Dil normaları
daha çox mediada pozulur
Tanınmış jurnalist Famil Cəfərli feysbuk hesabında mediadakı dil xətaları ilə bağlı jurnalistlərə öz iradını bildirib. O, qeyd edib: "Ana uşağına
işgəncə verib
yandırdı" yox,
"dağladı". Azərbaycanda medianın dili
ilə bağlı fərqli fikirlər mövcuddur. Xüsusən də, bu sahədə
ciddi problemlərin mövcudluğunu iddia edənlər çoxluq təşkil edir. Yeni yaranmaqda olan internet media vasitələrində dil xətalarının çoxluğuna
diqqət çəkən
mütəxəssislər belə
hallara münasibətdə
ictimai qınaq tədbirlərinin artırılmalı
olduğunu vacib hesab edirlər.
Sözsüz ki, Azərbaycan mediasında dil problemlərinin ortaya çıxmasını şərtləndirən
amillər çoxdur. Mediada dil
qüsurlarının qloballaşmasının
əsas səbəblərindən
biri kimi də korrektura şəbəkəsinin sıradan
çıxması göstərilir.
Ekspertlərə görə, müxbirlər
redaksiyaya nə göndərirsə, redaktor
onu olduğu kimi sayta yerləşdirir.
Yazıların çoxunda cümlələr
baş-ayaq gedir. Fikirlər biri-birini tamamlamır,
sözlər yerində
işlədilmir.
Elçin Bayramlı: “Televiziyalar,
radiolar və internet saytları dilin qayda və qanunlarına
riayət etmirlər”
"Altay"
Sosial-iqtisadi Araşdırmalar
Mərkəzinin rəhbəri
Elçin Bayramlı bu sahədə vəziyyətin acınacaqlı
olduğunu deyib:
"Konkret olaraq
ana dilimizin yiyəsi yoxdur. Dilimizin ən
böyük düşməni
də mediadır.
Media deyəndə əlbəttə qəzet
və jurnalları çıxmaq lazımdır,
onlarda redaktor, korrektor olur və dilin qayda-qanunlarına
riayət edilir. Dilimizdə olmayan sözləri buraxmırlar. Televiziyalar, radiolar
və internet saytları
isə ana dilimizin anasını ağladır. Dilimizi
eybəcər hala salır, əndrəbadi sözlərlə, jarqonlarla,
ara sözləri
ilə, mənası aydın olmayan qondarma sözlər və ifadələrlə
"zənginləşdirirlər". Bunun da səbəbi məlumdur - hərə bir sayt açıb
öz savadı dərəcəsində ağlına
gələn formada yazır. Televiziya və radiolarda
isə savadsız, ucuz işçi qüvvəsinə üstünlük
verilir deyə vəziyyət lap dözülməzdir.
Ana dili milli
mədəniyyətin ən
əsas elementlərindən
biridir, milli sərvətimizdir. Bunu qorumaq
dövlətin və cəmiyyətin borcudur.
Əgər cəmiyyət bunu
etmirsə, onda dövlət etməlidir.
Bu sahədə ciddi bir dövlət
orqanı yaradılmalı
və ona yüksək səlahiyyət
verilməlidir. Ana dilimizi korlayanlara qarşı ciddi tədbirlər görülməlidir.
Ən əsası məsələyə
fundamental yanaşılmalıdır.
Yəni,
ucuz işçi qüvvəsi prinsipindən
əl çəkilməlidir.
Harda savadsız adam var
mediadadır. Orta məktəbi
belə orta səviyyədə bitirməyən
adamın mediada nə işi var? Tədbir, monitorinq, məsləhət,
tövsiyə və
s. boş şeylərdir
və tamamilə effektsizdir. İctimai qınaq sistemi
isə bizdə yoxdur. Ana dilimizi
qorumalıyıq. Bu, dövlətin və cəmiyyətin borcudur.
Ana dilinə sahib çıxmayan xalq və dövlət bir qara qəpiyə
dəyməz".
Seymur Verdizadə: “Redaktorlar xəbəri hamıdan əvvəl təqdim etmək üçün yarışa giriblər.
Bu zaman ədəbi dilin normalarını qorumağa vaxt qalmır”
Jurnalist
Araşdırmaları Mərkəzinin
sədri Seymur Verdizadə də bu məsələdə
peşə təəssübkeşliyi
göstərməyə ehtiyac
duymadığını deyib. Mərkəz sədri həm yazılı, həm də elektron KİV-lərdə Azərbaycan ədəbi dilinin qaydalarının kobud şəkildə pozulduğunu
qeyd edib:
“Amma faktiki olaraq problem elektron kütləvi informasiya vasitələrində özünü
daha qabarıq şəkildə göstərir. Təbii ki,
burda söhbət nöqtə, vergül səhvindən getmir.
Təəssüf ki, jurnalistika
ilə məşğul
olan adamların bir çoxu yaxşı təhsil almayıblar. Təsadüfi adamların jurnalistikaya axını bu sahədə dözülməz
vəziyyət yaradıb.
Aydın məsələdir
ki, yaxşı təhsil ala bilməyən
adam ədəbi
dilin qaydalarına riayət etməyə çətinlik çəkəcək.
Odur ki, gənc, savadlı kadrların mətbuata gəlməsini
təmin etmək lazımdır. Bilirsiniz, biz informasiya
əsrində yaşayırıq.
Hazırda mətbuatın təyinatı
dəyişib. Təəssüf ki, indi maarifçilik
missiyası arxa plana keçib. Qəzetlər də, saytlar
da özlüyündə
bir kommersiya qurumudur. İnformasiya
əsrində, xüsusilə,
mövcud rəqabət
şəraitində heç
kim uduzmaq
istəmir. Hazırda operativlik peşəkarlığı
üstələyir. Redaktorlar xəbəri
hamıdan əvvəl
təqdim etmək üçün yarışa
giriblər. Bu zaman ədəbi dilin normalarını qorumağa vaxt qalmır. Təəssüf ki, bu rəqabət bəzən
mənasız enerji sərfiyyatına səbəb
olur. Hər bir KİV ilk növbədə
oxucuya hörmət etməyə borcludur.
Bəzən görürsən ki, beş-altı cümləlik xəbərdə
7-8 səhv olur. Bu cür hallar
KİV-lərin nüfuzuna
ciddi zərbə vurur. Vəziyyətdən çıxış yolu savadlı şəxslərin mətbuata
axınını təmin
etməkdir. Xüsusilə, redaktor korpusunda Azərbaycan ədəbi dilinin normalarına yaxından bələd olan şəxslərin təmsil olunmasına daha çox ehtiyac var".
Azər
Həsrət: "Təklif
edərdim ki, Nəsimi adına
Dilçilik İnstitutu
bu məsələ ilə bağlı düşünsün. Problem həqiqətən
də ciddidir”
Əməkdar jurnalist, Azərbaycan
Mətbuat Şurası
İdarə Heyətinin
üzvü Azər Həsrət də saytlarda
ciddi dil pozuntularına yol verildiyinin həqiqət olduğunu deyib.
Bəzən xəbər saytlarının dilinin həqiqətən də, çox bərbad göründüyünü vurğulayan A.Həsrət deyib ki, saytlarda ədəbi dil normalarının pozulması hallarına çox yol verilir: "Səbəblər də çoxdur. Mən hələlik, xəbər saytlarının çevikliyini, informasiyanı bacardıqca tez ötürmək, informasiya ardınca qaçmağın müasir jurnalistikanın ayrılmaz parçası olması kimi səbəbləri kənara qoyuram. Başlıca səbəblər fərqlidir: Xəbər saytlarında, ümumilikdə mediada, Azərbaycan dilini gərəkən səviyyədə bilməyən, dil məsələsində naşı, ədəbi dil normalarına bələd olmayanların çalışmasıdır. Təsəvvür etmək belə ağırdır ki, Azərbaycan ədəbi dilinin normalarını bilməyən insanlar bu işlərlə məşğuldur, xəbər yaymaqla, informasiya tirajlamaqla məşğuldur. İkinci səbəb, mediadakı sərbəstlikdir. Kim istəyir sayt açır, portal yaradır və başlayır xəbərçiliklə məşğul olmağa. Dünyanın hər yerində belədir. Jurnalistika azaddır, sərbəstdir. Azad olduğu üçün də kim istəyir bu sahəyə gəlir, gücünü, enerjisini bu sahədə sınamaq istəyir. Olansa, dilimizə olur. Naşı, savadsız insanlar dilimizi korlayır. Digər savadsızlar da, belə başa düşür ki, saytda hansısa söz və ya cümlə bu formada yazılıbsa, deməli, düzgünü budur. Başqa bir səbəb sayt əməkdaşlarının ciddi bədii mütaliədən uzaq olması, uyğun peşə sahibi olmamasıdır. Yəni, bu gün jurnalistikada bu peşəyə tamamilə yad insanlar çalışır. Çalışsınlar, azadlıqdır, sərbəstlikdir. Amma insan hansı sahədə çalışmağı qərarlaşdırırsa, ilk növbədə o sahəni öyrənməli, bələd olmalıdır".
Media eksperti hesab edir ki, saytlarda dilin dinamikliyi, sərbəstliyi, yığcamlığı, bəzən də obrazlılığı onun kütləviliyindən irəli gəlir. Bəzən xəbər başlıqları danışıq dilinin təsiri altında yaranır: "Saytlarda ədəbi dilin norma pozuntuları müxtəlif səviyyələrdə özünü göstərir. Bir çox hallarda saytların xəbər mətnlərində leksik, üslubi və qrammatik norma pozuntularına rast gəlinir. Ədəbi dilimizin təmizliyini pozan sözlər işlədilir. Fonetik normanın pozulması halları da var. Mətnlər redaktə olunmadan yayımlanır. Durğu işarələrini hətta düzgün, yerində işlətmirlər. Bunlar hamısı dilimizi bərbad vəziyyətə salır".
A.Həsrətin sözlərinə görə,
problemin həlli üçün işə qəbul edilərkən
şəxsin Azərbaycan dilini hansı səviyyədə
bilməsi müəyyənləşməlidir. Sayta, mətbuat
orqanına əməkdaş işə qəbul edilərkən
onun yazı üslubundan
tutmuş bədii əsərlərə bələdçiliyinə
qədər səviyyəsi müəyyənləşməlidir.
Ədəbi dil normalarını bilmək,
dilimizin qrammatikasına bələd olmaq öz yerində, dilin leksik
qaydalarını da bilmək vacibdir: "Təklif edərdim ki, Nəsimi adına Dilçilik
İnstitutu bu məsələ
ilə bağlı ciddi düşünsün.
Çünki problem həqiqətən
də ciddidir. İnstitut
yalnız monitorinqlər aparmaqla kifayətlənməsin.
Monitorinqlər mütəmadi aparılsın, amma
bununla yanaşı Azərbaycan ədəbi
dilinin kobud
pozulması halları çoxdursa, hətta
həmin elektron KİV-in,
mətbuat orqanının qapadılması məsələsi
də qaldırılsın. Bunu da bilirəm və gözləyirəm ki, bizi tənqid edənlər
mütləq tapılacaq, Azərbaycanda söz
və fikir azadlığının guya ki, "boğulduğunu” "əsas” gətirib
üzərimizə gələnlər də olacaq.
Amma biz dilimizin təmizliyini heç
kimə, heç nəyə güzəştə
getməməliyik. Bizi tənqid edənlərdən
də çəkinməməliyik".
Ekspert hesab
edir ki, elektron saytların dil
qüsurlarına yol verməsi səbəbsiz
deyil. Xəbər saytlarında operativlik, xəbəri tez
çatdırmaq əsas şərtlərdən biridir:
"Xəbərin yayılma sürəti dil normalarının mühafizəsinə mənfi təsir göstərir. Xəbər ardınca qaçıldıqda dil normalarına riayət etmək istər-istəməz çətinləşir. Bu da müasir xəbərçiliyin reallığıdır. Amma mətbuatın televiziyaların nöqsanları, qüsurları düzəltmək imkanı var. Mətbuat çapa gedənədək jurnalistlər, redaktorlar tərəfindən oxunur. Mətndə rast gəlinən dil qüsurları, qrammatik normaların pozulması hallarını düzəltmək olur". A.Həsrətin ikinci təklifi jurnalistlərin təkmilləşmə kurslarına cəlb edilməsi ilə bağlı olub: "Bu işdə Mətbuat Şurası aparıcı rol oynaya bilər. Təklif edirəm ki, Mətbuat Şurası Nəsimi adına Dilçilik İnstitutu ilə əməkdaşlıq etsin və jurnalistlər üçün dil kursları, seminar və treninqlər təşkil edilsin. Mən əminəm ki, Dilçilik İnstitutunun əməkdaşları fədakar insanlardır, hətta bu işi təmənnasız da icra edərlər. Dilçilik İnstitutunun əməkdaşları jurnalistlərə Azərbaycan ədəbi dilinin normaları barədə təkmilləşmə dərsləri keçsinlər. Hesab edirəm ki, Mətbuat Şurası ilə Dilçilik İnstitutu birgə çox faydalı layihə həyata keçirə bilər. İndiyədək jurnalistlər üçün bir çox istiqamətlərdə, bir çox sahələr üzrə seminarlar, treninqlər təşkil olunub. İqtisadiyyatdan tutmuş, dini sahədə materialların yazılış formasınadək. Amma sırf dil qüsurları, ədəbi dil normalarının öyrənilməsi ilə bağlı seminarlara ehtiyac var. Kimsə də özünü öyüb deməsin ki, mən dilimizi bilirəm. Hamımız üçün öyrənməli nələrsə var. Nəticə etibarilə hamımızın məqsədi eyni deyilmi; Azərbaycan ədəbi dilini qorumaq, mühafizə etmək, gələcək nəsillərə ana dilimizi saf şəkildə çatdırmaq?! Elə isə qolumuzu çırmalayıb işə başlamalıyıq. Əsas işimiz, vəzifəmiz də Dilçilik İnstitutuna dəstək olmaq, kömək etməkdən ibarətdir".
Şəymən
Şərq 2020.- 13 fevral.- S.11.