Azərbaycan televiziyasının
ilk efir ili
– 1956
Azərbaycan televiziyasının ilk efir ili
– 1956 İlk efir günü “Bəxtiyar” filmi niyə səssiz getmişdi, kamera arxasında kim dayanmışdı, “Məşədi İbad”ın
Gülnazı necə
diktorluq etmişdi?
Bakı televiziya mərkəzinin tikintisinə 1954-cü ilin
sentyabrında başlanıb. İnşaat işlərini o vaxt fəaliyyət göstərən
“Neft fondu” maliyyələşdirirdi. Ölkədə hamı TV-ni
bir möcüzə kimi gözləyirdi, qəzetlər bu barədə yazırdı,
hətta o illərdə
buraxılan şagird dəftərlərinin üzərində
Koroğlunun heykəlini
çap edir və altında yazırdılar ki, tezliklə eyni adlı opera ekranlarda nümayiş etdiriləcək.
1955-ci ilin axırlarında
studiya artıq istifadəyə hazır idi və dekabr
ayından ara-sıra yoxlama verilişləri aparılırdı. Nəhayət,
1956-cı il fevralın 14-də SovİKP-nin
XX qurultayının açılışı
günü Bakı studiyası müntəzəm
yayıma başladı.
İlk veriliş
günü ekranda əvvəlcə sınaq
cədvəli göstərilib,
sonra aktrisa Nəcibə Məlikova efirdə məşhur
"Diqqət, göstərir
Bakı!" sözlərini
səsləndirib və
ölkədə müntəzəm
yayımın başlanması
münasibətilə tamaşaçıları
təbrik edib. Sonra yazıçı
Mehdi Hüseyn, xalq şairi Süleyman Rüstəm və TV-nin rəhbərlərindən olan
şair-publisist Teymur Əliyev çıxış
edərək xalqı
bu böyük mədəniyyət hadisəsi
münasibətilə təbrik
etdilər. Bu çıxışlardan sonra
populyar xanəndə
Sara Qədimovanın qısa
muğam konserti oldu. Daha sonra tamaşaçılar
kibrit qutusundan bir az böyük olan ekranda "Bəxtiyar"
filminə baxmışdılar.
İlk efir günü – həmin tarixi anda studiyada kamera mühəndis Sərvər Quliyev, rejissor pultu arxasında isə Kamil Rüstəmbəyov dayanmışdı. Həmin gün
yadda qalan bir hadisə də o idi ki,
teleqüllənin inşası
sona yetmədiyi üçün studiya antenası 44 metrlik adi neft buruğunda
quraşdırılmışdır.
Səs siqnallarının ötürülməsi
ilə bağlı da nasazlıq meydana çıxmışdı
və bu səbəbdən tamaşaçılar
filmə səssiz baxmışdılar. Ertəsi günün
efirini məşhur aktrisa Hökümə Qurbanova aparmış və həmin filmi yenidən təqdim etmişdir.
İlk dövrdə
Azərbaycan televiziyasının
tamaşaçı auditoriyası
Bakının və ətraf rayonların cəmi 60 min sakinindən ibarət idi. Verilişlər hələ də sınaq xarakteri daşıyırdı və
studiya əvvəlcə
həftədə 2, sonra
isə 3 dəfə və təxminən 2 saat müddətində efirə çıxırdı.
Ekranda, əsasən kinofilmlər,
kinojurnallar və çəkilmiş hazır
konsertlər, ədəbi
tamaşalardan parçalar
nümayiş etdirilirdi.
Moskvadan
– Mərkəzi televiziyadan
da Bakı studiyasına xeyli hazır lentlər göndərilirdi. Bunlar, əsasən
təşviqat xarakterli
ictimai-siyasi proqramlar və elmi-kütləvi filmlər olurdu.
Mart-aprel aylarından
(1956) başlayaraq studiyadan
canlı konsertlər,
ictimai-siyasi mövzuda
söhbətlər təşkil
olunmağa başlayır. «Günün
yenilikləri», «Ədəbiyyat
və incəsənət»,
«Məktəb və həyat», «Həkim məsləhəti» kimi jurnal xarakterli verilişlər ekrana çıxır. Həmin ilin
iyulunda ekranda ilk iri həcmli tamaşa göstərildi.
Azərbaycan televiziyasında yaradıcılıq
işinin əsasını
qoyanlardan biri – rejissor Rauf Kazımovskinin
quruluş verdiyi "Şamdan bəy" (N.Nərimanov) əsərindən
bir neçə epizodun uğurla göstərilməsi ölkənin
mədəniyyət aləmində
böyük rezonansa səbəb oldu və televiziya teatrının əsası
qoyuldu.
1956-cı ilin mayından ekranda ilk diktorların
görünməsi televiziyanı tamaşaçılara daha da
yaxınlaşdırır. İlk diktorlar siyahısına isə Tamara
Gözəlova və Nailə Mehdibəyovanın adları
yazılır. Məşhur “O olmasın, bu olsun” filmindən
tamaşaçılara Gülnaz kimi tanınan T.Gözəlova Azərbaycan
dilində olan proqramları, T.Mehdibəyova
isə rus dilində verilişləri
aparırdı. Sonralar bu
siyahıya Sara Manafova,
Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva və başqalarının
adları əlavə olundu. Bakı televiziya studiyası artıq müntəzəm
yayıma başladığı 6 ay ərzində
xeyli faydalı iş
görə bilmişdi. Həmin günlərdə
"Ədəbiyyat və incəsənət" qəzeti (2
sentyabr 1956) yazırdı ki,
bu müddətdə "studiya
efirdə 100-ə yaxın bədii film
göstərmişdir. Bundan başqa həmin müddətdə Bakı
tamaşaçıları televiziya ilə
müntəzəm olaraq "Sovet Azərbaycanı", "Elm və texnika", "Xarici xronika", "Pioner" adlı kino curnallara da
baxmışlar.
Respublikamızın və şəhərimizə
qonaq gəlmiş Moskva
artistlərinin bir çoxu
televiziyada çıxış
etmişdilər. Yayıma yeni
başladığından telemərkəzdə lazımi aparatlar çatışmırdı. Burada yalnız bir studiya telekamerası, bir də
kinofilmlər və diapozitivlər nümayiş
etdirmək üçün kinoproyeksiya zalında yerləşən iki kamera vardı. Studiya 30 kvadratmetrlik iki otaqdan ibarət idi. Yarıya bölünmüş
bu otaqların birində kinoaparatlar
yerləşirdi, o birindən isə
diktorların və kiçik musiqi qruplarının
çıxışları efirə verilirdi.
Lakin bu çətinliklərə baxmayaraq
studiyanın kiçik kollektivi
maraqlı verilişlər yaradır və
tamaşaçıların zövqünü
oxşamağa
çalışırdı. İlk illərdə
efirə çıxan və tamaşaçı rəğbətini
qazanan "Azərbaycan bəstəkarlarının
portretləri", "Ədəbiyyat və incəsənət",
"Azərbaycan ədəbiyyatının klassikləri",
"Görkəmli səhnə ustaları",
"Bakının teatr və konsert salonlarında", "Lenin
mükafatı laureatları", "Məktəb və həyat",
"Xalq drujinaçısı", "Bizim qonaqlarımız", "Festival qarşısında" və s. verilişlər bu qəbildən
idi. Təbii ki, bu verilişlər nöqsanlardan
da xali deyildi.
Ənənəvi yaradıcılıq nöqsanları ilə
yanaşı həmin dövr
proqramlarının əksəriyyətinin rus
dilində olmasına da ciddi
irad tutulurdu. Məsələn,
1956-cı ilin iyun, iyul, avqust aylarında Azərbaycan
dilində cəmi bir mütəxəssis
çıxışı verilmişdi.
Göstərilən filmlərin isə yalnız ikisi ana dilində olmuşdur. Bakı televiziya
studiyasının bu siyasəti
tanınmış ziyalıların kəskin etirazı ilə
qarşılanırdı.
Qarşıdan Azərbaycan televiziyasının həyatında əlamətdar hadisələrlə zəngin olan 1957-ci il gəlirdi və AzTV həmin ildən başlayaraq göstərilən nöqsanları islah edərək öz fəaliyyətində ciddi dönüş yarada bildi. AzTV tarixində bu əsaslı dönüş isə istedadlı şair və publisist Teymur Əliyevin adı ilə bağlıdır. Onun artıq Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlanan bu quruma sədr təyin edilməsi televiziyanın taleyində həlledici rol oynadı. Yüksək təşkilatçılıq qabiliyyəti və intellektual səviyyəsi, dərin milli düşüncəsi, müasir bədii-estetik zövqü, əsil rəhbərə xas olan peşəkar keyfiyyətləri, prinsipiallığı və tələbkarlığı, eyni zamanda qayğıkeşliyi ilə kollektivin dərin hörmətini qazanaraq bu günədək yaddaşlarda iz qoymuş T.Əliyev Azərbaycan televiziyasının düzgün məcrada inkişafı üçün böyük zəhmət sərf etmişdir.
Qulu Məhərrəmli, professor
Şərq 2020.- 15 fevral.- S.12.