İtirilən hər tələbə gələcəyin kadrıdır

 

7 il ərzində 6 min tələbə məhz təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub

 

Təhsil krediti bazarının formalaşması mərhələsində dövlət himayəsi və dəstəyi mütləqdir

 

Ödənişli ixtisaslara qəbul olunan tələbələr təhsil haqlarının ödənməsində çətinlik çəkir. Bu səbəbdən hər tədris ilində yüzlərlə, bəlkə də minə yaxın tələbə təhsilini yarımçıq qoyur. Nəticədə dövlət gələcəyin ixtisaslı kadrlarını itirir. Ali məktəblərlə vidalaşan tələbələr arasında başqa sahələrə yönələn, gündəlik qazanc ardınca düşən, bəlkə həyatda yerini tapan da olur. Bəs həyatda yerini tapmayanlar? Onların sayını kimsə bilirmi? Əsas dövlətin nə itirdiyidir. Dövlət hər yeni doğulan körpəyə vəsait sərf edir.

 

Azya çox. Yetkinlik yaşına çatanadək, tələbə adını qazananadək dövlət tərəfindən hər uşağa müəyyən vəsait xərclənir. Uşaq bağçalarının maliyyələşməsi, yaxud orta məktəblərin təminatı formasında. Dövlət sərf etdiyi vəsaitin və böyütdüyü vətəndaşın səmərəsini görməməlidirmi?  Məhz təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəbi tərk  edən hər tələbə gələcəyin itirilmiş kadrıdır. Təəssüf ki, vacib qanunların lazımi formada qəbul olunmaması ucbatından dövlət də itirir, vətəndaş da.

 

Təhsil kreditinin qanuniləşməsinə doğru

 

 Qeyd edək ki, təhsil kreditləri ilə bağlı müzakirələr son illərdə daha da genişləndi. Mlli Məclisin Elm və təhsil komitəsində də bu müzakirələr aparıldı. Mütəxəssislər də fkirlərini, rəylərini bildirdilər, təkliflər səsləndirildi. Lakin hələ də qanunun qəbulu reallaşmayıb. Bu məsələdə əsas çətinliyin banklarla bağlı olduğu bildirilir. Banklar tələbələrə ödədikləri kreditləri geri ala bilməyəcəklərindən çəkinirlər və riskə getmək istəmirlər.  Milli Məclisdə 2021-ci ilin büdcəsinin müzakirəsi zamanı təhsil kreditləri məsələsi növbəti dəfə gündəmə gəldi. Maliyyə naziri Samir Şərifov bildirdi ki, cənab Prezidentin tapşırığına uyğun olaraq təhsil kreditləri ilə bağlı məsələyə baxılır. Artıq müəyyən sənədlər hazırdır. Formalaşan sənədin işçi qaydada müzakirə edilməsi təklifi olduqca maraqlıdır. Nazirin sözlərinə görə, “Təhsil kreditləri haqqında” qanun layihəsinin müzakirə edilməsinə ehtiyac var: “Təhsil kreditləri ilə bağlı məsələ xeyli müddətdir ki, qaldırılırdı, bununla bağlı müəyyən qanun layihəsi də var. Bu istiqamətdə Təhsil Nazirliyi və Maliyyə Nazirliyi arasında xeyli aparılıb. Bu sənədin rəsmi müzakirələrdən əvvəl Milli Məclis üzvləri ilə də müzakirəsi vacibdir. Onlarla bu cür müzakirələri təşkil edə bilərik. Burada xeyli məsələ var. Təhsil kreditlərinin faiz dərəcələri ilə bağlı da suallar var”.

  Göründüyü kimi maliyyə nazirifaiz dərəcələrinə işarə edib. Yaxşı, müzakirələr nə qədər çəkəcək, daha neçə il lazımdır ki, bu problem həllini tapsın? Zaman dayanmır, kadr itkisi isə artır.

 

Təhsil kreditləri istehlak kreditlərindən fərqlənməlidir

 

Tələbələrin – dövlət və ictimaiyyətin mənafeyinin qorunması üçün “Təhsil kreditləri haqqında” qanunda hansı müddəalar əksini tapmalıdır? Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd edib ki, təhsil kreditləri təhsil haqqının ödənilməsinə dəstək üçün nəzərdə tutulurbunun dünyada bir çox modelləri var:

 

- Məsələn, Türkiyədə tələbə təhsil haqqını ödəmək üçün götürdüyü krediti təhsilini tam başa vurduqdan və işlə təmin edildikdən sonra aşağı faizlə ödəməyə başlayır. Dünyanın bir çox ölkəsində təhsil krediti verən banklar mövcudduronlar aşağı faizlə kreditlər təklif edirlər. Azərbaycanda vəziyyət necədir? Ödənişsiz, dövlət sifarişli ixtisaslar üzrə təhsil alanlar, müəyyən təbəqəyə mənsub olduqları üçün imtiyazlara sahib tələbələr (əlillik dərəcəsi olan, valideyn himayəsindən məhrum, şəhid, müharibə əlili ailəsi, qaçqın, köçkün, əlilliyi olansair) və heç bir imtiyazı olmayan, lakin təhsil haqqını ödəməkdə çətinlik çəkən imkansız ailələrin övladı olan tələbələr var. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, 2012-18-ci illərdə - 7 il ərzində 6 min tələbə məhz təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Təsəvvür edin, ölkəmiz və əmək bazarı nə qədər kadr itkisinə məruz qalıb. Halbuki, bu tələbələrin təhsil haqlarının ödənməsində onlara yardım olsaydı, ölkəmiz nə qədər ixtisaslı kadr qazanacaqdı. Hazırda tələbələrin təhsil haqqının ödənməsinə yardım göstərilməsində 3 struktur fəaliyyət göstərir. BiriMaarifçi” Tələbə Kredit Fondudur. Bu Fond təxminən 200 tələbəyə yardım edə bilir. Digəri Gənclər Fondudur ki, onların da yardım imkanları məhduddur. Üçüncüsü, daha real sayıla biləcək struktur  isə istehlak krediti verən banklardır. Bu banklar isə adi istehlak krediti şərtləri ilə işləyir. Bu şərtlərlə aztəminatlı, yaxud imkansız ailələrin tələbə təhsil haqqının ödənməsi üçün kredit götürüb onu ödəməsi mümkün deyil. Gərək hər ay kreditin faizi müəyyən edilmiş vaxtda ödənsin. Buna ailələrin maddi gücü yetmir.

 

K.Əsədov qeyd etdi ki, “Təhsil kreditləri haqqında” qanunun qəbulu vacibdir:

 

 - Hələ ki, müzakirələr gedir, təkliflər verilir. Qanun qəbul olunacaqsa, dəqiqləşməlidir ki, hansı banklar, hansı şərtlər altında, hansı faiz dərəcəsi ilə təhsil krediti verəcək. Dünyada qəbul olunmuş praktika budur ki, tələbə təhsil krediti təhsil aldığı müddətdə ödəmir, təhsilini bitirdikdən sonra ödəyir. Yəni tələbəyə təhsil alması üçün verilən kredit təhsil müddətində geri alınmır. Bizdə də belə olmalıdır. Əks halda qanunun tələbələrə heç bir köməyi dəyməyəcək.   

 

Təhsil krediti tələbəni sosial qayğılardan uzaqlaşdırar

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, uzun illər təhsil və idarəetmə sahəsində çalışmış Nadir İsrafilovun fikri budur ki, qanunun qəbul edilməsində çox ləngiyirik:

 

- “Təhsil krediti” ilə əlaqədar məsələ birinci dəfə deyil ki, gündəmə gətirilir. Hələ, 2000-ci ilin ilk beşilliyində Azərbaycanın Boloniya təhsil sisteminə qoşulması bu məsələni bir az da aktuallaşdırdı. Azərbaycanda ödənişli təhsil alan kifayət qədər tələbə var.  Bütün bunları nəzərə alaraq, "Təhsil krediti haqqında" qanun layihəsi hazırlandı. Bildiyim qədər, layihənin müzakirəsi zamanı kreditlərin maksimum 5 faiz dərəcəsi ilə ayrılması fikri irəli sürüldüyündən təklif sərfəli hesab olunmayıb.

 

Çünki ölkədə bankların faiz dərəcələri 17-34 faiz arasında dəyişirdi. Bu və digər səbəblərdən “Təhsil krediti haqqında” qanun layihəsi bir neçə dəfə Milli Məclisin iclaslarında müzakirələrə çıxarmasına baxmayaraq qəbul olunması bugünədək məqbul hesab edilməyib. Hər halda belə bir qanunun qəbul edilməsi ona imkan yarada bilərdi ki, tələbələr heç olmasa ödəniş vəsaitini əldə etməklə təhsil aldıqları müddətdə sosial qayğılardan müəyyən qədər uzaqlaşardılar.

 

Təhsilini bitirib işlədikcə isə borclarını qaytarmaq imkanı əldə edə bilərdilər. Dövlətin də qazancı budur ki, ixtisaslı kadr hazırlanır, həmin tələbə fəaliyyət göstərdikcə, ölkənin inkişafına təbii ki, öz töhfəsini verəcək.

 

Dövlət tələbəni dəstəkləyəni dəstəkləyəcək

 

Məlumdur ki, ali məktəblərə yüksək bal toplayaraq qəbul olunan məzunlar maddi imkansızlıq ucbatından tələbə olmaqdan məhrum qalır. Ödənişlərin yüksək məbləği ixtisas seçiminə də təsirsiz ötüşmür. Başqa sözlə, imtiyazlı təhsil kreditləri verilmədiyindən ödənişli təhsil yeni sosial problem yaradır.

 

Nadir İsrafilov vurğulayır  ki, Azərbaycanda bankçılıqla məşğul olan sahibkarlar hələ o sistemə tam inanmır: “Bu tip kredit verməkdə banklar maraqlı olmur. Əgər tələbəyə kredit verilirsə, o tələbənin ödəmə qabiliyyətindən söhbət gedə bilməz. Bu gün bank qiymətləndirə bilməz ki, o tələbənin və ya gələcəyin mütəxəssisinin ödəmə qabiliyyəti hansı səviyyədədir. Buna görə də hesab etmək olar ki, təhsil krediti bazarının formalaşması mərhələsində dövlət himayəsi və dəstəyi mütləqdir.

 

Təhsil krediti o növ kreditlərdən deyil ki, bu ay götürüb gələn aydan ödəməyə başlanılsın. Arzu edərdik ki, heç olmasa, qanun qəbul olunana qədər dünyanın bir sıra ölkələrində olduğu kimi imkanlı adamlarımız, kommersiyabiznes strukturlarımız da təhsilimizin bu vacib, taleyüklü məsələsinin həllinə ürəkdən qoşulsunlar, ümumi işimizin xeyrinə öz layiqli töhfələrini versinlər.

 

Deyilənlərdən bu nəticə çıxır ki, təhsil kreditləri sahəsində də islahatın aparılması vacibdir. Dünya praktikasına əsasən dövlət və özəl qurumlar tərəfindən tələbələrə maliyyə dəstəyi müxtəlif yollarla verilir. Bu dəstəklər təqaüd, yaşayış xərcləri üçün tələbə krediti, təhsil haqqı üçün tələbə krediti, yaşayış və qidalanma üçün maliyyə dəstəyi və subsidiya ilə bəzi xidmətlərin göstərilməsi şəklindədir. Tələbələrin valideynləri övladlarının təhsili üçün etdikləri xərclərin müəyyən hissəsi vergidən azad edilir. Bu ümumi dəstək xaricində tələbələr digər təhsil və yaşayış xərclərini özləri ödəməlidirlər. Bunun üçün  dövlət və ya özəl müəssisələrdə tələbə qanunvericilikdə müəyyən edilmiş qaydada işləyərək pul qazana bilər. Həmin müəssisələrə də öz növbəsində tələbəyə dəstək olduqlarına görə müəyyən güzəştlər verilə bilər.

 

 “Ümumiyyətlə, tələbənin təhsil kreditini ödədiyinə görə  fizikiya hüquqi şəxs olmasından asılı olmayaraq himayəsinə götürdüyü tələbəyə görə bir sıra vergi və digər imtiyazlar vermək olar ki, bu da əlavə stimul verəcək həmin şəxslərə. Yəni bu imtiyazdan yararlanmaq üçün öz himayələrinə tələbə xərclərini götürəcəklər.

 

Bütün bunlara nəzarət edən bir qurum da lazımdır ki, dərs ili sonunda həmin tələbələrin dərs davamiyyəti və qiymətləri haqqında məlumat alaraq il sonuna həmin tələbəyə dəstəyinin davam edilməsi üçün qərar versin. Təhsil krediti ayırmış müəssisələrdə yay aylarında həmin tələbələrin işləməsi ilə götürülmüş kreditin bir hissəsini bu yolla geri qaytara bilər. Bu, tələbəni də həvəsləndirəcək ki, o da daha yaxşı oxusun. Düşünürəm bu yolla təhsilə də daha çox maraq yaratmaq olar”.

 

Ekspert qeyd edir ki, dövlət və özəl universitet tələbələri arasında heç bir fərq qoymadan istənilən mərhələ və səviyyədəki proqramlarda iştirak edən tələbələrə kreditlər verilməlidir.

 

  

Məlahət Rzayeva

 

Şərq .- 2020.- 25 dekabr.- S.11.