"Həyat"ın 325 sayı işıq üzü görüb

Bu qəzetin əsas qayəsi vətənə, xalqa, türkçülüyə xidmət idi

“Həyat” qəzetini jurnalistika tariximizin araşdırıcıları 1905-1906-cı illərin fikir, düşüncə və mübarizə salnaməsi adlandırırlar

1905-ci il iyunun 7-də “Həyat” qəzeti nəşrə başladı. Həyata çox ziddiyyətli, təlatümlü mürəkkəb bir dövrdə "qədəm basan" bu mətbu orqanını jurnalistika tariximizin araşdırıcıları 1905-1906-cı illərin fikir, düşüncə və mübarizə salnaməsi adlandırırlar. “Həyat”ın məram və məqsədlərini aydınlaşdırmaqdan öncə Rusiyada baş verən ictimai hadisələr, siyasi gərginliklərlə müşayiət olunan proseslərə diqqət

yönəltmək gərəkdir. 1905-ci ilin yanvarın 9-da Peterburqda çara ərizə ilə müraciət etməyə toplaşmış dinc nümayişçilərin gülləbaran edilməsi ilə başlayanbütün Rusiya ərazilərinə yayılan inqilab iri sənaye mərkəzlərindən olan Bakıda da ciddi etirazlarla, siyasi gərginliklərlə müşayiət olundu. Şəhərdə tətil və nümayişlər başladı.

Mətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, 1875-1920-ci illər” adlı kitabında vurğulayıb ki, “Həyat”ın fəaliyyətə başladığı ilk iki ayda - iyuniyul aylarında Bakıdakı sənaye müəssisələrinin dörddə üç hissəsini tətil bürüdü:

Çar quruluşu idarəsinin zəifləməsindən istifadə edən Tiflis və Bakıda özlərinin siyasi mərkəzlərini yaratmış Daşnaksütyun Partiyasının üzvləri və Erməni Milli Şurasının nümayəndələri açıq-aşkar yerli müsəlman əhalisinə, Azərbaycan xalqına qarşı terror və təxribat törədirdilər. Tarixə erməni-müsəlman davası kimi düşmüş, əslində ermənilərin Bakıda, Naxçıvanda, Qarabağda və Zaqafqaziyanın azərbaycanlılar yaşayan hissələrində törətdikləri qətliamlar sistemli şəkil almışdı. 1905-ci ilin fevral ayının ilk ongünlüyündə Bakıda qırğınlar törədildi, dinc əhali dəhşətli günlər yaşadı. Belə bir ağır şəraitdən çıxmaq üçün informasiya və təbliğat vasitəsinə ciddi ehtiyac var idi. Zamanın tələblərinə uyğun olaraq gündəlik qəzet nəşr etmək məsələsi Azərbaycan ziyalılarını düşündürürdü. 1905-ci il martın 15-də Azərbaycan xalqının həyatında geniş fəaliyyət sferası ilə dərin iz buraxmış, messenat Hacı Zeynalabdin Tağıyevin mənzilində toplaşmış ziyalılar bir çox önəmli məsələlər kimi gündəlik qəzet nəşr etməyi də müzakirə etdilər. 1905-ci il aprelin 16-da dövrün görkəmli ziyalıları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu Peterburq baş Mətbuat İdarəsinə "Həyat" adlı qəzet nəşr etmək istəyini ərizə ilə bildirdilər. H.Z.Tağıyevin böyük nüfuzu və işə qarışması ilə 1905-ci il aprelin 22-də Qafqaz Canişini Vorontsov Daşkov "Həyat"ın nəşrinə icazə verdi. Lakin "Həyat"ın ideya-siyasi məzmunu ikiqat senzuraya məruz qaldı. Belə ki, qəzetin dərc etdiyi mühüm əhəmiyyətli yazılar rus dilinə tərcümə edilib Tiflis Senzura Komitəsinə göndərildi. Qəzetin məzmunu, ideya istiqamətləri milli mövqedə dayanan Əlimərdan bəy Topçubaşov (naşir), Əli bəy Hüseynzadə (baş redaktor) və Əhməd bəy Ağaoğlu (1905-ci ilin axırlarınadək baş redaktor) tərəfindən həyata keçirilirdi. "Həyat"a qarşı təzyiq və təhdidlər, senzorun ağır şərtləri qəzetin nəşrinin ilk aylarında özünü açıq büruzə verdi. İlk sayın çıxmasından ay yarım sonra erməni senzorların təhriki ilə Senzura Komitəsinin sədri Qallel "Həyat"ın çapının dayandırılması üçün Qafqaz canişinliyinə müraciət etdi. Senzura Komitəsi qəzeti və onun redaktoru Əhməd bəy Ağaoğlunu "panislamist ideyaların alovlu pərəstişkarı", "bütün müsəlmanların xəlifəsi sayılan türk sultanının nüfuz və qüdrətinin artmasının tərəfdarı" kimi qələmə verirdilər. Digər tərəfdən “Həyat”ın yaradıcı heyəti "qatı islamın tərəfdarları" kimi suçlanır və antierməni təbliğatı nəticəsində Qafqazda müsəlman fanatizminin alovlanacağı iddia edilirdi. Halbuki antitürk, antimüsəlman mövqeyi ilə Bakıda və Qafqazın bəzi bölgələrində nəşr olunan erməni qəzetləri düşmənçilik ovqatı yaradır, Qafqaz CanişinliyiSenzura Komitəsi isə onlara heç bir irad bildirmirdi. Senzura Komitəsinin Qafqaz Canişinliyinə müraciətində Ə.Hüseynzadənin və Ə.Ağaoğlunun “islamın təmizliyi və ilkinliyini qorumaq üçün” çarizmə və ruslara qarşı barışmaz mövqedə dayandığı ayrıca vurğulanırdı. Bu böhtan kampaniyası təsadüfi deyildi. Ermənilər Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu birliyinin nəticəsində real bir qüvvənin formalaşdığını və “Həyat” qəzetinin bu birliyin nəticəsində ortaya çıxdığının fərqində idilər”.

A.Aşırlı vurğulayıb ki, “Həyat”ın yayılma arealına nəzər yetirsək, deyə bilərik ki, qəzet təkcə Qafqazda deyil, Volqaboyunda, Orta Asiyada, İranda və Türkiyədə yayılırdı: “Məşhur tatar şairi Abdulla Turkay “Həyat”a şeir həsr etmiş və uzaqgörənliklə ermənilərin bu qəzetə düşmən kəsiləcəklərini söyləmişdi. “Həyat” geniş coğrafi məkanda yaşayan türk və müsəlmanların milli oyanışı ilə eyni vaxtda meydana çıxmış və bu oyanışın davamlı prosesə çevrilməsində mühüm rol oynamışdı. "Həyat" baş məqalədə məram və məqsədlərini oxucuya daha dolğun çatdırmaq üçün ümmət və millət məsələlərinə, ana dilinin inkişafına, maarifçiliyə dair baxışlarını izah edərək yazırdı ki, Azərbaycan türkləri "tazə-cavan bir millətdir, həyatın dürr-kəmalə doğru gedən yolun əvvəlindədir", "qəzetimiz həyatın mənafeyi-həqiqiyyəsinə, ovsaf və şəriyyəsinə agah bulunduğundan həyati-ictimaiyyeyi milliyyəmizin nigahbanı olub daxildən və ya xaricdən hər cür tərəqqi və təkamülə qarşı zühur edən maniə və müşkülata müqabilə" edəcəkdir. 1905-ci ildə çıxan ilk sayında "Həyat" öz məsləkini, ideya istiqamətlərini bu cür şərh edirdi. Ümumən XX əsr ictimai-siyasi və ədəbi-fəlsəfi fikir tarixində böyük rolu olan Əli bəy Hüseynzadə "Həyat" qəzeti və "Fyuzat" dərgisi ilə Azərbaycanda milli məfkurənin, türkçülük hərəkatının genişlənməsinə öncüllük etdi. 1864-cü ildə Salyanda doğulan Əli bəy Hüseynzadə ilk təhsilini Tiflisdə Azərbaycan dilindən və şəriətdən dərs deyən atasından alıb. Ə.Hüseynzadənin təhsili ilə sonra babası Qafqazın şeyxülislamı Əhməd Səlyani məşğul olmuşdu. Şeyx Əhməd şəriət məsələləri ilə yanaşı, Azərbaycan ədəbiyyatı ilə də ciddi məşğul olmuş, Mirzə Fətəli Axundov ilə dostluq etmişdi. Atasının müəllimlik etdiyi məktəbi bitirdikdən sonra Əli bəy Hüseynzadə 1875-1884-cü illlərdə Tiflis klassik gimnaziyasında təhsil almışdı. Əli bəy Hüseynzadə ibtidaiorta təhsil aldığı bu məktəblər barədə

təəssüratını "Həyat" qəzetinin 1906-cı il tarixli 185-ci sayında belə şərh edirdi: "Bu təhsili-ibtidaim "Qurani-Kərim"in qiraəti ilə farsı-əlifbaya, Tarixi Nadirin və Gülüstani-Sədinin mütaliəsinə münhəsir qaldı. Məncə, buradakı çalışmamızın qismi əzəmi havaya getdi, çünki türk olduğum halda türkcə bilmədim, müsəlman olduğum halda Quranı anlamadım". Babası Şeyx Əhməd Salyani Əli bəyin təhsilini davam etdirmək üçün onu 1885-ci ildə Peterburqa göndərdi. O, fizika-riyaziyyat fakültəsinə daxil olaraq Mendeleyev, Vaqner, Berketov kimi məşhur professorlardan təhsil aldı. İxtisas dərslərini oxumaqla yanaşı, Əli bəy bir tərəfdən, Homeri, Danteni, Şekspri, Bayronu, ŞilleriHöteni mütaliə etmiş, digər tərəfdən Şərq dilləri fakültəsində məşhur şərqşünas Jukovskinin "Ömər Xəyyam haqqında mühazirələri"ni dinləmişdi. Ə.Hüseynzadə təhsil illərində Hartmanın, Şopenhaurenin və digər Qərb filosoflarının əsərlərini öyrənib, Volter, Monteskye, Bekker, Rikardo, Furye, Adam Smit kimi iqtisadçıların nəzəriyyələri ilə tanış olub. 1889-cu ildə Peterburq Universitetini bitirdikdən sonra Əli bəy Hüseynzadə 1890-cı ildə İstanbula gedirİstanbul hərbi-tibb məktəbinə daxil olur. Bu illər Türkiyədə gənc türklər hərəkatının meydana çıxdığı, osmançılıq, türkçülük ideyaları ətrafında disskusiyaların aparıldığı, gizlin cəmiyyətlərin qurulduğu vaxt idi. Məhz bu illərdə Ə.Hüseynzadə Türkiyədə “İttihadi-Tərəqqi” Cəmiyyətinin qurucularından biri olur. Böyük Azərbaycan mütəfəkkiri ömrünün sonlarına yaxın qələmə aldığı məqalələrin birində "İttihadi-Tərəqqi" Cəmiyyətinə daxil olmasını xatırlayaraq yazır ki, nənəsinin Şirvandan ona göndərdiyi pulu ittihadçılara kömək məqsədi ilə vermişdi. 1895-ci ildə hərbi-tibb məktəbini həkim yüzbaşı rütbəsi ilə bitirən Ə.Hüseynzadə hərbi xəstəxanada fəaliyyətə başlayır. Onun qələm təcrübələrinin nəşri də bu illərə təsadüf edir. O, alman şairi Bodenştedtin "Ömər Xəyyam" haqqındakı əsərini türkcəyə tərcümə edib "Ramazan baxçası" adlı məcmuədə, Faustdan və Heynedən etdiyi tərcümələri isə Səlyani imzası ilə "Məlumat" məcmuəsində çapa verir. Ə.Hüseynzadə Türkiyədə çox qala bilmir və 1903-cü ildə, 39 yaşında Bakıya qayıdır. Əli bəyin gəlişinin səbəbləri barəsində məşhur türk araşdırmaçısı Əliheydər Bayat yazır: "İttihadi-Tərəqqi" Cəmiyyəti mənsubu kimi polisin təqibi altında olduğundan Hüseynzadə Əli bəy 1903-cü ildə Azərbaycana döndü". Mətbuat tariximizin sanballı araşdırıcısı, professor Əziz Mirəhmədova görə isə Əli bəy Hüseynzadə Azərbaycanda türkçülük hərəkatını genişləndirmək, millətçilik şüurunu oyatmaq üçün "İttihadi-Tərəqqi"çilərin tövsiyəsi ilə Vətənə dönüb. Bakıya qayıtdıqdan sonra o, bir çox ziyalılarla ünsiyyətdə oldu və Ə.M.Topçubaşovun redaktoru olduğu "Kaspi" qəzetində məqalələr nəşr etdirdi”.

Müəllifin sözlərinə görə, Vətənə dönüşündən iki il sonra Əli bəy mətbuat tariximizə şərəfli səhifələrini yazmış “Həyat”ın yaradıcılarından biri kimi daxil oldu: “Həyat”da Əli bəy Hüseynzadənin 50-yə yaxın tarixi-publisistik, siyasi-fəlsəfi məqalələri dərc olundu. İctimai-siyasi və fəlsəfi fikir tariximizin böyük şəxsiyyətinin mətbu irsinin görkəmli tədqiqatçısı, filologiya elmləri namizədi Ofelya Bayramova gərgin zəhməti və elmi axtarışları bahasına tədqiq etmiş, sistemləşdirmiş və kitab halında oxuculara çatdırmışdı. "Həyat"ın əsas qayəsi vətənə, xalqa, türkçülüyə xidmət idi. Professor Ə.Mirəhmədov "Türklüyə xidmət nümunəsi" məqaləsində qeyd edir ki, “Həyat”çıların əsas yaradıcılıq yolu ədəbiyyat, mətbuat və fəlsəfəyə xidmət, həmçinin, sosial kredosu azadlıq və milli birlikdir. 1905-ci il iyunun 7-dən 1906-cı il sentyabrın 3-nə qədər “Həyat”ın 325

nömrəsini buraxmaq mümkün oldu. Bunlardan 131-i 1905-ci, 194-ü isə 1906-cı ildə işıq üzü görmüşdü. “Həyat”ın 101-ci sayı Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxmışdır. Bu tarixdən sonra bu iki mütəfəkkirin yolları ayrılır, Ə.Hüseynzadə “Həyat”ın çapını davam etdirir, A.Ağaoğlu isə "İrşad" qəzetini nəşr etdirdiyinə görə ondan uzaqlaşır. "Həyat"ın 102-ci sayında Ə.Ağaoğlunun belə bir məzmunda məktubu vardır: "Sevgili qardaşım Əli bəy! Təvəqqe edirəm ki, qəzetinizdə məlum edəsiniz ki, mən bundan sonra "Həyat" müdirliyindən xaric olub "Həyat" ilə heç bir əlaqəm yoxdur. Əhməd bəy Ağayev".

Həmin vaxt Əhməd bəy Ağaoğlunun “Həyat”dan getməsi barəsində

müzakirələr aparılmış, bir qrup ziyalı bu gedişdən narazı qalmışdı. Görünür, proseslərə yanaşmada fərqlilik, fikir müxtəliflikləri Əli bəylə Əhməd Ağaoğlunun bir yerdə çalışmasına imkan verməmişdi. Çox çətin və şərəfli ömür və yaradıcılıq yolu keçmiş, ictimai-siyasi fikir tariximizin önəmli şəxsiyyətlərindən olan Əhməd bəy Ağaoğlu da “Həyat”ın səhifələrində müntəzəm siyasi-publisistik yazıları ilə çıxış edirdi. “Həyat”ın ilk sayındakı proqram xarakterli məqaləsində Ə.Ağaoğlu etnik mənsubiyyətini dərk edən və milli sərvətlərinə sahib çıxan Azərbaycan xalqının islami dəyərlərə sadiq qalacağını bəyan edirdi: "Əgər biz irəliləmək və həyati birliyə malik bir millət olmaq istəyiriksə, biz hər şeydən öncə müsəlman olaraq qalmalıyıq. Bizim irəliləmək istəyimiz, həyat şərtlərinin yaxşılaşdırılması

istiqamətində olan səylərimiz islam qanunlarına vabəstə olaraq əldə edilə bilər".

XIX əsrin sonlarında və XX əsrin əvvəllərində türk xalqlarının millət kimi formalaşmasında, onların milli təfəkkür sahiblərinə çevrilməsində Ə.Ağaoğlunun böyük xidmətləri var. Qəzetin ilk nömrələrindən başlayaraq Ə.Ağaoğlu Rusiyada, Qafqazda və məxsusi olaraq Bakıda ictimai-siyasi hadisələrə qiymət verməyi qarşısına başlıca məqsəd qoymuşdu. O, öz fikirlərini elmiislam dini görüşləri fonunda şərh edir, demokratik ruhlu fikirlərini oxuculara çatdırırdı. “Həyat”ın 1905-ci il tarixli 7 və 12 iyun saylarında "Müxtəsir övzi Rusiya" məqaləsində Ə.Ağaoğlu rus-yapon müharibəsində Rusiyanın gücsüz vəziyyətə düşdüyünübu vəziyyətdən xalqın inqilabi-demokratik yola qədəm qoyub azadlıq şüarları irəli sürməsinin tarixi-siyasi mənzərəsini yaradırdı. Çar Rusiyasının yeritdiyi siyasətin qəbulolunmaz detallarına toxunan Ə.Ağaoğlu yazırdı ki, xalqın narazılığına əsas səbəblərdən biri onların dini inanclarının həyata keçirilməsinə mane olmasıdır. Müəllifin fikrincə, bu nöqsan göründü və "hər millətə sərbəstlik əta olundu ki, hər yerdə xahiş etsə, təmirat qanuna uyğun olaraq ibadətxanalar tikib öz ruhanilərini intixab etsinlər". Ancaq bu sərbəstliyin əta olunmasının müsəlman xalqlarına aid olub-olmayacağını soran Ə.Ağaoğlu yazırdı: "Müsəlmanlar qeyriləri kimi hər yerdə və hər cür məscid, minbər və ibadətgahlar bina edə bilirmi? Müsəlmanlar öz xahiş və qaidələrinə müvafiq məktəbi-ruhaniyyə güşadına azaddırlarmı? Ki-tabi diniyyə çapintişar etməkdə sərbəstdirlərmi? Gələcəkdə genə müsəlmanlıq cəhətinə müsəlmanları padşahlıq qulluqlarından, bəzi mənsəblərindən məhrum edəcəklərmi? Genə bəzi məkatibi aliyyənin qapıları onların üzlərinə bağlı qalacaqmı? Məqalənin məzmunundan anlaşıldığı kimi Ə.Ağaoğlu hökumətin verdiyi fərmanlarda xalqın müxtəlif peşə sahiblərinin mənafeyinə müvafiq azadlıq və sərbəstliklər, onların maraqlarının qorunması axtarılırdı".

 

(Davamı var)

İsmayıl

Şərq  2020.- 15 fevral.- S.11.