“Onlar heç vaxt böyüməyəcəklər”
İstanbulda Xocalı faciəsindən bəhs
edən kitabın təqdimatı olub
Türkiyənin
İstanbul şəhərində Xocalıda qətlə
yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr
olunan "Onlar heç vaxt böyüməyəcəklər”
kitabının təqdimat mərasimi keçirilib. Kitab Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan
İlahiyyat İnstitutu
və "Azərbaycan” Nəşriyyatının dəstəyi
ilə nəşr olunub.
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), "29 Mayıs” Universiteti, Türk Ocaqları İstanbul Şöbəsi və "Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən
"29 Mayıs” Universitetinin rektoru Mustafa Sinanoğlu əvvəlcə Qarakənddə vertolyotun vurulmasından danışıb. Sonra Xocalı soyqırımından bəhs edən
M. Sinanoğlu soyqırımında
yüzlərlə günahsız insanın ermənilər tərəfindən
amansızlıqla qətlə yetirildiyini
xatırladıb. Qeyd edib ki, Ermənistanın
hərbi-siyasi təcavüzü dünya
ictimaiyyəti tərəfindən ittiham
edilməli, beynəlxalq təşkilatlar, dünya
dövlətləri Ermənistanın Azərbaycan
torpaqlarında törətdiyi hərbi cinayətə -
Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi
qiymət verməlidirlər.
Türk Ocaqları İstanbul Şöbəsinin müdiri
Cezmi Bayram Xocalı
soyqırımını ermənilərin tarix
boyu törətdikləri ən böyük vəhşilik kimi
qiymətləndirib. Bildirib ki, həmin gecə Xocalıda yaşayan
yerli əhali vəhşicəsinə qətlə
yetirilib. Cezmi Bayram bu qanlı hadisənin
dünya miqyasında tanıdılması
istiqamətində tələbələrin və sosial medianın rolunun vacibliyini vurğulayıb.
Aİİ-nin Elm və innovasiyalar
üzrə prorektoru Aqil
Şirinov erməni vəhşiliklərini
tarixi nöqteyi-nəzərdən təhlil
edib. Bildirib ki, tarix boyu
ermənilər türk-müsəlman əhalisinə
qarşı düşmən münasibətində olublar. O qeyd edib ki, Xocalıda baş vermiş qətliam
təsadüf deyil, məhz planlı və
düşünülmüş şəkildə
həyata keçirilib.
"Soyqırımı” sözünün
mənasını açıqlayan prorektor
bildirib ki, bu prosesin hər hansı
ölkənin hökuməti tərəfindən həyata
keçirilməsi əsas şərt olaraq
qəbul edilir. Soyqırımının
beynəlxalq səviyyədə qəbul edilmiş
tərifi onu deməyə əsas verir ki, Xocalı hadisələri
Azərbaycan xalqına qarşı törədilmiş
soyqırımı aktıdır. Dünyada
qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar
Xocalı faciəsi kimi
soyqırımları pisləyir, belə hadisələrin
yolverilməz olduğunu bildirir.
"29 Mayıs” Universitetinin
Himayəçilər Şurasının sədri Təyyar
Altıkulaç bildirib ki,
ötən əsrin sonunda baş
vermiş bu faciə təkcə
Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə
qarşı yönəlmiş ən ağır cinayətlərdən
biridir. Onun
sözlərinə görə, bu faciə
heç vaxt
unudulmamalı, cinayət cəzasız qalmamalıdır.
"Erməni təcavüzünün
tanıdılması” İctimai Birliyinin sədri, Qarabağ
veteranı, jurnalist Səriyyə Cəfərova
tədbirdə çıxış edərək faciənin
ictimaiyyətə, sosial və siyasi aspektinin mahiyyətinin
gənclərə çatdırlması üçün
Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr
olunan "Onlar heç vaxt böyüməyəcəklər”
kitabının çap olunduğunu
söyləyib: "Xocalını,
xocalılı günlərimi heç vaxt unutmuram. İlk dəfə əlimə qələm
alıb qəzetçilik fəaliyyəti ilə məşğul
olandan bugünədək Xocalıdan, onun başına gətirilən müsibətlərdən,
böyüklü-kiçikli şəhid
olmuş günahsız insanlardan,
igid oğul və
qızlardan yazıram. Gücüm
çatdıqca, əlim yetdikcə bu qətliamı
dünyaya tanıtmaq üçün
çalışıram”.
Tədbirdə "Xocalı zülmət bir gecə” sənədli filminin
də nümayişi olub.
Filmdə Xocalı soyqırımının canlı şahidləri
həmin faciəli gündən danışırlar.
Şərq 2020.- 22 fevral.- S.15.