiyyət olsa da bu gün o obyektin özü və ətrafının yararsız vəziyyətdə olması, ətrafdan keçən sakinlərdə, hətta qonaqlarda elə də ürəkaçan mənzərə yaratmır.

Üstəlik yay zalı ilə üzbəüz olan və hələ ötən əsrin 70-ci illərində unikal mozaika ilə bəzədilmiş fəvvarə kompleksinin indi yararsız və az qala üfunət bürümüş vəziyyətdə olması tək sakinləri deyil, bu ərazidən hər günə işə gedən, nahar fasiləsində isə məhz həmin ərazilərdə piyada gəzməyi xoşlayan Nəsimi RİH əməkdaşlarını da narahat etməlidir.

Birincisi, sadaladığım ərazilərin statusu müəyyən edilməlidır, yəni bilinməlidir ki, bura yaşıllq zolağıdır, ya parkdır. İkincisi, bu ərazilərə cavabdehlik daşıyan orqan müəyyən edilməlidir ki, kimsə yaxasını geri çəkmək yox, sinəsini irəli verib ərazilərin bütün məsuliyyət yükünü daşımış olsun. Həm işıqlandırma, həm fəvvarələr, həm yaşıllıq və həm də təmizlik işlərini icra edən orqan ya müəyyən edilməli, ya da birləşdirilib bir orqana həvalə edilməlidir.

Çünki bizə ünvanlanan cavablarda bu ərazilərin statusunun bilinməməsinin hesabına icra orqanları da məsuliyyəti bir-birinin üzərinə atmaq fikri də açıq-aşkar hiss olunurdu. Ona görə əvvəldə qeyd etdim ki, parklara xidmət məsələsində konkretlik olmalıdır. Cavabdeh qurum dəqiq bilinməlidir.

 

Məlahət Rzayeva

Şərq  2020.- 6 avqust.- S.11.