Tarix İnstitutunda Məhəmməd
Əmin Rəsulzadənin doğum günü anılıb
AMEA-nın Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 136 illiyi qeyd olunub.
Tarix İnstitutundan
APA-ya verilən məlumata görə, tədbir çərçivəsində
M.Ə.Rəsulzadəyə həsr olunan videoçarx nümayiş
etdirilib.
İnstitutun direktoru, akademik Yaqub Mahmudov deyib ki, M.Ə.Rəsulzadə
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən
biri və məfkurəçisi olub. Onu anmaq
Xalq Cümhuriyyətini
anmaq deməkdir.
Xalq Cümhuriyyəti dünya
tarixinin ən demokratik dövlət qurumlarından biridir.
Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Cümhuriyyət dövründə
verilib. Cümhuriyyət irqi, milli, dini və sinfi
bərabərsizliyi ləğv
edərək, bütün
vətəndaşların hüquq
bərabərliyini təmin
edib.
Akademik bildirib ki, Xalq
Cümhuriyyətinin baniləri
Məhəmməd Əmin
Rəsulzadə, Əlimərdan
bəy Topçubaşov,
Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və Məmməd Yusif Cəfərovdur: “Bizim mövqeyimiz belədir ki, Cümhuriyyəti yaradan kişilərin hər biri Azərbaycanı
sevən, xalqa bağlı insanlar olub. Məsələn, Rəsulzadənin hökumətin başçısı
olmaq imkanı vardı, amma o, bu işi Fətəli
xan Xoyskiyə etibar etdi. Sonra parlament yarananda Rəsulzadənin imkanı
vardı ki, parlamentə sədr olsun. Amma o, parlamentdə Müsavat
fraksiyasına başçılıq
etdi. Tarixi şəxsiyyətlərimizi, o
cümlədən Cümhuriyyət
xadimlərini qarşı-qarşıya
qoymaq düzgün deyil, onları xalqımıza olduğu kimi təqdim etmək lazımdır”.
Elmi Şuranın
iclasında tarixçi
alimlər Natiq Məmmədzadə və
Kamran İsmayılovun
mövzu ilə əlaqədar məruzələri
dinlənilib. Bildiriblər ki, Cümhuriyyət
qurucuları sayəsində
müqəddəs Azərbaycan
adı Şimali Azərbaycanın adında
dövlət qurumu kimi qorunub saxlandı.
Prezident İlham Əliyev Xalq Cümhuriyyəti, M.Ə.Rəsulzadə və
Ə.Topçubaşovun yubileyləri
haqqında müvafiq sərəncamlar verib, həmçinin Bakıda Cümhuriyyətin şərəfinə
“İstiqlal Bəyannaməsi”
abidəsi ucaldılıb.
Tədbirdə qeyd olunub ki,
Tarix İnstitutunda Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Ulu öndər
Heydər Əliyevin tapşırığına əsasən,
Prezident İlham Əliyevin təşəbbüsü
və dəstəyi ilə Cümhuriyyət tarixinə dair ikicildlik ensiklopediya, həmçinin çoxsaylı
sanballı əsərlər
nəşr edilib, dissertasiyalar yazılıb. Son illərdə
instituta Paris, London, Berlin, Dehli,
Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən Cümhuriyyət tarixinə
dair onminlərlə arxiv sənədi gətirilib.
Şərq.-2020.-1 fevral.-S.7.