"Dünyaya gəlməyə
ömür tələsdi"
Şair Məmməd Əfşan
yeni kitabında Azərbaycanı bir xəritə kimi açır
Şair Məmməd Əfşanın
"Dünyaya gəlməyə
ömür tələsdi"
adlı şeirlər
toplusu çap olunub. Kitab müəllifin
digər əsərləri
kimi çoxsaylı oxucuları tərəfindən
maraqla və rəğbətlə qarşılanıb.
Bu da təsadüfi
deyil. M.Əfşan Vətənin hər qarış torpağını, millətini
və dövlətini
candan-ürəkdən sevən
qələm sahibi olmaqla yanaşı, həm də müasir Azərbaycan ədəbi mühitində
öz yazı manerası, forma və məzmunu, orijinal dili, üslubu ilə tanınan bir sənətkardı. Həmçinin cəmiyyətimizdə nəzərəçarpan
əyər-əskiklikləri cəsarətlə tənqid
edən satirik şairdir. Bunlarla bərabər özü
də qeyrətli, ləyaqətli və mərd kişilərdəndi.
Şair
"Dünyaya gəlməyə
ömür tələsdi"
adlı kitabda Azərbaycanı
bir xəritə kimi açır. Səhifələri vərəqlədikcə
gözümüzün önündə Laçının,
Kəlbəcərin silsilə
dağları, Zəngilanın,
Qubadlının büllur
bulaqları, Ağdamın,
Şuşanın gözəl
çağları canlanır.
Xəyalımızda Qaxın,
Qəbələnin gül-çiçəkli
yaylaqları, ceyran-cüyür
oylaqları təsvir olunur. Oxucu bütün əsərlərində
yazıçı-şairin özünü görür
və duyur.
Zirvələrə üz tutub, ucalığa can atdım,
Kişiliyi nişan verən neçə dastan yaratdım.
Mən bu ömür yollarında nə yoruldum, nə yatdım,
Dizləri qatlanmayan nər ömrünü yaşadım.
Şairin «Elm və zəka» nəşriyyatı tərəfindən
çap olunan «Dünyaya gəlməyə
ömür tələsdi»
şeirlər kitabının
redaktoru şair Vəli Xramçaylıdır.
Müəllifin kitabda gedən şeirlərini dönə-dönə
oxuduğunu vurğulayan
V.Xramçaylının qənaətincə, «Nə böyük dərd imiş şair yaranmaq» deyən Səməd Vurğunu Məmməd Əfşan başqa bir formada təkrarlayır.
Və şair öz dərdini başqa dərddaşlarla bölüşdürür.
Ona görə kitabın ikinci adı «Yurd ağrılı dostlara məktublar» adlanır. Həmin şəxslər də ürəklərində
illərdir Vətən
həsrəti, yurd ağrısı gəzdirirlər.
Şair ana yurdun qarı
düşmənlər tərəfindən
zaman-zaman pay-puş, təbii zənginliklərinin
talan edilməsini, illərdir düşmən
tapdağında qalan xaraba yurd yerlərinin
ağrılarını bölüşməyə
həmdərd axtarır. Gah üzünü
klassik şairimiz Qasım Bəy Zakirə, gah zəmanəmizin ünlü
şairi Məmməd
Araza tutaraq, onlardan kömək istəyir. Gah da «Özündən
yuxarı Allahın özü, Allahdan aşağı dayanan şair» Yaradana yön çevirib «Qul xatasız olmaz, ağa kərəmsiz» deyərək,
Vətəndən perikdirilmiş
qullarını bağışlamağı
xahiş edir, Yaradana yalvarır.
Kitabda müraciət
edilən şəxsiyyətlər
Məmməd Əfşanın
«simvolikalardır». Şair ağrılarını
bölməyə onları
«dərddaş» edib.
İllərdir ürəyini parçalayan,
beynini yoran dərdləri Məmməd
Əfşanın böyük
Vətən və yurd ağrılarıdır.
O, cənnət Qarabağın
azğın erməni
vandalları tərəfindən
daşının daş
üstə qoyulmamasına,
Qarabağın qədim
və köklü əhalisinin yurddan didərgin salınmasına,
Azərbaycanın tarixi
qalalarının üstündə
erməni bayrağının
dalğalanmasına dözmür,
üzünü Qarabağın
ünlü şairi Q.B.Zakirə tutub deyir:
Kəsilib yolları dağla,
aranın,
Yoxdu «Turş su» üstə
əhval soranın,
Baban tikdirdiyi xan Əsgəranın,
Üstünə sancıbdır erməni bayraq.
Şair
Məmməd Araza məktub formasında yazdığı "Vətəndir
amalım, millətdir
andım" şeirində
isə qəlbindəki
sızıltını daha
real və dəqiq təsvir
edib:
Millətin zilləti ağrıdır
məni,
Didir, parçalayır, dağıdır
məni
,
Sızladır, göynədir, ağladır məni,
Min dağ-düyün çəkir sinəmə çarpaz.
Yoxdur bir oxşayıb, ovudan məni,
Hayıma
hay verən həyan tapılmaz,-
Ay Məmməd Araz!
Məmməd Əfşanın bir sızıltısı, ürək
ağrısı da doğma yurdu Əskiparadır. Həmin Əskipara da
o ağır illərdə
xəyanətin qurbanı
olub, otuz ildir, gözləri yol gözləyir. Şair yaşadığı
ağrı-acını, vətən
həsrətini
«Qazançı dağına»
həsr etdiyi şeirdə şair uzaqdan «Qazançı» dağına baxaraq təsvir edir:
Qəm mülkündə dərd
sinəmə söykəndi,
Görəmmədim, o obanı, o kəndi,
Daha mənim ömrüm-günüm
tükəndi,
Baxa-baxa Qazançının dağına.
Şəymən
Şərq 2020.- 18 avqust.- S.14.