44 günlük
müharibə...
Həm öyrəndik,
həm də öyrənəcəyimiz çox
məqamlar var
Hərbi jurnalistika məsələlərinə ciddi önəm verilməlidir
Vətən müharibəsində Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində mühüm nailiyyətlər qazanaraq möhtəşəm qələbəni təmin etdi. Ordumuzun, digər dövlət qurumlarımızın müharibəyə ciddi və məsuliyyətli şəkildə kökləndikləri kimi, 44 günlük Vətən müharibəsində kütləvi informasiya vasitələri də bu səfərbərliyə adekvat yanaşma ortaya qoydu. Jurnalistlər Azərbaycan həqiqətlərini istər yerli, istərsə də beynəlxalq ictimaiyyətə düzgün çatdırmaq məqsədilə məsələni peşəkarlıqla işıqlandırdılar.
Düzdür, qələbəmizdə həmrəyliyimiz başlıca rol oynadı. Söhbət xalq-hakimiyyət, xalq-ordu həmrəyliyindən gedir. Media isə hər iki qütblə həmrəy oldu. İlk növbədə nəzərə almaq lazımdır ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə olan ruh yüksəkliyi ayrı-ayrı KİV-lərin də fəaliyyət ovqatına təsirsiz ötüşmədi. Azərbaycan mediası Vətən müharibəsi dövründə cəmiyyətdə ovqat və ruh yüksəkliyi formalaşdırdı. Həmçinin onu daha da artırdı, sabit saxlanması və qorunması naminə əlindən gələni etdi. Bununla da, mediamız öz tarixi missiyasını uğurla icra edərək informasiya cəbhəsində qalibiyyətimizə mühüm töhfələr vermiş oldu. Bir sözlə, Vətən müharibəsi tək ön cəbhədə deyil, həm də arxa cəbhədə böyük uğur qazandı. Məsələn, Azərbaycan mediası təcavüzkar Ermənistanın hərbi birləşmələri tərəfindən mülki vətəndaşlarımızın raket atəşinə tutulması nəticəsində baş verən Gəncə, Bərdə terror hadisələrini dünyaya çatdırmaqla Ermənistanın əsl üzünü beynəlxalq ictimaiyyətə göstərdi.
Azərbaycan jurnalistikasının ötən əsrin 90-cı illərində, xüsusən də I Qarabağ müharibəsi dönəmində cəbhə bölgəsindən informasiyaların çatdırılmasında müəyyən təcrübəsi var idi. Həmin dövrdə kifayət qədər peşəkar reportyorlar və operatorlarımızın adını çəkə bilərik. Məsələn, Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Seyidağa Mövsümlü, Əli Qafarov, Fəxrəddin Şahbazov, Bəxtiyar Qaraca və s. başqa tanınmış jurnalistlərimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz rol oynayıblar.
Azərbaycan mediasının Vətən Müharibəsi dönəmində ancaq rəsmi mənbələrə istinad etməsi diqqətdən yayınmadı. Həmçinin əldə edilmiş qeyri-rəsmi bilgilərin təsdiqlənməsi ilə bağlı da bunu deyə bilərik. Xatırladaq ki, həm 2020-ci ilin iyulunda Tovuzda – Azərbaycanla Ermənistanın dövlət sərhədində yaşanmış gərginlik vaxtı, həm 2016-cı ilin “aprel müharibəsi” dönəmində, həm də atəşkəsin pozulduğu daha əvvəlki illərdə media təmsilçilərinin rəsmi mənbələrə istinadı ilə bağlı problem var idi.
Ancaq 44 günlük müharibədə Azərbaycan jurnalistikasının ümumən rəsmi mənbələrə daha çox üz tutması kifayət qədər pozitiv məqamdır. Yəni media işini yayılmış müxtəlif bilgilərin reallıqla nə dərəcədə uyğun olduğunu öyrənərək qurdu. Burada vurğulanmalı ən başlıca məqam isə dövlət qurumları – Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi öz işlərinə məsuliyyətlə yanaşdılar. Onlar düşmən tərəfdən yayılmış fikir və məlumatlara dərhal reaksiya verdilər, imkan yaratmadılar ki, Ermənistanın hər hansı ideoloji təxribatı cavabsız qalsın. Bu cəhət medianın belə desək, informasiya ilə silahlandırılmasında müstəsna rol oynadı. Sevindirici haldır ki, Azərbaycan Qarabağ müharibəsindən qalib ölkə çıxdı və Azərbaycan mediası da qalib ölkənin mediasına çevrildi. Ordumuzun döyüş meydanında nümayiş etdirdiyi güc və gücün aşkar üstünlüyə çevrilməsi, tam qalibiyyətə gedən yoldakı lokal qalibiyyətlər gücün qarşısında deyil, yanında dayanma tendensiyasını aktuallaşdırdı. Nəticə etibarilə biz xaricin Azərbaycan mediasına daha çox istinad etdiyini gördük. Erməni mediası müharibə dönəmində Ermənistan hakimiyyətinin cəfəng fikirlərini, reallıqla uzlaşmayan informasiyalarını yaydı. Azərbaycan mediası isə yalnız reallığa söykəndi. Ümumən ölkəmizin KİV-ləri mövzuya yanaşmada xeyli dərəcədə ciddi oldular.
Tanınmış jurnalist Azər Həsrət “Şərq”ə açıqlamasında bildirib ki, Vətən müharibəsi dönəmində Azərbaycan mediası həqiqətən də ciddi şəkildə öz məsuliyyətini dərk elədi. Ekspert vurğulayıb ki, media nümayəndələri kifayət qədər yüksək səviyyədə istər cəbhə xəttində baş verənləri, istərsə də arxa cəbhədə baş verənləri informasiya müharibəsində geniş şəkildə işıqlandıraraq cəmiyyətə öz töhfəsini verdi:
“Jurnalistlərimiz həqiqətən də, bu dönəmdə gecə-gündüz usanmadan çalışdılar. Əllərindən gələni etdilər ki, dünya qlobal səviyyədə Azərbaycan həqiqətlərini eşidə bilsin. Hesab edirəm ki, Azərbaycan mediası üzərinə düşənlərin öhdəsindən layiqincə gələ bildi”.
Ekspert əlavə edib ki, televiziya kanallarımız bir çox səbəbdən operativlikdən geri qalırdılar: “Düzdür, Vətən müharibəsində televiziya kanallarımız ilə bağlı ciddi narahatlıq var idi. Bir müddət özəlliklə də, Gəncədə, Bərdədə baş verən hadisələri operativ şəkildə işıqlandırmaqda gecikirdilər. Biz hətta elə olurdu ki, həmin hadisələrin canlı bağlantılarının Türkiyə televiziyalarından izləyirdik. Azərbaycan televiziyaları isə belə fəaliyyətlə məşğul deyildilər. Amma sonradan onlar da bunu etməyə çalışdılar. Düzdür, onlar da yüksək səviyyədə təmin etməyə çalışdılar.
Amma ümumilikdə götürdükdə ayrı-ayrı jurnalistlərimizin fəaliyyəti xüsusi vurğulanmalıdır. Bir çox jurnalistlərimiz var idi ki, onlar gecə-gündüz demədən, xüsusən də xarici dillərdə dünya ictimaiyyətini məlumatlandırmaq üçün durmadan çalışırdılar.
Bu da Azərbaycan həqiqətlərinin çatdırılması üçün xüsusi əhəmiyyətə malik idi və çox hallarda haqq işimizə müsbət təsir göstərirdi. Bilirsiniz ki, ölkəmizdə qaynar cəbhə xəttindəki müharibə ilə paralel olaraq informasiya müharibəsi də gedirdi.
Bunun önündə Ali Baş Komandan İlham Əliyev dururdu. Yalnız onu vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidentinin dünyanın müxtəlif ölkələrin aparıcı media vasitələrinə müsahibələri düşmənə qarşı ideoloji sipər rolunu oynadı. Dövlət başçımız müsahibələrində və xalqa müraciətlərində həm xaricə, həm də daxilə vacib ismarıclar ötürdü. Onun sayəsində cəbhədəki üstünlüyümüz ideoloji müstəviyə də daşındı. Təbii ki, bu amil media orqanlarımızın fəaliyyətinə də müsbət təsirini göstərdi. Jurnalistikamız həm münaqişənin tarixi, həm hazırkı vəziyyət və Azərbaycanın mövqeyi ilə bağlı kifayət qədər tutarlı arqumentlərlə silahlandı. Bununla mediamız, bütövlükdə ictimai sektor silahlandı. Bu da son dərəcə əhəmiyyətli idi. Onun müsahibələri, çıxışları bütün bunlar ictimai rəyə çox ciddi təsir edirdi. Və əlbəttə ki, jurnalistlərimiz məhz o ruhda informasiya müharibəsində iştirak etdilər. Biz Cənab Prezidentə çata bilməsək də, bu məsələlərdə hər halda həmkarlarımız əlindən gələni etdilər ki, əsgərlərimiz sonadək bizim arxamızda olsun, dünyanın ictimai rəyi də bizə qarşı ciddi addımlar ata bilməsin. Yəni haqq səsimizə heç kim mane ola bilməsin”.
Azər Həsrət vurğulayıb ki, 44 günlük müharibə həm də onu göstərdi ki, ölkəmizdə hərbi jurnalistika məsələlərinə ciddi önəm verilməlidir:
“Bu müharibə göstərdi ki, bizdə hərbi jurnalistika sahəsində çox ciddi problemlər var. Düzdür, həmkarlarımız həqiqətən də topun, güllənin, bir sözlə, bütün təhlükələrin altında can qoyaraq fədakarlıq etdilər. İstər televiziya jurnalistlərimiz olsun, istərsə də digər tanınmış jurnalistlərimiz cəbhə bölgəsindən cəmiyyəti məlumatlandırmaq üçün əllərindən gələni etdilər. Lakin ümumilikdə götürdükdə peşəkarlıq arzuolunan səviyyədə deyildi. Bu müddətdə diqqətimi bir çox məqamlar da çəkdi. Birincisi, hər şeydən əvvəl bəzi jurnalistlər hərbi geyimdə idilər. Jurnalistlər bilməlidirlər ki, heç vaxt cəbhə bölgəsində hərbi geyimdə olmamalıdırlar. Düzdür, sonradan bu səhv düzəldildi. Bir çox jurnalistlərimiz sonradan üzərində press yazılan zirehli gödəkçələrdən istifadə etdilər. Təbii ki, bu cür də olmalı idi. İkinci tərəfdən bəzi həmkarlarımız var idi ki, gərəksiz yerə həyəcan yaratmağa cəhd göstərdilər. Hadisəyə qarşı hədsiz emosionallıq nümayiş etdirdilər. Məsələn, Bərdə şəhər mərkəzinin bombalanmasından sonra televiziya kanallarımızdan birinin jurnalistinin reportajı yadımdadır. Jurnalist hədsiz dərəcədə həyəcanla reportajı təqdim edirdi. Sanki yer, göy çevrilib. Düzdür, həqiqətən də dəhşətli hadisə baş vermişdi. Amma bir tamaşaçı kimi diqqətimi o çəkdi ki, ətrafdakı insanlar çox sakit və rahat idilər. Baxmayaraq ki, insanlar həyatını itirmişdi, böyük fəlakət və faciə yaşanmışdı. Ancaq ətrafdakı insanlar özlərini çox sakit və təmkinli aparırdılar. Televiziya jurnalisti isə həddən artıq emosionallıqla dramatizmi bir növ daha çox kökləmək istəyirdi. Belə şeylər jurnalistikada yol verilməzdir. Jurnalist əlbəttə ki, emosiyalarını büruzə verə bilər. Amma bunun da həddi olmalıdır. Jurnalist ilk növbədə çalışmalıdır ki, belə vəziyyətdə mütləq şəkildə daha təmkinli davransın. Öz təmkini ilə başqalarına da bir növ örnək olsun. Düzdür, indi bir çox həmkarlarımız deyə bilər ki, sən orda olmamısan, biz olmuşuq və həyəcanı yaşamışıq. Doğrudur, bununla razıyam. Əlbəttə. Ancaq biz məsələnin həm praktiki, həm də nəzəri haqqında danışırıq. Çünki jurnalistika belə şeyləri qəbul etmir və xoşlamır. Misal olaraq, biz Türkiyənin jurnalisti Fülya Öztürkü göstərə bilərik. Sadəcə olaraq peşəkarlığı, operativliyi, ümumiyyətlə, onun hadisələr baş verən yerlərdə davranışı mənə elə gəlir ki, bir çox jurnalistlərimiz üçün əsl örnək ola bilər. O, kifayət qədər bütün hadisələri peşəkarlıqla işıqlandırdı, emosiyalarını da yerli-yerində büruzə verdi. Lakin onun bu emosiyaları süni deyildi. Onda süni dramatizmi yaratmaq cəhdləri yox idi. İnsan kimi emosiyalarını büruzə verirdi, bununla da hadisə yerindən çox gözəl əhatəli, operativ, əsl jurnalistika məhsulu sayıla biləcək reportajlar təqdim edirdi. Bu baxımdan düşünürəm ki, hərbi jurnalistika sahəsinə ciddi diqqət ayrılmalıdır. Artıq Azərbaycana ciddi, peşəkar səviyyədə konkret olaraq hərbi sahədə yüksək biliyə malik olacaq jurnalistlər lazımdır. Çünki bizim ordumuz artıq dünyanın diqqət mərkəzindədir. Qələbəmiz ciddi şəkildə bütün dünyada öyrənilir. Əlbəttə ki, Azərbaycanın bundan sonrakı hərbi gücünü, imkanlarını peşəkarcasına işıqlandırmaq, dünyaya tanıtdırmaq üçün ciddi jurnalist ordusuna ehtiyacı var.
Düşünürəm ki, Müdafiə Nazirliyi və dövlətimiz də bu barədə düşünsə yerinə düşər”.
Aynurə Pənahqızı
Şərq 2020.-
8 dekabr.- S.11.