Viza rejiminin ləğvi Zəfər paradının hədiyyəsi oldu

 

"Daha qardaş-qardaşın evinə icazə ilə getməyəcək"

 

"Türkiyə ilə viza rejiminin ləğvi dünya dövlətlərinə həm də bir mesajdır"

 

Uzun illər arzuladığımız, həsrətlə, intizarla gözlədiyimiz, qəlbimizi qürurla dolduran Zəfər paradının xalqımıza daha bir hədiyyəsi də oldu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və qardaş Türkiyənin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan xalqımıza əsl bayram hədiyyəsi təqdim etdilər. Məhz Zəfər paradından sonra iki ölkə arasında imzalanan sənədlər arasında viza rejiminin ləğvini nəzərdə tutan sənədin də imzalanması ilə hər iki ölkə vətəndaşlarının sərbəst gediş-gəliş istəklərini gerçəkləşdirdilər.

 

Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvinin siyasi-ictimai, iqtisadi üstünlüklərini hələlik yaddaş üçünbir kənara yazaq” - bu məsələyə qayıdacağıq, çünki hər şeydən əvvəl onu deyək ki, bu, mənəvi dəyəri ölçüyəgəlməz milli bir məsələdir. İllərlə bu da bir niskil idi aramızda; qardaş qardaşının evinə niyə icazə ilə getməlidir?! İki ölkə prezidentləri bu icazəni dəmir iradələri ilə ləğv etdilər. Həm də Zəfər paradından dərhal sonra. Bununla da türk insanına “yolunuz artıq açıqdır, könül rahatlığı ilə gedin-gəlin” söylədilər. İmzalanmış sənəd Türkiyə ilə aramızda indiyədək mövcud olan viza rejiminin ləğvi qardaşlar arasındakı sənəd – pasport əngəlini aradan qaldırdı. Zəfər paradından sonra belə bir gözəl hədiyyəni hər iki ölkə vətəndaşları haqq edir. İndisə, imzalanmış sənədin iki ölkəyə siyasi-ictimaiiqtisadi sahədə qazandıracağı faydadan danışaq.

 

Azərbaycan dövlətçilik tarixində daha bir ilkə imza atdı

 

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol 10 dekabr 2020-ci il tarixdə Bakıda imzalandı. Protokolu Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatında qeyd olunur ki, bu ilin 25 fevralında imzalanmış Sazişə əsasən iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşları vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala bilərdi. Sazişə əlavə olaraq imzalanmış Protokol qüvvəyə mindikdən sonra isə iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala biləcəklər.

 

Bu qayda yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunacaqdır. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlarımız pasportdan istifadə etməlidir.

 

XİN-in məlumatında vurğulanır ki, bununla Azərbaycan Respublikası öz dövlətçilik tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün Müqavilə imzalayıb. Və bu ilkə də məhz qardaş Türkiyə Cümhuriyyəti ilə imza atılıb.

 

Tərəflər, habelə saxta sərhədkeçmə sənədlərindən istifadənin qarşısının alınması məqsədilə əməkdaşlıq etməyə qərar veriblər. Bu isə iki ölkənin sərhəd təhlükəsizliyinin gücləndirilməsi sahəsində də yeni imkanlar yaradacaq.

 

Viza rejiminin ləğvinə çoxdandır hazırlıq aparılırdı

 

Azərbaycanla Türkiyə arasındakı viza rejiminin aradan qalxması indiyədək dəfələrlə müzakirə predmeti olub. Qardaş xalqların, iki qardaşdost dövlətin vətəndaşlarının bir ölkədən digərinə viza ilə hərəkət etməsinin çətinliyi bir yana, bunun mənəvi basqı olması da ifadə edilirdi. Xatırladaq ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da çıxışlarının birində fikrini bildirmişdi. Və qeyd etmişdi ki, Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsi viza rejiminin tam aradan qalxması üçün zəmin ola bilər.

 

Əvvəlki qaydalara görə hər iki dövlətin vətəndaşları ölkə ərazisində 90 gün vizasız qala bilərdi. İstər Türkiyə vətəndaşı, istər Azərbaycan vətəndaşı ölkə ərazisinə daxil olduqda, əgər orada 15 gündən artıq qalacaqsa, o zaman olduğu yer üzrə qeydiyyata düşməli, 90 gündən artıq qalacaqdısa, ilk 30 gün ərzində bununla bağlı aidiyyəti orqana müraciət etməli, qalmaq üçün əsasını, səbəbini göstərməli və qalmaq izni almalı idi.

 

Amma vizasız gediş-gəliş bunların hamısının ləğvi, insanların rahat bir şəkildə səyahət etmələri, yaxud qonaq qalmaları, hansısa işlərini asanlıqla həyata keçirmələrinə imkan yaradacaqdı. Türkiyə ilə aramızda miqrasiyanın kifayət qədər intensiv olduğunu xatırlatmağa ehtiyac yoxdur. Bu, məlum həqiqətdir.

 

Türkiyə ilə yaxınlığımızı ifadə etmək üçün əlavə sözə, şərhə ehtiyac yoxdur.

 

Vizasız rejimin üstünlükləri saymaqla bitməz

 

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov “Şərq”ə açıqlamasında qeyd edib ki, Azərbaycanla Türkiyə arasında artıq vizasız gediş-gəliş rejimi mövcuddur:

 

- Hələ bir neçə ay bundan qabaq bu məsələnin nəyinki mümkünlüyü, hətta onun tez bir zamanda reallaşacağını və bunun üstün cəhətləri barədə danışmışdım. xoş bizə ki, ikitərəfli sənədin imzalanması nəticəsində artıq bu məsələ də özünün müsbət hallini tapıb. İndi isə yeni proseslərin astanasındayıq. Əlbəttə, Türkiyə ilə aramızdakı viza rejiminin ləğvi hər iki dövlətin vətəndaşlarının ürəyincədir. Biz qardaşıq, qardaşlıq bağlarımızın möhkəmliyi söhbət mövzusu belə deyil. Viza rejiminin ləğvi isə vətəndaşlara üstünlük, rahatlıq və ən əsası mənəvi stimul verir.

 

A.Allahverənov bir vacib məsələyə də toxundu:

 

- Viza rejiminin ləğvi hazırkı şəxsiyyət vəsiqələrinin dəyişilməsini də tələb edir. Təhlükəsizlik baxımından yeni biometrik pasportlara sahib olmağımız lazım gələcək. Artıq dünya insanların bir sənədlə hərəkətinin təmin edilməsi mərhələsindədir. Elə bir sənəd ki, orada şəxsiyyətin təsdiqindən tutmuş bank hesabınadək hər bir məlumat olsun. Biometrik pasportlar məhz bu imkanı yaradır. Vətəndaş haqqında bütün zəruri məlumatlara əlçatanlıq təmin edildikdən sonra əlavə sənədlərə ehtiyac qalmır artıq.

 

Şura sədri viza rejiminin çətinliklərini də xatırlatdı:

 

- Bu sevindirici sənədin imzalanmasına qədər hər iki ölkənin vətəndaşları ölkəyə 90 gün ərzində səfər etmək hüququna malik idi. Türkiyə, ya da Azərbaycan vətəndaşları 90 gündən sonra ya ölkəni tərk etməli, ya da ölkədə qalmaq üçün müvafiq qaydada müraciət etməli idilər. Məsələn, Türkiyə vətəndaşları ölkəmizdə müvəqqəti yaşamaq icazəsi üçün DMX-yə müraciət edirdilər.

 

Həmçinin Azərbaycan vətəndaşları da Türkiyədə olarkən “oturum izniüçün aidiyyətli orqana müraciət edirlər. Hər iki halda bunun üçün yetərli əsaslar təqdim edilməli idi. Aidiyyətli orqan əsasları yetərli saydığı halda müraciətə müsbət cavab verilirdi və vətəndaş icazə ilə təmin edilirdi.

 

Amma viza rejiminin artıq tam aradan qaldırılması hər iki ölkə vətəndaşlarının istədikləri müddətdə, bəlkə 1 həftə, bəlkə 1 ay, yaxud daha azya çox, nə qədər istəsələr sərbəst qalmaq hüququ verir, bu məsələ artıq qanunvericiliklə müəyyən edilib. Şübhəsiz ki, bu, hər iki ölkə vətəndaşlarının həm də maddi maraqlarına cavab verən haldır. Çünki yaşama icazəsi üçün müraciət müəyyən prosedur qaydalarından keçməni tələb edirdi, bu da müəyyən xərclər demək idi.

 

 

 

Ölkə ərazisini tərk etdikdə, giriş-çıxış sistemində qeydiyyata düşdükdə də əlavə xərclər tələb olunurdu. Bu tələbin aradan götürülməsi hər iki ölkə vətəndaşlarını artıq xərclərdən də azad edir.

 

Ekspertin qənaətincə, iki ölkə arasında viza rejiminin tam olaraq ləğvi strateji tərəfdaşlıq baxımından da müsbət haldır:

 

- Bu qərarın, şübhəsiz ki, siyasi aspektləri də üstün əhəmiyyətə malikdir. Bu aspektlər iki dövlət arasında qardaşlıq münasibətlərinin tamamilə yeni müstəvidə qurulmasından xəbər verir. Viza rejiminin tam ləğvi istər iqtisadi, istər siyasi, istərsə də mədəniyyətlərarası dialoq nöqteyi-nəzərindən də çox müsbət haldır.

 

Türkiyə ilə viza rejiminin ləğvi dünya dövlətlərinə həm də bir mesajdır: “Biz qardaş ölkələrik, aramızda heç bir sədd yoxdur”. Viza rejiminin aradan qaldırılmasının mənəvi əhəmiyyəti zatən bəllidir. İqtisadi tərəfinə gəlincə, məlumdur ki, Azərbaycan vətəndaşları Türkiyədə, Türkiyə vətəndaşları da Azərbaycanda geniş əmək fəaliyyəti ilə məşğuldur. Biznes sahəsində çalışanlar, iqtisadi sahəyə yatırım edənlər, ölkəyə cəlb olunan investisiya... viza rejiminin ləğvi bütün bu sahələr üçün daha geniş imkanlar açır. Hesab edirəm ki, viza rejiminin aradan tam qaldırılması əmək fəaliyyəti ilə məşğul olan insanlar üçün də əlavə imkanlar yaradır. Burada söhbət hər iki ölkə vətəndaşları üçün daha rahat çalışmaq sisteminin qurulmasından gedir. Bu sistemin qurulması indiki mərhələdə viza rejiminin tam ləğvi ilə bağlı paralel işlərin görülməsini tələb edən bir haldır.

 

Tələbə ailələri üçün də “yaşıl işıq” yandı

 

Türkiyə ilə viza rejiminin aradan qaldırılmasının siyasi, iqtisadi, ticari, mədəni əlaqələrin inkişafına töhfəsi öz yerində, bu yenilik Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin də, əlbəttə, ürəyincədir. Bilirik ki, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı artmaqdadı. Viza rejiminin ləğvi ilə tələbələrin ölkəyə gəlişi və geri dönüşündə də əlavə problemlər yaşanmayacaq. Həmçinin tələbə valideynləri də istədiklıri zaman qardaş ölkəyə səfər edib arzu etdikləri qədər övladlarının yanında qala biləcək. Müddətli viza rejiminin hansı çətinliklər yaratdığı hazırkı pandemiya dövründə açıq hiss olundu. Valideynlər övladlarından nigaran qaldılar, ölkəyə dönmək istəyən tələbələrin dönüşündə bəzi problemlər yaşandı. Amma artıq bu çətinliklər arxada qalır. Yəni, hansı tərəfdən baxılırsa baxılsın, Türkiyə ilə aramızda viza rejiminin aradan qaldırılması iki qardaş ölkə üçün əsl uğur, sevindiriciçox əhəmiyyətli qərardır. Viza rejiminin ləğvi sadəcə iki ölkə arasında yalnız gediş-gəliş sərbəstliyinin əldə olunması deyil. Hər iki ölkənin sosial-iqtisadi gücünə güc qatacaq, turizm imkanlarını da inkişaf etdirəcək bir hadisədir. Bu, həm də qardaş Türkiyədə işləyib Azərbaycandakı ailələırinə maddi dəstək olan vətəndaşlarımızın ən böyük probleminin həlli deməkdir. Bütün bu aspektlərdən baxıldıqda iki ölkə rəhbərinin imzaladığı sənədin dövlət maraqlarına xidmət etdiyi qədər vətəndaşalrımızın da maraqlarına hesablandığını mütləq söyləməliyik.

 

Şərq .- 2020.- 12 dekabr.- S.11.