Rəsulzadənin
“Açıq söz”ü...
Qəzet istiqlal
amallı mətbu orqanların yaranmasına təkan verdi
Öz
ideya-siyasi istiqaməti ilə bütöv bir dövr, məxsusi
olaraq da Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuatına
təsir edən “Açıq söz” qəzeti istiqlal
amallı mətbu orqanların yaranmasına təkan oldu.
1915-ci il oktyabr ayının 2-də ilk sayı işıq
üzü görən bu mətbu orqan ilk dəfə olaraq
milli kimliyimizi "müsəlman" və "tatar"
sözlərindən "xilas" edərək
"türk" sözü ilə dəyişdirdi.
Mətbuat
tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə
doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif
Aşırlı "Azərbaycan mətbuat tarixi, 1875-1920-ci
illər” adlı kitabında vurğulayıb ki, qəzetin ilk
sayı Məhəmməd Əli Rəsulzadənin
müdirliyi və M.Ə.Rəsulzadənin baş mühərrirliyi
ilə "İqdam" mətbəəsində nəşr
olunub: “Açıq söz" qarşıya qoyduğu məqsəd
və məramı ilk sayında işıq üzü görən
proqram xarakterli məqaləsində açıqlayaraq
yazırdı: “Dəhşətlərinə şahid
olduğumuz böyük müharibə böyük bir həqiqəti
- əsrimizin millətçilik əsiri olduğunu isbat
etdi". "Dünyanın xəritəsi qəribə dəyişəcək"
deyə heyrət qarışıq bir cümlə indi bir
çox ağızlarda eşidilməkdədir. Özlərinin
lüzumunca bilib də istiqlal üçün müəyyən
bir ideal məfkurə bəsləyən millət, şübhəsiz
ki, böyük bir qüvvə təşkil edir. Bu sürətlə
ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək
üçün hər şeydən əvvəl özlərini
bilməli, müəyyən fikir və əməllər ətrafında
birləşərək böyük bir məfkurəyə,
qayeyi-xəyala hədəf olacaq o işıqlı ulduza sahib
olmalıdırlar. Çünki müttəhid bir ruh və
müştərək bir qayəyə malik olmayan millətlərlə
yeni əsaslar üzərində qurulacaq həyat
hesablaşmayacaq və belə bir silahdan məhrum qalan cəmaətlər
kimsəyə söz eşitdirə bilməyəcəklər".
“Açıq
söz” ilk sayında xalqı milli varlığını
qorumağa, haqq-hüquqlarını tələb etməyə
çağırır, onları "müəyyən fikir və
əməl" ətrafında birliyə səsləyirdi. Qəzet
demokratik prinsiplər ətrafında xalqın bütün
zümrələrinin birliyinin son nəticədə Azərbaycan
xalqının milli-mənəvi, dini sahələrdə
dinamik inkişafı ilə nəticələnəcəyi qənaətində
idi. Çarizmin Qafqazdakı senzor komitələrinin nümayəndələri
olan Qaraxanov və Kişmişovların türk
xalqarının birlik və inkişafının
qarşısını almaq üçün uydurduqları
"panislamizm", "pantürkizm"dən uzaq olan
“Açıq söz”ün birliyə
çağırışı yalnız xoş məram və
məqsədlərdən doğurdu. Qəzet ilk sayından
etibarən Rusiyanın daxilində gedən ictimai-siyasi proseslər,
Azərbaycanda baş verən hadisələr, milli dirçəliş,
milli-mədəni
muxtariyyat
məsələləri və müharibənin xalqların həyatına
gətirdiyi faciələr barəsində yazılar dərc edirdi.
“Açıq söz”ün maraqlılığında,
mövzu
rəngarəngliyində
dövrün görkəmli publisistləri, ictimai-siyasi xadimlərindən
Ömər Faiq Nemanzadənin, Həsən bəy Ağayevin,
Hüseyn Cavidin, Abdulla Şaiqin, Əhməd Cavadın, Şəfiqə
xanım Əfəndizadənin, Tağı Şahbazinin
böyük xidmətləri olub. Qəzetin yazarları tək
müharibənin gedişini işıqlandırmır,
müharibənin insanları faciələrə gətirib
çıxarmasını, onları yurdsuz-yuvasız
qoymasını da qələmə alır, müharibədən
zərər çəkənlərə yardım əli
uzatmağı həmvətənlərinə məsləhət
görürdü. Hətta qəzet Anadoluda müharibədən
zərər görüb, yurdsuz-yuvasız qalmış
türk qardaşlarının ehtiyaclarını ödəmək
üçün ianə kampaniyaları da keçirirdi. 1918-ci
il yanvar ayının 18-də çap etdirdiyi bir məqalədə
yanvarın 19-nun “Əsirlər günü” elan olunması barədə
məlumat verərək yazırdı ki, “Bakıda əsir və
möhtaclar üçün libas, yorğan-döşək
toplanılacaq”. Yazıdan bəlli olur ki, şəhər bir
neçə məhəlləyə bölünəcəkdir,
hər məhəlləyə isə müəyyən
olunmuş səlahiyyətli şəxslər təyin
olunmuşdur. Bu şəxslərin səhər tezdən ianə
və əşya toplayacağını bəlli edən məqalə
müəllifi yazır: "Bu, otuzu-qırxı bir yerdə
ölən Nargin əsirləri üçündür. Əsirlərə
qarşı şəfqət və mərhəmət hissi
bizdən bunu tələb edir. Bu gün mərhəmət kisələri
genis açılsın, üzərimizə açılan əllər
boş qaytarılmasın”.
Müəllif vurğulayıb ki, Məhəmməd Əli və Məhəmməd Əmin Rəsulzadələr İsa bəy Aşurbəyovun “Kaspi” elektrik mətbəəsini alaraq “Açıq söz”ün mülkiyyətinə çevirdilər və burada ilk toplu olaraq "Qardaş köməyi" dərgisini nəşrə hazırladılar: “Bu dərginin satışından əldə olunacaq vəsaitin Qars çevrəsində müharibədən zərər görmüş insanlara verilməsi nəzərdə tutulub. Dərgi barəsində M.B.Məhəmmədzadə yazır: "Bu məcmuə inqilabdan qabaq başlayıb, inqilabın birinci ayında, fevralın başında çıxmalı ikən, sonra çıxdı". Yalnız bir saydan ibarət olan dərgidə Hüseyn Cavid, Abdulla Şaiq, Ömər Faiq, M.Ə.Rəsulzadə, M.S.Ordubadi, F.Köçərli C.Cabbarlı, Ə.Haqverdiyev kimi milli mövqeyi ilə seçilən tərəqqipərvər ədiblərin müharibənin xalqların, o cümlədən türk xalqının taleyinə gətirdiyi faciələrə həsr etdikləri əsərlər çap olunub. Hüseyn Cavid "Hərb və fəlakət" əsərində müharibənin törətdiyi dəhşətlərə ədəbi münasibət bildirir, türk millətinin yaşadığı acıları, günahsız insanların ağrılarını qələmə alırdı. Böyük ədib bu əsəri ilə Azərbaycan xalqının tarixi kökünə varır, milli təfəkkürün tərkib hissəsi olan türkçülük ideyasını cəmiyyətə çatdırırdı. Ömər Faiq Nemanzadə "Bən kiməm" məqaləsində türkləri mübarizələrlə, qəhrəmanlıqlarla dolu tarixi keçmişindən ibrət götürməyə çağırırdı: "Ey Türk! Keçmişindən ibrət al! Hələ vücudun sağlam ikən, yaşamağa istedadın varsa, fürsət əldə ikən əsl vücudunu tam, qədrini anla!". "Qardaş köməyi" dərgisinin daha çox satılıb, xeyli miqdarda pul
toplanması üçün
qəzetdə mütəmadi olaraq elanlar dərc olunurdu. Qəzetin 1918-ci il 2 yanvar sayında "Qardaş
köməyi"nin Bakıda 1 manat 30 qəpiyə,
ayrı-ayrı şəhərlərdə isə 1 manat 70 qəpiyə satıldığı haqda verilən elandan bəlli
olur ki, bu işi həyata
keçirənlərin əsas məqsədi Anadolu
köçkünlərinə, Sarıqamışda, Ərzurumda
əsir götürülən türk əsirlərinə
daha çox maddi kömək göstərməyə nail olmaq üçün
dərginin daha çox
satılmasıdır”. "Açıq soz"ün 18 yanvar 1918-ci il sayında "Möhtaclara
kömək" qəzetinin dərc olunması barədə də
məlumat var. Bakıda təsis
edilmiş "Möhtaclara
kömək" Cəmiyyətinin təsis etdiyi
bu mətbu orqanın da
əsas məqsədi Birinci Dünya müharibəsində ev-eşiksiz
qalmış, döyüş
meydanlarında əsir götürülmüş
türklərə kömək edənlərin fəaliyyətini
qiymətləndirmək idi. Çox təəssüf ki,
"Açıq söz" mətbəəsində
çap olunan bu qəzetin cəmi 4 sayı işıq üzü görmüşdür.
İstiqlal
və azadlıq duyğularını tərənnüm edən
mətbu orqanlar fəaliyyətlərini genişləndirdikləri
kimi ölkənin ictimai-siyasi təşkilatları da fəallıqlarını
artırırdılar. Müsavat Partiyasının 1917-ci il
oktyabr ayının 26-dan 31-dək Bakıda davam edən
qurultayı yerli mətbu orqanların da əsas mövzusuna
çevrildi. "Türk-ədəmi mərkəziyyət -
Müsavat" firqəsinin orqanı olan, həftədə bir
dəfə işıq üzü görən
“Müsavat”ın şüarı "insanlara hürriyyət,
millətlərə müsavat" idi. “Müsavat” qəzeti
qurultaya hazırlıq prosesi, onun gedişini
işıqlandıran xeyli sayda materiallar dərc etmişdi.
Qurultayda Nəsib bəy Yusifbəylinin Gəncədə hələ
mart ayında yaratdığı "Türk ədəmi-mərkəziyyət"
firqəsi ilə Müsavat Partiyası birgə işlənmiş
proqram, vahid ideya ətrafında birləşdi.
"Müsavat" firqəsinin siyasi nöqteyi-nəzəriyyəsini,
hadisələrə baxışını
işıqlandıran "Açıq söz" qəzeti
1918-ci il 4 yanvar tarixli sayında oxuculara üz tutaraq
yazırdı: “Dövri-hürriyyət” gəlincə Ədəmi-Mərkəziyyət
qoşa: "Xalq cümhuriyyəti-muxtariyyat
şüarları ilə sözdə qalmayıb işə
keçməsini görmək 1918-ci ilin proqramını təşkil
edir”.
A.Aşırlı
bildirib ki, millət və muxtariyyatdan bəhs edərkən
"Açıq söz" “hökumət də xalqa, torpaq
da xalqa" ideyasını irəli sürürdü: “M.B.Məhəmmədzadə
Azərbaycan xalqının, onun mətbuatının
formalaşmasında "Açıq söz" qəzetinin
rolu barəsində "Milli Azərbaycan hərəkatı"
kitabında yazır: "Açıq söz" bu xəbərdarlıq
və bu qayə ilə milləti oyatmağa başlayıb.
1917-ci ilə doğru Azərbaycanda xüsusi bir
"Açıq söz"çü nəsli
yaranıb". "Açıq söz"ün sonuncu
sayının nə vaxt çıxması barədə
müxtəlif fikirlər mövcuddur. Bəzi mənbələrdə
(Azərbaycan dövri mətbuatı (1832-1920, Bakı. 1965) qəzetin
1918-ci il mart ayında sonuncu - 704-cü sayının
çapdan çıxdığı göstərilir. Ancaq qəzet
718-ci sayında özündən asılı olmayaraq
çapında fasiləyə yol verdiyi üçün
oxucularından üzr istəyirdi. Bakı erməni-bolşevik
birləşmələrindən 1918-ci ilin sentyabr
ayının 15-də azad olduqdan sonra "Açıq
söz" yenidən nəşrini bərpa edib. 1984-cü ildə
çap olunmuş "Azərbaycan dövri mətbuatı.
1832-1920" adlı biblioqrafıyada "Açıq
söz"ün 724 nömrəsinin
çıxdığı göstərilir. Mətbuat
araşdırmaçılarının apardığı
statistikaya görə isə bu mətbu orqanın fəaliyyəti
müddətində 750 nömrəsinin işıq üzü
gördüyü ortaya qoyulur. "Açıq
söz"ün naşir və redaktorları müxtəlif
vaxtlarda Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədəli
Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Oruc Qəmbər
və Abuzər Orucov qardaşları olub”.
Tədqiqatçı
deyib ki, “Açıq söz”ün ilk sayının
çapından, yəni 1915-ci il oktyabrın 2-dən sonra Azərbaycanda
xeyli sayda yeni mətbuat orqanları da nəşr olunmağa
başlamışdı: “Doğru söz”,
"İttifaqi-mütəllimin", "Müsəlmanlıq",
"İttihad", İrəvanda nəşr olunan
"Bürhani-həqiqət" yeni nəşrlər idi.
"İttifaqi-mütəllimin" 1917-ci ildə mayın
6-da ilk sayı işıq üzü gördü. Bu qəzet
Bakı müəllimlərinin qurultayında təsis olunub,
qısa fəaliyyət göstərib və bağlanıb.
1917-ci ildə nəşr olunan "Müsəlmanlıq"
qəzeti "Rusiyada müsəlmanlıq firqəsinin
“naşiri-əfkarı" idi. Ceyhun Hacıbəylinin
çıxardığı “İttihad” qəzeti bu firqənin
orqanı olduqdan sonra qapanıb. Ceyhun bəy Hacıbəylinin
redaktoru olduğu “İttihad” qəzeti müsəlman həmrəyliyini
önə çəkir, ölkədə baş verən
proseslər barəsində yazılar çap edirdi. 1918-ci il
31 mart soyqırımı zamanı erməni-bolşevik birləşmələri
tərəfindən redaksiyası dağıdılmış,
fəaliyyətinə son qoyulmuşdur. Azərbaycan Xalq
Cümhuriyyəti dönəmində nəşri bərpa
olunmuş, fəaliyyətinin ikinci dönəmi
"İttihad" firqəsinin sədri Qarabəy Qarabəyov
tərəfindən həyata keçirilmişdir. Birinci
Dünya müharibəsi dönəmində sosialistlərin və
eserlərin də mətbu orqanları çap edilirdi.
"Hümmət" qəzeti 1917-ci il oktyabr inqilabından
sonra nəşrini davam etdirmişdi, eserlərin isə "Zəhmət
sədası" adlı qəzeti fəaliyyətə
başlayıb”.
Qocayev, İsmayıl.
Şərq 2020.- 13 fevral.- S.13.