"Mənə çox mükafatlar verilib, amma budəfəki
başqadır"
Fikrət Qoca: "Mən ömrüm
boyu Azərbaycanın istiqlalını
düşünmüşəm"
"Əminliyim bundandır ki, sükan arxasında duran adam hara
getdiyini bilir. Biz sarsılmaz bir yola çıxmışıq,
yolun mayakları da görünür"
Gərgin vaxtlarda xoş xəbər eşitmək
insanın əhvalını
yaxşıya doğru
xeyli dəyişir. Adamın nəfəsi
genişlənir. Bir
pəncərə açılır
və oradan ruhunu oxşayan mülayim külək sərinlədir səni...
Nə yazsam da, Fikrət Qoca ola bilmərəm
ki!.. O insanın
mayası lirika ilə yoğrulub. Açığı, Fikrət müəllimin
irihəcmli poeziyasına
bələd deyiləm.
Oxumamışam. Mənim üçün Fikrət Qoca gözəl mahnıların
sədalarındadı. Yüzlərlə mahnı onun
şirin və güclü poeziyasından
ərsəyə gəlib.
Sadə və sadə olduğu qədər də möhtəşəm
şeirlərini hər
birimiz özümüzə
aid edə bilərik. Bizim üçün
– xalq üçün
yazıb çünki.
Xalq da onu buna
görə sevir; bir parçası olduğuna, canında canını, qanında qanını daşıdığına
görə. Bu günlərdə qocaman şairimiz daha bir mükafata layiq görüldü.
Prezident İlham Əliyevin sərəncamı ilə
Fikrət Qoca “İstiqlal” ordeni ilə təltif edildi. Neçənci mükafatdır, görəsən? Elə-belə, zarafatyana soruşduq.
Məlumdur, şairin ən
böyük mükafatı
xalq tərəfindən
sevilməsidir, o da Fikrət müəllimin şair taleyinə yazılıb onsuz da. Amma mükafat alanlar adətən belə deyirlər: mükafatlar, təltiflər dövlət
başçısının diqqətinin göstəricisidir!
Xalq şairi isə belə gərgin vaxtda təltif olunmağını
özünə qarşı
qat-qat artıq diqqət və qayğı hesab etdiyini bildirdi:
- Düzdür, mənə çox adlar, mükafatlar verilib. Amma budəfəki başqadı.
Belə gərgin vaxtda – bir yandan xəstəlik,
bir tərəfdən
ölkədə aparılan
islahatlar, bir tərəfdən çöldən
təhlükələr... belə
vəziyyətdə ad günümün
Prezidentin yadında olması və məni təltif etməsi böyük işdir. Bu, mənim üçün ən böyük ordendi.
- Fikrət müəllim, siz “Şərəf”, “Şöhrət”
ordenləri, dövlətin
bir sıra ali mükafatlarını
almısınız...
- Bəli. Amma bu, “İstiqlal” ordenidi! Mən ömrüm boyu
Azərbaycanın istiqlalını
düşünmüşəm. Vaxt vardı, xarici ölkələrə səfərlərə
gedərdim, orda başqa ölkələrin
səfirlik binalarını,
binaların üstündəki
dövlət bayraqlarını
görəndə ürəyim
sızıldayırdı. Niyə bizim ölkənin öz səfirliyi olmasın, niyə bizim bayrağımız xarici ölkələrdə
dalğalanmasın? Bunun çox
həsrətini çəkmişəm.
Nəhayət, Azərbaycan müstəqilliyini
qazandı, bayrağımız
dalğalanmağa başladı. Harda Azərbaycan
bayrağı dalğalanırsa,
ora Azərbaycan torpağıdır. İstiqlalı qazandıq, amma onu mühafizə etmək, qorumaq 100 dəfə artıq güc tələb edir. Biz bu istiqlalın həsrətini
çox çəkmişik...
Gərək onu möhkəm
əllərlə qoruyub
saxlayaq. Ona görə
“İstiqlal” ordeni mənim çox dəyərlidir. Və çox
sevindim.
- Yəni, arzu etdiyiniz bir mükafata layiq görüldünüz.
- Çox dəyərli bir mükafatdır. Mənim üçün də gözlənilməz oldu.
Gərgin vəziyyət baxımından.
Amma mən cənab Prezidentin diqqətini həmişə
hiss etmişəm. Bu ailə məni 3 dəfə ölümdən
xilas edib. Birinci dəfə ağır xəstələnəndə mərhum
Heydər Əliyev məni xilas etdi, 2 dəfə də İlham Əliyev. Mən həyatı boyu
bunun əvəzini ödəyə bilmərəm.
Amma belə qiymətləndirilmək
o insanın aliliyidi, böyüklüyüdü.
- Fikrət müəllim, “çöldən
gələn təhlükə”
dediniz, narahatlığınız
nəylə bağlıdı?
Kimsə
bizə əngəl olmaq istəyir?
- ...İnanmıram əngəl
ola bilsinlər.
Əngəl olmaq istəyən
çoxdu. İçimizdə də qarışıq adamlar var. Əminəm ki, Prezident addımlarında
sərrastdı, öz
yolundan dönməzdi.
Amma yenə adam həyəcan
keçirir. İstər-istəməz dövlətin, xalqın
taleyini düşünürsən.
Bizə əngəl olmaq istəyirlər, amma gözlərində qalacaq,
Azərbaycanın qüdrəti,
gücü onlara dərd olacaq ömürləri boyu.
Əminliyim bundandır
ki, sükan arxasında duran adam hara
getdiyini bilir. Biz sarsılmaz bir
yola çıxmışıq,
yolun mayakları da görünür.
Ona görə də mən indi doğulan
körpələrə gözaydınlığı
verirəm, onlar xoşbəxt bir ölkədə yaşayacaqlar.
- Virusla necə “davranırsınız”?
Yəqin Yazıçılar
Birliyinə də getmirsiniz...
- Yox, getmirəm. Hamımız qorunmalıyıq. Gərək qorunaq ki, yaşaya
bilək, ömrümüzə
davam edək. Mən qorunmasam, nəvələrimə
keçər. Özümüzü qorumalıyıq ki, başqalarını, ailə
üzvlərimizi də
qoruya bilək. Hamımız çalışmalıyıq,
ölüm sayı az olsun.
Çünki nə gedir,
dövlətimizin kisəsindən
gedir.
Məlahət Rzayeva
Şərq.-2020.-26 avqust.-S.6.