Media parlament
seçkisində tərəfsizliyini qorumalıdır
Prosesin azad və demokratik
aparılması üçün namizədlərə qanunla bərabər
şərait yaradılmalıdır
Seçki dövründə KİV-in rolu
danılmazdır. Kütləvi informasiya vasitələri
seçkinin təbliğatı və təşviqat prosesində
əhəmiyyətli, tutarlı çəkiyə malikdir.
Buna görə də siyasilər,
deputatlığa namizədlər hər zaman öz təbliğatlarının
istər yazılı, istərsə də elektron mediada
aparılmasında maraqlı olur. Üstəlik,
ölkədə müxtəlif maraqların
çatdırılmasına imkan verən və fərqli
strukturlar tərəfindən dəstəklənən rəngarəng
KİV-lər fəaliyyət göstərirsə, mənzərə
daha da maraqlı görünür.
Həmçinin, bütövlükdə media qurumları
arasında sağlam rəqabət mühiti də
formalaşır.
İndiyədək ölkəmizdə bir çox
seçki prosesi baş tutub. Bu seçkilərin hər
birində ölkə mediası daha mütəşəkkil
şəkildə iştirak edib. Şübhəsiz
ki, müstəqilliyin ilk illərində seçkilərin
mediamızda işıqlandırılması bu sahədə
daha təcrübəli olan Qərb ölkələrinin
KİV-lərindən geri qalırdı. Amma
indiki halda Azərbaycan KİV-i müəyyən qədər
təcrübə qazana bilib. Bir sözlə,
ölkəmizdə fəaliyyət göstərən əksər
media quruluşları seçki prosesinin yerli və beynəlxalq
qanunlara uyğun şəkildə
işıqlandırılmasında və vətəndaşların
maarifləndirilməsində əsas vasitəyə çevrilə
biliblər. Hətta son illər mətbuatın
seçkilərə dair aktivliyi müşahidə olunur ki, bu
da seçicilərdə maraq oyadır. Buna
rəğmən qeyd edək ki, bəzi media orqanları
seçki prosesində seçki və media prinsiplərinə
zidd davranışlara yol verir. Bunun da səbəbini
ekspertlər müxtəlif amillərlə - qeyri-peşəkarlıq,
tərəfli mövqe və s. izah edirlər. Bütün
deyilənlər "Seçki prosesində Azərbaycan
mediası necə davranmalıdır” müzakirəsini
açır.
“Media
seçki prosesini obyektiv işıqlandırmalıdır”
“Medianın üzərinə seçki prosesində
hansı vəzifələr düşür” sualına cavab
axtarırıqsa, bir müddət öncə Avropa
Şurası Mərkəzi Seçki Komissiyası ilə
birlikdə Bakıda "Seçkinin mediada işıqlandırılması”
mövzusunda təşkil edilmiş informasiya sessiyasını
xatırlatmaq yerinə düşür.
Qeyd edək ki, sözügedən tədbir Avropa
Şurasının "Azərbaycan mediasında gender bərabərliyi
və digər etik standartların təşviqi” layihəsi
çərçivəsində keçirilmişdi. Əsas məqsəd
fevralın 9-da Azərbaycanda keçiriləcək parlament
seçkiləri öncəsi jurnalistlərin gender bərabərliyinə
də xüsusi diqqət yetirərək seçkinin mediada
işıqlandırılması sahəsində Avropa
Şurası standartlarına dair məlumatlılığının
artırılması idi. Tədbirdə 60-a
yaxın media nümayəndəsi, eləcə də dövlət
qurumlarının və diplomatik missiyaların nümayəndələri,
beynəlxalq və yerli ekspertlər iştirak edirdilər.
Sessiyada çıxış edən Mərkəzi
Seçki Komissiyasının sədri Məzahir Pənahov
bildirmişdi ki, seçki prosesində media fəal iştirak
edir. Bu da Azərbaycan dövlətinin şəffaf,
demokratik seçkilərin keçirilməsi üçün
ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən
biridir. Seçkilər mətbuat
üçün açıq olmalıdır, KİV bu prosesdə
önəmli rol oynamalıdır. Çünki istənilən
ölkədə əhəmiyyətli tədbirin ictimaiyyətə
çatdırılmasında ən önəmli rol mətbuatın
üzərinə düşür: “MSK da mətbuatla birgə
işləməyə hər zaman xüsusi diqqət göstərir.
Çalışmışıq ki, yerli mətbuatla
yanaşı, beynəlxalq KİV nümayəndələri də
bizim tədbirlərin işıqlandırılmasında fəal
iştirak etsinlər”.
Prezident
Administrasiyasının Qeyri-hökumət təşkilatları
ilə iş və kommunikasiya şöbəsinin müdir
müavini Səadət Yusifova bildirmişdi ki, 2019-cu il Azərbaycanda köklü islahatlar ili kimi
yadda qalacaq. O, ölkəmizdə Prezident İlham Əliyev tərəfindən
mütəmadi olaraq islahatların həyata keçirildiyini
deyib. Qeyd edib ki, son islahatlar kəmiyyət və
keyfiyyət baxımından əvvəlki illərdən xeyli
fərqlənir. İslahatlar o qədər
genişmiqyaslıdır ki, cəmiyyətin bütün institutlarına
öz təsirini göstərəcək.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki,
fevralın 9-da keçiriləcək parlament seçkiləri
daha çevik, peşəkar deputat korpusunun
formalaşmasına yönəlib. Parlament seçkiləri
taleyüklü proses olduğu üçün bütün
siyasi partiyalar, vətəndaş cəmiyyəti fəallaşır
və media da bunun tərkib hissəsidir.
Seçkiqabağı təşviqat aparmaq
üçün 40-a yaxın KİV-in qeydiyyatdan keçdiyini
diqqətə çatdıran Səadət Yusifova seçkilər
dövründə medianın üzərinə böyük
yük düşdüyünü bildirib. O əlavə edib ki, media
nümayəndələri prosesi obyektiv
işıqlandırmalı və bütün namizədlər
üçün bərabər şərait
yaratmalıdır. "İnanırıq ki, bu
parlament seçkiləri Azərbaycanda seçki təcrübəsinin
və media ənənələrinin inkişafına öz
töhfəsi ilə yadda qalacaq”, - deyə Prezident
Administrasiyasının rəsmisi qeyd etmişdi.
“Əsas
məsələlərdən biri gender bərabərliyidir”
Avropa
Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan
Hernyes çıxışı zamanı gender bərabərliyi
məsələsini qabardaraq bildirmişdi ki, seçkilərin
azad və demokratik keçirilməsində mətbuat
mühüm rol oynayır. Avropa Şurası
seçkilərin işıqlandırılması ilə
bağlı üzv ölkələrə tövsiyələr
verib. Bu tövsiyələr əsasən
medianın rolu ilə bağlıdır. İstər
seçkilərdən əvvəl, istər seçkilər
zamanı, istərsə də seçkilərdən sonra media
bu prosesdə fəal iştirak etməlidir.
Seçki dövründə mühüm məsələlərdən
birinin də gender bərabərliyi olduğunu vurğulayan
Zoltan Hernyes bildirib ki, gender bərabərliyi həmişə
müzakirə mövzusu olub. Gender bərabərliyinin
təmin olunması mühüm əhəmiyyət kəsb
edir.
Milli Televiziya və Radio Şurasının sədri
Nuşirəvan Məhərrəmov deyib ki, seçki prosesində
medianın rolu qanunvericiliklə tənzimlənir. O, seçkiqabağı təşviqat
zamanı televiziya və radio kanallarının əməl etməli
olduğu məsələlərdən danışıb. Qeyd edib ki, Azərbaycanda özəl televiziya və
radio kanalları təşviqatda iştirak edə bilməz.
İctimai Televiziya seçkiqabağı təşviqatı
ödənişli və ödənişsiz yolla həyata
keçirir. Ödənişli efir
vaxtı pulsuz efir vaxtından iki dəfə çox
olmalıdır. Bəzən qiymətlərin
yüksək olduğu iddia edilir. İctimai
Televiziya tərəfindən müəyyən edilən ödənişli
efir vaxtının bir saniyəsinin minimum 22 manat, maksimum 65
manat olması normal qiymətdir və mövcud reklam şərtlərinə
uyğun hesablanıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov
isə bildirib ki, Şura səsvermə günü öz fəaliyyətini
bir neçə istiqamətdə quracaq. Qurumun
"Qaynar xətt”i fəaliyyət göstərəcək.
"Qaynar xətt”ə daxil olan məlumatlar əvvəlcə
Mərkəzi Seçki Komissiyasına ötürüləcək.
Əvvəlki seçkilərdə "Qaynar xətt”ə
daxil olan problemlər həllini tapıb, bu seçkilərdə
də həllini tapacağına inanırıq. Bu rejim kütləvi informasiya vasitələri təmsilçilərinə
seçkini işıqlandırarkən üzləşdikləri
çətinliklər barədə operativ məlumat vermək
imkanı yaradır. Builki parlament
seçkisində də eyni fəaliyyət göstəriləcək»,
- deyən Ə.Amaşov «qaynar xətt»ə daxil olan faktlar barədə
müvafiq dövlət qurumlarına müraciət
ünvanlanacağını vurğulayıb.
MŞ sədri həmçinin bildirib ki, seçki
günü Şuranın İdarə Heyətinin üzvlərindən
ibarət monitorinq qrupu formalaşdırılacaq. Həmin qrup
paytaxtdakı və bölgələrdəki dairə və məntəqələrdə
seçkinin gedişini izləyəcək. Bundan başqa, MŞ qarşıdakı müddətdə
ölkənin aparıcı KİV-lərində seçki ilə
bağlı gedən materialların monitorinqini aparmağı
da nəzərdə tutur.
Mətbuat Şurasının üzvləri bölgələrdə
də seçkinin monitorinqində iştirak edəcəklər.
Sonra Mərkəzi
Seçki Komissiyasının üzvü Qabil Orucov
"Seçkinin mediada işıqlandırılması: Azərbaycan
qanunvericiliyi və təcrübəsi” mövzusunda məruzə
ilə çıxış edib.
Tədbir
çərçivəsində "Seçkinin mediada
işıqlandırılmasına dair Avropa Şurası
standartları”, "Seçkinin mediada
işıqlandırılmasına dair Azərbaycan
qanunvericiliyi və təcrübəsi” və "Seçkinin
mediada işıqlandırılması gender bərabərliyi
kontekstində” mövzularında çıxışlar edilib.
“Çap
mediasına da maraq var, onlayn mediaya da”
"Xalq
Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli
hesab edir ki, hansısa media orqanı qeydə alınmış
namizədlərin ödənişli əsaslarla təbliğatında
iştirak etmək istəyirsə, Mərkəzi Seçki
Komissiyasına müraciət etməlidir: "Seçkilərin
işıqlandırılması və seçki prosesi barədə
maarifləndirici məlumatların yayılması mətbuatın
missiyasıdır. Təbii ki, siyasi proseslər
nə qədər aktiv olarsa, mediada daha çox mövzu
yaranır. Bu baxımdan istənilən
media quruluşu seçkidə iştirak etməyə
çalışır”.
Baş
yazarın sözlərinə görə, KİV seçkidə
tərəfsizliklərini qoruyub saxlamalıdır: "Media
"KİV haqqında” qanun tələblərinə əməl
etməlidir”.
Hər
seçki ərəfəsində ölkəmizə olan
basqılardan söz açan müsahibimiz vurğulayıb ki,
Azərbaycan mətbuatı dünyada baş verən prosesləri
yaxından izləməyi bacarır: "Bu məsələdə
mətbuat Azərbaycan dövlətinin və xalqının
maraqlarından çıxış etməlidir, edir də. Lakin belə mətbu orqanlarımızın sayı
azdır. Azərbaycan mediası bu istiqamətdə
xarici media qurumları ilə əlaqələrini genişləndirməlidir.
Bacardıqca daha çox işləmək
lazımdır. Eyni zamanda mətbuatımızın
digər dillərdə yayımı təşkil
olunmalıdır. Digər yandan medianın
maddi-texniki bazasını gücləndirmək
lazımdır. Hesab edirəm ki, həmin
istiqamətdə daha ciddi layihələr həyata
keçirilməlidir”.
"Qeydə alınmış namizədlər qəzet
və saytlarda öz təbliğatlarını aparmaqda
maraqlıdırlarmı” sualına gəlincə, həmsöhbətimiz
qeyd edib ki, təbliğatın çap və elektron mediada
aparılmasına gəlincə, deyərdim ki, bu, namizədin
öz istəyindən asılıdır. Bəzən təbliğatını
çap mətbuatında aparanlara da rast gəlinir.
Əsasən bölgələrdə çap mediası ilə
işləmək ola bilsin ki, kiminsə
marağındadır. Amma faktdır ki, elektron
mediaya maraq göstərənlər də var. Bir sözlə,
bu, hər kəsin öz seçimindən, təşviqat mərhələsində
hansı üsullara üstünlük verməsindən
asılıdır”.
Məlahət Rzayeva
Şərq.-2020.-4 fevral.-S.7.