Seçki prosesində medianın rolu böyükdür

İstənilən proseslə bağlı "cəmiyyətin güzgüsüsayılan medianın rolu bütün dünyada yüksək qiymətləndirilir. Məxsusi olaraq seçkilər dövründə KİV-ə çox böyük üstünlük verilir. Çünki siyasilər hər zaman öz təbliğatlarının istər yazılı, istərsə elektron mətbuatda aparılmasında maraqlı olurlar. Ona görə müxtəlif maraqların çatdırılmasına imkan verən fərqli strukturlar tərəfindən dəstəklənən rəngarəng KİV-lərin olması tələb olunur. Bu da bütövlükdə media qurumları arasında rəqabət mühiti yaradır.

Ölkəmizdə fəaliyyət göstərən əksər media quruluşları seçki prosesinin yerli beynəlxalq qanunlara uyğun şəkildə işıqlandırılmasında vətəndaşların maarifləndirilməsində əsas vasitəyə çevrilə biliblər. Hətta son illər mətbuatın seçkilərə dair aktivliyi müşahidə olunur ki, bu da seçicilərdə maraq oyadır. Buna rəğmən qeyd edək ki, bəzi media orqanları seçki prosesində seçki media prinsiplərinə zidd davranışlara yol verir. Bunun da səbəbini ekspertlər müxtəlif amillərlə - qeyri-peşəkarlıq, tərəfli mövqe s. izah edirlər. Əlbəttə, belə arzuolunmaz nöqsanlar "Seçki prosesində Azərbaycan mətbuatı necə davranmalıdırsualını gündəmə gətirir. Elə biz bu sualın cavabını media nümayəndələri ilə  aydınlaşdırmağa çalışdıq.

Əvvəla, onu deyək ki, Mətbuat Şurası KİV nümayəndələrini seçki materiallarının təqdimatında diqqətli olmağa çağırıb.

Azərbaycan Mətbuat Şurası medianın 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərini seçkidən sonra yaşanmış hadisələri cəmiyyətə çatdırmaq meyillərini müşahidə edib etməkdədir. Qurum bu xüsusda jurnalistlərin istər fevralın 9-da müxtəlif seçki məntəqələrindəki vəziyyəti, istərsə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının binası önündəki aksiyanı işıqlandırmalarını, bununla əlaqədar yayılmış video-görüntüləri diqqətdə saxlayıb. yaşanmış mübahisələrin, anlaşılmazlıqların, gərgin durumların söz azadlığı müstəvisində dəyərləndirilərək kütləvi informasiya vasitələrinin işinin məhdudlaşdırılması kontekstinə daşınmasından, belə fikir mülahizələrin formalaşmasına əsas verən şübhəli durumların yaranmasından narahatdır.

Parlament seçkilərinin onunla bağlı proseslərin işıqlandırılması fonunda narahatlıq doğuran vəziyyət yalnız Mətbuat Şurasını deyil, bütövlükdə ölkəmizin media ictimaiyyətini, jurnalist cameəsini, Azərbaycan dövlətinin müvafiq strukturlarını düşündürməlidir. Hər bir qütb üzərinə düşən missiyaya həssaslıqla yanaşmalıdır. Çünki seçki xalqın dövlətin taleyində son dərəcə böyük əhəmiyyət daşıyan tarixi olaydır. Onu layiqincə başa çatdırmaq ölkəmizin gələcəyi, beynəlxalq miqyasdakı imici baxımından müstəsna önəm daşımaqdadır. Şura seçkinin fəaliyyət tərəflərinin, ən əsası isə cəmiyyətin hərəkətverici qüvvəsi sayılan KİV nümayəndələrinin məhz bunu rəhbər tutmalarını vacib sayır.

Azərbaycan Mətbuat Şurası jurnalistləri seçki materiallarının təqdimatına peşəkar yanaşmağa, bununla bağlı həssaslıq nümayişinə çağırıb. Qurum hesab edir ki, onlar heç bir halda bu ya digər tərəfin təmsilçisi qismində görünməməli, peşə borclarını obyektiv yerinə yetirməlidirlər. Düşünməlidirlər ki, istənilən məsələyə, o cümlədən seçkiyə peşəkar soyuqqanlılığı ilə münasibət göstərməklə onu cəmiyyətə doğru-dürüst çatdırmaq imkanları daha genişdir. 9 fevral parlament seçkilərində belə məsuliyyətli yanaşmalar az deyildi. Ancaq bır sıra hallarda ayrı-ayrı jurnalistlərin, xüsusən hüquq-mühafizə orqanları əməkdaşları ilə açıq ziddiyyətlərə getdikləri, təhrikedici mövqe tutduları diqqətdən yayınmadı.

Azərbaycan Mətbuat Şurası sui-istifadə hallarını, jurnalistlərin hansısa prosesdə tərəf kimi çıxış etmələrini qətiyyətlə pisləyir. Şura bildirir ki, peşə borcunu yerinə yetirən jurnalistlərin kütləvi aksiyalara üzərində “PRESS” yazılmış gödəkçələrdə qatılmaları mütləqdir. Gödəkçələrdən istifadə onların aksiya iştirakçılarından fərqlənmələri, hüquq mənafelərinin toxunulmazlığı baxımından vacib məqamdır.

Mətbuat Şurası jurnalist hüquqlarının müdafiəsinə hər zaman olduğu kimi, yenə həssas yanaşaraq müvafiq dövlət orqanlarını KİV təmsilçiləri ilə mübahisəli durumların müşahidə edildiyinə, yaxud təzyiqlərin olduğunun bildirildiyinə dair müxtəlif internet saytlarda, sosial şəbəkələrdə yayılmış video-görüntüləri, müraciətləri obyektiv operativ şəkildə araşdırmağa, mövcud istiqamətdə qanunamüvafiq tədbirlər görməyə çağırır.

Hikmət Babaoğlu: “Növbədənkənar parlament seçkilərində peşəkar media sosial şəbəkələrlə ciddi rəqabət apara bildi

Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru  Hikmət Babaoğlunun fikrincə, demokratik cəmiyyətdə bütün siyasi proseslərdə media daima öndə olan bir institut kimi çıxış edir , xəbərləşmə ictimai rəy məhz media üzərindən formalaşır:

"Ona görə 9 fevral 2020-ci ildə ölkəmizdə keçirilən parlament seçkiləri kimi mühüm bir siyasi-hüquqi hadisə proses boyu daima milli mediamızın diqqət mərkəzində oldu . Əlbəttə, iddia edə bilmərik ki, bu proses media tərəfindən ideal səviyyədə işıqlandırıldı, ancaq ümumilikdə media bir ictimai institut kimi öz fünksiyalarını yerinə yetirə bildi. Bu, demokrarik cəmiyyətdə olduqca mühümdür. Hər şeydən öncə qeyd etmək lazımdır ki, medianın azad fəaliyyət göstərməsi üçün bütün şərtlər təmin edilmişdi. Düşünürəm ki , bir qisim media orqanları onlara tanınan hüquq çərçivəsində xeyli sayda namizədlə qarşılıqlı faydalı münasibətlər qura bildilər ki, bu da təbliğat-təşviqat kampaniyası prosesində müəyyən keyfiyyət fərqi yarada bildi . Başqa bir məsələ ondan ibarət idi ki, peşəkar media məsuliyyət daşıdığı üçün internet resurslarında daha çox rəsmi saytlar önə çıxmaqla sosial şəbəkələrlə ciddi rəqabət apara bildi. Bunun səbəbi informasiya cəmiyyətimizin hüquqi-siyasi prosesləri adi hadisələrdən fərqləndirməyi bacarması idi. Bu, cəmiyyətin hüquqi biliklərinin xeyli dərəcədə təkmil olmasından xəbər verir. Müşahidə etdiyim məmnun qaldığım əsas məsələlərdən biri elə bu oldu. O ki  qaldı bəzi media qurumlarının media prinsiplərinə zidd davranışlarına, düşünürəm ki, belə hallar da istisna deyil. Ancaq bununla bağlı xüsusi araşdırma aparmadan daha detallı danışa bilmərəm. Yaxşı olar ki, belə məsələlər araşdırılsın, ictimai müzakirə obyektinə çevrilməklə tənqid edilsin. Bu yalnız mediamızın inkişafına kömək edə bilər".

Müşfiq Ələsgərli: “Media həssas məqamlarda diqqətli olmalıdır. KİV-lər rəqabət xatirinə qeyri-etik prinsiplərə yol verməkdən çəkinməlidirlər

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli hesab edir ki, seçki prosesində medianın rolu böyükdür:

"Ümumiyyətlə, KİV-in fəaliyyəti olmadan seçkini təsəvvür etmək mümkün deyil. Əslində media orqanları seçki prosesini işıqlandırmaqla yanaşı, həm də ayrı-ayrı namizədlərin reklamlarının dərc olunması baxımından da müstəsna önəm daşıyır. Bu baxımdan KİV-in seçki dövründə fəaliyyətini tənzimləmək üçün seçki məcəlləsində müəyyən maddələr nəzərdə tutulur. Eyni zamanda Mərkəzi Seçki Komissiyası (MSK) seçki məcəlləsindən irəli gələn bir sıra təlimatlar qəbul edib ki, bu təlimatlar da seçki dövründə KİV-in fəaliyyətinin tənzimlənməsi ilə əlaqədardır. Hesab edirəm ki, media quruluşları seçki prosesində həm müşahidəçi rolunu oynayır, həm də seçkinin gedişatını işıqlandırır.  Onlar həmin təlimatlarla yaxından tanış olmalıdırlar. Bir daha qeyd edirəm ki, mətbuat seçki prosesində həm müəyyən namizədlərin reklamını vermək, həm seçkini işıqlandırmaq, həm də konkret müşahidəçilik aparmaq hüququna malikdir. Medianın seçkidə rolu budur. Bu baxımdan KİV-in aktiv prosesə qatılmaları üçün seçki məcəlləsini və MSK-nın təlimatlarını öyrənmək və yerinə yetirmək vacibdir”.

M.Ələsgərli qeyd edib ki, seçki prosesində iki istiqamətdə ciddi problemlər olur:

"Bunlardan biri odur ki, KİV-lər ayrı-ayrı namizədlərlə müqavilələr imzalayıb, onların reklam xarakterli materillarını dərc edirlər. Belə məqalələrdə reklam işarəsinə mütləq diqqət yetirmək lazımdır. Yəni, oxucu bunun reklam xarakterli yazı olduğunu bilməlidir. Bunun üçün fərqləndirmə işarələrindən istifadə olunmalıdır. Digər yandan KİV-də hansısa namizədlərlə reklam müqavilələri imzalanır və reklamı aparılır. Amma bu reklamlar etik çərçivədə olmalıdır. Çox müşahidə olunan məsələlərdəndir ki, seçki vaxtı ayrı-ayrı rəqib namizədlər biri-birinə qarşı kompramat xarakterli açıqlamalar verir. Etik prinsiplərdən kənar davranışlara yol verilir, təhqir və böhtana əl atılır. Bu cür namizədlərin KİV-lərlə reklam müqaviləsi olsa, media etik prinsiplərdən kənar olan materialları verməməlidir. Bu, mütləq prinsip kimi qorunmalıdır”.

Təşkilat sədrinin qənaətincə, seçki günündə KİV-lər yalnız müşahidə aparmaq hüququna malikdirlər:

"Onların hansısa prosesə müdaxiləsi yolverilməzdir. KİV-lər bu barədə məlumatlı olmalıdırlar. Adətən, əvvəllər seçkilər dövründə mətbuat seçki prosesində biri-birinə qarşı mübarizə və kampaniya aparmamaq kimi müqavilələr imzalayardılar. Bu təcrübə var idi. Hesab edirik ki, xüsusi bir xartiyanın hazırlanmasına ehtiyac duyulmur. Hər halda media həssas məqamlarda diqqətli olmalıdır. KİV-lər öz aralarında rəqabət xatirinə qeyri-etik prinsiplərə yol verməkdən çəkinməlidirlər. Əlbəttə, bunlar qanunvericiliklə tənzimlənir. Həmçinin bununla yanaşı, jurnalistlərin etik davranış kodeksi var. Çox arzuolunandır ki, KİV-lər həmin prinsipləri əsas tutsunlar”.

 

Şəymən

Şərq  2020.- 15 fevral.- S.7.