Heç kim inanmırdı, inanmaq istəmirdi
Ağstafa şəhər 1 saylı tam orta məktəb rayonun sayılıb, seçilən təhsil ocaqlarından biridir. Düzü mən orda oxumamışam, amma doğma məkandır. Bir-neçə dəfə bu məktəbə yolum düşüb. Şəhərin tam mərkəzində yerləşir, açıq rəngli, nur saçan binası var. İçərisi isə hüzurlu, fərəhlidir. Yaxşı xatırlayıram, dəhlizdə fotolardan ibarət lövhə asılıb, Hüseyin Arifin “Ağstafanın” şeirindən bir bənd də yazılıb:
“Əziz müəllimlər Əmirxan , Aslan
Məmməd, Əmənullah, həlim , mehriban
Dəmiryol məktəbi döndü bir zaman
Kamal ocağına Ağstafanın.”
Elə 1 saylı məktəb ağlımda belə qalıb. Hüseyn Arifin şeiri ilə, yəni ədəbiyyatla. Mənim üçün də harda ədəbiyyat varsa, ora müqqədəsdir. Ona görə daim bu təhsil ocağını sevib, hörmət etmişəm. Bu yaxınlarda isə adını elə xəbərdə oxudum ki, bilmədim qəhərlənim, ya qürur duyum. Hər halda fəxr etdim. Yəqin nədən və kimdən danışdığımı anladınız. Söhbət şəhid direktor Elvin İmaməliyevdən gedir. Ağstafa şəhər 1 saylı tam orta məktəbin şəhadət şərbəti içən direktorundan müəllimindən...
Bir az Elvin müəllimin həyatından bəhs edək, sonra keçək onu tanıyanların xatirələrinə…
İmaməliyev Elvin Elsevər oğlu 1989 cu il mayın 9-u Ağstafa rayon Qırılı kəndində anadan olub. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsinə daxil olub.
2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqədə uğur qazanaraq Ağstafa şəhər 1 nömrəli tam orta məktəbə direktor təyin edilib. Bununla yanaşı Elvin müəllim Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri olub.
Düşmənə dərs keçən gənc müəllim Şuşa şəhəri yaxınlığında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
“…Amma heç kimi dinləmədi”
Elvin müəllimin bacısı Günel İmaməliyeva deyir ki, mərhum “Tovuz” döyüşlərindən sonra səfərbərlik üçün könüllü qeydiyyatdan keçib:
“Müharibə başlayanda söylədi ki, mütləq gedəcəm. Sentyabrın 29 -u yüksək ab-hava ilə cəbhəyə yollandı. Düzü, ona əngəl olmağa çalışdıq, amma heç kimi dinləmədi. Noyabrın 5-ə kimi hər gün danışırdıq. Sonra 3 gün zəng gəlmədi. 8-dən 9-a keçən gecə saat 3-də zəng etdi. Bir kəlmə dedi ki, yaxşıyam. Elə həmin gecə Şuşada olub. Sən demə şəhadətə ucaldığı gecə imiş”.
Günel xanım kövrələrək söyləyir ki, Elvin onun üçün tək qardaş deyil, həm də müəllim olub:
“Ən böyük dəstəkçim idi, üzərimdə əziyyəti çoxdur. Xatirəmdə ən çox gülüşü, mənimlə etdiyi zarafatlarla qalıb, qalacaq. Ömrümün sonuna kimi həyatımda qoyduğu izlərlə yaşayıb, onunla fəxr edəcəm”.
Şəhid bacısının sözləri gözlərimi doldurur. Özümü toplayıb soruşuram:
-Bəs, indi necəsiniz?
-Onun uşaqlarına görə onları da ataları kimi böyütmək üçün yaxşı olmağa çalışırıq. Amma Elvin kimi bir oğulu itirmək bizə böyük acı oldu. Yenə də ailəsi üçün ayaqda durmağa cəhd edirik.
Kədərli
bacını çox yormaq istəmirəm.
Danışdıqca ürəyinin yandığını hiss
edirəm. Ona görə sağollaşıram və Elvin
müəllimi tanıyan hər kəsin onun haqqında necə
xoş sözlər dediyini söyləyirəm. O da belə cavab verir:
“Başqa cür ola
da bilməz. O heç kimi incitməzdi, özünün xətrinə
dəyərdi, amma qarşısındakına qıymazdı. Onun haqqında çox danışa bilərəm,
amma fikrimi cəmləyə bilmirəm. Şübhəsiz
ki, Elvindən danışmaq mənim üçün fəxrdir”.
“Aşağı sinif şagirdləri
ona ata kimi yanaşırdı”
Hamı belə deyir. Elvin müəllim
haqqında danışanda qürur duyurlar. Onun həm müəllimi həm də
iş yoldaşı olan Arzu Mikayılova kimi. Azərbaycan
dili və ədəbiyyat fənnini tədris edən Arzu
xanım əməkdar müəllimdir. Elvin müəllimin
adını eşidəndə qəhərlənir, kövrəlir.
Axı o həm də şagirdini torpağa
tapşırıb. Mən çox danışmayım,
sözü verirəm Arzu müəllimin özünə:
“Elvin haqqında
danışmaq həm çətindir, həm də şərəflidir. Onun Azərbaycan dili və ədəbiyyat
fənnindən repetitoru idim(kövrəlir). O çox
bacarıqlı, qabiliyyətli idi. Hər zaman dərslərə
hazırlıqlı gələrdi. Sonra eşitdim ki, yüksək balla
ali məktəbə qəbul olunub, uğurla universiteti də
başa vurub. Düzü, bir müddət əlaqəmiz
kəsildi. Sonra çalışdığım məktəbə
direktorluq
üçün imtahan verib. Və yüksək bal
topladığı üçün Təhsil Nazirliyi tərəfindən
direktor vəzifəsinə
təyin edilib. İlk dəfə onu
tanımadım. Özü yaxınlaşıb, dedi:
“Müəllim məni tanımadınız?” Elə onda bu gənc direktorun, sevimli şagirdim Elvin
olduğunu gördüm. Həm mənimlə, həm
məktəb kollektivi ilə, həm də şagirdləri ilə
səmimi münasibəti vardı. Çox istedadlı,
təşkilatçılıq qabiliyyətinə malik insan
idi. Səmimi rəftarı, mülayimliyi
ilə şagirdlərin, müəllimlərin rəğbətini,
hörmətini qazandı. Aşağı
sinif şagirdləri ona ata kimi yanaşırdı.
Yuxarı siniflər isə bir qardaş kimi münasibət bəsləyirdilər. Yəni Elvin müəllim məktəbimizin fəxri
idi”.
“Bizimlə qələbə sevincini
yaşaya bilmədi”
Qırıq-qırıq, kövrələrək
danışan müəllim söhbətin ortasında
şagirdi ilə bağlı bir xatirəsini yada salır:
“Ötən il noyabrın 9-u
məktəbimizdə, “Bayraq günü” münasibətilə
tədbir keçirilirdi. Elvin müəllimə söz verildi, o da
danışdı. Sonra arzusunu dilə gətirdi: “O
gün olsun üç rəngli bayrağımız Xankəndidə,
Şuşada dalğalansın. Əminəm ki,
o gün gələcək”. Bu sözləri o qədər
əminliklə dedi ki... Hamımızı
inanırdı. Deyirlər, insan ümidlə yaşayar. 30 ilə yaxın müddət keçməsinə
baxmayaraq, xalqımız ümidini itirmədi. Ancaq Elvin müəllimin o fikirləri əminliklə
deməsi həm bizə fəxr gətirdi, həm də
onun özünə
qarşı böyük inam yaratdı. Keçən il 9 noyabrda dediyi sözlər gerçəkləşdi.
Bu il “Bayraq günü”ndə o Şuşa uğrunda gedən
döyüşlərdə, qəhrəmancasına şəhid
oldu. Lakin noyabrın 10-da cənab Prezident xalqa qələbə
müjdəsi verəndə
Elvin müəllim onu eşitmədi. Bizimlə qələbə
sevincini yaşaya bilmədi (ağlayır). Onun şəhidlik zirvəsinə ucalması həm
məktəbin şagirdlərini, həm də müəllimlərini
üzdü. Axı o hamımızın sevimlisi idi. Müharibənin ilk günlərindən
könüllü döyüşə yollandı. O bizə
burda daha çox lazım idi”.
“...Oğul, iki
övladını qoyub, hara gedirsən?!”
Arzu xanım Elvin müəllimin daim
vətənpərvəlikdən
danışdığını, torpaqlarımızın
tezliklə işğaldan azad olmasını
arzuladığını xatırlayır:
“Bu ümidi, inamı şagirdlərinə də
aşılayırdı. O həm də rayonumuzun
könüllü dəstələrinin ilk nümayəndələrindən
idi. Evin tək oğlu idi. Atası
deyib ki, oğul, iki övladını qoyub, hara gedirsən?
Cavab verib ki, ata, onları sizə əmənat
edib, gedirəm. Sonra onun cəbhə yoldaşlarından eşitdik,
Elvin müəllimin vətənpərvərliyindən
danışdılar. Cəbrayılın,
Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdəki şücaətindən bəhs
etdilər. Deyirlər, cəbhədə
sakitlik olanda, bizi başına yığardı, vətənpərvərlikdən
danışardı. Qeyd edim ki, onun şəhidlik
zirvəsinə ucalması bizim üçün fəxarətdir.
Lakin biz bu ölümü qəbul edə
bilmirik. Mən
buna ölüm demərəm, amma onun adı gələndə
qəhərlənirəm. Dərsdə də
onun adını çəkəndə, ondan bəhs edəndə
özümü saxlaya bilmədim. O dediyi sözü də,
əməli ilə yerinə yetirdi. 31
yaşında şəhidlik zirvəsinə ucaldı. Məktəbimiz onun adı ilə fəxr edir. Bizimlə daim yaşayacaq. Səməd
Vurğunun şeirindən sitat gətirərək deyirəm
ki, ölüm sevinməsin, Elvini bizdən aldığı
üçün” söyləyən müəllim göz
yaşlarını saxlaya bilmir. Və böyük
şairin həmin şeirini ağlayaraq səsləndirir:
“Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz
bilənlər,
Şirin bir xatirətək
qalacaqdır dünyada
Sevərək yaşayanlar,
sevilərək ölənlər.”
““Özünüzdən müğayət
olun” deyib, telefonu söndürdü”
Daha çox danışa
bilməyəcəyini söyləyir. Mən də davam edə
bilmirəm, qəhərdən boğuluram. Nə yalan
deyim heç göz yaşlarım da sözümə
baxmır… Keçirəm məktəbin təlim- tərbiyə
işləri üzrə direktor müavini Sahilə Xəlilova
ilə söhbətə… O da hamı kimi Elvin müəllimin
yüksək insani keyfiyyətlərindən danışaraq
sözə başlayır:
“Çox savadlı,ağıllı,təmkinli
mehriban bir insan idi. Hər kəslə ünsiyyət
qurmağı bacarırdı. Gəldiyi az
müddətə baxmayaraq müəllim və şagird
kollektivinin sevgisini qazandı. Elvin müəllim mənim
üçün həm iş yoldaşı,həm
də qardaş idi. Sən demə onun qismətinə
şəhidlik yazılıbmış. Könüllü
ordu sıralarına yazılmasından heç xəbərimiz
yox idi. Həmin gün məktəbdəydik.
Mənim otağıma gəldi, dedi ki, Sahilə müəllim, biraz işim
var. İş vaxtının qurtarmağına baxmayaraq Elvin müəllim qayıtmadı. Zəng vurdum, söylədi ki, müəllim,
müharibəyə gedirəm. Həm təəccübləndim,
həm də həyəcanlandım. Bildirdi
ki, Vətəni qorumaq borcumdur, getməliyəm.
“Özünüzdən müğayət olun” dedi və
telefonu söndürdü. Elvin müəllim haqqında bilmirəm
nə danışım ki ,onun gözəl üzünü,
xarakterini, insanlığını əks etdirə bilim”.
“Şagirdlərlə direktor kimi yox,
dost kimi rəftar edirdi”
Sahilə müəllim, mərhum
direktorun şəhidlik xəbərini eşitdikləri
gündən də söz açır:
“İnanın ki, bütün müəllim
kollektivi,şagirdlər hamısı məktəbə
axın etdilər.Heç kim inanmırdı, inanmaq istəmirdi.
O çox mehriban insan idi. Şagirdlərlə bir direktor kimi
yox, dost kimi rəftar edirdi. Ona görə hər
kəsin gözündə yaş, üzlərində təəccüb
və kədər hissi vardı”.
Mütləqdir ki, elə
olub deyə düşünürəm. Sonra Sahilə müəllimlə də
sağollaşıram. Hələ növbədə
həmsöhbət olacağım insanlar var. Düzü, Elvin
müəllim haqqında danışmaq qədər, yazmaq da
çətindir. Mənim də missiyam asan
deyil.
Məktəbin digər əməkdar
müəllimi İndira Səmədova deyir ki, çox az insan gənc yaşda hamının hörmətini
qazana bilər. Elvin müəllim həmin gənclərdən
idi:
“O yüksək insani xüsusiyyətlərə
malik insan idi.Gözəl xarakteri vardı, öz savadı ilə
fərqlənirdi. Məktəbdəki tədbirlərdə şagirdləri vətəni
sevməyə, onun tarixini yaxşı öyrənməyə
səsləyirdi. Müharibə
başladığı gündən cəhbəyə yola
düşdü. Vətən
torpaqlarının azad edilməsi uğrunda qəhrəmancasına
döyüşdü. Heyif ki, qələbə
sevincini yaşaya bilmədi. Amma qəlblərdə
özünə əbədi iz qoydu. Allah rəhmət
eləsin”.
“...Dedi, yox mütləq getməliyəm”
Amin deyib, qısa söhbətimizi
yekunlaşdırıram. Növbədə məktəbin təşkilatçı
müavini Xəyalə Əmrahova var. O da mərhum iş
yoldaşı ilə ötən illərindən bəhs edir:
“ Biz
Ağstafa şəhər 1 saylı tam orta məktəbə
gəlməzdən öncə Qırılı kəndində
birgə işlədik. Sonra mən yerdəyişmə
elədim. Bir neçə il sonra
Elvin müəllim məktəbə direktor təyin edildi. Həm
də Respublika
üzrə direktorların işə qəbul imtahanında ən
yüksək balı toplamışdı. Elvin
müəllim haqqında nə danışsam, çox
azdı. Öncə yaxşı insan idi.
Bilmirəm onu necə təsvir edim ki,
özümdə rahat olum.
Deyim ki, həqiqətən onun haqqında
bu sözləri dilə gətirdim. Dostluğa
sadiq idi. Hər şeyin yerini bilirdi. Əlavə olaraq işində məsuliyyətli, dəqiq
hərəkət edirdi. Olduqca vətənpərvər insan idi. Hələ
dedim ki, müəllim, bilirəm ürəyiniz istəyir, Vətən
sağ olsun deyərək gedirsiz. Amma bizi də fikirləşin. Hazırda işimizin çətin vaxtıdır.
Olarmı ki, bir müddət sonra gedəsiz, fikirləşəsiz.
Dedi, yox mütləq getməliyəm. Bizim tədbirlərimizdə
çıxış edirdi. Onun
üçün Vətən öncə gəlirdi. Sonrası da bildiyiniz kimi sentyabrın 27-də
könüllü orduya yazıldı, 29-u cəbhəyə
yollandı. Noyabrın 9-u da qəhrəmancasına
şəhid oldu. Geridə iki azyaşlı
övladı, gözəl ailəsi qalıb”.
“Mənim gözümdə tarix yazan
müəllimdir”
Elvin müəllimi iş
yoldaşlarından, ailəsindən dinlədik. Bir də onun
həyatlarına toxunduğu şagirdləri var. Məsələn
Qırılı kəndində Elvin müəllimin şagirdi
olan Fəxrin Bayramlı onu bu cür xatırlayır:
“Kənddə sayılıb-seçilən müəllimlərdən
biri idi. Həm uşaqlarla, həm böyüklərlər
rəftarı, onlara göstərdiyi qayğıya görə
hər kəsin qəlbində böyük yeri var.
Qırılı Məktəbində fransız dilini tədris
edirdi. Dərsdə
hər kəsin səhvini, heç kəsi incitmədən deməyi
bacarırdı. Həmişə bizə
Qarabağdan, uğrunda şəhid olduğu Şuşadan
danışardı. Mənim gözümdə
tarix yazan müəllimdir.
O “İyul”
döyüşləri zamanı şəhid xəbəri
eşitdikcə xəcalət çəkirdi. Deyirdi, onlar bizim
üçün şəhid olur, mənsə sadəcə
izləyirəm. Bir söz var: Şəhid olmur, şəhid
doğulur. Bu sözün mənasını Elvin müəllimin şəhidliyi
ilə tam dərindən dərk
etdim”.
“Bizim otağın istiliyi ilə
maraqlanan bu cür “isti”adam soyuq məzarda
necə yatır?!”
Ağstafa şəhər 1 saylı
tam orta məktəbin 2019-cu il məzunu
Ayşən Tağızadə isə Elvin müəllim
haqqında belə danışıb:
“ O məktəbə gələndə
bizimlə elə münasibət qurdu ki, sanki illərdir
tanış idik.. Bəlkə də, 11 il
oxuduğum məktəbdə, heç bir müəllimlə
onun qədər yaxın deyildik. Gəldi, siniflərə
baş çəkdi. Onda sinif nümayəndəsi
idim. Ayağa qalxdım, özümü təqdim
etdim. Bizdən dərslə, məktəbdə
müəllimlərlə bağlı soruşdu. İstilik sistemi ilə maraqlandı. İndi sadəcə bir şey fikirləşirəm.
Biz şagirdlərin otağının istiliyi ilə maraqlanan
belə “isti”adam soyuq məzarda necə
yatır? Uşaqlarla, xüsusilə də yuxarı siniflərlər
məktəbdə müəllim, kənarda isə dost idi. Sinifin ən dəcəli belə elvin müəllimin
sözünü yerə salmazdı. Yadıma gəlir,
son zəngdə
sinif yoldaşlarıma rəqs öyrədirdim,
dekorasiya işləri ilə maraqlanırdım. İnanın, müəllimənin icazə vermədiyi
işləri Elvin müəllim ürəklə dəstəkləyirdi.
Məni hər zaman səbrlə dinləyirdi.
Son zəngə bir gün qalmış
ağladım. Dedi, hər şey yaxşıdır. Son zəng günü bizimlə vidalaşdı.
Birinci qəbul imtahanında yaxşı nəticə
göstərə bilmədim. Anamdan məni
soruşub. Mənə
etimad edən insanın güvənini
sasırtdığım üçün utanırdım.
İkinci imtahanda nəticəm yaxşı oldu.
Attestatı götürməyə getdik, şəkil
çəkdirirdik. Dedi, sənə güvənirəm,
hər işin öhdəsindən gələcəksən”.
“Ondan məsləhət alırdım”
Ayşən deyir, Bakıdan hər gələndə
məktəbə gedib, Elvin müəllimə baş çəkərdim:
“Karantin vaxtı məktəblər bağlı idi, yenə də görüşdüm. Dedi, səni izləyirəm, aktivliyin məni sevindirir, YAP-a könüllü yazdıracam. Avqustun 8-i yenə zəng vurmuşdum, məktəbə getməli idim. Heyif onda görüşə bilmədik. Amma hər işdə ondan məsləhət alırdım. Elvin müəllimin ölümü məni çox sarsıtdı. Çünki 2 şəhid verdim. Həm müəllimim Elvin İmamaəliyev, həm də sinif yoldaşım Nihad Abdullayev Vətən uğrunda canlarını fəda etdilər”.
Nəhayət söhbətləri də, yazını da yekunlaşdırıram… Ağstafanın müəllim adını şəhidlik zirvəsinə ucaldan igid oğlu Elvin İmaməliyevin xatirələri, onun haqqında deyilən xoş sözləri sizin öhdənizə buraxıram.
Allah rəhmət eləsin…
Samirə Ərəblinski
Şərq 2020.- 1 dekabr.- S.9;10.