Əfsanəvi qəhrəman...
Onunla tək Azərbaycan
xalqı yox, Fransa xalqı da qürur duyur
Prezident
İlham Əliyev İkinci Dünya müharibəsi dövründə
antifaşist Müqavimət
Hərəkatının görkəmli
nümayəndəsi, əfsanəvi
partizan Əhmədiyyə
Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin
qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki,
Əhmədiyyə Cəbrayılov
bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən
xilas edilməsində
və nasizm üzərində qələbə
çalınmasında böyük
xidmətlər göstərmiş
Azərbaycan xalqının
mərd oğlu kimi rəşadətli döyüş yolu keçib. 1941-ci ildə
müharibənin başlanması
ilə ölkənin müdafiəsi üçün
könüllü surətdə
cəbhəyə yollanan
Əhmədiyyə Cəbrayılov
Fransa Müqavimət hərəkatında fəal
iştirak edib.
Ə.Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat
əməliyyatlarındakı misilsiz şücaətləri
layiqincə qiymətləndirilib,
o, Fransa dövlətinin
orden və medalları ilə təltif edilib, həmvətənimizin, eyni
zamanda Müqavimət
Hərəkatı iştirakçıları
sırasında xatirəsi
əbədiləşdirilib.
Ə.Cəbrayılovun Vətənimizin suverenliyi
və ərazi bütövlüyünün qorunması
uğrunda döyüşlərdə
canını fəda edərək uca şəhidlik mərtəbəsinə
yüksəlmiş oğlu
Mikayıl Cəbrayılov
Azərbaycanın ilk Milli
Qəhrəmanlarındandır.
Xalqımızın qəhrəmanlıq ənənələrini
Azərbaycanın hüdudlarından
uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə
Cəbrayılovun igidlikləri
işğal altındakı
torpaqlarımızı hər
an azad etməyə qadir olan Azərbaycan
Ordusunun mətin əsgərləri üçün
fədakarlıq, hünər
və cəsarət nümunəsidir.
Sərəncamda yubileyin keçirilməsi
ilə bağlı tədbirlər planının
hazırlanması aidiyyəti
strukturlara həvalə
edilir.
“Vətən xaini” necə qəhrəman oldu
II Dünya Müharibəsində
almanlara əsir düşənlərə ozamankı
SSRİ siyasi rəhbərliyi
tərəfindən “Vətən
xaini” damğası vurulması məlum həqiqətdir. Sovet partiya rəhbərləri
belə hesab edirdilər ki, “qızıl əsgər” əsir düşməməlidir,
özünü öldürməli,
partlatmalı, son nəfəsinədək
döyüşməli, qısası,
nə edirsə etsin, amma əsir
düşməməlidir. Bu mənada əfsanəvi
Mixaylo – Mehdi Hüseynzadənin bəxti
gətirmişdi – ölümündən
sonra. Mixaylo özünü partlatdığı
üçün qəhrəmanlığı
təsdiq edildi və ona Sovet
İttifaqı Qəhrəmanı
adı verildi. Əhmədiyyə Cəbrayılovun taleyi fərqli oldu.
…
1946-cı ildə Əhmədiyyə
Cəbrayılov Vətənə
qayıdır.
Həm də Şarl
de Qollun köməyi ilə. Burada isə o, “vətən
xaini” kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının
bir hissəsi əlindən alınır.
Fransa hökuməti
onun hərbi şücaətlərini layiqincə
qiymətləndirmişdi. O, ölkənin
8 hərbi mükafatı
ilə təltif edilmişdi. Təkcə birinin izahını
verək; şəxsi
igidliyə görə
“Hərbi medal” sıravi
əsgərə hərbi
paradda generaldan irəlidə addımlamaq
hüququ verirdi.
Amma
SSRİ rəhbərliyi üçün
bunların əhəmiyyəti
olmadı. Ə.Cəbrayılov doğma kəndində yaşadı, ailə qurdu, yarımçıq təhsilini davam etdirdi, sakit, səssiz həyatını
yaşamaqda davam etdi. 1966-cı ilə qədər.
1966-cı ildə Şarl
de Qol Moskvaya səfər etdi və Əhmədiyyə Cəbrayılovu soruşdu.
Bəlkə də
belə deyib; “bir cəsur kəşfiyyatçımız, partizanımız vardı,
Əhmədiyyə, hardadı,
onu görmürəm…”. Bəli, Fransa prezidentinin
bu sözü SSRİ
rəhbərliyini silkələyib,
əl-ayağa düşüb
Əhmədiyyənin ardınca
elçi göndəriblər,
Moskvaya gətizdiriblər.
Bununla da bəraət verilib, sonra da medallar,
ordenlər… Ümumilikdə
26 orden, medal, nişan.
1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak
etdiyi yerləri gəzməyə icazə
verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə
gedir, həmçinin
Paris, Bordo, Strazburq,
Lion, Dijon və Marseldə
olur, keçmiş döyüş yoldaşları
ilə görüşür.
1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul
edilir və ona bu görüşdən
xatirə medalı təqdim edilir.
1977-ci ildə Tarn və
Qaronda Fransa partizan hərəkatında
birgə iştirak etdiyi Rene Şambar
SSRİ-yə gəlir
və Əhmədiyyə
Cəbrayılovla görüşür.
Əhmədiyyə - Mişel, Maykl,
Xarqo… dəyəri 10
min alman markası!
Ə.Cəbrayılovun bir neçə ləqəbi olub. Müqavimət hərəkatında "Armed Mişel",
"Ryus Armed", "Xarqo"
və başqa adlarla Fransanın azadlığı uğrunda
döyüşlərdə iştirak edib. Ə.Cəbrayılovun müharibədə iştirakı, əsirlik həyatı barədə
xeyli məlumatlar var. Özü bunları gündəliyində yazıb.
Jurnalist İntiqam Valehoğlu Ə.Cəbrayılov barədə
yazısında qeyd edir ki, Şəkidə
olarkən əfsanəvi
partizanın oğlu ilə görüşüb.
Ə.Cəbrayılovun oğlu atasının
gündəliyini jurnalistə
təqdim edib.
Qısaca onu deyək ki, Ə.Cəbrayılov könüllü cəbhəyə
yollanıb. Orconikidze diyarının Nevinnomıssk
şəhərindəki aviasiya
məktəbində hazırlıq
kursundan başlanan müharibə yolu Moskva yaxınlığındakı
35-ci diviziyanın 350-ci bombardmançı
eskadriliyası, 1942-ci ildə
Donbas şəhəri, Ukraynanın
Barvinki-Lozovaya-İzyum rayonu
ətrafındakı döyüşlərdə
iştirak edir.
1942-ci ilin aprel və
ya may ayında onun təyyarəsi Kursk ətrafında vurulur. İzyum çayının yaxınlığında
ağır yaralanır
və almanlara əsir düşür, Barvinka və Lvov yaxınlığındakı həbs
düşərgələrinə göndərilir. Bir düşərgədən
başqa düşərgəyə
keçid 3 ay davam edir. Hər gün piyada
təxminən 60 km yol
qət olunurdu.
1943-cü ildə Daxau
həbs düşərgəsinə
göndərilir və
birinci dəfə qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq özünü
sərxoşluğa vurur,
gecənin qaranlığından
istifadə edərək
gözətçiyə yaxınlaşır
və boğazını
kəsmək istəyir.
Cəhd baş tutmur və nəticədə almanlar tərəfindən
Fransanın cənubunda,
Tuluza şəhəri
yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilir.
Burada o,
4167 nömrəli əsir
idi. Bu həbsxanada
o, vərəm xəstəliyinə
tutulur.
Ə.Cəbrayılovun həbsxanadan qaçması,
partisan hərəkatına qoşulması ilə bağlı zəngin məlumatlar var. İşğalçı
alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin etmişdilər.
1944-cü
il 22 mayda Əhmədiyyəni əvvəlcə
Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirirlər, Əhmədiyyə
bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı
bütün döyüşlərdə
iştirak edir. 1944-cü
il 19 avqustda
Montobanın azad edilməsi və buna qədərki digər əməliyyatlara
qatılıb.
20 avqustda azad
edilmiş Parisdə general
Şarl de Qoll Əhmədiyyə Cəbrayılov ilə
görüşür. Bu görüşü
fotoşəkil təsdiq edir, həmin
dövrdə Fransa müvəqqəti
hökumətinin prezidenti olan
Şarl de Qollun iştirak etdiyi banketdə Əhmədiyyəni görmək
olar. 28 avqustda Əhmədiyyə
Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və
Elzasdakı döyüşlərdə də iştirak
edib.
Film çəkiləcək
Xatırladaq ki,
Prezident İlham
Əliyev və birinci vitse-prezident
Mehriban xanım Əliyevanın Azərbaycanın
mədəniyyət və incəsənət xadimləri ilə
görüşü zamanı “Planet Parni iz
Baku” KVN Teatrının rəhbəri,
Əməkdar artist Tahir
İmanov Ə.Cəbrayılov haqqında
film çəkmək istədiklərini
cənab Prezidentin diqqətinə
çatdırdı və Prezidentdən bu
işdə onlara yardım etməsini istədi:
“İkinci Dünya
müharibəsi qəhrəmanı, milliyyətcə azərbaycanlı
olan Əhmədiyyə Cəbrayılov
haqqında film üzərində işləyirik.
Daha dəqiq desəm, Rusiya
Prodüserlər Gildiyasının prezidenti
Renat Davletyarovun, həmçinin
Rusiya Kino Fondu adlı bir qurum var, onların
razılığını almışıq.
Hörmətli səfirimiz Polad
Bülbüloğlu bu
barədə Rusiya Mədəniyyət
Nazirliyinə də məktub yazıb, onlardan
da müsbət cavab
almışıq. Hətta Rusiyanın “Rossiya
1” kanalı bu filmin 4
seriyasında maraqlıdır ki, film orada da
işıq üzü görsün.
Bildiyiniz kimi, 2020-ci
ildə bütün bəşəriyyət
faşizm üzərində Qələbənin
75 illik yubileyini qeyd edəcək. O cümlədən də biz – Azərbaycan Respublikası. Ona görə Sizdən xahiş
edirəm ki, bizə bu
işdə yardımçı olasınız. Bir neçə biznesmenə,
tanınmış iş adamlarına
müraciət etmişik, amma
hamı bir nəfər kimi
deyir ki,
qadağalarınız olmasaydı kömək edərdik. Sizdən
xahiş edirik ki, bizə bu işdə
yardımçı olasınız”.
Cənab Prezident də “sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək” söylədi. Prezident belə qadağa varsa, bunun səhv olduğunu bildirdi: “Onlara məsləhət görürəm, tövsiyə edirəm ki, əgər doğrudan da bu qadağa varsa, tamamilə götürülməlidir. Dövlət xətti ilə sizə heç bir qadağa qoyula bilməz”. Prezidentin qəti mövqeyi Əhmədiyyə Cəbrayılov haqqında filmin nəhayət ki, ərsəyə gələcəyinə inamı artırır. Bu cəsur partisanın həyatını əks etdirəcək film çox maraqlı olardı…
Məlahət Rzayeva
Şərq 2020.- 13 avqust.- S.9.