"Vaxtı
gələcək qədrimiz bilinəcək"
Vidadi Əliyev: "Fəxri adı mənə
kinodakı xidmətlərimə görə veriblər, teatr kənarda
qalıb"
"Teatr
mənə daha doğmadı... Təəssüf
ki, yaşla əlaqədar bizi teatrdan çıxardılar.
Başqa teatrlarda təqaüd yaşı çatanlara
qarşı yenə bir az insaflı davranırlar"
Yaxşı ki, bu insanla həmsöhbət oldum. Özüm
üçün kəşf etdim onu. Əsl
tapıntı oldu. Çox qızdım
özümə - niyə belə dəyərləri
vaxtında tanımırıq, tanıtmırıq?!
Günümüzün acı reallığı budu; üzdə
olanlar, süni populyarlıqları hesabına sərvət
qazananlardı və “məşhur”, “tanınmış”, “sevilən”,
“ünlü” təriflərinə layiq görülürlər,
cəmiyyətimiz tərəfindən. Həqiqi sənətkarlar,
sənət fədailəri isə bar verən ağacdılar
- başı torpağa dəyən! Xalq artisti
Vidadi Əliyevdən gedir söhbət. Danışıq
əsnasında mehribancasına, şirin-şirin “nənəm...”
deməsi, aramızda doğmalıq hissi yaradırdı.
Və Vidadi Əliyev həyatda heç vaxt üz-üzə gəlmədiyim
adamdan, illərlə tanıdığım, yaxın qohumuma
çevrilmişdi...
- Vidadi
müəllim, ədalətsiz dünyadı... (Görəsən,
nəyə işarə etdiyimi duymuşdu? Tərəddüdsüz
təsdiqlədi)
- Bəli,
düz deyirsiz. Çoxdu ədalətsizlik...
- Biz
üzdə olanları tanıyırıq, sadəcə. Azərbaycan
Milli Akademik Teatrının aktyorlarını, hansını
deyim... Rəhmətlik Amaliya Pənahova, Kamal Xudaverdiyev
vardı, Nurəddin Mehdixanlı... Hamısının
adını çəkmək mümkün deyil. Sözümün canı var. Təbii ki,
böyük sənətkardılar. Amma mən sizinlə
müsahibəyə hazırlaşanda bioqrafiyanızla tanış oldum. Siz nələr etməmisinz,
Vidadi müəllim?!.
- Bəli...
Azərbaycan görməyib necə
çalışdığımı...
- İrəvan Dövlət Teatrında
çalışmısınız, nə qədər obrazlar
yaratmısınız, nə qədər tamaşaya quruluş
vermisiniz.
Sayıb qurtarmaq olmaz...
- Elədi,
nənəm... Biz İncəsənət İnstitutunu bitirən
ili rəhmətlik Tofiq Kazımov 3 nəfəri
çağırdı – mən, Ramiz Məlikov, Qasım
Qasımov, dedi, İrəvanda Azərbaycan teatrını yenidən
bərpa etmək istəyirlər. 1948-ci ildə
azərbaycanlılar növbəti dəfə Ermənistandan
deportasiya edildikdən sonra Azərbaycan teatrı da
qapadılmışdı. O vaxtdan 20 il
keçirdi və söhbət vardı ki, teatr yenidən bərpa
olunur. Tofiq Kazımov dedi ki, sizi ora göndərmək istəyirəm.
Biz də getmək qərarına gəldik,
rejissor Nəsir Sadıqzadə də bizimlə getdi. Burdan bizi gül-çiçəklə yola
saldılar. Zarafat deyildi, 100 illik tarixi olan
bir teatrı bərpa etməyə gedirdik. Amma
orda ermənilərin mənfur xisləti üzə
çıxdı. Onların niyyəti bu
idi ki, Dağlıq Qarabağda olduğu kimi, Bakıda da erməni
teatrı olsun. Bu şərt müqabilində
İrəvan teatrının açılmasına
razılaşmaq istəyirdilər. Amma belə
olmadı. Biz fəaliyyətə
başladıq. Bizə ikinci dərəcəli
aktyor kimi baxırdılar. Düşmən
münasibət bəsləyirdilər.
Maaşlarımızı vermirdilər, ev,
mənzil söz vermişdilər, sözlərinin
üstündə durmadılar...
- Elə
o vaxt siz ermənilərin düşmən münasibətini
hiss edirdiniz?
- Əlbəttə. Hər fürsətdə mane
olmağa çalışırdılar. Bir balaca
nöqsan, səhv gəzirdilər ki, teatrı bağlamaq
üçün əllərində bəhanə olsun.
- Çox
əziyyət çəkmisiniz ki...
-
Çox çətin idi. Yataqxanada
qalırdıq. Quru maaşla
dolanırdıq. Vəziyyət elə idi
ki, kimə deyə bilərdin mənə 5 manat ver, pulum
qurtarıb. Sağın-solun düşmən...
Çayxanada əyləşirdik, birdən nəsə bir səs
gəlirdi, partlayışa oxşar, gur səs, yarı-zarafat,
yarı-gerçək, o saat söz atırdılar:
qaçın ara, türklər, gəldi!..
Ermənilər bizə azərbaycanlı demirdi
ki, türk deyirdilər həmişə. Teatrı
da Türk Teatrı adlandırırdılar. İrəvanda azərbaycanlıların dəfn
olunduğu Toxmağan qəbiristanlığı vardı.
Bir gün gedirdin ki, 2 qəbri
dağıdıblar, ertəsi gün gedirdin ki, 3-5 qəbri
dağıdıblar.
- Yəni,
qəbirləri dağıdıb öz ölülərini dəfn
edirdilər?
- Hə.
Bu şəkildə qədim qəbirlərin izlərini
itirirdilər...
- Vidadi
müəllim, bilmirəm, bəlkə heç lazım
deyildi, o illərdən danışmaq, yadınıza
saldım o günləri. Kədərləndiniz...
- Olsun, nənəm...
Bunları yaşamışıq. Bilirsən, insanın doğma yurdunda yad kimi
yaşaması çox ağırdı, çətindi.
Bilirsən ki, bu torpaq sənindi, burda sənin dədən-baban
yaşayıb, amma səni gəlmə hesab edirlər. Bu, çox ağır hissdi.
- Elə
vəziyyətdə siz işləmisiniz. İşləyə
bilmisiniz, yəni...
- Cavan
idik, romantika vardı. Qarşımıza məqsəd
qoymuşduq ki, teatr bərpa olunubsa, bağlanmasına imkan verməyəcəyik.
-
Yaradıcılıq məsələlərinə də
müdaxilə edirdilər?
- Özümüzünkülər,
hə. Bayaq adını çəkdim, Nəsir
Sadıqzadə. Yazığı elə
günə saldılar ki, getdiyinə peşman oldu. Bu
gün kimi gözümün qabağındadı...
- Kim
peşman etdi?
-
Teatrın direktoru. Gəlib deyirdi ki, bu rolu niyə
filankəsə vermisən, o yox, “bu” oynamalıdı.
- Kimiydi
direktor, adını çəkmək istəmirsiz?
- Niyə
çəkmirəm. Əziz Süleymanov idi.
Yunis Nurinin nəvəsi (baba Yunis Nuri İrəvan
Teatrının yaradıcısı olub - M.R.). 1988-də də məlumdur, Bakıya gəldik.
Çətin dövrdə yenə
çalışdım. Heç kim
teatrın məsuliyyətini üzərinə götürmək
istəmirdi. Çünki heç nə yox idi
axı. Bina yox, heç bir əmlakımız
yox. Teatrın həm bədii rəhbəri,
həm də direktoru oldum. Əli Quliyev,
Əjdəri dəvət etdim ki, gəlin, birlikdə
çalışaq. Teatrı bu dəfə
Bakıda bərpa etdik ki, o qədim mədəniyyət
ocağı silinib getməsin. Min bir əziyyətlə,
zülmlə...
- Əziyyət çəkmək alnınıza
yazılıb elə.
- Olsun, nənəm...
Vaxt gələcək qədrimiz bilinəcək.
- Bilindi,
Vidadi müəllim. Xalq artisti fəxri adına
layiq görüldünüz.
- Bu, həqiqətən
görünməmiş hadisə idi. Gözləmirdim,
açığı... Amma fəxri adı mənə
kinodakı xidmətlərimə görə veriblər.
Teatr kənarda qalıb...
- İstəyərdiniz, “Azərbaycan teatrının
inkişafındakı xidmətlərinə görə” olsun,
hə?
- Bəli.
Axı mən teatrda çalışmışam.
Amma indi kino keçdi önə.
- Kinoda da
rollarınız var, Vidadi müəllim. Məlumatlara
baxdım, xeyli filmdə çəkilmisiniz.
-
Orası elədi. İlk rolum 1978-də
“Bayquş gələndə” filmində olub. Amma teatr başqadı. Teatr mənə daha
doğmadı... Təəssüf ki, yaşla əlaqədar
bizi teatrdan çıxardılar. Başqa teatrlarda təqaüd
yaşı çatanlara qarşı yenə bir az insaflı davranırlar. Müqavilə
bağlayırlar. Müəyyən rollara
dəvət edirlər. Bizi isə
yerli-dibli - əmrlə çıxardılar. Məni,
Elmira İsmayılovanı, Tamilla Abdullayevanı... Halbuki, fiziki imkanlarımız, yaradıcılıq
imkanlarımız da vardı hələ. Necə
deyərlər, əlimiz-ayağımız tuturdu,
özümüz yeriyirdik.
(Söhbətimizin bu yerində xəttin o biri
başında xanım səsi eşidildi).
Vidadi
müəllim:
- Elmira
xanımdı, həyat yoldaşım, sözü var.
- Buyursun.
(Elmira xanım İsmayılova da İrəvandakı Azərbaycan
Teatrında uzun illər Vidadi müəllimlə birlikdə
çalışıb, xalq artistidir – M.R)
Elmira
xanım nəzakətlə umu-küsü etdi:
- Onlar
bizi yararsız hesab etdilər. İşdən
çıxarılandan sonra düz 5 il Azad
Azərbaycan Televiziyasında “5 gəlin” layihəsində
çalışmışam. Bəlkə də
baxmısınız... Teatr üçün “yararsız” idimsə,
5 il necə işləyə bildim? Bunu demək istəyirdim.
- Allah sizə
can sağlığı, uzun ömür versin, Elmira
xanım.
Vidadi müəllim davam etdi. Elmira xanımı nəzərdə
tutaraq;
- Ürəyi
doludur... Biz sənətə kor-koranə gəlməmişdik.
Sevərək gəlmişdik. Həyatımızı səhnəyə qurban
verdik. 21 il evsiz-eşiksiz, cüzi əmək
haqqı ilə fəaliyyət göstərdik, təki Azərbaycan
teatrı yaşasın.
- Vidadi
müəllim, inciməsəz, soruşum, Elmira xanımla nə
zaman evlənmisiniz? Bakıda tanış
olmuşdunuz, İrəvanda?
- Elmira
xanım İrəvan teatrında
çalışırdı. Orda
qarşılaşdıq, evləndik. Elmira
xanım əslən irəvanlıdı. İrəvan
xanının nəslindəndi. İrəvan
xanlığına aid fotolar var ha, onların arasında Elmira
xanımın nənəsinin də şəkli var.
- Dediniz, əmək
haqqı da verməyiblər bəzən sizə. Necə dolanırdınız bəs?
-
Çox çətinliklə. Qazancımız
ancaq qastrol tamaşalarından olurdu. Azərbaycanlılar
yaşayan kəndlərdə tamaşalar göstərirdik.
Övladlarımız kiçik idi. Bir kimsəmiz də yoxuydu, yanında qoyaq, qastrola gedək.
Bəzən 6 ay sərasər qastrolda olurduq.
Onları da özümüzlə
aparırdıq. Yeşiklərin üstündə
yatırdılar... Getməliydik, çünki
qazancımız ordan çıxırdı. Həm də göstərməliydik ki, teatr qazanc əldə
edir. Yoxsa teatrı bağlayardılar.
- Yerli əhali
sizi gərəndə Allah bilir nə qədər sevinirdilər...
- Əlbəttə. Gözəl tamaşalar
hazırlayırdıq. Heç nədən, heç kimdən
geri qalmırdı tamaşalarımız.
- Vidadi
müəllim, kəndlərdə azərbaycanlıların vəziyyəti
ağır idi?
- Bilirsən,
nənəm, ermənilər həmişə bic olub. Yerli camaatla – azərbaycanlılarla mehriban
davranırdılar. Çünki azərbaycanlılar
yaşayan kəndlərin hesabına ölkə ətlə,
kartofla təmin edilirdi. Əhali
başını aşağı salıb işləyirdi. Başqa nəyimiz
vardı? Bir qəzet, 1 teatr, 1 orta məktəb...
- Kədərli
şeylərdən çox danışdıq. Bir az da şən məsələlərdən
danışaq... Ad gününüz
yaxınlaşır. Sentyabrın 1-i 75
yaşınız tamam olacaq. Nəvələriniz var...
- Allah
saxlasın onları. Bu yaxınlarda nəticə
də gözləyirik. Uşaqlar işləyir.
Hər şey yaxşıdı.
- Necə
keçirirsiniz ad günlərini? Uşaqlar sizə
sürpriz edir?
-
Bugünədək yaxşı idi. Sağ olsun, uşaqlar. Həmişə təntənəli keçiriblər
ad günlərimi. Bu il pandemiya aman
vermədi.
-
Övladlarınız da, maşallah, sizi ötüb
keçiblər, populyarlıqda.
- Bu mənim
üçün əlbəttə, qürurdu.
-
Övladlarınızın incəsənət sahəsini
seçmələrində yəqin sizin təsiriniz olub.
- Yox, vallah. Mən heç vaxt onların
önünə şərt qoymamışam, heç istiqamətləndirməmişəm
də ki, sənətə gedin, incəsənətlə məşğul
olun. Öz istəkləriylə gəliblər bu sahəyə.
İstəsəydim, d eyərdim, aktyor olun. Amma yox, deməmişəm.
Nə “işdisə”! gəlin də ocağa çəkdi.
Planlaşdırılmamış “sənətçilər
ailəsi” olduq. (Qeyd edək ki, ölkədə kifayət qədər
tanınan isimlər – "SOY Prodakşn"ın prezidenti
Oqtay Əliyev və sənətşünaslıq doktoru
Elçin Əlibəyli Vidadi müəllimin övladları,
Əməkdar artist Dilarə Əliyeva isə gəlinidir M.R.)
- Vidadi müəllim, övladlarınız, həqiqətən
istedadlıdırlar və şübhəsiz,
qazandıqları uğurlar da öz bacarıqları,
istedadları hesabınadı. Amma istedadı olmayıb nəyinsə,
nələrinsə hesabına “şöhrət” qazananlar da
var...
- İndi zamanı dəyişib, nənəm...
Yaxşı aktyorlar var. Amma bir seriala çəkilirlər,
bununla da “məşhurlaşırlar”. Seriallar da
hamısı bir-birinə bənzəyir. Bu
onu sevir, o bunu sevir. Bu onu aldatdı, o bunu... Primitivdi. Ədəbi material,
xammal yoxdu. Güclü tamaşanın,
filmin ərsəyə gəlməsi üçün ən əsas
güclü mövzu, xammal olmalıdır. Yoxsa ki, belə yüngül mövzularla əsl sənət
göstərmək olmaz. Hamısı da
tutub bir aktrisadan. Ancaq onu çəkirlər.
Sanki başqa aktrisa yoxdu, ölkədə...
- Vidadi
müəllim, sizə cansağlığı
arzulayırıq. Ömrünüzün
sonrakı illəri ürəyiniz istədiyi kimi keçsin,
Elmira xanımla, ailənizlə birlikdə.
-Siz də
sağ olun. Mən də sizə, kollektivinizə
təşəkkür edirəm.
Məlahət
Rzayeva
Şərq 2020.- 29 avqust.- S.12.