Turizm sektoru postpandemiya
dövrünə hazır olmalıdır
"Nazirlər Kabineti sahibkarlar üçün yeni dəstək
paketi hazırlayır"
Pandemiya dövründə ən
çox zərər çəkən sahələrdən
biri, əlbəttə ki,
turizm sektoru oldu. Koronavirus təhlükəsi
dünya ölkələrini
qapılarını bağlamağa, dünya əhalisini yalnız öz
ölkəsinin sərhərdləri daxilində qalmağa məcbur etdi.
Bu məşum koronavirus bəlası
olmasaydı, həyat öz axarında davam edəcək, səyahət azarkeşləri,
dünyanı gəzmək arzusu olanlar bir ölkədən
digərinə səfər edəcək, ürəkləri
istədiyi şəkildə istirahət edəcəkdilər.
Xarici turizm bir yana, yerli
turizm də ənənəvi qaydada davam edəcəkdi.
Xüsusilə də yay
mövsümündə insanlar regionlara səyahət edəcək,
yaxşıca dincəlib payız mövsümünü
yeni həvəslə
qarşılayacaqdılar. Amma… Bunların
heç biri
olmadı. Karantin qaydalarını pozaraq bölgələrə səfər edən,
bir çox hallarda cərimə olunan,
bəzən də cəzadan, nəzarətdən yayınanlar
hesabdan deyil. Söhbət
kütləvi turizm, kütləvi istirahətdən
gedir.
Məlumdur ki,
yerli turizmin
inkişafı bir çox
hallarda xeyirlidir.
İnsanların səyahət imkanlarının artması, vətəndaşların
rahat istirahət imkanı əldə etməsi,
turizm sektorunun
inkişafı fonunda
sahibkarlığın da dinamik
inkişafı, ümumilikdə dövlət maraqlarına xidmət
edir. Vətəndaş
razıdır, sahibkarların timsalında vətəndaş da qazanır, vergi ödəyicisi
olan sahibkarların büdcəyə
ödəmələr etməsi hesabına dövlət də
qazanır. Lakin pandemiya
vətəndaşları da bu imkanlardan məhrum etdi, dövlət büdcəsinə də ziyan vurdu.
“Bu ilin beş ayı ərzində beynəlxalq turizm axınları yarıbayarından artıq, turizm xidmətlərindən əldə edilən mənfəət 320 milyard ABŞ dolları azalıb. Bilavasitə turizm sektoru ilə bağlı olan 120 milyonadək iş yeri təhlükədədir”. Bunu BMT-nin Baş katibi Antonio Quterres deyib. İqtisadiyyatın mühüm sahələrindən olan turizm sektorunda dünya əhalisinin onda birinin çalışdığını xatırladan təşkilat rəhbəri turizm sektorunun dolayı olaraq əlavə yüz milyonlarla insana qazanc gətirdiyini qeyd edib.
Turizm sektorunda
fəaliyyət göstərən orta və
kiçik sahibkarlıq qurumlarında çoxlu sayda gənclərin
və qadınların da
çalışdığı, beləliklə, əhalinin ən
həssas təbəqələrinin təhlükə
altına düşdüyünü bildirib.
BMT baş katibi turizm sektorunun
bərpa olunması zamanı sosial ədalət,
ictimai təhlükəsizlik, ətraf mühitinin mühafizəsi kimi
məsələlərin əsas tutulmasının vacibliyini də vurğulayıb. Ən
azından götürsək, son 10 ildə
turizm sektorunun yüksəlişi
müşahidə olunan ölkəmizin turizm sektoru pandemiya səbəbindən nə qədər
ziyan çəkir?
Dövlət ziyan çəksə
də, sərhədləri bağlamaq ən
düzgün qərardır
Xatırladaq ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu il iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş
katibi Zurab Pololikaşvili ilə videoformatda
görüşü olmuşdu.
Prezident görüş zamanı qeyd
etmişdi ki, bütün dünyada olduğu kimi pandemiya dövründə Azərbaycana da turist axını təbii
olaraq çox
azalıb, lakin postpandemiya
dövründə də bu sahənin bərpa
olunması, əlbəttə, müəyyən məhdudiyyətlərlə
bağlı olacaq: “Bildiyiniz
kimi, son vaxtlar Azərbaycana gələnlərin
sayının xeyli artması
müşahidə olunurdu.
Keçən il rekord göstərici qeydə alınıb – 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar.
Sahə bərpa olunmağa
başlayana qədər bu
dəstək göstəriləcək. Pandemiya
dövründə dünya ölkələrinin
çoxu, o cümlədən
Azərbaycan da öz
sərhədlərini bağlayıb. Bizim sərhədlərimiz
indiyə qədər bağlıdır, onlar
yalnız Vətənə qayıtmaq istəyən Azərbaycan
vətəndaşlarının qəbulu üçün
və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin
getməsi üçün
açıqdır.
Bu, onunla bağlıdır ki, biz, ilk
növbədə, insanların təhlükəsizliyi,
sağlamlığı, onların həyatı barədə düşünürük. Əlbəttə,
virusun Azərbaycana kənardan gətirildiyini
nəzərə alaraq hesab
edirik ki, indiki mərhələdə yeganə düzgün yol sərhədlərin
bağlanmasıdır”. Prezident qeyd edib ki,
təhlükənin minimuma enməsiylə
sərhədlər yenidən açılacaq və o zaman turizm
sektorunun bərpasına dair
ÜTT-nin tövsiyələri çox gərəkli olacaq".
Yeni qaydalar
postpandemiya dövrünə hesablanıb
Qeyd edək ki,
mehmanxanaların fəaliyyəti ilə bağlı yeni qaydalar işlənib
hazırlanıb. Bu, turizm
sektorunda yavaş-yavaş
canlanmanın müşahidə edilməsiylə
bağlıdır. Karantin rejiminin mərhələli
şəkildə yumşaldılması, kafe
və restoranların fəaliyyətinə hələlik
yalnız açıq havada icazə verilməsi
yaxın vaxtlarda bu sektorda daha artıq
canlanmanın olacağını söyləməyə əsas
verir.
Mümkündür ki, Azərbaycan payız mövsümündə xaricdən turizm qəbuluna icazə versin. Yerli turizmin canlanması da karantin rejimi qaydalarına riayət edilməklə mümkündür. Ölkəmizdə çalışan əcnəbilər səyahət istəklərinin onsuz da önünə keçmir. Bu, kiçik miqyasda olsa da, turizm sektorunun çökməməsi baxımından müsbət haldır.
Yeni növ
koronavirus pandemiyası dövründə
fəaliyyət göstərən mehmanxanalarda
COVİD-19-a yoluxma hallarının və ya virusun
yayılmasının qarşısının alınması məqsədilə
bir sıra qaydalara əməl
olunmalıdır.
Müştərilər
arasında növbəlilik sisteminin
qurulması, qabaqlayıcı tədbirlər, mehmanxanaların
əhatə etdiyi ərazidə dezinfeksiya məhlulundan istifadə üçün müvafiq
qurğuların (dispenserlərin) yerləşdirilməsi və
həmin qurğuların işlək vəziyyətdə
olması, qonaqların və işçi
heyətin daxil ola biləcəyi
bütün məkanlarda maskası olmayan şəxslərə əlavə maskalar, digər gigiyena
vasitələri təqdim olunmalıdır. Həmçinin
müəssisənin bütün xidmət
ərazilərində nağd ödənişlər
məhdudlaşdırılmalı və təmassız ödəniş
üsullarına üstünlük verilməsi
təmin edilməlidir.
Mehmanxanaların ictimai
iaşə zonalarında işçi heyət
şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etməlidir. Həmçinin
mehmanxanaya daxil olarkən
onların termal kamera
sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti
ölçülməlidir. Mehmanxanaların ictimai
iaşə sahəsində çalışan işçi
heyətin dəyişəkli təmiz iş
geyimində olması əsas şərtlərdəndir.
Profilaktik tədbirlər çərçivəsində mehmanxanaların bütün ərazisində səthlərin xüsusiyyətinə uyğun olaraq, dezinfeksiya vasitələri ilə təmizləmə işləri həyata keçirilməlidir. Qeyd edək ki, hər bölmə (iş sahəsi) üçün təmizlik və dezinfeksiya tədbirlərinin dövriliyi infeksiya riski, insanların sıxlığı, çirklilik səviyyəsi, məhsulun növü, çirklənmənin növü, səthin tipi və s. kimi amillər nəzərə alınmaqla planlaşdırılmalıdır.
Mehmanxanaların ictimai
iaşə zonalarında müştəri qəbulu zamanı
adambaşına müəyyən edilən sıxlıq
normalarına riayət olunmalıdır. İctimai
iaşə sahəsinin qarşısındakı (girişində)
xüsusi lövhələrdə qida qəbulu yerlərinin ümumi
sahəsi, oturacaq yerlərinin sayı,
masalararası məsafə, adambaşına müəyyən
edilən sıxlıq normaları əks olunmalıdır.
Mehmanxanaların mətbəxində qida ilə təmasda olan səthlərin, alət və avadanlıqların təmizliyi təmin olunmalı, işçi heyət şəxsi gigiyena qaydalarına ciddi əməl etməlidir. Mətbəxdə bütün qida məhsulları təmiz və qidanın xüsusiyyətinə uyğun şəkildə bağlı şkaflarda üstü qapalı şəkildə saxlanmalıdır.
Qida məhsullarına işçi heyətdən mümkün qədər az sayda insanın əllə toxunmasına icazə verilməlidir. Çarpaz yoluxma ehtimalını aradan qaldırmaq məqsədilə emal olunmamış qida məhsulları və hazır qidalar mətbəxdə ayrı-ayrılıqda saxlanmalıdır.
Mehmanxanaların ictimai
iaşə zonalarında - mətbəxdə işçi
heyətin şəxsi gigiyenaya əməl
etməsi, yeməklər hazırlanarkən termiki
emala riayət olunması, o
cümlədən xam məhsulların
istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin,
mətbəx avadanlıqlarının, çirkli
səthlərin mütəmadi olaraq yuyulub, təmizlənməsi təmin
olunmalıdır və sair.
Bütün bu qaydalar vətəndaşların
təhlükəsizliyi, yoluxma riskinin minimuma endirilməsi
məqsədi daşıyır. Şübhəsiz ki, postpandemiya
dövründə, ölkəmizə səyahət edəcək
xarici turistlər təmizlik məsələlərinə
xüsusi diqqət edəcək. Çünki dünya
artıq qorxu içindədir. Mədəni
insanlar başqa
ölkəyə səyahət etməzdən öncə sanitar-gigiyenik normaların qorunmasına, sosial məsafə məsələlərinə
önəm verəcəklər. Koronavirus
bəlası bitsə belə. Həmin dövrə hazır
olmalıyıq.
Turizm sektorunda
çalışanların gəlirləri azalıb
Azərbaycan dövləti ölkənin və əhalinin
zərər çəkməməsi üçün
bütün resursları səfərbər
edir. Koronavirusun
iqtisadiyyatımıza təsirlərinin minimallaşdırılması
Azərbaycan hökuməti üçün
növbəti mərhələlərdə də prioritet olacaq. Milli Məclisin
deputatı, iqtisadçı Vüqar Bayramovun fikrincə, pandemiyanın ilk günlərindən Prezidentin
təşəbbüsü ilə Koronavirusla
Mübarizəyə Dəstək Fondu
yaradıldı. Bununla Prezident
koronavirusun həm sahibkarlara,
həm də ölkə vətəndaşlarının fəaliyyətinə
göstərdiyi təsirlərin minimumlaşdırılması
ilə bağlı siyasi iradəsini bir daha ortaya
qoydu. Bu, ondan xəbər verir ki, dövlət
başçısının rəhbərliyi ilə həyata
keçirilən siyasətin ana xəttini
məhz vətəndaşlarımızın təhlükəsizliyi
və onların sosial təminatının
gücləndirilməsi təşkil edir.
V.Bayramov deyib ki, koronavirusun təsirlərinin
minimumlaşdırılması ilə bağlı həyata
keçirilən məhdudlaşdırıcı tədbirlər
fərqli sektorlarda, o
cümlədən turizm, xidmət, ictimai iaşə, nəqliyyat və loqistika sektorlarında çalışan
sahibkarların fəaliyyətinə mənfi təsir göstərir:
- Koronavirusun təsiri nəticəsində
xidmət, ictimai iaşə və turizm sektorunda
çalışanların gəlirlərində azalmalar müşahidə olunur.
Bu baxımdan yeni fondun formalaşmasında məqsəd sahibkarlara və vətəndaşlara dəyən
ziyanın minimumlaşdırılması, onlara
dövlət dəstəyinin daha da gücləndirilməsidir. Sahibkarlara
dəyən ziyanın qiymətləndirilməsi ilə
bağlı yaradılan işçi qrup fərqli sahələrdə
çalışan sahibkarların fəaliyyətinə mənfi
təsirlərin minimumlaşdırılması ilə
bağlı fəaliyyət göstərir.
Nazirlər Kabineti sahibkarlar üçün yeni dəstək paketi hazırlayır. Dəstəyin gücləndirilməsi ilə bağlı təkliflərdə də məhz fərqli sektorlarda fəaliyyət göstərən sahibkarlar üçün yeni dəstək mexanizminin tətbiqi nəzərdə tutulur. Koronavirusun Azərbaycan sahibkarlarına, eləcə də vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılması əsas hədəfdir.
Məlahət Rzayeva
Şərq 2020.- 28 avqust.- S.11.