Özü-özünü yaşadan adam...

Rübabə Rzayeva: "Atam haqqında yazılara o başlıqları qoyub, yaramı ovurlar"

"Onun bu dünyadan hansısa umacağı, maddi cəhətdən böyük gözləntiləri yox idi"

Bu günlərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illik yubileyi qeyd olundu. O mərasimi izləyənlərin arasında aktyorun qızı Rübabə Rzayeva da var idi. Tədbir Rübabə xanımın yadında necə qaldı? Çox güman ki, bir övlad kimi həmin gün səhnədə gözü atasını axtardı. Yaxşı olar ki, bu haqda "Şərq"ə Rübabə Rzayevanın özü danışsın.

- Sağ olsunlar ki, qeyd etdilər. Bu da böyük işdir, var olsunlar. Sözün düzü, düşünmürdüm ki, atamın yubileyini qeyd edəcəklər.

- Niyə elə fikirləşirdiniz ki, qeyd olunmayacaq. Axı illər ötsə də xalqın yaddaşında iz qoyan sənətkar olub Səməndər Rzayev.

- Xalqımız sağ olsun. Həqiqətən xalqın ona olan sevgisi olub və buna görə minnətdaram. Təbii ki, həmin gün səhnədə atamın özünü görmək istərdim. Kaş ki, sağ olaydı, özü 75 illik yubileyində qonaqlarını salamlayaydı. Ürəyində olanları deyəydi. Gözüm axtardı. Sadəcə atamın yoxluğundan bəziləri  öz maraqları üçün istifadə etməsinlər. Amma elə insanlar, elə məqamlar olur ki, insanı incidirlər. Qəlbinin yarasını oyurlar. Mətbuatdan heç də razı deyiləm. Bəzi mətbuat orqanları, jurnalistlər var ki, onlardan narazıyam. Sadəcə onların səviyyəsinə enib cavab verməyə ehtiyac duymuram. Axmaq  başlıqlar, reytinq, aypi xətrinə yazılar yazmaq jurnalistika deyil. İnsan dünyasını dəyişibsə, onu rahat buraxmaq lazımdı. Əgər hörmət edə bilirsənsə sənəti, yaradıcılığı barədə yaza bilirsənsə, söz deməyə gücün çatırsa, veriliş hazırlayırsansa,  Allah razı olsun. Yox əgər  sənətindən yazmağa gücün çatmırsa, ölən insanın ruhuna toxunma. Bəzi saytlar, bəzi jurnalistlər yazır ki, içirdi. O, atamın şəxsi işi idi. O onun şəxsi dünyası idi. Kimsə insanın şəxsi həyatını sorğulamaq haqqına sahib deyil. İkinci tərəfdən atam içki içib orda-burda yatıb qalmırdı ki. Şükür Allaha, içki içib kiməsə sataşmayıb, kimisə narahat etməyib. Ona qalsa sənət aləmində içib əyyaşlıq edənlər o qədər olub ki, niyə onlardan yazmağa cəsarət tapmırlar? Bu gün də sənət aləmində, xalq artistləri arasında içki içən, narahat həyat yaşayanlar var. Bacarırlar onlardan yazsınlar. Demirəm də mütləq o sənətkarlardan yazıb, onları biabır edin. Sadəcə deyirəm ki, sənət aləmində içki içən yetərincə insan olub, var. Bu günə qədər mən susmuşam, tərbiyəm imkan verməyib ki, artıq söz deyim. Amma atamın 75 illik yubileyində o başlıqlar ki, mətbuatda yer aldı, onlar mənim səbrimi kəsdi. Bundan sonra imkan vermərəm ki, kimsə mənim atam barədə nəsə artıq yazsın. Yazan sayt, yazan jurnalist qarşısında məni görəcək. Hamıya cavab verəcək gücüm də, sözüm də var. Mənim atam əyyaş, içki düşkünü olmayıb. Onun xəstəliyini də əyyaşlıqla əlaqələndirməsinlər. Ayıbdı. Ölən insanın ruhuna bu qədər hörmətsizlik etməzlər. O başlıqlı yazı ilə nə qazanmış oldular. Olan hörmətlərini aypinin qurbanı etdilər. Atamın 75 illik yubileyinə mətbuatın hədiyyəsi idi o yazı? Atamı elə belə haqsızlıqlar sındırdı. Sağ ikən atamın canından əl çəkmirdilər. İndi də ölüsündən əl çəkmirlər. Ayıbdı. Ölənin ruhuna toxunmasınlar,  tərpətməsinlər. Nə qədər sağam, atamın arxasında dayanmışam. Onun adının arxasında gizlənməmişəm. Bu günə  qədər də atamın adından istifadə etməmişəm. Bir qapı döyməmişəm. Amma atamın adına sahib çıxacaq qədər də gücüm var. Belə də "Az.drama"ya təşəkkür edirəm. Hər nə qədər olsa da tədbir təşkil etdilər. Mən heç  vaxt o şeylərin arxasınca qaçmamışam ki, atamın büstünü qoysunlar. Mədəniyyət sarayına adını versinlər. Sadəcə atamın adından istifadə etməsinlər. İllər əvvəl Ağsudan İcra hakimiyyətindən  zəng vurdular ki, gəlin tədbir edək. Anamdan bütün arxivi aldılar ki, adına mədəniyyət sarayı veriləcək. Sonra nə ad verən oldu, nə də əlimizdə olan arxiv qaldı. Bizi yandıran odur ki, evimizdə atamla bağlı olan arxivimiz qalmayıb. Hərə bir məqsədlə atamın arxivini apardı. Heç kim də ortaya bir iş qoymadı. Rəhmətlik Mikayıl Mirzə bizə gəldi, dedi kitab hazırlayıram. Gəldi nə var idi apardı. Sonra da dedi evim yandı. Atama aid bütün şəkillər də itib-batdı. Yandı, kül oldu. Bu gün evdə əlimi atıb atamla bağlı bir şəkil tapmıram. İnsanların səhlənkarlığı üzündən mən atamın arxivini itirdim.    

- Atanızın ölümündən otuz ildən də çox vaxt keçib. Bu gün atanızı necə xatırlayırsınız?

- Belə deyim də, atam böyük uşaq idi. Mən bu günə qədər elə maraqlı adama rast gəlməmişəm. O, tamam başqa bir adam idi. Sanki bu  dünyanın adamı deyildi. Bu dünyanın heç bir malında, pulunda, var-dövlətində gözü yox idi. Bu mənim özümün özüm üçün dərk etdiyim, kəşf elədiyim həqiqət idi. Amma bu yaxınlarda heç tanımadığım, atamla İncəsənət İnstitutunda oxuyan, onunla bir otaqda qalan adam mənə atamın çox gözütox adam olduğunu dedi. Onda anladım ki, bu qənaət tək mənim gəldiyim qənaət deyil. Onun bu dünyadan hansısa umacağı, maddi cəhətdən böyük gözləntiləri yox idi. Həyatdan dördəlli yapışan adam deyildi. Həmişə deyirdi ki, harda qırılar, qırılar.

- Bunu hansı anlamda deyirdi?

- Yəni, misal üçün, sağlamlığı ilə bağlı bir problem olanda deyirdi. Özünü böyük göstərən bir adam deyildi. Aktyorlar var ki, bütün arxivlərini yığıb saxlayırlar, paylaşırlar. Atamın elə gözəl şarjları, həcvləri vardı. Harda olurdusa, dəftərin, kağızın bir küncünə nəsə çəkirdi. Gözəl də rəsm çəkmək qabiliyyəti vardı. Amma onların heç birini saxlamayıb. Rəhmətlik Mikayıl Mirzə o vaxtı bizdə qalanları aldı ki, atam haqqında yazacağı kitaba daxil etsin. Sonra da onun evi yananda o şarjlar tələf oldu. Nə qədər jurnalist, şəkillərini aparıb qaytarmadılar. Bizə atamdan bir albom şəkil qalıb.

- Səməndər Rzayevin  adını yaşatmaq asandır, ya çətin?

- Mən deməzdim ki, biz onun adını yaşadırıq. Çünki mən özüm ixtisasca teatrşünasam. Amma təəssüf ki, teatr sahəsində elə bir iş görmədim. Daha çox jurnalistikaya, radioya meyil etdim. Qardaşım da aktyordu. Yəni biz Səməndər Rzayevin övladları kimi onun üçün keçirilən tədbirlərə, verilişlərə gedirik, fikirlərimizi, xatirələrimizi bölüşürük. Amma atamın adı özü-özünü yaşadır.

- Ailədə atanızın adını daşıyan nəvəsi varmı? Yəni ikinci Səməndər dünyaya gəldimi?

- Atamın iki övladı olub. Mən, bir də qardaşım. Mənim bir oğlum var. Sözün düzü, mən istəyirdim ki, oğlum dünyaya gələndə atamın adı qoyulsun. Yoldaşım razı olmadı. Səməndər adının ağır olduğunu bildirdi. Bilirsiz ki, Səməndər quşunun tarixçəsi var. Ona görə oğlumun adını Murad qoyduq. Qardaşım isə evlənməyib. Yəni qismət. Bəlkə nə vaxtsa evlənsə onun oğluna ad vermək istərdik. Amma yenə də həyatdı. Onun da taleyi belə gətirib.

- Qardaşınız aktyor sənətini seçdi. Amma o da səhnədə o qədər parlaya bilmədi. Halbuki, Səməndər Rzayevin oğlu olaraq daha çox qapıları açmaq imkanı olub bəlkə də.

- Düzdür, qardaşım atamın yolunu seçdi. Aktyor olmaq istədi. Amma onun da taleyi elə gətirdi ki, öz istədiyi kimi və yaxud da atamın nə vaxtsa arzuladığı kimi ola bilmədi. Atam onun aktyor olmasını heç vaxt istəməmişdi. O, çox istəyirdi ki, qardaşım diplomat, mən isə həkim olum. Qardaşım daha çox anamın istəyilə aktyor oldu. Yaxşı aktyor ola da bilərdi, potensialı da vardı. Amma həyatdır da, belə alındı. Qardaşım faktura baxımından atama çox az oxşayır. Atama daha çox mən bənzəyirəm. Həm xasiyyətcə, həm də zahirən. Amma səsi onun səsinə çox bənzəyirdi. İstedadlı da insandı. Onun  həyatında müəyyən sarsıntılar oldu ki, görünür, bu onun sənət həyatına mane oldu. Həm də sənət mühiti çox çətin mühitdir. Orda hər adam baş çıxara bilmir. Bunun üçün gərək bir az möhkəm adam olasan. Təkcə istedad bəs eləmir.

- Səməndər Rzayevin sənət yolunu kəsənlər çox idimi?

- Çox olub. Ona imkan verməyiblər ki, potensialını tam ortaya qoysun.  Filmlərə az çəkilirdi. Daha çox epizodik obrazlar verərdilər. Bunlar da onu aktyor kimi sarsıdırdı, ruhdan salırdı. Hətta elə olub ki, bir gündə onu 3 tamaşada epizodik rola  salıblar ki, teatrdan tərpənə bilməsin, başqa yerlərdə görünməsin. Əgər zamanında atama imkan versəydilər, daha böyük obrazlar  yarada bilərdi. Amma imkan vermədilər, yolunu kəsdilər, onu sındırmağa çalışdılar. Amma o qədər mədəni bir insan idi ki, abrına bükülüb artıq söz deməzdi. Evə də söz-söhbət gətirməzdi. Ayağında da ciddi narahatılqlar olub. Ona görə də hərdən ağrısını hiss etməsin deyə içib. Bu o demək deyildi o əyyaş idi. Bir də atam araq yox, əsasən şampan içərdi. Bahalı şampanları sevirdi. Hərdən keyfiyyətli konyak içərdi. Yenə deyirəm, onu da hər gün etməyib. Sadəcə görürdü ki, haqsızlıq edirlər, o da ağrısını unutmaq üçün hərdən içib. İndi sənət aləmində hamı içir, niyə onları demirlər?

- Qeyd etdiniz ki, atanızın da zamanında yolunu kəsənlər olub. Ona rol verməyiblər. Yəni bunları evdə ananızla dərdləşərdi?

- Atam elə söhbətləri evdə danışmağı xoşlamırdı. İşdə olan söhbətləri işdə qoyub gəlirdi. Sadəcə, bir neçə dəfə olub ki, iş yoldaşlarının hansısa bir problemi olanda narahat olurdu, onu ürəyinə salırdı. Ümumiyyətlə, atam insanları, sənət dostlarını çox sevirdi. Onlara nəsə olanda bunu çox pis yaşayırdı.

Radionun fondunda onun uşaqlar üçün hazırlanan verilişlərdə səs yazıları var. Uşaqları da çox sevirdi...

Hansısa filmdə lap epizodik rola çəkilsə də, bunun üçün çox əmək sərf edirdi. Amma axırda da iki-üç epizod saxlayırdılar. Bu da ona təbii ki, pis təsir edir, onu mənən sındırırdı.

- Səməndər Rzayevdən kinoda çox az istifadə olundu...

- Kinoda da, elə teatrda da. Axır zamanlar özü də ruhdan düşmüşdü. Çünki potensialına uyğun olaraq özünü ifadə edə bilmirdi. Rollarının mətnini gətirirdi, anam onun üçün yazırdı. Onun özünün hövsələsi çatmırdı yazı yazmağa, həm də anamın xətti qəşəng idi. Bir də onun yaxşı vokal səsi vardı. Səhərlər kefi yaxşı olanda evdə ariyalardan parçalar oxuyardı. Ümumiyyətlə, çox nikbin adam idi. Öz ağrı-acısını kiminsə üzərinə atmağı xoşlamazdı. Hərçənd ki, sağlamlığı ilə bağlı kifayət qədər problemləri vardı. Ayağında saatlarla davam edən qıcolmalar olurdu. Təsəvvür edin ki, səhər işə normal vəziyyətdə gedirdi, axşam isə axsaya-axsaya gəlirdi.

- Atanızın yolunu kəsənlər qədər sənət aləmində dost dedikləri də olub yəqin. Kimlərlə dostluq edib?

 - Atam həqiqətən səmimi insan olub. Atam olduğu üçün demirəm. Dostluğa da dəyər verib.  Telman əmi (Telman Adıgözəlov) ilə çox yaxın idi. Telman əmi sözün əsl mənasında əmi idi. Yaşar Nuri ilə də dostluğu tuturdu. Mən özüm də Yaşar əmini çox istəyirəm. İndiki zamanda ona görə qeyd edirəm ki, sevdiyim insanlar mənim üçün heç vaxt ölmürlər. Fuad Poladovla da münasibəti yaxşı idi. Atam rəhmətə gedəndən sonra da o, bizimlə, anamla həmişə əlaqə saxlayırdı, bayramlarda hökmən zəng vurub bayramımızı təbrik edirdi. Hamlet Xanızadə atamdan bir neçə il sonra rəhmətə getdi. Amma ona qədər həmişə bizimlə əlaqə saxlayırdı, gəlib-gedirdi. Fuad Poladov həmişə atamın ad günlərində bizə yığışırdılar. Bir problemimiz, çətinliyimiz olanda onlara müraciət edəndə həmişə köməklik etməyə çalışırdılar. Amma evimizin ən yaxın adamı Telman əmi idi.   

 

Tahirə Məmmədqızı

Şərq 2020.- 8 fevral.- S.13.